İslam ümmətindəki mədəniyyətdə, elmlərdə və marifətdə baş vermiş tənəzzülün səbəblərini öyrənmək üçün müxtəlif ədəbiyyatları illərdir ki, vərəqləyirik. Bu barədə müsəlman yazıçılardan bir çoxunun fikirləri ilə tanış olmuşuq, fəqət belə bir məsələdə hər bir bucaqdan baxmaq imkanını əldən vermək olmaz. Bu məqsədlə xeyli vaxtdır ki, tarix boyunca müsəlman ölkələrini ziyarət etmiş avropalı səyyahların, ziyalıların düşüncələri ilə tanış olmağa çalışırıq. Onların müqayisələri, səmimi fikirləri bu baxımdan çox önəmlidir. Bu məqsədlə oxuduğum yazıçılardan biri də Lady Mary Wortley Montagu (1689-1762) adlı bir ingilis qadındır. O, İstanbula səfir olaraq təyin edilmiş ingilis diplomatının arvadıdır və savadlı, alicənab bir qadın olub. 1717 və 1718-ci illərdə yazdığı məktublarında bir çox müşahidələrini muxatabları ilə bölüşür və əmin edə bilərəm ki, o məktubların içərisində çox maraqlı mövzular vardır. Lakin bu ingilis qadının tez-tez toxunduğu mövzular arasında şərqin müsəlman qadınlarına baxışları diqqətimi çəkdi. Şərqin müsəlman qadınları ilə qarşılaşmasını məktublarında çox detallı şəkildə bölüşür. Avropanın xristian qadınları ilə Şərqin müsəlman qadınları arasındakı müqayisələri xüsusilə maraqlıdır.
Lady Montagu Osmanlının idarəsindəki Sofiya şəhərində ikən orada mövcud olan ictimai hamamlardan öz məktublarının birində söz açır. Bir gün saat 10 civarında hamamlardan birinə getdiyini və hamamın artıq qadınlarla dolu olduğunu qeyd edir. ”Mən öz səyahət əlbisəmdə idim – ki, bu minik paltarım idi – və şübhəsiz ki, onlara qeyri-adi gəldi. Buna baxmayaraq onlardan heç biri az da olsa təəccüb və ya bezdirici maraq göstərmədi, əksinə mümkün olduğu qədər xoş niyyətli nəzakətlə məni qəbul etdilər. Mən Avropada elə bir saray tanımıram ki, orada xanımlar bir yad insana bu qədər nəzakətli davransınlar. Orada ümumilikdə iki yüz qadının olduğunu güman edirəm və buna baxmayaraq dəbə uyğun şəkildə geyinməmiş bir nəfər ortaya çıxdıqda bizim toplantılarımızdan əksik olmayan lovğa təbəssümlər və ya satirik pıçıltılardan heç biri orada mövcud deyildi. Onlar təkrar-təkrar mənə dedilər: ”Uzelle, pek uzelle!”, hansı ki, (onların dilində) ”gözəl, çox gözəl” mənasından başqa bir şeyi ifadə etmir.” Daha sonra Montagu qadınların zahiri gözəlliyindən danışır və deyir: ”Onların içində çox qadının bədəni, yalnız Guido və ya Titian’ın qələmindən çıxan bir ilahənin ola biləcəyi qədər dəqiq biçimdə idi. Onların çoxunun dərisi ağ idi və parıldayırdı, mirvari və ya lent ilə hörülmüş çox saylı hörüklərə ayrılmış, çiyinlərindəna axıb tökülən saçları ilə yalnız bəzənmişdilər; yunanların üç bacı ilahələrinə mükəmməl şəkildə bənzəyirdilər.
