Decision in Life or Business Concept. Undecided Person Standing on the Forward, Left and Right Arrow Direction. Top View

Materializmdə “AZAD İRADƏ” Problemi

İnsanlar çox rahatlıqla bir dünya görüşünü qəbul edib onun tələb etdiyi nəticələr üzərində düşünməzlər. Bu gün ateizmi dünya görüşü kimi qəbul etmiş gənclərimizin çoxu həqiqi mənada bunun nə mənaya gəldiyini dərk etməyiblər, heç üzərində ciddi bir şəkildə düşünməyiblər.

Ateistik və materialistik dünya görüşü isə həqiqətən də sağlam cəmiyyətin üzvü olmaq istəyən bir fərd üçün problemli suallar ortaya çıxarır. Bu suallardan bəziləri haqqında daha əvvəl yazmışdıq. Misal üçün ateist dünya görüşündə mütləq mənəvi dəyərlər mövcud ola bilməz. Həmçinin bu dünya görüşündə bir insanın hamam böcəyindən daha dəyərli olduğu əsaslandırıla bilməz. Bu gün başqa bir problemli sual haqqında yazmaq istəyirik. O da “azad iradə” (free will) mövzusudur.

“Materialist və Naturalist Ateistlər”

Sadiq ateistlər dünyaya baxışlarında materialist və naturalist olurlar. Yəni onlara görə dünya maddələr və bu maddələri təşkil edən fundamental hissəciklərdən ibarətdir. Bütün kimyəvi və bioloji proseslər ən aşağı mərtəbələrdə bu fundamental hissəciklərin məqsədsiz şəkildə, şüursuz şəkildə fəaliyyəti nəticəsində ortaya çıxır. “Şüur” (conscience) da istisna deyildir. Ateistlərin bir qismi şüuru izah etməyə çalışarkən bunu kompyuter misalına bənzədirlər, onlara görə şüur sadəcə olaraq bəzi alqoritmlərin interaksiyasından başqa bir şey deyildir. Əksər ateistlər isə şüuru beyindən kənar bir şey kimi görmürlər, onlara görə şüur elə beyindir və beynin içində baş verən bioloji, kimyəvi proseslər şüuru əmələ gətirir. Lakin burada ortaya ciddi bir problem çıxır. Əgər biz şüura bu nəzər ilə baxsaq və şüuru sadəcə bu şəkildə qəbul etsək o zaman bizim “azad iradəyə” malik olmağımız mümkün olmamalıdır. Düşünün! Bütün bioloji proseslər və bioloji proseslərə səciyyəvi olan kimyəvi proseslər təməl səviyyədə atomların məqsədsiz, şüursuz hərəkətlərindən, reaksiyalarından ibarətdir. Bunlar da subatomik səviyyədə müəyyən qaydalara tabedirlər. Burada Newton’un təlimlərindəki mexaniki dünyaya, yəni deterministik fizikaya inanmaqla, probabilistik dünya görüşünü dəstəkləyən kvantum fizikasına inanmaq arasında heç bir fərq yoxdur. Birinci dünya görüşünə görə bir fiziki hadisənin nəticəsini özündən əvvəlki fiziki səbəb müəyyən edir. Bilyard topunu kiy ilə vurmaq bunun misalıdır. İkinci görüşə görə isə bir fiziki hadisənin nəticəsini özündən əvvəlki fiziki səbəb müəyyən etmir, lakin onun möhtəməl nəticələrindən biridir. Hər iki halda da təməl prinsip onların sabit qanunlara tabe olmasıdır. Kvantum fizikasında bu qanunlar qane edəcək qədər aydınlıqla öyrənilməyib, lakin mahiyyət baxımından onun da qanunlara tabe olduğu fiziklər tərəfindən münaqişə nöqtəsi deyildir. Hətta bəzi fiziklər məhz kvantum fizikasını daha deterministik hesab edirlər, çünki “cüt yarıq eksperimentindən” elektronları topdan və ya pərakəndə olaraq atmağından asılı olmayaraq pərdədə əmələ gələn interferens eyni olacaqdır.

