Demokratiya yoxsa Etnokratiya? | “İsrail Yaxın Şərqdə yeganə demokratiyadır” iddiası

“İsrail Yaxın Şərqdə yeganə demokratiyadır” fikri müzakirələr zamanı tez-tez səsləndirilir. Bu fikri səsləndirənlərə görə, o, İsrailə avtomatik mənəvi üstünlük verir ki, bu da onu “aşağı səviyyəli” qonşularından bir addım irəli keçirir və etdiklərinə (ex post-fakto) legitimlik qazandırır.

Mövzuya tam başlamadan qeyd etmək lazımdır ki, demokratiyanın avtomatik olaraq yüksək mənəvi mövqe qazandırması sadəcə boş iddiadır, yumuşaq dillə desək, yanlış fikirdir. Məsələn, başqa ölkələrə qarşı müharibə və təcavüz hallarında, demokratik ölkələrin qeyri-demokratik ölkələrdən istər müharibələrə başlaması, istərsə də, iştirakına görə fərqləndiyi iddiasını təsdiqləyən heç bir sübut yoxdur.

Ancaq bu qədər uzağa gedib müharibələr haqqında danışmağa ehtiyac yoxdur, gəlin, o zamanlar demokratiya kimi təsnif edilən Jim Crow Amerika Birləşmiş Ştatlarını düşünək. Jim Crow qanunları 1865-ci ildən 1965-ci ilə qədər ABŞ-da cənub ştatlarında tətbiq edilən irqi seqreqasiyanın qanuniləşdirildiyi əyalət və yerli qanunlar sistemi olub. Xariciləri bir kənara qoyaq, öz vətəndaşlarına belə zülm edən, repressiyalara məruz qoyan bir rejim demokratiya adını qoruyub saxlayırsa, o zaman necə iddia etmək mümkündür ki, bir dövlətin demokratiya olması avtomatik olaraq onu üstün və ya haqlı edir? İkinci Dünya Müharibəsindən sonra Fransa öz müstəmləkələrində soyqırım törədərkən demokratiya hesab olunurdu. Məgər bu, onların etdiklərini legitimləşdirir, onlara üstünlük verir?!

Demokratik dövlət olub-olmamasından asılı olaraq dünyanı “yaxşı dövlətlər” və “pis dövlətlər”ə bölmək kimi bəsit və ideoloji motivasiya demokratik dövlətlərin özləri üçün müəyyən etdiyi əxlaqa əsaslanır. Beynəlxalq siyasətdə isə əxlaq və altruizm tez-tez fəaliyyətlər üçün əsas kimi istifadə edilsə də, siyasi ambisiyalar üçün sadəcə bir bəhanə kimi istifadə olunur. Demokratiya çempionlarının 1953-cü ildə İranda Musaddiqə qarşı dəstəklədikləri çevriliş kimi Qərbin regional maraqlarına təhlükə yaradan demokratik hökumətlərə qarşı çevrilişləri dəstəkləmələri bunun sübutudur. Eyni zamanda, həmin “çempionlar” müxtəlif regionlardakı maraqlarına uyğun olarsa, ağla gələ biləcək ən mürtəce və tiran rejimləri dəstəkləyirlər.

Qeyd etdiyimiz kimi demokratik olmaq mahiyyət etibarı ilə heç bir hərəkəti legitimləşdirmir, demokratik olana olmayan qarşısında mənəvi üstünlük qazandırmır. Amma hər bir halda, İsrail heç demokratiya da deyil, ən azından, demokratiyanın geniş qəbul edilən mənası ilə demokratik dövlət deyil. Belə ki, siz demokratik ölkələrdə olduğu kimi müntəzəm seçkilər keçirə bilərsiniz, lakin sisteminiz məqsədli şəkildə de-fakto müəyyən insanların – bu, irq, cins və ya sinif ola bilər – istisna edilməsinə hesablanıbsa, bu, onları hər hansı səbəbdən qanuni şəkildə kənarlaşdırmaqdan praktiki olaraq heç nə ilə fərqlənmir.

Demokratiyanın əsas cəhətlərindən biri vətəndaşların hüquq qarşısında bərabərliyidir. Əgər vətəndaşlar dövlət nəzərində hüquqi və mənəvi cəhətdən bərabər deyillərsə, o zaman bunu demokratiya adlandırmaq olmaz. Demokratiyada ikinci dərəcəli vətəndaş ola bilməz. İsrail isə, vətəndaşlıq və miliyyət arasında çox aydın sezilən fərqlər qoyur. Məsələn, siz İsrail vətəndaşı olaraq eyni zamanda ərəb və ya yəhudi milliyətinə mənsub ola bilərsiniz. Miliyyətiniz etnik mənsubiyyətinizlə müəyyən edilir və onu dəyişdirmək mümkün deyyil. İsraildə sizə verilən hüquqların çoxu vətəndaşlığınızdan deyil, milliyətinizdən qaynaqlanır. “Ərəb” və yəhudi İsrail vətəndaşı hər ikisi də dövlətin vətəndaşı olsa da, miliyyətlərindən qaynaqlanan fərqli hüquq və imtiyazlara malikdirlər.