Mən burada daha əvvəllər də tez-tez üzərində düşündüyüm bir fikrimdən əmin oldum ki, əgər çılpaq gəzmək dəb olsaydı (qadınların) üzlərinə çox az baxardılar.” Montagu qadınların hər həftə hamama gəlib sosiallaşdıqlarını, burada dörd və ya beş saat vaxt keçirdiklərini qeyd edir. Sonra buyurur: ”Onların arasında ən çox sayılan qadın məni yanında oturmağa iqna etdi və çox həvəslə mənim soyundurulmağıma çalışırdı. Mən çətinliklə üzrxahlıq edib yayındım. Onlar o qədər israrla məni iqna etməyə çalışırdılar ki, mən sonunda köynəyimi açmaq məcbur oldum və korsetimi nümayiş etdim; bu onları çox məmnun etdi, çünki – gördüyüm kimi – onlar mənim o cihazın içində öz gücümlə onu aça bilməyəcəyim şəkildə elə həbs edildiyimə inanırdılar ki, bu ixtiranı mənim ərimə nisbət edirdilər.” Burada maraqlı olan budur ki, qərbin qadınları şərqə nə qədər acınacaqlı baxırdılarsa şərqin qadınları da qərblilər üçün eyni baxışları atırdılar. Montagu hamamdakı bu görüşməsini başqa birinə yazdığı məktubunda bu cür ifadə edir: ”Türkiyədəki ən böyük əyləncələrdən biri də hamama aparmaqdır. Məni belə hamamlardan biri ilə tanış etdiklərində evin xanımı məni soyundurmağa gəldi; ki, bu, onlarda yadlara göstərilən bir başqa böyük sayğıdır/komplimentdir. Mənim donumu çıxardıqdan sonra əynimdəki korseti gördüyündə bu mənzərədən çox təsirləndi və qışqırıb hamamdakı digər qadınları çağırdı: ”Gəlin bura və baxın görün yazıq ingilis qadınları ərləri tərəfindən nə qədər qəddarcasına istifadə olunurlar. Sizi bu cür qutuda həbs etdiklərində gərək sizə verilmiş yüksək azadlıqlara görə sevinəsiz!” Çox maraqlı bir təzaddır. Bir mədəniyyətin qadınları örtülməyə məcbur edildikləri üçün, digərləri isə dəb xatirinə dar korsetlərin içində sıxıldıqlarına görə təəssüf doğururdu.
Lady Montagu 1717-ci ilin aprel ayının 1-ində Ədirnə şəhərində ikən bacısına yazdığı bir məktubunda türk qadınları, onların geyimləri haqqında yazır. Özünün türk paltarları geyinməyə başladığını yazan bu ingilis zadəgan qadın bacısına türk aristokrat xanımlarının geyindikləri paltarların gözəlliklərini sadalayır. Xüsusilə qadınların saç düzümlərində hörüklərin üzərinə tətbiq etdikləri müxtəlif gözəlliklərdən heyrətləndiyini gizlətmir: ”Mən həyatımda bu qədər gözəl saç düzümləri görməmişəm. Mən bir xanımın başında yüz on hörük saydım ki, hamısı öz saçları idi.” Daha sonra qadınlarda gördüyü bir başqa həqiqəti etiraf edir və deyir: ”Lakin etiraf edilməlidir ki, bizə nisbətdə burada hər gözəllikdən daha çox var. Burada çox gözəl/yaraşıqlı görünməyən gənc qız görmək təəccüb doğurucudur. Onlar təbii olaraq dünyanın ən gözəl sifət rənglərinə və ümumən böyük qara gözlərə sahibdirlər. Mən sizi əmin edə bilərəm ki, İngiltərə sarayı (baxmayaraq ki, xristian dünyasında ən gözəl oranın olduğuna inanıram) bizim burada əlimizin altındakı qədər gözəllər nümayişə çıxara bilməz. Onlar adətən gözlərini formaya salırlar; yunanlar və türklərin göz dairəsi boyunca (iç tərəfdən) qara məhlul sürmək adəti vardır ki, uzaqdan və ya şam işığında onların gözlərinin qaralığını gücləndirir. Mən təsəvvür edirəm ki, bizim xanımlar bu sirri bilsələr həddindən artıq sevinərlər; lakin bu, gündüz çağı çox gözə görünəndir. Onlar dırnaqlarını da roza rənginə boyayırlar. Etiraf edirəm ki, bu dəbə onu gözəl hesab edəcək qədər özümü alışdıra bilməmişəm.”