“Free Will”

Beləliklə də bizi biz edən şüur və iradə sadəcə olaraq bioloji proseslərdən ibarətdirsə və həmin bioloji proseslər kimyəvi maddələrin reaksiyası, elektromaqnitik fəaliyyət ilə ortaya çıxırsa, onlar da öz növbələrində atom səviyyəsində və subatomik səviyyədə hissəciklərdən ibarətdirsə, onlar da öz növbələrində fizikanın dəyişməz və sabit qanunlarına tabedirlərsə o zaman insan necə “azad iradəyə” malik ola bilər? O zaman onun seçimlərini də müəyyən edən beynində baş verən kimyəvi və fiziki proseslər olmalıdır və bu proseslər də sabit qanunlara tabe olmalıdır; bu perspektivdən baxdıqda insanın azad iradəyə sahib olduğunu demək mümkün deyildir. Əslində dünyanın məşhur ateistlərindən bunu etiraf edib bu dünya görüşünü müdafiə edənlər az deyildir. Misal üçün Sam Harris bu mövzuda kiçik həcmli “Free Will” adlı bir kitab yazıb və orada bizim hiss etdiyimiz o “azad iradənin” əslində bir illuziya olduğunu müdafiə edir. Yaxud da təkamülçü bioloq Jerry Coyne’a görə insanlar ”ətdən ibarət kompyuterlərdir” və bunu 2012-ci ildə USA Today səhifəsində dərc etdiyi məqaləsində sübut etməyə çalışır. Ona görə “azad iradə” mövcud deyildir. Bir başqa bioloq Anthony Cashmore bir məqaləsində eyni fikri müdafiə edir. Richard Dawkins, Lawrense Krauss bu suala bir başa cavab verməkdən yayınırlar, hətta Krauss bunun elmi sual olmadığını, fəlsəfi bir sual olduğunu deyir. Lakin bununla belə həqiqi ateistik/materialistik dünya görüşünün bunu tələb etdiyini etiraf edirlər.

Dawkinsin Cavabı:

Dawkins ona bu barədə verilmiş suala belə cavab verir:

 “Bu, məni qorxudan bir sualdır. Bu barədə üzərində yaxşı düşünülmüş bir rəyim yoxdur. Düşünürəm ki, mənim dünya barəsində materialistik görüşüm var. İnanıram ki, hər bir şey özündən əvvəlki hadisələr ilə rasional bir şəkildə müəyyənləşdirilib. Beləliklə də bu, məni o mövqeyə yerləşdirir ki, (o mövqeyə görə) azad iradəmin olduğuna inandığımda, azad seçim etdiyimə inandığımda özüm özümü aldatmış oluram, (əslində) mənim beynimin aldığı hallar fiziki hadisələr tərəfindən qabaqcadan müəyyən edilib. Bununla belə bu (dünya görüşü) bizim hamımızın azad iradəyə sahib olduğunu deyən güclü subyektiv təəssüratımıza zidd gəlir…”

Richard Dawkins

Eyni səhnədə Lawrence Krauss da bununla razılaşaraq deyir:

 ”Mən də razılaşmalıyam ki, məncə dünya haqqında bildiyim hər bir şey “azad iradə” deyilən bir şeyin olmadığını mənə deyir.” 1

Lawrence Krauss

Azad İradəni İnkar edənlər:

Stephen Hawking də ateistliyini aşkar şəkildə elan etdiyi “The Grand Design” kitabında bu fikri dəstəkləyir və deyir:

“Biz istədiyimizi seçə bildiyimizi hiss etdiyimizə baxmayaraq biologiyanın molekulyar əsasları haqqında bildiklərimiz göstərir ki, bioloji proseslər fizika və kimya qanunları ilə idarə olunur, ona görə də planetlərin orbitləri kimi qabaqcadan müəyyən ediliblər… Bizim davranışlarımız fiziki qanunlarla müəyyənləşirsə azad iradənin necə çalışa biləcəyini təsəvvür etmək çətindir, ona görə də belə görünür ki, biz bioloji maşınlardan başqa bir şey deyilik və azad iradə sadəcə bir illüziyadır.” 2

Stephen Hawking

Etiraf

Bu ateist alimləri ən azından səmimiyyətlərinə görə, konsistent olmaqlarına görə təqdir etmədən yan keçmək mümkün deyildir. Bunu hər şeydən öncə etiraf etməyimiz lazımdır. Nobel mükafatını qazanmış Francis Crick kitablarından birinin girişində deyir:

