Seks və Mədəniyyət

Seks və Mədəniyyət: Yüksək Sivilizasiyanın Xüsusiyyəti

Seksual liberalizmin izah etməkdə çətinlik çəkdiyi problemlərdən biri də tarixən mədəniyyətlərin yüksəlişinin seksual tənzimləmələr ilə müşaiyət olunmasıdır. Ən primitiv qəbilələr ümumilikdə seksual adətlər baxımından daha liberal olublar, əksinə, ən inkişaf etmiş cəmiyyətlərdə isə tərsi müşahidə olunub; kişi ilə qadın arasındakı seksual münasibətlərdə tənzimləmələrin və məhdudiyyətlərin olması mədəniyyətin göstəricisi idi.

İngilis etnoloq və antropoloq Joseph Unwin (1895-1936) 1930-cu illərdə öz dövrünün analitik psixoloqlarının tezisi üzərindən çıxış edərək seks ilə mədəniyyət arasındakı münasibəti araşdırır. Araşdırmasının nəticələrini 1934-cü ildə bir kitabında nəşr edən Unwin qeyd edir ki, cinsi məhdudiyyətlər və kontrol nə qədər çox olarsa, mədəni səviyyə o qədər yüksək olar və cinsi məhdudiyyətlər nə qədər azdırsa, mədəniyyətin səviyyəsi də bir o qədər az olar. “Əgər ictimai tənzimləmələr seksual impulslardan bir başa həzz almağı qadağan edirsə, duyğusal konflikt başqa formada özünü ifadə edəcək və bizim “sivilizasiya” adlandırdığımız şey həmişə fitri istəkləri tətmin etməkdə icbari fədakarlıqlar tərəfindən qurulub.”1

Unwin bu nəticəyə 80 primitiv qəbilənin araşdırılmasından və 6 ən böyük mədəniyyətin beş min illik tarixinin öyrənilməsindən sonra gəlib. Ondan əvvəlki sosioloqlar da bu həqiqəti təsdiqləyiblər. Émile Durkheim (1858-1917) da cinsəl tənzimləmələri yüksək mədəniyyətin əlaməti olaraq görürdü. O, yazır ki, insan mədəniyyəti, sivilizasiyası inkişaf etdikcə cinsi münasibətlər “çoxsaylı aestetik və mənəvi duyğular vasitəsilə getdikcə daha kompleksləşmişdir və bu gün” cinsi münasibətlərin fiziki tərəfi “bu kompleks prosesin tamamının yalnız ən kiçik bir hissəsini təşkil edir.” Durkheim əlavə edir: “Bu intellektual ünsürlərin təsiri altında” kişi ilə qadın arasındakı əlaqələr “özünün fiziki təbiətindən qismən azad olmuş və intellektual bir xarakter qazanmışdır. Fiziki ehtiyaclar kimi mənəvi səbəblər də sevgiyə təhrik edir. Bu səbəbdən də heyvanlarda olduğu kimi (insanlarda) müntəzəm, avtomatik vaxtaşırılıq ilə olmur. Psixoloji impuls istənilən vaxt onu oyada bilər; bu, sezonla deyildir. Bu müxtəlif meyilliklər… orqanik zəruriyyətlərdən birbaşa asılı olmadığı üçün ictimai tənzimləmələr zəruri olur. Orqanizmin özünün tənzimləmə imkanları olmadığı üçün cəmiyyət tərəfindən tənzim olunmalıdır. Evliliyin funksiyası da budur.”2

Evlilik inistitutu

Bu sözlərin məğzi budur ki, evlilik institutu yüksək mədəniyyətin məhsuludur və cinsi münasibətlərin tənzimlənməsi cəmiyyətin təkamülünü göstərir. Sosioloq və iqtisadiyyatçı alim Werner Stark (1909-1985) eyni mənanı təsdiqləyərək yazır: “Biz, cinsəl özbaşınalığa icazə vermiş heç bir yüksək mədəniyyət görməmişik; primitiv insanlar arasında çox zaman müxtəlif normalar dönüb dolaşır, lakin hətta onların arasında belə tam nizamsızlığın olduğu görülməyib.”3

Hətta seksual həyatda azadlığa, sərhədlərin genişlədilməsinə çağıran Sigmund Freud belə bunu inkar etməzdi. “Sivilizasiya ilə seksuallıq arasında antitezis” olduğunu deyən Freud etiraf edir: “Biz, sivilizasiyanı bu yöndə getməyə məcbur edən və onun seksuallığa qarşı ədavətinə səbəb olan zərurətin nə olduğunu bilmirik. Burada, bizim hələ kəşf etmədiyimiz rahatsızedici bir faktorun olması lazımdır.” Freud bununla kifayətlənmir və bu faktor üçün möhtəməl namizədlər axtarır. O, belə bir namizədi fərdlərin aqressiv xarakterində tapır. “Sivilizasiya insanın aqressiv instinktlərinə məhdudiyyət qoymaq üçün və bu instinktlərin təzahürlərini kontrolda saxlamaq üçün əlindən gələni etməlidir… seksual həyat üzərinə qoyulmuş məhdudiyyətlər də buradan qaynaqlanır…”4


Mədəniyyət ilə seksuallıq arasında “antitezis” “antaqonizm” olduğunu demək bu ikisinin bir-birinə tərs mütənasib olduğunu deməkdir. Bir başqa kitabında bununla bağlı yazır: “Qədim mədəniyyətlərin tənəzzülü ərəfəsində olduğu kimi, cinsəl həzzlərə qarşı heç bir maneənin olmadığı zamanlarda məhəbbət dəyərsizləşmişdi, həyat mənasızlaşmışdı və sevginin həmin əvəzedilməz mənəvi dəyərinin yenidən bərpası üçün güclü reaksiya-birliklərinə ehtiyac var idi. Bu məzmunda deyilə bilər ki, xristianlığın asketik təmayülü sevginin psixoloji dəyərini qaldırmaqda elə bir təsirə sahib idi ki, qədim dövrün bütpərəst mədəniyyətləri buna nail ola bilməmişdi.”5

Bu, Joseph Unwin’in öz araşdırmasında gəldiyi nəticəni tam mənada təsdiqləyir. Fərdlər arasındakı seksuallıq nə qədər tənzimlənərsə və kontrol altında olarsa, mədəniyyət də o qədər yüksək göstəricilər ilə tarixə düşər.

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. J. D. Unwin, “Sex And Culture”, səh: vii; Oxford University Press, London, 1934
  2. Émile Durkheim, “Suicide: A Study in Sociology”, səh: 233; Routledge Classics, London & New York, 2005
  3. W. Stark, “Safeguards of The Social Bond: Custom and Law”, səh: 116; Fordham University Press, New York, 1980
  4. Sigmund Freud, “Civilization and Its Discontents”, səh: 55-59; W.W. Norton & Company, New York, 1962
  5. Sigmund Freud, “Sexuality and The Psychology of Love”, səh: 57; Touchstone Book, New York, 1997