Bu, təkcə praktikada görülən ayrı-seçkilik deyil, eyni zamanda qanunda əksini tapan ayrı-seçkilikdir. İsraildə qeyri-yəhudi israillilərə qarşı ayrı-seçkilik yaradan qanunlar haqqında çox saylı təşkilatlar tərəfindən hesabatlar hazırlanıb. Məsələn, Qayıdış Qanunu və Mülkiyyət Qanunu İsrail hüquq sistemində açıq-aşkar irqçilik və ayrı-seçkiliyin yalnız iki nümunəsidir.1 Bəzi israillilər etnik mənsubiyyətə görə ayrı-seçkilik etməyən İsrail vətəndaşlığı təklifi ilə Ali Məhkəməyə müraciət etdikdə bu, periodeik olaraq daha da gücləndirilir. Bu petisiyaların ən yaxın nümunəsi 2013-cü ildə Ali Məhkəmənin belə bir təklifi “İsrailin yəhudiliyinə xələl gətirəcəyi” səbəbi ilə rədd etməsidir.2

Məhkəmənin qərarına görə etnik mənsubiyyətə əsaslanmayan birləşdirici, bərabərlikçi kimlik “İsrailin təməl prinsipi olan “yəhudi xalqı üçün yəhudi dövləti” üçün təhlükə yaradacaq”. Belə ayrı-seçkiliyin İsrail cəmiyyətinin təməl daşı kimi görünməsi onun müstəmləkəçi etnokratik mahiyyətini gücləndirir və vətəndaşlar arasında bərabərlik iddialarını sarsıdır. Maraqlısı budur ki, bu cür ayrı-seçkilik aysberqin yalnız görünən hissəsidir, çünki israillilər arasında de-yure bərabərsizliyin yalnız bəzi aspektlərini əhatə edir.

İsrailin bütün Fələstin vətəndaşlarının demək olar ki, yarısı yoxsulluq həddində yaşayır, əhəmiyyətli bir faizi isə yoxsulluq həddinə yaxındır. Onlar həmçinin xeyli aşağı ömür uzunluğuna, daha yüksək uşaq ölüm nisbətinə, təhsilə və resurslara daha az çıxışa, eləcə də daha az bələdiyyə və hökumət dəstəyinə malikdirlər.3 İsrailin ayrı-seçkiliyinə işıq salan başqa bir hesabat isə Fələstin İqtisadi Siyasət Araşdırma İnstitutunun “Qüds Bələdiyyəsinin Büdcəsində və Hökumət Planlamasında Fələstin vətəndaşlarına qarşı diskriminasiya: Məqsədlər, Formalar, Nəticələr” adlı hesabatdır.4 Bu hesabatda həyatın istənilən sahəsində müşahidə olunan diskriminasiyalar detallı şəkildə qeyd edilib.

Bundan əlavə, yaşıl xətt içərisində olan ərazilərin İsrailin fələstinli vətəndaşlarına satılması və ya icarəyə verilməsi Yəhudi Milli Fondu (JNF) tərəfindən qadağan edilib.5 JNF İsrailin Fələstin vətəndaşlarına torpaq və əmlak almağı, icarəyə götürməyi əngəlləyən yeganə qurum deyil, həm də torpaqların böyük əksəriyyətini təşkil edən regional və yerli şuralar tərəfindən də belə əngəllər yaradılır. Bu şuraların “uyğun” görmədikləri ərazilərdə insanların məskunlaşmasının qarşısını almaq səlahiyyəti var. Praktikada bu, yəhudi olmayan İsrail vətəndaşlarının sözügedən ərazilərinə köçməsinə dair qadağa kimi özünü göstərir. Habitat International Coalition ve Adalah təşkilatarı tərəfindən Birləşmiş Millətlər Təşkilatına təqdim edilən bəyanata əsasən bütün ölkənin demək olar ki, 80 faizi üçün İsrailin Fələstinli vətəndaşları kirayə və mülkiyət hüququndan məhrum ediliblər.6

Haifa Universitetinin sosiologiya üzrə professoru İsrailli Sammy Smooha 2003-cü ildə bu mövzuda yazdığı məqaləsində İsrailə “etnik demokratiya” kimi istinad etməyi təklif edir. Smooha etiraf edir ki, burada dövlət qurumlarını çoxluq qrupuna imtiyaz vermək üçün qurulub, lakin buna baxmayaraq, o, demokratik etiketini qoruyur.7

Bəziləri burada etiraz edə bilər ki, “Bu çatışmayan xüsusiyyətdən başqa, sistem liberal demokratiya hesab oluna bilər, ona görə də bu, sadəcə fərqli bir demokratiya növüdür.” Bəs bu xüsusiyyət demokratiyanın əsas aspektidirsə? Vətəndaşların qanun və dövlət qarşısında qeyri-bərabər olduğu yerdə demokratiyanın mövcudluğundan necə danışmaq olar? Axı bu xüsusiyyət demokratiyanın əsas xüsusiyyətidir, hansı ki, o olmadıqda demokratiyadan söhbət gedə bilməz.

