“Günəşi qara palçıqlı bir çeşmədə batan gördü..”

Allah mübarək kitabında Zul-Qarneynin yer üzündəki seyri barədə bizlərə xəbər verərkən deyir:

”Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü.”(əl-Kəhf, 86)

Ateistlər və digər din düşmənləri bu ayədən müsəlmanlara qarşı sui-istifadə edirlər və ayəni öz ağıllarına görə izah edərək ayənin elmi faktlara zidd olduğunu iddia edirlər. Onlara görə Quranda günəşin yer üzündə bir çeşməyə batdığı yazılıb. Bu iddiaya bir neçə yöndən cavab verəcəyik:

Birinci

Quran Günəşin çeşmədə batmasını qəti bir fakt kimi təqdim etmir. Quranın rəvayət etdiyi Zul-Qarneyn adlı şəxsin qissəsidir, ona görə də ayədə “وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ” “onu (günəşi) çeşmədə batan gördü (tapdı)” ifadəsi istifadə edilir “Günəş çeşməyə batır” və ya buna bənzər ifadə istifadə edilmir. Allah Quranı insanların anlaya biləcəyi bir dildə göndərmişdir, yəni Quranın məqsədi insanlara astronomiyanın incəliklərini öyrətmək deyil, insanların özlərinin istifadə etdikləri və özlərinin anladıqları bir dildə onlara xitab etməkdir. Allah mübarək kitabında Zul-Qarneyn’in nə gördüyünü vəsf edir və bu, bundan gözəl şəkildə vəsf oluna bilməz. Çünki həqiqətən də Zul-Qarneyn onu görürdü; günəşin şüalarının itdiyi bir anda qaralıb zülmətə dalan dənizdə günəşin itdiyini görürdü.

Elmin, xüsusilə də astronomiyanın inkişaf etdiyi bu çağda Yer kürəsində yaşayan bütün insanlar bütün dillərdə eyni ifadəni istifadə edirlər. Tarlada işləyən cütçüdən tutmuş “Hubble” teleskopu ilə səma cisimlərini müşahidə edən astro-fizika aliminə qədər hər bir kəs gündəlik həyatında “günəş çıxdı” və “günəş batdı” sözlərini istifadə edirlər. Ya da biz hələ də “günəş dənizdə batdı” və ya “günəş dağlarda gözdən itdi” şəklində ifadələr işlədirik və heç kimsə bizə “sən yalnış söylədin! Günəş batmır” şəklində bir irad tutmur. Belə irad tutanlara isə heç kəs normal baxmaz, əksinə onda nəyinsə çatışmadığını, adi dili başa düşmədiyini söyləyərik.

İkinci

Quran bizə günəşin, ayın və yerin öz orbitlərində olduğunu və bir-birinə qarışmadığını xəbər verir. Ayədə deyilir:
Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür” (əl-Ənbiya, 33)
Yəni, günəş, ay və ulduzlar öz orbitlərində üzürlər və heç cür söyləmək olmaz ki, öz orbitində üzən bir səma cismi günün müəyyən vaxtlarında Yer üzündəki bir çeşməyə batır. Bu cür söyləmək digər ayəni inkar etməyi tələb edir, çünki günəşin bir çeşməyə batması üçün öz orbitini tərk etməsi lazımdır. Əgər bu iki ayə arasında ixtilaf olsa idi o zaman Peyğəmbərin dövründə yaşayan və onun sözlərində xəta tapmağa can atan hər bir kəs buna işarə edərdi. Lakin onlar oxuduqlarını çox gözəl başa düşdükləri üçün belə etirazlar etməyiblər.

Üçüncü

Kəhf surəsindəki ayədən bir neçə ayə sonra bu ayələr gəlir: “Sonra o, yoluna davam etdi. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü…” Bu ayədə yuxarıdakı şübhəyə iki yöndən rədd vardır:

a) bu ayədəki “وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ” (“onu bir qövm üzərə doğduğu gördü”) ifadəsindən kimsə fiziki olaraq günəşin bu qövm arasından, onların olduğu yerdən çıxdığını anlayırmı? Təbii ki, xeyr. Eləcə də birinci ayəni bu səmtdə anlamaq lazımdır.

