Oxuma-yazma Bilməyən Peyğəmbər

“Daha bir çətinlik Qüdrətli Tanrının özünü yalnız Yaxın Şərqin çöllüyündə yaşayan oxuma-yazma bacarmayan, kvasi-tarixi fərdlərə göstərmək meylidir…”

Hitchens kinayə ilə “oxuma-yazma bacarmayan” deyərək işin içindəki təəccübə eyham edir. “Hətta tanrı ərəb idisə və ya ərəbdirsə, oxuyub-yazmağı bacarmayan və öz növbəsində (tanrının) sözlərini dəyişdirmədən (insanlara) ötürməyə ümid edə bilməyəcək bir kəs vasitəsi ilə Özünü tanıtmağa necə bel bağlaya bilərdi?!” 1

Burada gülməli olan Hitchens’in istehzalı sözləri deyildir, tanrını Vanity Fair heyətində çalışan özü kimi jurnalistlərlə eyniləşdirməsidir; yəni demək istəyir ki, mən Hitchens olaraq yazdığım bu qədər məqalə vasitəsi ilə oxuyub-yazmağı bacaran kütlələrə acınacaqlı yumorumu çatdıra bilmirəmsə, Göylərin və Yerin yaradıcısı olan Allah hansı qüdrət ilə oxuyub-yazmağı bacarmayan bir nəfərin vasitəsi ilə insanlara Öz sözlərini təhrif edilmədən çatdıra biləcək?! Bu adam özü də düşünmədən əslində müsəlmanlara əllərində tutduqları Kitabın nə qədər möcüzəvi bir kitab olduğunu isbat edir; bütün çətinliklərə baxmayaraq, ağır şərtlərə baxmayaraq Muhəmmədin bizə əmanət buraxdığı kitab günümüzə qədər təhrif olunmadan gəlib və bütün dünyada müsəlmanların tək bir Quranı vardır.

Bəs Allah nə üçün oxumaq və yazmaq bacarmayan birinə vəhy endirir? Müsəlmanlara bu sualı versəniz, cavabını çox sadə bir şəkildə deyəcək; Quranı aç və oxu! “Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şübhə edərdilər.” (29:48) Əgər Muhəmməd oxumaq və yazmaq bilən, dövrünün savadlı kəslərindən biri olsaydı şübhəsiz ki, onun zamanındakılar üçün “Muhəmməd bunları oxuduğu kitablardan götürüb” demək asan olacaqdı, onun peyğəmbərliyini inkar edəcəkdilər. Əksinə, yazmağı və oxumağı bacarmayan birinin əvvəlki peyğəmbərləri, İbrahimin dinini, vəhy olunmuş kitabları çox bəlağətli dildə insanlara başa salması onları tamamilə silahsızlaşdırır, onları düşünməyə vadar edir.

Beləliklə də Allahın Özünü məhz Muhəmməd kimi oxumaq-yazmaq bilməyən insanlara göstərməsində bir ecazkarlıq vardır. Allah inanmaq istəyənlər üçün inanmaq yollarını asanlaşdırar, çətinləşdirməz. Ona görə də orientalistlərdən bir çoxu Muhəmmədin oxuyub-yazmaq qabiliyyətinin olmamasında şəkk ediblər; onlara görə belə bir kitabı yazmaq üçün Muhəmmədin mütləq oxuyub yazmağa qadir olması lazımdır, mütləq digər kitabları oxuyub oradakı məlumatlardan faydalanmış olması lazımdır. Bunu dedikdən sonra bəzi şeyləri izah etməyə çətinlik çəkiblər. Muhəmməd ömrü boyunca bunu insanlardan necə gizli saxlamağı bacardı? Uşaq vaxtında və ya yetkin çağında bunu öyrənmişdisə ərəblər və xüsusilə də ona inanmış öz yaxın qohumları bundan necə xəbərsiz olublar?!

Amerikanın xristian missionerlərindən olan Samuel Zwemer – misal üçün – inanırdı ki, Muhəmməd “ilahi vəhyin möcüzəvi təbiəti üzərində vurğu etmək üçün və Quranı özünün yazması barədə hansısa mümkün spekulyasının qarşısını almaq üçün özünü elə aparırdı ki, guya oxumaq və yazmaq bilmirdi.”2 Bu o deməkdir ki, Muhəmməd peyğəmbərliyini uşaq çağından planlaşdırırmış və oxumağı-yazmağı bacardığı halda bunu qırx yaşında peyğəmbərliyini elan edənə qədər gizlətməyi bacarıb. Doğma əmisi Əbu Talib’dən də, öz əmisi oğlu və kürəkəni Əlidən də bunu gizlətməyi bacarıb. Belə bir iddianı absurdluq kateqoriyasından qurtarmaq üçün güclü dəlillərə ehtiyac var. Muhəmmədin oxuyub-yazdığını bilən kəslər təbii ki, çox rahatlıqla Quranda bunun əksini iddia edən ayəni yalanlamağa çalışacaqdılar.

O dövrün Ərəb yarımadasında oxuyub-yazmaq yayğın bir hal deyildi; ona görə də bu işin əhlini yaxşı tanıyırdılar. Belə aşkar bir halı gizlin saxlamaq çox erkən bir zamandan inanılmaz dərəcədə detallı bir planlama və qeyri-adi əzm tələb edir. Bütün bunlarla yanaşı – orientalistlərin iddia etdikləri kimi – Muhəmməd gizlində xristian və yəhudi qaynaqlarını oxumuş olmalı idi. Yəhudi tarixçi Mark Cohen bu barədə təəccübünü gizlədə bilmir. O, Muhəmmədin yəhudilik və yəhudi qaynaqları haqqında yaxından tanışlıq sərgilədiyini qeyd etdikdən sonra deyir: “Ticari şəhər olan Məkkədə hakimlik edən ərəb qəbiləsindən olan bir tacirin necə və hansı şəkildə yəhudilik haqqında bu qədər çox şey öyrənməsi bu günə qədər sirr olaraq qalır.”3 Bu sirri, bu əsrarəngizliyi müsəlmanlar başqa adla “möcüzə” olaraq adlandırırlar.

Quran sadəcə olaraq yəhudi və məsihilər haqqındakı biliklərin bolluğu və zənginliyi ilə seçilmir, o, həmçinin bu məlumatların dəqiqliyi ilə də seçilir. Əlbəttə ki, peyğəmbərin oxuyub-yaza bildiyini fərz etsək, belə yəhudilərin və məsihilərin kitabları o dövrdə ərəb dilinə tərcümə edilmədiyi üçün bu biliklərə kitablar vasitəsi ilə yiyələnmək imkansız görünür. 

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1.  GIG, səh: 124
  2. Alan Dundes, “Fables of The Ancients? Folklore in The Quran”, səh: 2; Rowman & Littlefield Publishers, Lanham, 2003
  3. Mark R. Cohen, “Under Crescent & Cross: The Jews in The Middle Ages”, səh: 22; Princeton University Press, New Jersey, 1994