Bu arqument təkcə İsrailə deyil, digər dövlətlərə də şamil oluna bilər, lakin bu dövlətlər öz sistemləri tərəfindən dəstəklənən vətəndaşlar arasında de-fakto bərabərsizliyin planlaşdırılmamış, gözlənilməz nəticə olduğunu iddia edərkən, İsrail bu xüsusiyyətləri açıq şəkildə nümayiş etdirir və hətta onları aradan qaldırmağa belə cəhd etmir, hətta tam əksinə, bu etnokratik sistemi gücləndirəcək addımlar atır.

İsrailli professor Oren Yiftachel İsraili demokratiyadan çox etnokratiya kimi təsnif etməyin doğru olduğunu qeyd edir. Yiftachel’in etnokratiya tərifi belədir:
“…demokratik görüntünü saxlamaqla mübahisəli ərazidə dominant qrupun genişlənməsinə və güc strukturları üzərində hökmranlığına hesablanmış sistem.

Yuftachel etnokratiyalar üçün bir sıra fərqləndirici xüsusiyyətlər sıralayır:
– Rejimin demokratik elan edilməsinə baxmayaraq, etnik mənsubiyyət (vətəndaşlıq yox) hüquqların, səlahiyyətlərin və resursların bölüşdürülməsində əsas müəyyənedici amildir, siyasət isə daimi demokratik-etnokratik gərginliklə xarakterizə olunur.
– Dövlət sərhədləri və siyasi sərhədlər qeyri-səlisdir: əsasən etnik diasporların fəal rolu və etnik azlıqların məhdud, qeyri-bərabər vətəndaşlığı sayəsində vahid bir xalq yoxdur.
– Dominant, “xartiya” etnosinif dövlət aparatını mənimsəyir və əksər dövlət siyasətinin nəticəsini müəyyən edir.
– Seqreqasiya və təbəqələşmə iki əsas səviyyədə baş verir: etnonasiyalar və etnosiniflər.
– Sosial-iqtisadi sfera uzunmüddətli etnosinif təbəqələşməsi ilə xarakterizə olunur.
– Etnik seqreqasiyanın məntiqi sosial və siyasi sistemə yayılaraq, siyasi etnikləşmənin mahiyyətləşməsinin çoxistiqamətli proseslərini gücləndirir.
– Etnokratiyalarda Herrenvolk (aparteid) və ya avtoritar rejimlərdən fərqli olaraq azlıq etnosiyası üzvlərinə formal olaraq əhəmiyyətli (parteid) mülki və siyasi hüquqlar verilir.8

Yuxarıda göstərilənlərin hamısı yalnız “görünən İsrail” üçün keçərlidir. Yəni biz İsrailin işğal etdiyi və hazırda nəzarət etdiyi yaşıl xəttdən kənar ərazilər haqda heçnə deməmişik. İsrailin nəzarətində olan bütün əraziyə nəzər salsaq, etnokratiya İsrailin istifadə etdiyi mürəkkəb vətəndaşlıq və etnik mənsubiyyətə əsaslanan hüquq sistemini təsvir etmək üçün yetərsiz bir ifadə olardı. Məhz buna görə İsrailin ən böyük insan haqları qrupu olan “B’Tselem” İsraili rəsmi olaraq Aparteid dövlət adlandırır.9

Dipnotlar

  1. https://www.adalah.org/en/law/index
  2. https://www.timesofisrael.com/supreme-court-rejects-israeli-nationality-status/
  3. https://www.adalah.org/uploads/oldfiles/upfiles/2011/Adalah_The_Inequality_Report_March_2011.pdf
  4. https://ps.boell.org/sites/default/files/2020-06/Round%20Table%204%20English.pdf
  5. https://www.hrw.org/reports/2008/iopt0308/4.htm#_Toc193705071
  6. https://www.adalah.org/uploads/oldfiles/eng/intl06/un-i6-jnf.pdf
  7. Sammy Smooha – The model of ethnic democracy: Israel as a Jewish and democratic state† (https://onlinelibrary.wiley.com/doi/10.1111/1469-8219.00062 )
  8. Oren Yiftachel – Ethnocracy: Land and Identity Politics in Israel/Palestine, University of Pennsylvania Press – 2006, p, 17
  9. https://www.theguardian.com/commentisfree/2021/jan/12/israel-largest-human-rights-group-apartheid