Ümumiyyətlə bu ingilis qadın türk qadınları arasında gördüyü gözəlləri digər məktublarında da vəsf edib qurtara bilmir. Xüsusilə də baş vəzir müavininin xanımı Fatimə ilə qarşılaşmasını çox əcazkarlıqla vəsf edir. Aprelin 18-də yenə bacısına yazdığı məktubunda deyir: ”Mən İngiltərə və Almaniyada qəşəng adlanan hər bir şeyi görmüşəm, amma etiraf etməliyəm ki, mən bu dərəcədə möhtəşəm bir gözəllik görməmişdim, nə də ki, onun yanında diqqətə alına biləcək bir üzü gördüyümü də xatırlamıram. O məni qarşılamaq üçün ayağa qalxdı, öz adətlərinə uyğun şəkildə, əzəmətlə dolu bir şirinliklə əlini sinəsi üzərinə qoymaq surəti ilə məni elə salamladı ki, heç bir saray tərbiyəsi belə bir şey verə bilməzdi…Etiraf etməliyəm ki, yunan xanım (tərcüməçini qəsd edir, tərc.) mənə onun gözəlliyi haqqında rəyini (qabaqcadan) bildirmiş olsa da heyranlıqdan elə tutulub qalmışdım ki, bir müddət ona xitab edib danışa bilmədim, gözlərimi ona zilləməklə məşğul idim. O cizgilərdəki heyrətləndirici ahəng! Bütövlüyün məftun edici nəticəsi! Bədənin dəqiq biçimi! Bəzək ilə ləkələnməmiş üzün o gözəl çöhrəsi! Onun təbəssümünün ifadə oluna bilməyən ovsunlandırıcı qüvvəsi! Bəs gözləri! Böyük və qara, mavi rəngin bütün yumşaq əzginlikləri ilə! Üzünü hər döndərdiyində yeni bir valehedici cizgi tapırsan!” Bir neçə sətr sonra təəssüratını bir sözlə ifadə etməyə çalışır və deyir: ”Bir sözlə deməli olsam bizim ən məşhur ingilis gözəllərimiz onun yanında yox olub itərlər!”
1718-ci ilin mart ayının 10-da yazdığı məktubunda yaxınlarda İstanbulda bir qız uşağını dünyaya gətirdiyini bacısına ərz edir. Bu sətrlər arasında uşaq doğmağın İstanbulda – Londona nisbətdə – iki dəfə daha asan baş verdiyini də vurğulayır. Daha əvvəlki məktublarında Baş vəzirin həyat yoldaşı, keçmiş sultan Mustafanın sevimli arvadı Hafisə xanımın evində qonaq olduğunu bacısına xəbər vermişdi. Bu, elə Fatimə ilə qarşılaşdığı gün olmuşdu. Bu məktubunda da onunla və Fatimə ilə bir daha görüşdüyünü qeyd edir: “Sultanə Hafiten’i, mərhum imperator Mustafanın ən sevimlisini görməyə getdim. Bildiyin kimi (bəlkə də bilmirsən) onu qardaşı indiki Sultan Əhməd taxtdan endirmişdi və bir neçə həftə sonra ümumən inanıldığına əsasən zəhərləndiyindən ölmüşdü. Onun ölümündən dərhal sonra bu xanıma haremi tərk etmək və Osmanlının ən nüfuzlu adamlarından istədiyinə ərə getmək əmr olundu. Güman edirəm ki, sən onun bu təklifə xeyli sevindiyini düşünürsən. Tamamilə əksinədir; bu qadınlar – ki, kraliçələr olaraq tanınırlar və özlərinə o cür sayğı göstərirlər – belə bir azadlığa onların başına gələ biləcək ən böyük şərəfsizlik və təhqir kimi baxırlar. O özünü sultanın ayaqları altına atdı və öz qardaşının dul arvadına bu hörmətsizliyi etməkdənsə onu xəncərlə öldürməsini ondan yalvararaq istədi.”