Tanrını inkar etmək özünü inkar etməkdir | Şüur arqumenti

Atam gəzməyi çox sevən bir insandır. Gəzinti vaxtı insanın ağlını qurdalayan dərin suallar üzərində daim təfəkkür edir. Bu gəzintilərin birində Londondakı məşhur Natiqlər Küncünə (Speakers’ Corner) baş çəkməyi qərar verir. Bura insan, həyat, kainat və siyasət də daxil olmaqla bir çox fərqli məsələnin yüksək səslə və hərarətli bir şəkildə müzakirə edildiyi bir yerdir. Hədsiz ifadə azadlığının olduğu, hər kəsin istədiyi şeyi istədiyi şəkildə söyləyə bildiyi bir məkandır. Bu yerdə adətən Tanrının varlığı ilə əlaqəli dini və fəlsəfi münazirələr baş tutur. Atam baş çəkdiyi gün Tanrıya inanmaq üçün səbəblərdən danışan bir münazirəyə şahid olur. Münazirəni ortada kəsib onlara “Əgər Tanrını inkar etsəniz, o zaman özünüzü də inkar etmiş olursunuz” deyir. Atam mənə bu hadisəni danışanda söylədiklərinin nə məna kəsb etdiyini dərk edə bilməmişdim. Lakin on ildən çox vaxt keçdikdən sonra atamın bu hikmətli sözünü təfsilatlı şəkildə anlatmaq istəyirəm. 

Atam bizim kim olduğumuzu (və nələr hiss etdiyimizi) bilməyimizin Tanrının varlığına işarə etdiyini söyləməyə çalışırdı. Daha dəqiq desəm, atam orada fenomenal şüura istinad edirdi; yəni bizim şəxsi təcrübələrimizin olduğundan danışırdı. Fenomenal şüur müəyyən bir şüurlu halı təcrübə etməyin nə demək olduğu ilə əlaqəli olan subyektiv bir qabiliyyətdir. Məsələn, ən sevdiyim şokoladı yeyəndə və ya Quran dinlədiyimdə yaşadığım bu təcrübənin nə olduğu mənə agahdır və bu şüurlu vəziyyətdə olmağın necə bir şey olduğunu anlaya bilirəm. Lakin məndən başqa heç kim bu subyektiv təcrübənin necə bir şey olduğunu anlaya bilməz. Təbii ki, digər insanlar da şokolad yediklərində və ya Quran dinlədiklərində özlərinə görə bir hissiyyat keçirirlər, lakin heç vaxt mənim şəxsi olaraq bu təcrübələri yaşarkən nələr hiss etdiyimi anlaya və qavraya bilməzlər. 

Beynim haqqında hər şeyi bilsəniz belə, mənim müəyyən bir təcrübəni yaşayarkən nələr hiss etdiyimi anlaya bilməzsiniz; istər portağal suyu içmək, günəşin batmağını izləmək olsun, istərsə də eşqə düşmək. Bunun səbəbi nevrologiya elminin korrelyasiya1 əsasında işləməsidir. Nevroloqlar beyində meydana gələn fəaliyyətləri müşahidə edir, daha sonra isə iştirakçıların təcrübə etdikləri ilə bu fəaliyyətləri əlaqələndirirlər. Lakin yenə də bu korrelyasiyalar bizə iştirakçıların şəxsi təcrübələrini, onların perspektivlərini başa sala bilməz; sadəcə olaraq bu təcrübənin gerçəkləşdiyini söyləyə bilərlər. Bəlkə iştirakçının nevroloqa hiss etdiklərini birbaşa danışaraq öz şəxsi təcrübələrini çatdıra biləcəyini iddia edə bilərsiniz. Lakin yenə də bu bir cavab sayılmır, çünki birisi “soyuq”, “sancılı”, “dadlı”, “gözəl” və “kədərli” kəlmələrini işlətsə də, bu kəlmələri işlədən adamın bu hissiyyatları təcrübə etməsinin onun baxımından necə bir hal olduğunu anlaya bilmərik. Kəlmələr mənanın və təcrübələrin daşıyıcılarıdırlar, lakin başqa bir adamın özünə xas şəxsi təcrübəsini tam mənada anlaya bilmək üçün kəlmələrin də sərhədlərini ötüb keçmək lazımdır. Subyektiv təcrübələrin başa düşülməsinin çətin olan digər tərəfi isə bu təcrübələrin hansı şəkildə şüur sahibi olmayan bioloji və fiziki proseslər nəticəsində ortaya çıxmasıdır. Necə olur ki, şüur sahibi olmayan maddədən bənzəri olmayan bir şəxsi təcrübə ortaya çıxır. Bu, zehin fəlsəfəsi və nevrologiya elmində vacib bir məsələdir. 

