“Aping Mankind” – Raymond Tallis [Kitab Analizi]

Bu yazıda sizinlə haqqında məlumat bölüşmək istədiyimiz kitab Raymond Tallis’in ”Aping Mankind” kitabıdır. Daha əvvəl Thomas Nagel’in oxşar kateqoriyadan olan ”Mind and Cosmos” adlı kitabı haqqında məlumat vermişdik. Hər iki kitab müasir akademiyada hakim olan materialistik, reduksionist izahlara etiraz edirlər və şüur, mənəvi dəyərlər, azad iradə kimi insanlar üçün əhəmiyyətli olan həqiqətlər üçün təklif edilmiş materialist izahların xülya olduğunu, yanılma olduğunu deyirlər.

Thomas Nagel’dən fərqli olaraq Raymon Tallis sadəcə olaraq bir filosof deyildir. Tallis’in həm filosof, həm də tibb elmləri üzrə alim, xüsusilə də neuroscientist (nevroloq) olması onun kitabını daha cəlbedici edir. Həm Nagel, həm də Tallis ateistdirlər, yəni sadəcə aqnostik yox, tərəddüdsüz ateistdirlər. Lakin hər iki müəllif müasir ateizmin bulaşdığı materialist dünya görüşündən tamamilə narazıdırlar. Müasir elmin insanı tamamilə heyvanlaşdırması, insanı onun şüuru, hisləri, inancları ilə birlikdə bioloji maddədə həbs etməsi, başqa sözlə desək insanı tarix boyu yaşadığı ən əsas imtiyazından, yəni insanlıq dəyərindən məhrum etməsi Tallis kimi bir ateisti dəhşətə gətirir.

Hər şeydən əvvəl kitabda diqqətimizi çəkən tərəf bu oldu ki, müəllif dəfələrlə oxucusunu inandırmağa çalışır ki, o, ateistdir, dindar deyildir və darvinin təkamül nəzəriyyəsinə elmi bir fakt kimi inanır. Sanki müəllif, tutduğu mövqeyə görə oxucuların onun gizli bir dindar olmasından şübhələnəcəklərindən narahatdır. O, bu narahatçılığını həm kitabın əvvəlində, həm ortasında, həm də axırında qeyd edir. Bu, özlüyündə onu göstərir ki, ateistlərin formalaşdırdıqları akademik mühit sağlam deyildir, əksinə tamamilə toksikdir.

Tallis darvin nəzəriyyəsini elmi bir fakt kimi qəbul etsə də o, darvin nəzəriyyəsinin istifadəsindən narazıdır. Darvin nəzəriyyəsindən istifadə edərək ateistlərin gəldikləri bəzi nəticələri, istifadə etdikləri metodları Tallis “Darvinitis” adlandırır. İnsanı bu mənzərdən öyrənən sahənin daha da dar çərçivəsi insanın şüurunu araşdıran “nevrologiya” (neuroscience) elmini tənqid edir, yəni özünün ixtisaslaşdığı sahədir. O, nevrosayənsin gəldiyi müasir vəziyyəti “nevromaniya” adlandırır. Ona görə insan şüurunu (conscious) yalnız beyindəki kimyəvi-elektrik fəaliyyətlərlə eyniləşdirmək böyük bir xətadır. Bu yöndə irəli sürülmüş bütün materialistik nəzəriyyələrin işə yaramadığını misallarla kitab boyunca nümayiş etdirir. Təbiət elmlərinin kraliçası kimi təqdim olunan “nevrologiyada” edilən ən böyük xətalardan biri – ona görə – insan fəaliyyətlərinin hər birini ayrılıqda beyindəki sinir impulsları ilə lokalizasiya etmək cəhdləridir; yəni misal üçün insan sevgisini, insanın səxavətini və ya paxıllığını müasir nevroloqlar fMRI cihazları ilə beynin hansısa hissəsində olduğunu müəyyən etməyə çalışırlar. Tallis bütün bu cəhdlərin absurd olduğunu deyir, bunların həqiqi elmi araşdırmalar olmadığını, materialist fəlsəfəsi ilə sayəntizm inancından doğan eksperimentlər olduğunu söyləyir. Bunun xəta olduğunu göstərmək üçün bir çox elmi, məntiqi və fəlsəfi sübutlar təqdim edir. Beynin hansısa yerinin aktivləşməsi həmin yerin – misal üçün – sevgiyə, qorxuya, cürətə, səxavətə, qürura və digər insanı hislərə cavabdeh olmasının, bu fəaliyyətlərin səbəbi olmasının sübutu deyildir.


Materialist düşüncə məntiqi nəticə olaraq azad iradəni inkar edir. Darvinitiz ilə nevromaniya birləşdikdə hasil olan nəticə bu olur; əgər insan şüuru insanın beynindən başqa bir şey deyilsə, beyindəki fiziki maddədən başqa bir şey deyilsə o da digər orqanlar kimi təkamül prosesində formalaşıb və digər orqanların kimi növün sağ qalmasına xidmət edir. Bu o deməkdir ki, insan şüuru haqqı öyrənən və ya onda maraqlı olan bir orqan ola bilməz. Darvinist baxış acısı nihilizmə gətirib çıxarır. Bizim bioloji varlıqlar olaraq hər bir şeyimizin bioloji proseslərin nəticəsi olduğuna inanmağımız, nəticədə azad iradəyə inancımızı itirməyimiz qeyri-etik həyat tərzinə gətirib çıxaracaq ki, belə bir perspektiv artıq elmi araşdırmalarda özünü doğruldub.

