Evtanaziya və “İntihar edənə yardım qanunu”

1973-cü ildə elmi fantastik janrda çəkilmiş ilk filmlərdən olan “Soylent Green” filmi bir çox səhnələri ilə rezonans yaratmağı bacarmışdı. Filmin ən həyəcanverici səhnəsi isə Sol Roth rolunu canlandıran məşhur aktyor Edward G. Robinsonun evtanaziya klinikasına girdiyi və ölümcül iztirablarla yaşamaqdansa, evtanaziya edilməyi seçdiyi səhnə idi. Artıq bir vaxtlar filmlərin mövzusu olan və insanların heyrətlə qarşıladığı bu cür hallar gerçəkləşməkdədir. 

2015-ci ildən Almaniyada intihara yardım rəsmən cinayət hesab edilsə də, ötən il Almaniya ali məhkəməsi insanların ölüm tələb etmə hüququnu təsdiqləyib.1 Avstriya ali məhkəməsi isə ötən ay intiharın “öz müqəddəratını təyin etmə” hüququ olduğunu və 2022-ci ildən etibarən bunun tədbiq ediləcəyini bildirib. 2

Evtanaziya aktivistləri bunun yalnız ağır xəstələr üçün olması gərəkdiyinə israr edirlər və həssas insanları qorumaq üçün qanuna ciddi nəzarət edilməsi gərəkdiyini qeyd edirlər. Ancaq əgər doğrudan da insanların “ölmək hüququ” varsa, ölüm “seçim”dirsə, intihar hüququ ağır xəstələrlə necə məhdudlaşa bilər? Axı bir çox insan xəstələrə nisbətən daha çox və daha uzun müddət (fiziki və ya mənəvi) əziyyət çəkir. Ümumiyyətlə dözülməz əzəbın nə olduğuna, hansı mərhələdən sonra əzabın şəxsə ölümü seçmək hüququ verdiyinə kim qərar verir? Burada etalon nədir? Belə ki, hər hansısa bir şəkildə evtanaziyanı (ölümcül xəstələr üçün belə olsa) əxlaqi olaraq qəbul etdikdən sonra istənilən adamın ölüm tələb etməsi əxlaqi olaraq qəbul edilən olur.

Almaniya ali məhkəməsindən çıxarılan qərara görə şəxsin özü üçün istifadə edə biləcəyi onun üçün təyin edilmiş ölüm hüququ sağalmaz xəstəliklər kimi vəziyyətlərlə məhdudlaşmır, əksinə, bu hüquq insanın varlığının bütün mərhələlərində təmin edilir. Başqa sözlə desək, alman xalqı artıq hər an istənilən səbəbdən özünü öldürmək hüququna malikdir. İnsanların ölümləri ilə nəticələnəcək qərarları isə nə dövlət, nə də cəmiyyət tərəfindən sorğulana bilməz. Çünki onların bu qərarı “öz müqəddəratını təyinetmə” aktı olaraq qiymətləndirilir. Təsəvvür edin, məhkəmənin bu qərarı o qədər “əhatəlidir” ki, yetkinlik yaşına çatmayan şəxslərə belə aid edilir.  

Qanunun gələcəyi nöqtə

Şübhəsiz ki, “öz müqəddəratını təyinetmə” prinsipindən yola çıxılaraq verilən bu qərar hal hazırda görünən halı ilə məhdudlaşmayacaq. Ardıyca başqa “inqilabi” məhkəmə qərarları da veriləcəkdir. Təsəvvür edin ki, bir sonrakı mərhələdə intihar hüququ birbaşa öldürülmə hüququ ola bilər. Axı hər kəs fiziki və ya emosional cəhətdən intihar etmək gücündə deyil və biri tərəfindən öldürülmək intihara nisbətən daha sürətli və daha az ağrı ilə nəticə verir. 

Üstəlik intihar edənə yardım hüququnun bir çox açıq tərəfləri vardır. Biz insanlara belə bir hüquq veririksə niyə onu tədbiq etmək hüququnu ancaq həkimlərə verək? Niyə insanlara intihar üçün öz dostlarının kömək etməsinə icazə verməyək? İntihara yardıma icazə verən dövlət asılılıq yaradan dərmanların, narkotikin satışını və istifadəsini necə məhdudlaşdıra bilər? Bu saydıqlarımız zərərli ola bilər, amma hansısa insan öz iradəsilə bunu seçərsə, dövlət bu qərarı necə məhdudlaşdıracaq? Və ya hər hansısa bir insan müxtəlif orqanlarını satmaq istəsə dövlət bunu hansı əsasla qadağan edə bilər? İntihar artıq dövlətin qarşısının alması gərəkən bir şey deyilsə, dövlət bir insanın bədən funksiyalarını məhv etmək istəyini vəya orqanını satmaq istəyinin qarşısını necə ala bilər? 

Deməli, verilən bu hökm eyni zamanda sosial anarxiyanın da qapılarını açmış olur..

Dipnotlar

  1. https://www.bundesverfassungsgericht.de/SharedDocs/Pressemitteilungen/EN/2020/bvg20-012.html
  2. http://www.tribtown.com/2020/12/11/eu-austria-assisted-suicide/