Bura qədər sizə bəhs etdiklərimi alimlər şüurun çətin problemi adlandırır. Bir çox hərarətli müzakirələrə səbəb olmağına baxmayaraq, kim olduğumuzu və şüurlu təcrübələrimizin təbiətini ələ alan bu problem hələ də öz həllini tapmamışdır. Tədqiqatçı Daniel Bor problemi aşağıdakı kimi ifadə edir:

“Dünyada bir çox çətin məsələ mövcuddur, lakin bunlardan sadəcə birinə “çətin problem” adı verilmişdir. Bu, məhz şüurun çətin problemidir. Necə olur ki, 1300 qram çəkisi olan sinir hüceyrələri hər ayıq halımızı əhatə edən qüsursuz hisslər, düşüncələr, xatirələr və duyğular kaleydoskopunu meydana gətirir… “Çətin problem” hələ də həll olunmamış bir məsələdir.”2

Subyektiv şüurlu təcrübələrə sahib olmağımız ancaq hər şeydən xəbərdar olan bir Varlıq əsasında izah oluna bilər. Bu Varlıq fiziki dünyanı şüurlu məxluqlar ilə yaratmışdır və onlara öz şəxsi təcrübələrindən agah olma qabiliyyəti bəxş etmişdir. Digər izahlar lap əvvəldən məğlub olur. Məsələn, kainata soyuq, materialist bir baxış bucağından baxdığımızda, bu problemin həllini tapa bilmirik. Kainatın başlanğıcında əlinizdə sadəcə maddənin bəsit bir düzülüşü olduğunu təsəvvür edin. Uzun müddət sonra bu maddələr özlərini insan olaraq yenidən tənzimləyirlər və şüuru meydana gətirirlər. Əslində bu, sehr kimi görünür, çünki maddə soyuq, kor və şüursuzdur. Onda necə olur ki, belə bir hadisə meydana gəlir? Bu, mümkün deyil. Məsələn, əgər məndə 10 dollar yoxdursa, sizə bu miqdarda pul verə bilmərəm. Eynən bunun kimi maddə də özündə olmayan, yaxud potensial olaraq ortaya çıxara bilməyəcəyi bir şüura səbəb ola bilməz. Mənim ilk öncə pul qazanıb daha sonra onu başqa birinə verə biləcəyimi; bunun kimi maddənin də hər hansısa bir şəkildə bəzi qarmaşıq proseslər nəticəsində şüur “əldə edib” başqasına ötürə biləcəyini iddia edə bilərsiniz. Lakin bu, əsassızdır, çünki şüursuz bir proses ilə şüursuz digər bir prosesin bir araya gəlməsi ancaq iki dənə şüursuz proses ilə nəticələnə bilər. Bu, bir dəmir parçasını bir odun parçasına çevirmək kimidir: dəmiri necə manipulyasiya etsəniz də, o, nəticədə oduna çevrilməyəcəkdir, hətta daha çox dəmir əlavə etsəniz belə, bu yenə də mümkün deyildir.

Kitabın bu fəslində şüurun çətin probleminə dair gətirilən məşhur izahları ələ alacaq və teistik yanaşmanın, yəni Tanrının varlığının məsələni izah etmək üçün daha məqbul bir izah olduğunu ortaya çıxaracağıq. Eyni zamanda, bu məsələnin “elm nəticədə bir cavab tapacaq” məsələsiylə əlaqədar olmadığını da göstərəcəyəm. Çünki beyin haqqında öyrənilə biləcək hər şeyi öyrənsək və bioloji, materialist (hətta dindən kənar, fəlsəfi) bir izahla əlaqələndirsək belə, şüurun çətin probleminə bir cavab tapa bilmərik.

| Hamza Tzortzis‘in ”Həqiqətin İzində: Ateizm İllüziyası” kitabından

Dipnotlar

  1. Korrelyasiya – iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir. (tərc. qeydi)
  2. New Scientist: The Collection. The Big Questions. I Cild, Issue I, səh. 51.
Author: “The Divine Reality: God, Islam & The Mirage of Atheism”. MA & PgCert Philosophy. Postgrad research, educator & writer.