… Hafisə sultanə beş şahzadə dünyaya gətirdiyini üzr göstərsə də bunun heç biri nəzərə alınmadı və o, “seçim etməyə məcbur edildi. O, Bekir Effendi’ni seçdi ki, o zaman o, baş vəzir idi və səksən yaşını ötmüşdü. Bununla da verdiyi əhdə, bir daha yatağına ikinci əri yaxınlaşdırmamaq vədinə sadiq qalacağını bütün dünyaya nümayiş etdirdi. Kiməsə arvadı olmaq şərəfini verməli olduğu üçün, öz minnətdarlığının əlaməti olaraq onu (yəni Bekir Effendi’ni, tərc.) seçməyə qərar verdi, çünki məhz o, onu hələ on yaşında ikən sonuncu sultanla tanış etmişdi. Lakin on beş ildir ki, onun evində yaşamağına baxmayaraq hələ də bu günə qədər ona onu ziyarət etməyə icazə verməyib; o evdə vaxtını davamlı yas içində və xristian dünyasında çoz az görülmüş bir sadiqlik ilə keçirir.”
Lady Montagu’nun məktublarından anlaşılır ki, Hafisə kimi güclü bir qadının ürəyi istədiyini etməyə qadir olmasına rağmən bu şəkildə köhnə ərinə sadiq qalması onda müsbət təəssürat oyadıb. Gözəlliyə gəldikdə isə Hafisə sultanəni də gözəl hesab edir, lakin Fatiməyə gözəllikdə çatmadığını deyir. Fatimə ilə ikinci görüşünə gedərkən “özümlə apardığım yunan – ki, onu daha əvvəl görməmişdi – …onun gözəlliyini və davranışlarını gördükdə çox təəccübləndi və bu reaksiyadan ilk baxışda qurtulmaq mümkün deyildir. Mənə italyan dilində söylədi: “Bu bir türk xanımı deyil, mütləq bir xristian olmalıdır.” Fatimə onun haqqında danışdığını təxmin etdi və nə dediyini soruşdu. Məndən olsaydı deməzdim, çünki “siz zahirən bir türkə bənzəyirsiz” komplimentindən bizim sarayımızın bir gözəli nə qədər razı qalarsa ondan daha çox razı qala bilməzdi. Lakin yunan qadın ona bunu söylədi və o, üzündə təbəssümlə cavab verdi: “Bunu birinci dəfə eşitmirəm; mənim anam polşalı idi, Caminie mühasirəsində ələ keçirilib…” Beləliklə də Lady Montagu öz bacısına işin sirrini açır. Çox bəyəndiyi Fatimə ana tərəfdən polşalı, ata tərəfdən isə türk olub.
Lady Montagu müsəlman/türk qadınlarının mənəviyyatına da toxunur və deyir: ”Onlardakı mənəviyyat və ya gözəl davranışa gəldikdə isə Harlequin kimi mən də deyə bilərəm ki, ”elə eyni ilə sizdəki kimidir.” Türk xanımları sadəcə olaraq xristian olmadıqları üçün bir günah daha az işlətmirlər. Mən onların tərzi ilə bir az tanış olduğum üçün onlar haqqında xəbər vermiş bəzi yazıçıların ya nümunəvi ehtiyatlı mühakiməsinə, ya da aşırı axmaqlığına heyrətlənməmək əlimdə deyildir. Onların bizdən daha çox azadlığa sahib olduqlarını görmək asandır.” Lady Montagu’nun sözlərinin məzmunundan anlaşılır ki, özündən əvvəlki yazıçıların Şərq qadınları haqqında təqdim etdikləri təsviri qınayır. Ondan əvvəlki yazıçıların çoxu şərq qadınının məzlum olduğunu, basqı altında yaşadığını ifadə edib. Montagu bununla razı deyildir və onların avropalı qadınlardan daha azad yaşadıqlarına şahidlik edir.
