Tarix kitablarımızda xəlifə Ömərin məşhur İskəndəriyyə kitabxanasındakı kitabları yandırmasına dair məlumatlar yer alır. Bu hekayənin – tarixçilər nəzərində – ən qədim qaynağı Abdullətif əl-Bağdadi’nin (1162-1231) “əl-İfədə vəl-İtibər” kitabıdır. Abdullətif İskəndəriyyədəki kitabxananı vəsf edərkən “İskəndərin, şəhəri qurarkən bina etdiyi elm ocağıdır” deyir və əlavə edir: “Amr bin əl-As’ın Ömərin – radiyallahu anhu – izni ilə yandırdığı kitab xəzinəsi də burada yerləşirdi.”1 Ondan sonra İbnul-Qifti bu hadisəyə “Tarixul-Hukəmə” kitabında daha geniş yer verir. Sonrakı tarixçilərdən kitabında bunu qeyd edənlər İbnul-Qifti’yə istinad edirlər.
Çox qəribədir ki, İbn Xaldun kitabların məhv edilməsi ilə bağlı Ömərdən başqa bir versiya qeyd edir. O, tarix kitabında deyir: “Fars torpaqları fəth edildikdə müsəlmanlar orada sayda kitab tapırlar. Sad bin Əbi Vaqqas onlar haqqında və onların müsəlmanların ərazilərinə köçürülməsi üçün Ömər bin əl-Xattab’a yazaraq ondan izin istəyir. Ömər cavab yazaraq onların suya atılmasını əmr edir.”2 Maraqlıdır ki, İbn Xaldun’un qeyd etdiyi ilə Abdullətif’in yazdıqları az qala identikdir. Aradakı əsas fərq ölkələrdədir.
Bu hekayəni bu gün bəzi müxaliflər – xüsusilə ərəb liberalları və xristianlar – tez-tez sitat gətirib müsəlmanların elmə mənfi münasibət bəslədiyini isbat etməyə çalışırlar. Müasir müsəlman tarixçilər bu hekayənin doğruluğunu şübhə altına alırlar və bunun bir çox səbəbdən yalan olduğunu deyirlər. Biz burada müsəlman tarixçilərin sözünə deyil, qərbli alimlərin və mütəxəssislərin fikrinə yer verəcəyik. Müsəlman tarixçilərin sözlərinə yer verdiyimiz təqdirdə kimsə bunun qərəzli bir yanaşma olduğunu düşünə bilər, buna görə də burada yalnız avropalı və qeyri-müsəlman tarixçilərin rəylərini yazacağıq. Üstəlik etiraf etməliyik ki, bizim tarixi qaynaqlarımızda keçən bu hadisənin yalan və əfsanə olduğunu təsbit edən ilk tarixçilər də avropalılar olublar.
Görkəmli ingilis tarixçisi Edward Gibbon (1737-1794) ilə başlayaq. O, bu iddianı və onun qaynaqlarını, məzmununu zikr etdikdən sonra öz peşəkar rəyini belə ifadə edir: “Mənə gəldikdə mən (bu hekayədəki) həm faktı, həm də nəticələri inkar etməyə güclü bir şəkildə meyil edirəm.” Daha sonra bunun yalan olmasını göstərmək üçün iki səbəb gətirir: “Altı yüzüncü ilin sonunda bir əcnəbinin (yəni Abdullətif’in) Medianın sərhədlərində yazdığı yeganə xəbər, daha erkən bir zamanda yaşamış iki salnaməçinin qarşısında aciz qalır; hər ikisi də xristian və yerli misirli tarixçilərdir və onların içində ən qədimi olan patriarx Eutychius İskəndəriyyənin fəthini çox təfsilatlı şəkildə vəsf edib.” Abdullətif özü misirli deyil və hicri VI əsrdə yaşayıb; necə olur ki, daha əvvəlki müsəlman və xristian tarixçilər Misirin müsəlmanlar tərəfindən ələ keçirilməsini bu qədər təfsilatlı şəkildə təsvir etdikləri halda onlardan heç biri bu hadisəni qeyd etmir, amma 5-6 əsr sonra gələn tarixçi bunu qeyd edir?! Biz hətta burada əlavə edə bilərik ki, bu hadisə erkən müsəlman tarixçilərin kitablarında da öz əksini tapmır. İbn Abdilhəkəm’in (öl. 871) “Futuhu Misra vəl-Məğrib” və əl-Bələzuri’nin (v. 892) “Futuhul-Buldən” kitabında müsəlmanlar tərəfindən ələ keçirilmiş torpaqların