Homoseksualların, Holokostun və “erməni soyqırımı qurbanlarının” alçaldılması və məsxərəyə qoyulmasını demirəm, birinciləri sadəcə tənqid etmək, ikinci və üçüncülərin isə tarixi həqiqət olduğunu inkar etmək cinayət hesab olunan ölkədə bir dini və onu müqəddəs sayan bir milyard insandan çoxunu təhqir etməyin bir haqq olduğunu demək Macron`un və onun kimi düşünənlərin nə qədər ikiüzlü olduğunu göstərir.
Lakin bu yazıda Macronun səfsətəsindən deyil liberalların müqəddəs hesab etdikləri “insan haqları” haqqında danışmaq istəyirik. Ümumiyyətlə, liberallar insan haqları məfhumunu necə əsaslandıra bilərlər?1 Siyasi fəlsəfəçi John Gray bizə liberalların ümumən üç yolu olduğunu deyir (Gray, 45). Hazırda oxuduğunuz yazımızda bunlardan ən geniş istifadə olunan bir yanaşmanı qeyd edəcəyik, digər iki yanaşmanı isə sonrakı yazılara saxlayacağıq.
Liberalizmdə “Zərər prinsipi”
Birinci yanaşma “Azadlıq” və ya “Zərər prinsipi” adlandırılır. Bunu bəlkə də ən məşhur liberal John Stuart Mill “On Liberty” adlı əsərində belə izah edir:
“Sivil cəmiyyətin üzvünə qarşı onun iradəsinə zidd haqlı güc tətbiq etmə sadəcə (onun başqalarına verdiyi) zərərin qarşısını almaq üçün edilə bilər. Onun öz xeyri – istər, fiziki olsun, istərsə də, mənəvi – yetərli əsaslandırma deyil”.
Mill, On Liberty, səh, 135
Buna yaxın sözləri ABŞ`ın “qurucu babalarından” hesab olunan Thomas Jefferson da ifadə etmişdir.2
Bu prinsipi bəzən açıq, bəzən gizli şəkildə liberal akademiklərdən eşidə bilərsiniz, belə ki, bu adi insanlar tərəfindən də geniş bir şəkildə istifadə olunur. Diqqətlə baxdığımız zaman bu prinsipin tamamilə uğursuz olduğunu görürük.
Libertarian prinsip və Utilitarizm
İlk növbədə onu qeyd edək ki, bu prinsip özü özlüyündə əsaslandırma tələb edir.3 Lakin Mill`in prinsipini qəbul etdiyimizi fərz etsək, nə əldə etmiş oluruq?
Birincisi, bu prinsip libertarian xarakter daşıyır. (Heywood, 62). Misal üçün, Mill`in də açıq aydın ifadə etdiyi kimi, bir insan özünə bilərəkdən mənəvi və ya fiziki zərər vermək istəyirsə, biz ona müdaxilə edə bilmərik. İnsan özünü öldürməkdə və ya ağır narkotik maddələr qəbul etmədə tam azaddır. Müasir dövrümüzdə əksər liberallar bu nəticəni qəbul etməyə hazır deyildir, asisted suicide, ağır narkotik maddələrin qəbulu, fahişəlik kimi əməllər hələ də əksər ölkələrdə qanundan kənardır.
“Sivil cəmiyyət”
İkinci nöqtə daha gizlidir. Mill`in “sivil cəmiyyət” sözünü istifadə etdiyinə fikir verin. Mill`ə görə insanlar istədiklərini etməkdə azaddırlar, lakin insanların sivil olmaları şərtdir. Mill`in “barbar” hesab etdiyi millətlər bu azadlığa daxil deyildir, əksinə, onları doğru olana məcbur etmək və onları sivilləşdirmək lazımdır. Təbii ki, sivil olan cəmiyyətlər liberal cəmiyyətlərdir, liberalizmi qəbul etməyənlər isə sivil deyildirlər, onları sivilləşdirmək lazımdır. Sırf bu düşüncə tərzi avropalıların kolonial keçmişinə zəmin yaradıb. Avropalılar “barbarları” sivilləşdirmə missiyasını yerinə yetirməyi kolonializm siyasətlərinə bəraət olduğunu düşünüblər. Eyni modeli müasir dünyada da görmək mümkündür..
Başqa yerdə Mill eyni fikri ifadə edir:
“Məqsəd barbarların halını düzəltmək olduqda əslində despotizm onlar üçün legitim idarəetmə rejimidir. İnsanlıq azad və bərabər müzakirə nəticəsində mükəmməlləşməyə qadir olmadıqca azadlığın heç bir mənası yoxdur. O zamana qədər isə (barbarlar üçün) Akbar və ya Charlemagne`yə itaət etməkdən daha yaxşı seçim yoxdur.
Mill, On Liverty, səh. 13-14.