Montagu bu azadlıqlara misallar verir və hər şeydən əvvəl onların geyimlərinin evdən kənarda onlar üçün tanıdığı imkanlara toxunur. ”Sən təxmin edə bilərsən” – bacısına məktubunda yazır – ”ki, bu paltarlar onları nə qədər effektiv şəkildə gizlədir; beləki böyük xanımı onun kənizindən ayırmaq mümkün deyildir. Ən qısqanc ər üçün belə (küçədə) qarşılaşdıqda öz xanımını tanıması imkansızdır və heç bir kişi küçədə bir qadına toxunmağa və ya onu izləməyə cürət edə bilməz.” Bir ingilis zadəgan qadını bu paltarların sevgi sərgüzəştləri üçün yaratdığı imkanlar üzərində düşünmədən keçə bilməzdi. ”Ən adi intriqa metodu xanımın onunla yəhudi dükanında görüşməsi üçün sevdiyi oğlana vaxt təyini məktubu göndərməsidir.” Bütün bu imkanları nəzərə aldıqdan sonra bacısına xəyal gücünü işlətməyi təklif edir: ”Bir sevgilinin mürvətsizliyindən/hikmətsizliyindən qorxmağa heç bir səbəb olmayan belə bir ölkədə sadiq arvadlarının sayının nə qədər az olduğunu asanlıqla təsəvvür edə bilərsən, çünki biz bu dünyada bu işə və həmçinin Axirətin təhdid edici əzablarına – hansı ki gənc türk qızlarına heç zaman öyrədilmir – özünü məruz qoymağa cürət edənlərin sayındakı çoxluğu görürük.” İndi burada Lady Montagu spekulyasiya etməkdən özünü saxlaya bilmir və hətta türk gənc qızlara axirət cəzası haqqında bir şeylər öyrədilmədiyini da iddia edir. Bəlkə də osmanlı cəmiyyətinin saraya yaxın ailələrində belə bir şey qismən doğru ola bilər, amma bunu ümumilikdə müsəlman türk qadınları üçün güman etmək bir ingilis qadınının xəstə fantaziyasından başqa bir şey deyildir. Lady Montagu öz həmyerlilərinə nisbətdə nə qədər qərəzsiz görünsə də işin sonunda xristian dünyasının maraqlarını müsəlman dünyası qarşısında müdafiə edən bir şəxsiyyətdir. Bizə burada maraqlı olan onun mülahizələrindəki bəzi müqayisələrdir. İngilis qadın daha sonra ərdə olan qadınların öz ərlərinin ədavətindən qorxmağa səbəblərinin olmadığını da vurğulayır, çünki ”varı-dövləti olan qadınlar öz pullarını öz əllərində tuturlar, boşandıqda da özlərində saxlayırlar, hələ üstəlik əri ona əlavə (pul) verməyə məcburdur.” Bu hissədə Lady Montagu’nun müqayisəsi tam deyildir. Adətən ingilis qadınları ilə müqayisə etdiyi halda Lady Montagu burada vəziyyətin ingilis qadınlarında necə olduğunu yazmır. Yazmağa da ehtiyac yoxdur, çünki məktubu bacısına xitabən göndərib və əlbəttə ki, hər ikisi də gözəl bilirdi ki, o zamanın ingilis qanununda qadın ərə getdikdə öz mülkünü, sərvətini öz əlində saxlamırdı, əksinə hamısı ərinin mülkünə çevrilirdi, üstəlik qadın ərindən ayrı hüquqi bir şəxs kimi tanınmırdı.
