Markiz de Sad`ın ideal respublikası

Markiz de Sad`ın ideal respublikası – Liberal həyat

Fransız filosof Markiz de Sad kitablarından birində “Sonuncu addım və siz həqiqi respublikaçı olacaqsınız” demişdir. Həmən bu son addım hər bir şəxsə digər bütün şəxslərin bədənlərinə azad olaraq sahib olma, istənilən vaxt etik prinsipləri bir kənara ataraq instiktiv arzuları hakim etmək hüququnu vermək idi.

Bunu görmək nə qədər acınacaqlı olsa da deyəsən insanlıq olaraq biz, de Sadın xəyal etdiyi ideal respublikaya doğru gedirik. Bu yaxında Meksikanın Guadalajara şəhərində rəsmi olaraq “heç kimin etiraz etmədiyi təqdirdə” ictimai yerlərdə cinsi əlaqəyə girmək hüququ leqallaşdırılmışdır (xəbərin keçidi burada). Düzdür, qərbdə bir çox yerdə insanlar artıq uzun zamandır ki, bu işlə məşğul olur, nadir olsa da bəzi ictimai yerlərdə isə buna açıq aydın göz yumulurdu. Lakin bildiyimiz qədəri ilə bir şəhər səviyyəsində belə çirkin işi leqallaşdıran ilk şəhər Guadalajara oldu.

Digər tərəfdən müsəlmanlar olaraq biz buna təəccüblənməməliyik. Allah Rəsulu min dörd yüz il qabaq xəbər vermişdi ki, Qiyamət yaxınlaşanda kişi ilə qadın yolun ortasında hamının gözü qabağında zina edəcək, o zaman insanların aralarında ən əxlaqlısı “kaş ki divarın arxasına keçərdiniz” deyəcəkdir.

Libertinizm və Liberalizm

De Sadın təbliğ etdiyi fəlsəfə libertinizm adlanır. Bu fəlsəfə cəmiyyətdə qəbul olunmuş bütün dini, hüquqi və mənəvi dəyərləri rədd edir. Libertinizmin əsasında hedonizm fəlsəfəsi durur və bu fəlsəfə insan həyatının yeganə qayəsini həzz almaqda görür. Ona görə də libertinizm öz əksini ilk növbədə cinsi həzz almaqda tapır.

Libertinizm sözü sizə heç bir şey xatırlatmır? Bəli, libertinizm və liberalizm sözü eyni kökdən əmələ gəlir. Liberalizm (iddia etdiklərinə əsasən) individual insan azadlıqlarını hər bir dəyərdən üstün tutan bir ideologiyadır. Bizim cəmiyyətdə, sosial şəbəkələrdə dini hökmlərin insan azadlığına xələl gətirdiyini deyənlər özləri də bilmədən liberal dəyərlərə istinad edirlər. Lakin bu ikisini birləşdirən sadəcə eyni kökdən törəmələri deyildir. Həmçinin liberalizmin də əsasında (Epikurun deyil Jeremy Bentham`ın interpretasiyasındakı) hedonizm durur.

Bəri başdan deyək ki, biz insan azadlıqlarına qarşı deyilik. Problem bu azadlıqların hədsiz və individual olmasıdır. Yəni heç bir milli, mədəni, ictimai və ən əsası dini dəyərlər tərəfindən məhdudlaşdırılmamasıdır. Ona görə də biz, liberalizmin tədricən libertinizmə döndüyünü görürük. Liberalizmin atası sayılan John Locke zamanında müxtəlif xristian konfessiyaların arasında baş verən müharibələrin, “Varfolomey gecələri”nin təkrarlanmaması üçün bu konfessiyalar arasında seçim hüququnu müdafiə edirdi. (Qeyd edək ki, tarix bizə məhz liberalların müharibələrinin ən qanlı və amansız olduğunu göstərdi). Bundan sonra liberalizm tədricən insanı cəmiyyətindən, dinindən, mədəniyyətindən, millətindən azad etdi.