və hadisələrin təfsilatları qeyd edilir, xüsusilə İbn Abdilhəkəm kitabını Şimali Afrika ölkələri haqqında yazıb, amma bu kitablarda belə bir məlumatla rastlaşmırıq. Həmçinin misirli tarixçi İbn Yunus (894-958) tarix kitabında belə bir məlumata yer vermir. Edward Gibbon’un qeyd etdiyi ikinci səbəb isə budur ki, ilk müsəlmanlarda kitablara qarşı çox böyük hörmət olub və onlarda kitab yandırmaq adəti olmayıb. Yəni belə bir iddia müsəlmanlar haqqında bilinənlərə tam ziddir.3
Tarixçi Philip Hitti (1886-1978) bu tarixi hekayənin “yaxşı uydurma, amma pis tarix sayıla biləcək hekayələrdən” olduğunu deyərək əlavə edir: “Bu iddia olunan hadisədən ilk dəfə altı əsr sonra xəbər verilib və sözügedən məlumat saxtakarlığın damğasını özündə daşıyır.”4 Bernard Lewis də bunun əfsanə və uydurma olduğunu sübut etmək üçün xüsusi bir araşdırma dərc edib. Həmin araşdırmasına bu sözlərlə başlayır: “Ərəblərin, 642-ci ildə şəhəri fəth etdikdən sonra İskəndəriyyənin böyük kitabxanasını xəlifə Ömərin əmri ilə necə dağıtdıqları haqqındakı hekayəyə bəzi yazıçılar – bunun əksini göstərən xeyli sübutlara rəğmən – hələ də inanmağa və bunu təkrarlamağa davam edirlər.”5
Bernard bu hekayəni “tarixi əfsanə” adlandırır. Bu məqaləsində təqdim etdiyi məlumatlar arasında hələ 1713-cü ildə görkəmli fransız oriyentalist Eusèbe Renaudot’un bu hekayəyə şəkk etdiyini qeyd edir. 1902-ci ildə Alfred J. Butler, 1911-ci ildə Victor Chauvin, 1923-cü ildə Paul Casanova və Eugenio Griffini ayrı-ayrı çalışmalarında bu xəbərin yalan olduğunu sübut ediblər. Will Durant da İslam mədəniyyəti haqqında yazarkən bu hekayəyə toxunur və bunun həqiqət ola bilməyəcəyini göstərmək üçün bir çox arqument gətirir. Kitabxananın böyük bir hissəsinin hələ 392-ci ildə xristian patriarx Theophilus’un təşəbbüsü ilə məhv edildiyini və Amr bin əl-As’ın zamanına qədər kitabların çoxunun artıq yox olduğunu deyir. O zaman necə ola bilər ki, qərblilərdə Gregory Bar-Hebraeus adı ilə tanınan yəhudi tarixçi Əbul-Fərac Qriqoryus İbn əl-İbəri’nin (1226-1286) verdiyi məlumatlar, yəni bu kitabların hamamları qızdırmaq üçün altı ay müddətində dörd min sobada yandırıldığı doğru olsun?! Durant sözünü yekunlaşdırır: “Bu hekayə indi ümumiyyətlə bir nağıl hesab edilərək rədd olunur.”6 Bu sözlərdən aydın olur ki, əksər tarixçilərin nəzərində xəlifə Ömər və onun canişini Amr bin əl-As haqqında yazılmış bu xəbərlər yalandır.
Samir Firdovsioglu‘nun “Ataların Kölgəsində” kitabından
Dipnotlar
- J. White, “Abdollatiphi Historie Egypti: Compendium Arabice et Latine”, səh: 114; Typis Academicis, Impensis Editoris, London, 1800
- İbn Xaldun, “Muqəddimətu İbn Xaldun”, səh: 631; Darul-Fikr, Beyrut, 1988
- E. Gibbon, “The History of The Decline and Fall of The Roman Empire”, 3-cü cild, səh: 439; Harper & Brothers, New York, 1844
- P.K. Hitti, “The Near East in History: A 5000 Year Story”, səh: 210; Van Nostrand Co. Books, Princeton, 1961
- Bernard Lewis, ”What Happened to The Ancient Library”, “Library of The Written Word – The Manuscript World”, 3-cü cild, səh: 214; Brill, Leiden, 28 fev. 2008
- W. Durant, “The Story of Civilization; The Age of Faith”, cild 4, səh: 282283; Simon and Schuster, New York, 1950
Cavab yaz