”Xülasə budur ki, mən türk qadınlarını bütün imperiyada yeganə azad insanlar hesab edirəm; Divan özü onlara hörmət qoyur və the Grand Signior (yəni ”Böyük Ağa”, sultanı nəzərdə tutur, tərc.) özü də; bir paşa edam edildikdə (sultan) heç bir zaman hərəmin (və ya qadınların yaşadığı evin) imtiyazlarını çeynəməz və (ev) tamamilə təftişə məruz qalmadan dul qadının ixtiyarında qalır.” Qadınlar – ingilis qadının nəzərində – imperiyadakı bütün insanlar arasında ən azad olanlardır. Yəni kişilərdən də azaddırlar, çünki kişilər hər zaman siyasi intriqaların qurbanı olurlar, ağır məsuliyyətlərin altında yaşayırlar, qadınlar isə bu ağır məsuliyyət yükündən azad olmaqdan savayı kişi qohumlarına görə heç bir zaman təqibə məruz qalmırlar.
Bu yerdə çoxarvadlılıq fenomeninə də toxunur və deyir: ”Bu doğrudur ki, onların qanunu kişilərə dörd arvad almağa icazə verir; lakin keyfiyyətli bir kişinin bu azadlıqdan sui-istifadə edə biləcəyi və ya status sahibi bir qadının bundan əziyyət çəkəcəyi elə bir məqam yoxdur.” Bu dediyini materiallaşdırmaqdan ötrü bunu da əlavə edir: ”Əgər bir ər nədənsə bu prinsipə müvafiq yaşamazsa (ki, belə şeylər mütləq baş verməlidir) o öz məşuqəsini ayrı bir evdə saxlayacaq və onu bacardığı qədər gizli ziyarət edəcək ki, bu da elə sizdəki kimidir.” Bu oxumuş və dünya görüşü geniş olan ingilis qadını öz bacısına bu məsələni ərz edərkən etiraf edir ki, bu hal heç də ingilis kişilərinin etdiklərindən fərqlənmir. Bəlkə də yeganə fərq budur ki, müsəlman qanunu kişiyə halal kəbin ilə ikinci arvadı alıb kənarda saxlamağa icazə verirdisə ingilis kişiləri bunu öz qanunlarına müxalif gedərək edirdilər və etməyə davam edirlər. Ona görə də məktubu yekunlaşdırarkən buyurur: ”Beləliklə də, əziz bacım özün görürsən ki, insanların yaşayış tərzləri heç də sənin səyahətçi yazıçılarının bizi inandırmağa çalışdığı qədər böyük bir fərq ilə fərqlənmir.” Eyni ilin sentyabr ayında yazdığı məktubunda, yəni artıq dörd ay keçdikdən sonra eyni müşahidələrini təsdiqləyir: ”Qadınlar burda çoxlarının yazdığı kimi heç də məhbus kimi yaşamırlar; onlar – hətta kölə olanları belə – çox yüksək dərəcədə azadlıqdan yararlanırlar.” Bir ildən uzun bir müddət qaldığı İstanbulda türk qadınlarının geyindiyi paltarlarda gəzən və şəhərin müxtəlif yerlərini ziyarət edən Lady Montagu artıq o paltarlara alışdığını da yazır.