Liberalizmin hədəfləri

Bugün gözümüzün qarşısında liberalizm insanları cinsiyyətindən azad etmək istəyir. Sadəcə bir neçə il öncə anormal və mənəviyyatsız hesab olunan homoseksual münasibətlər normallaşıb. Homoseksualların hüquqlarına hörmət etməyənlər isə vəhşilikdə ittiham olunur. Artıq “azad insan” öz cinsiyyətini özü seçə bilər, hətta həddi büluğa çatmayan uşaqlar belə əslində transgender olduğunu kəşf edir. Digər tərəfdən liberal zehniyyət insanda öz cinsinə meylə səbəb olan gen “tapdıqları” kimi, bəzi araşdırmalarla uşaqlara meylə səbəb olan genləri “tapırlar”, yəni pedofiliyanın əsasları qoyulur. Copenhagen Business School`da professor olan Vagn Greve valideyn və uşaqlar arasında cinsi əlaqəyə maneə olacaq heç bir məntiqi arqument olmadığını deyir:

“Biz hər iki tərəfin razı olduğu müddətcə ata ilə qızının arasındakı cinsi əlaqəni cinayət görməməliyik”.

Vagn Greve

Greve insestin cinayət olmasını keçmişdə homoseksuallığın cinayət olmasına bənzədir. Yəni cəmiyyət inkişaf etdikcə bu əməl də cinayət sayılmaqdan çıxacaq. Həqiqətən də, liberal düşüncəyə əsasən buna mane olan nədir?

Liberalizmin problemi sadəcə cinsi arzuları məhdudlaşdırılmamasında deyil. Bu gün narkotiklərin, abortların leqallaşdırılması məsələləri ortaya atılır. Bunlar hamısı liberal düşüncədən irəli gəlir. Bildiyimiz qədəri ilə, abortu leqallaşdıran əksər ölkələr bunu erkən hamiləlik dövründə icazə verirlər, lakin problem budur ki, liberal düşüncəyə əsasən abortların gec dönəmlərdə də icazə verilməsinə maneə olacaq bir şey yoxdur. O qanunların da ortaya çıxmasına bir şey qalmayıb. Qadının bədəninə sahib olma hüququ ilə qarnındakı uşağın yaşama hüququ bir-biri ilə ziddiyyətli vəziyyətə gəlir və müəyyən insanların istəklərindən, düşüncələrindən başqa hansının daha önəmli olduğunu təyin edəcək heç bir dəyər yoxdur. Görünən odur ki, qadının azad cinsi əlaqə hüququ hələki qalib gəlməkdədir. Digər tərəfdən insanı artıq “transhuman” etmək fikirləri də ortalığa atılıb. Yəni transgender “cinsi” azadlıqdırsa, transhumanism də insanın insanlıqdan azadlığıdır.

Azadlıq nədir?

Anlamaq lazımdır ki, insan individual varlıq deyil, əksinə cəmiyyətdə yaşayan varlıqdır. İnsan azadlıqları yaxşı şeydir, lakin hər şeyin bir həddi vardır. Kant “mənim azadlığım digərinin azadlığı başladığı yerdə məhdudlaşır” deyir, lakin biz liberalizmin təkamülünə baxdığımızda bu məhdudlaşmanın sərhədlərinin çox dəyişkən olduğunu görürük. Abort haqqında verdiyimiz misalda uşağın həyatı anasının cinsi azadlığı ilə necə məhdudlaşdırıla biləcəyini gördük, “azadlıq” naminə başqasının azadlığı məhdudlaşdırıla bilər, sonra isə propaqanda bizə istədiyi növ azadlığın “ülvi dəyərlər” olduğunu aşılayacaq, arada təzadın olduğunu deyənlər isə marginallaşdırılıb “azadlıq” düşməni elan ediləcək.

Bir insanın küçədə cinsi əlaqəyə girmək “azadlığı” təbliğ olunacaq, başqasının bu iyrənc əməli görməmə azadlığı isə məhdudlaşdırılacaqdır. Ona görə də, de Sadın ideal respublikasını, hər kəsin digərlərinin bədəninə azad olaraq sahib olma azadlığı təbliğ olan cəmiyyəti heç də mümkünsüz saymayın. Yeri gəlmişkən, de Sadın həyatı boyu ən məşhur olduğu dövr hansı zamana müvafiq olur? Bəli, Yakobin diktarurası dövrünə, yəni sözdə “azadlıq, bərabərlik, qardaşlıq” dövrünə.

Xülasə, liberalizm evolyusiyasının məntiqi sonluğuna çatmaması, cəmiyyətimizin Markiz de Sad kimi mənəvi monstrlardan ibarət olmaması üçün mənəvi dəyərlərimizi əldən verməməyimiz lazımdır.