Nevromaniyanın gətirib çıxardığı psevdo-elmlərdən danışan Tallis bunun üçün kitabında bir çox misallar verir: nevro-incəsənət, nevro-fəlsəfə, nevro-ədəbiyyat, hətta nevro-siyasət. Nevrologiyanın bu modern növləri iddia edirlər ki, bütün bu sahələri insan beynindəki nevroloji proseslər ilə izah etmək mümkündür. Misal üçün Shakespeare hansısa müəyyən bir sətri yazarkən beyindəki hansısa bir kimyəvi maddənin təsiri ilə yazmışdır. Tallis kitabı boyunca bu cür iddiaların cəfəngiyat olduğunu yumor hissi ilə izah etməyi bacarır.

Tallis qeyd edir ki, insan şüuru haqqında irəli sürülmüş heç bir materialist nəzəriyyə şüuru izah edə bilməz, çünki materialist nəzəriyyələr cavabı yalnız maddədə axtarırlar və beyində mövcud olan bütün maddələr başqa cansız varlıqlarda da mövcuddur. Beynin özünə xas özəl bir maddəsi mövcud deyildir. Müasir fizikadakı kvantum fenomeninə müraciət etmək də bu maddəçiləri vəziyyətdən xilas edə bilməz; çünki kvantum fizikasında hakim olan izaha görə maddənin fundamental hissələrinin – dalğa yoxsa zərrə olması, müəyyən sürət və məkanda qərar tapması müşahidəçidən asılıdır, müşahidəçi isə şüurlu varlıqdır. Deməli kvantum fizikasının özünün şüura ehtiyacı vardır, şüura ehtiyac duyan bir nəzəriyyə şüurun özünü izah edə bilməz. (bax: səh: 119 və 354)

Tallis həmçinin insanları heyvanlarla eyniləşdirmək cəhdlərini də tənqid edir. Bu eyniləşdirmə bəzi absurd nəticələrə gətirib çıxarır. Misal üçün Thomas White, amerikalı etika professoru, iddia edir ki, delfinləri akvariumda şou üçün tutub saxlamaq ağ irqin qaradərililərə qarşı 200 il etdikləri ilə eynidir. (səh: 148) Tallis həmçinin genlər haqqında məlumatların köhnəldiyinə diqqət çəkir, əvvəllər araşdırmalar genosentrik idi, yəni meymunla insan genləri arasındakı fərqlərin azlığından danışırdılar. Post-genomiks, epigenetika, inteqrativ biologiya kimi yeni sahələr fərqlərin əksinə nə qədər çox olduğunu göstərir. Şimpanze ilə bənzərliyimizi göstərmək üçün genlərimizin 98 faizinin eyni olduğunu iddia edənlər unudurlar ki, genlərimizin 50 faizi banan meyvəsindəki genlərlə eynidir. “Əgər xromosomların tamamını müqayisə etsən faiz o zaman sıfır olacaq.” (153) Tallis deyir ki, bizim şimpanzelərə genetik bənzərliyimizin şimpanzelərin humanoid, bizim isə şimpanzeyə bənzər olduğumuzu göstərdiyinə inanırsa ona Jeremy Taylor’un “Not a Chimp” kitabını oxumağı tövsiyə edir. (səh: 153)


Tallis kitabında bir çox yerdə açıq ifadələrlə qeyd edir ki, darvin nəzəriyyəsinin insan şüurunu izah etməsi imkansızdır. O, həm də sayəntizm’dən şikayətlənir. Ona görə elm hər şeyi izah edə bilməz, elmin imkanları məhduddur və elə sahələr var ki, elmin orda avtoriteti yoxdur. Sayəntizmin bizə verdiyi formula budur: “Əgər sən azad iradəni EEG-də və ya (fəlsəfi) “özünü” beyin skannerində tapa bilmirsənsə deməli azad iradə və ya “öz” mövcud deyildir, vəssalam.” (səh: 244) Azad iradə ilə bağlı Libet’in apardığı eksperimentlərə də toxunan Tallis bu eksperimentlərin azad iradəni inkar etmədiyini qeyd edir, Libet özü də belə bir iddia irəli sürməyib. Onun eksperimentində istifadə etdiyi “əli qaldırmaq” hərəkəti insanların gündəlik həyatında bir çox hərəkəti avtomatik etməsindən başqa bir şey deyildir. “Mən pivəxanaya səninlə görüşməyə getdiyimdə atdığım yüzlərlə addımın hər biri üçün ayrılıqda qərar qəbul etmirəm.” (səh: 249) Azad iradəni inkar etməyə çalışmağın çox radikal nəticələri vardır; hər şeydən əvvəl “insan hüquqları” deyilən anlayış gorbagor olur. Cinayətə görə məsuliyyət daşımaq iddiası da onun arxasınca gedir. Etika və əxlaq sadəcə olaraq illüziyaya çevrilir. Advokatlar onsuz da son zamanlar cinayətkarları hakimin hökmündən xilas etmək üçün beynin maqnit skannerlərinə müraciət etməyə başlayıblar, ən kiçik anomaliyanı caninin istifadə etməyə çalışırlar; cinayəti o etməyib, beyni onu məcbur edib deyirlər. (səh: 308-309)

Raymond Tallis kitabında materialist sayəntizmi şiddətli tənqid edir. İnsanı insanlığından qoparmaq cəhdlərinin təhlükəsindən və əsassızlığından danışır. Lakin özü şüuru qeyri-material olaraq necə izah etməyin yolunu göstərmir. Özü də kitabının sonunda etiraf edir ki, bunun üçün bir həll yolu təklif edə bilmir. Lakin o, müzakirə sahəsindəki cəfəng iddiaların yığışdırılmasına çalışır ki, bəlkə də yeni fikir məcraları açılar. O da bu nöqtədə Thomas Nagel kimi gələcəyə ümidlidir. Amma indiki zamandakı materialist, reduksionist nəzəriyyələrin qorxunc və absurd olması qənaətindədir.