1718-ci ilin aprel ayının 10-da yazdığı məktubunda deyir: ”Yaşmaq və ya türk örtüsü mənim üçün təkcə asan yox, həm də xoşagedən olmağa başlayıb.” Artıq İstanbulu tərk etməyə hazırlaşdığı bir ərəfədə yazdığı məktublarının birini ”mən Konstantinopolu tərk etməyə hazırlaşıram və bunu üzüntü ilə etdiyimi dediyimdə məni bəlkə də ikiüzlülükdə ittiham edəcəksən” sözləri ilə başlayır. Bu məktubunda daha əvvəl müsəlman qadınlar haqqında yazdıqlarını bir daha müdafiə edərək buyurur: ”Həmçinin onun (yəni Aaron Hill’i, tərc.) və onun səyahətçi yazıçı qardaşlarının türk xanımlarının acınacaqlı məhbus həyatına təəssüflənməklərini izləməkdən də mən xeyli həzz alıram; onlar (əslində) bəlkə də kainatdakı bütün qadınlardan daha azaddırlar və dünyadakı yeganə qadınlardır ki, qayğılardan uzaq, aramsız məmnuniyyətdən ibarət bir həyat sürürlər; onların bütün vaxtları (bir-birilərini) ziyarət etməyə, hamamda çimməyə və ya pul xərcləməkdən aldıqları xoş əyləncəyə və yeni dəblər icad etməyə həsr olunur. Öz arvadından istənilən miqdarda maddiyyat götürən istənilən kişi dəli hesab olunur və arvadın xərcləmə imkanları yalnız onun xəyalı ilə məhduddur. Pul qazanmaq kişinin işi, onun işi isə xərcləməkdir: və bu kübar imtiyaz cinsin ən kasıbına qədər uzanır… Onlar istədikləri zaman çölə çıxırlar və istədikləri yerə gedirlər…”
Lady Montagu xristian dünyası ilə islam dünyası arasında qadına baxışda daha bir fərqə diqqət çəkir. “Sənə bunu demək qalıb ki, gələcək həyatın səadətinə layiq olmaq üçün Muhəmmədin qadınlardan tələb etdiyi ləyaqətlər dünyaya yararsız olacaq şəkildə yaşamaq deyildir” və bununla Lady Montagu xristianlıqdakı müqəddəslik üçün bakirəliyi qorumağa işarə edir və onlarda qadın cənnəti qazanmaq üçün özünü tamamilə monastır həyatına həsr edir, öz bakirəliyini qorumağa çalışır. “Lakin” müsəlmanlarda isə – ingilis qadının nəzərində – qadınlar “bacardıqları qədər özlərini kiçik müsəlmanlar dünyaya gətirməklə məşğul etməlidirlər.” Doğrudur ki, bu məktublarında bu ingilis qadın İslam dini haqqında ciddi məlumatsızlıq sərgiləyir, beləki – iddiasına görə – bakirə ölənlər və ya dul qaldıqdan, boşandıqdan sonra bir də ərə getməyənlər İslam dinində Cənnətə girə bilməzlər. Məktublarında İslam dini haqqında digər xətalı təsəvvürlərini də görmək mümkündür, lakin öz müasirləri ilə nisbətdə Lady Montagu müsəlmanları və onların dinini anlamağa çalışır, bacardığı qədər ədalətli və qərəzsiz olmağa səy göstərir.
İstanbulda qadınlarda müşahidə edilən azadlıqları ilk və son ifadə edən qadın Lady Montagu olmayıb. Onun yazdığı məktublardan təxminən 70 il sonra Barkeley şahzadəsi Elizabeth Craven də eyni fikirləri gizli sevgilisi alman markqraf Charles Alexandre’a yazdığı məktubunda ifadə edir. Məktublarının birində “Düşünürəm ki, Türkiyədəki kimi qadınların bu dərəcədə azadlıqdan yararlandığı və məzəmmətdən qurtulduğu başqa bir ölkə görməmişəm” etirafını edir. Məktubun bir başqa yerində isə yazır: “… və mən yenə bunu təkrarlayıram ki, Cənab, mən düşünürəm ki, türk qadını kimi bu qədər azadlığa malik olan, əndişədən/rahatsız edilməkdən qorunulmuş olan başqa bir qadın yoxdur və mənə görə onlar yaşayış tərzlərinə görə ən xoşbəxt canlılar olmağa qadirdirlər.” Hər iki ingilis qadın eyni müşahidələri bölüşürlər və türk müsəlman qadınlarının heç də bəzi avropalıların təsvir etdikləri kimi acınacaqlı məhbus həyatı yaşamadıqlarına şahidlik edirlər.
Cavab yaz