b) Əgər birinci ayədəki murad Günəşin həqiqi olaraq çeşmənin içinə daxil olduğu olsa idi, o zaman günəşin doğması da eyni yerdən olmalı idi. Lakin ayədən də məlum olduğu kimi Zul-qarneyn şərq tərəfə üz tutur və günəşin doğmasını tamamilə başqa bir məkanda müşahidə edir. Dediyimiz kimi, Günəş suyun içinə daxil olduğu təqdirdə eyni yerdən çıxması əqli zərurət olardı. Bu izahın qısa formasını təqdim etmək istədiyimizdə bizə etiraz olundu ki, ayədə “günəşin batdığı yerə gəlib çatdıqda” ifadəsi istifadə olunur, buna görə də doğru anlayış Günəşin çeşmənin içinə daxil olmasıdır. Bu etiraz nəinki ərəb dilindəki “مَغْرِبَ الشَّمْسِ” ifadəsinə hətta azərbaycanca “günəşin batdığı yer” ifadəsi ilə ziddiyət təşkil etmir. Biz “Günəşin batdığı yer” dediyimizdə qərb istiqamətini qəsd etdiyimiz ki, Quran da “günəşin batdığı yerə gəlib çatanda” dedikdə qərb istiqamətini qəsd edir. Oxuyan üçün bu, günəşin özü kimi aydındır. Lakin tutalım ki, etiraz edən inad edir və belə bir mənanı qəbul etmir. O zaman deyəcəyik ki, ərəb dilində “مَغْرِبَ الشَّمْسِ” sözü sadəcə məkan deyil, zaman zərfinə də aiddir. Yəni ayə “Günəşin batdığı zamana yetişdiyində” kimi də tərcümə oluna bilər. Təbii ki, zaman zərfi kimi anladığımız təqdirdə də ayədə heç bir problem olmadığı açıq-aydındır, lakin bəzən inad əhli ilə qarşılaşmağımız qaçınılmazdır.

Dördüncü

Ateistlər elə düşünməsinlər ki, biz bu sözləri müasir zamanda texnologiya inkişaf etdiyi üçün deyirik, guya müsəlmanlar texnologiyanın isbat etdiyi elmi faktları inkar edə bilmədikləri üçün bu cür ayələri elmə uyğun izah edirlər. Xeyr! Bunun müasir zamanla heç bir əlaqəsi yoxdur, çünki müsəlman alimləri lap əvvəldən günəşin yerdən böyük olduğunu bilirdilər və bu səbəblə ayənin sözlərini həm Quranın özünün tələb etdiyi şəkildə, həm də ərəb dilinin tələb etdiyi şəkildə izah ediblər və bilinən faktlara zidd heç bir şeyin olmadığını deyiblər.
Miladi tarixlə 12-ci əsrdə yaşamış alim Abdurrahmən əl-Cəvzi deyir:

“Bəlkə də zənnə qapılan bəzi kəslər elə güman edə bilərlər ki, ölçülərinin böyüklüyünə baxmayaraq günəş özü su çeşməsinə dalmışdır, bu, belə deyildir. Günəş dünyadan dəfələrlə böyükdür, axı necə su çeşməsinə sığa bilər? Deyirlər ki, günəş yüz əlli dəfə dünyadan böyükdür. Başqaları isə yüz iyirmi dəfə böyük olduğunu deyiblər… Lakin sadəcə olaraq dənizin sonunu görə bilməyən dəniz səyyahının günəşin suda itdiyini görməyi kimi o da günəşi suda batarkən görmüşdür. Bunun səbəbi isə budur ki, Zul-Qarneyn yaşayış yerlərinin qurtardığı yerə qədər gəlmiş və orada özündən o yana heç bir şeyin olmadığı suyu bulaşıq bir çeşmə görmüşdür.”

Fəxrud-Din ər-Razinin təfsiri:

Həmçinin məşhur Quran təfsirçisi Fəxrud-Din ər-Razi (vəfatı: miladi 1208) ayənin təfsirində deyir:
Dəlillə isbat olunub ki, Yer kürə formasındadır və səma onu əhatə edir və günəşin fələkdə (kosmosda) olmasında heç bir şəkk yoxdur və həmçinin deyir ki, “onun yanında bir tayfa gördü” və məlumdur ki, günəşin yaxınlığında bir tayfanın yerləşməsi mövcud olmayan bir şeydir. Üstəlik günəş yerdən çox-çox dəfələrlə böyükdür, o zaman onun yer kürəsindəki çeşmələrdən bir çeşməyə daxil olmasını necə əql etmək olar?!”

Diqqət etsəniz Günəş sisteminin heliosentrik modelini irəli sürən Avropa astronomlarından 3-4 əsr əvvəl yaşamış müsəlman alimləri ayədəki mənanı düzgün bir şəkildə başa düşməklə yanaşı həm də göy cisimləri haqqında ilkin biliklərə malik idilər.