Bu, liberal düşüncənin mərkəzində olan individuallıq dəyərinə ziddir. Liberallara görə hər bir insan zehin sahibidir və özü üçün nəyin xeyir olduğunu başqasından daha yaxşı bilir, buna görə də onlar paternalistik (ailə və cəmiyyətdə rəhbər fərdin mövcuduğu) yanaşmaya nifrət edirlər, kiminsə başqasına dinini və ya mənəvi dəyərlərini yeritməsinə qarşı çıxırlar.( Heywood, 63). Lakin göründüyü kimi həqiqətdə liberallar özləri başqalarına liberalizmi yeridirlər, liberalizmi qəbul etməyənə qədər “barbarlar” sivil deyil, sivil olmayanın isə azadlıq haqqı da yoxdur. Və bunu sadəcə əməldə deyil, Mill`in nümunəsində gördüyümüz kimi nəzəriyyədə də açıq aydın qeyd edirlər. Təsəvvür edin ki, bir faşist deyir: “siz tamamilə azadsınız, istədiyinizi edə və düşünə bilərsiz, lakin bunun üçün ilk öncə faşist olmağınız lazımdır. Faşist ideologiyasına inanmadığınız təqdirdə siz sivilləşmiş deyilsiniz, həqiqətləri anlamanız mümkün deyildir.” Mill`in dediyi bununla tamamilə eynidir..
P.S.
Mill`in liberal imperializmi üçün baxa bilərsiniz:
- Bowden, Brett 2009: The Empire of Civilization (Chicago: University of Chicago Press).
- McCarthy, Thomas 2009: Race, Empire, and the Idea of Human Development (Cambridge: Cambridge University Press). səh. 171-172
İstifadə edilmiş ədəbiyyat:
- Gray, J. (1995). Liberalism. Buckingham: Open Univ. Press.
- Thomas Jefferson, Notes on the State of Virginia (Chapel Hill: University of North Carolina Press, 1982 [1785])
- Heywood, A. (2017). Political ideologies: An introduction. London: Palgrave.
- Bowden, Brett 2009: The Empire of Civilization (Chicago: University of Chicago Press).
- McCarthy, Thomas 2009: Race, Empire, and the Idea of Human Development (Cambridge: Cambridge University Press)
- Patrick Devlin’s, ‘Morals and the Criminal Law’ in The Enforcement of Morals (Oxford: Oxford University Press, 1965)
- Smith, S. D. (2006). Is the Harm Principle Illiberal? The American Journal of Jurisprudence, 51(1), 1-42.
- Feinberg, Harm to Others (New York: Oxford University Press, 1984),
- Raz, Joseph. The Morality of Freedom. Oxford: Oxford University Press, 1986.
- James Kalb, The Tyranny of Liberalism (Wilmington, Del.: Intercollegiate Studies Institute, 2008),
- Charvet, J. (2019). Liberalism. Routledge.
- Harcourt, B. E. (2017). The Collapse of the Harm Principle. The Structure and Limits of Criminal Law, 279-364. doi:10.4324/9781315085159-9
- Dripps, D. A. (1998). The liberal critique of the harm principle. Criminal Justice Ethics, 17(2), 3-18. doi:10.1080/0731129x.1998.9992054
- Stewart, H. (2009). The Limits of the Harm Principle. Criminal Law and Philosophy, 4(1), 17-35. doi:10.1007/s11572-009-9082-9
- John Stuart Mill, 1998, On Liberty, Pennsylvania State University, elektron versiya, səh. 13-14
- Roberts, Michael, The Unjustified Prohibition against Bestiality: Why the Laws in Opposition Can Find No Support under the Harm Principle (June 1, 2009).
- Joel Feinberg, Harm to Self (New York: Oxford University Press, 1986)
- Mill, J.S. (2015) On Liberty, Utilitarianism and Other Essays, eds. Philp, M. and Rosen, F. (Oxford, UK: Oxford University Press)
Dipnotlar
- Biz insan haqqları məfhumunu inkar etmirik, liberalların bu haqqları fəlsəfi olaraq əsaslandıra bilməyəcəklərini iddia edirik. Eyni zamanda insan haqqlarının liberallar tərəfindən müəyyənləşdirilməsinə qarşıyıq. Misal üçün, əgər liberallara görə fərd söz azadlığından istifadə edib ana-atasına istədiyini deyə bilərsə, müsəlmanlara görə insanın belə azadlığı yoxdur, ana-atasına daim ehtiramla müraciyət etməlidir.
- Thomas jefersson bunu belə izah edir: Dövlətin legitim gücü sadəcə başqalarına zərərli olan hallara aiddir. Lakin mənin qonşumun iyirmi dənə ilaha inanması mənə zərər vermir. Bu nə mənim cibimi boşaldır nə də ayağımı qırır.
“The legitimate powers of government,”Thomas Jefferson, Notes on the State of Virginia (Chapel Hill: University of North Carolina Press, 1982 [1785]), p. 159. Jeffersonun bu sözü əslində bizə liberalizmin digər sifətini də göstərir. Jeffeson üçün önəmli olan həqiqətin, doğrunun nə olduğu deyil. onu maraqlandıran onun cibidir və ayağıdır. Bunlara zərər gəlmədiyi təqdirdə həqiqət önəmli deyil. - Mill “başqasına zərər vermədiyin təqdirdə nə istəyirsənsə, edə bilərsən” deyə bilər, lakin skeptik bir fərd bunu qəbul etməsə, necə? Başqasına zərər vermək iqtidarında olan və bundan həzz alan birisi nəyə görə Mill`in bu prinsipinə tabe olmalıdır? Mill özü bu suala utilitarizm nəzəriyyəsinə (utilitarizm – hər şeyə xeyir, fayda götürmək baxımından yanaşma) müraciət edərək cavab verir. Azadlıq prinsipini utilitarizm prinisipinə tabe etmək liberalların insan haqları hesab etdikləri şeylərə zidd qanunlar qəbul etməyə gətirib çıxara bilər. Bu mövzu ayrıca yazı tələb etdiyinə görə onu bu yazımızda ələ almayacağıq.
Cavab yaz