“Sən, sənin sevincin və kədərin, sənin yaddaşın və ambisiyaların, sənin öz kimlik hissin və azad iradən faktiki olaraq böyük sayda sinir hüceyrələrinin və onların bağlı olduğu molekulların davranışından artıq bir şey deyildir.” 3

Francis Crick

Albert Einstein də azad iradəni inkar edirdi:

“Mən deterministəm. Belə olduqda mən azad iradəyə inanmıram. Yəhudilər azad iradəyə inanırlar. Onlar inanırlar ki, insan övladı özü öz həyatını formalaşdırır. Mən fəlsəfi olaraq o doktrini rədd edirəm. O baxımdan mən yəhudi deyiləm.” 4

Albert Einstein

Qeyd edək ki, Einstein Allaha inanmayıb, onun panteist yoxsa paninteist yoxsa ateist olması hələ də müzakirə altındadır, amma teistlərin inandığı kimi Allaha inanmayıb və özünün də etiraf etdiyi kimi materialist olub.

2 Sinif Ateist:

Ümumilikdə ateistləri iki sinifə ayırmaq olar. Materialist düşüncələrin zəruri olaraq azad iradəni inkar etdiyini etiraf edənlər ilk sinfi təşkil edirlər. İkinci sinif ateistlər isə bu barədə düşünməyənlər və ya düşünmək istəməyənlərdir. Əksər ateistlər belədirlər. Lakin birinci sinifi təşkil edən ateistlər belə həyatlarını öz inanclarına görə yaşamırlar. Azad iradəni inkar etdikləri halda “sanki azad iradə varmış” şəklində yaşamağa davam edirlər. Dawkins etiraf edir ki, başqa cür bunu yaşamaq mümkün deyildir. Nə üçün? Özünü ateist/materialist hesab edən hər bir kəs bu suala ciddi yanaşmalıdır. Əgər materialist dünya görüşünə sahibdirsə o zaman azad iradəni inkar etməlidir. Əgər azad iradəni inkar edirsə o zaman “günah”“təqsir”“ədalət” kimi fikirlərin üzərindən xətt çəkməlidir. Çünki buna inandıqdan sonra cinayət işləyənləri qınaya bilmərik, ümumiyyətlə cinayət sözünün bir mənası qalmır. Bioloji maşınları nədə günahlandıra bilərik?!
Bilirsinizmi bu nəyə bənzəyir? Sanki Şəkiyə doğru yola düşmüsən və “perevalda” maşının xərəb olur və sən maşını günahlandırırsan! Yaxud da göydən gələn beyzbol topu nəticəsində ölmüş bir nəfərin haqqı üçün beyzbol topunu həbs edirsən! Bütün bunlar nə qədər absurd səslənirsə bioloji maşınları da “ədalət” namına cəzalandırmaq da o qədər absurd səslənir.

Xülasə:

Ümumiyyətlə buna inanan insanın dindarları əksinə sübut etməyə çalışması özü də absurddur. Çünki onun öz dünya görüşünə görə bir dindarın Allaha inanması özünün azad düşüncəsi ilə aldığı qərar deyildir, lakin molekulların davranışı nəticəsində məcburi şəkildə aldığı mövqedir. Eynilə onun özünün də Allahı inkar etməsi molekulların diktəsi ilə baş verib. O zaman bir ateist bizimlə nəyin mübahisəsini etməyə çalışır? Buna inanıb eyni zamanda həqiqəti bildiyini söyləyən insan ziddiyyətdədir, çünki bizim nəyin doğru, nəyin xətalı olduğuna inanmağımız da əgər molekulların davranışından, onların düzülüşündən asılıdırsa o zaman doğru hesab etdiyimiz əslində doğru deyildir, ümumiyyətlə doğru deyilən bir şey olmamalıdır. Yaxud da hər kəs öz dünyasında doğru qəbul edilməlidir, çünki – materialist dünya görüşündə – molekullar xəta etməzlər, onlar sabit və mütləq qanunlara tabedirlər.

Sizi bu dediklərimiz üzərində düşünməyə dəvət edirəm!

P.S.

Biz bütün ateistlərin və ateist alimlərin azad iradəni inkar etdiyini iddia etmirik. Çox gözəl bilirik ki, azad iradəyə inananlar çoxdur və çoxluq təşkil edir. Biz materialist dünya görüşü ilə azad iradə inancının bir-biriləri ilə uyğun gəlmədiyini deyirik və həqiqi materializmin azad iradəni inkar etdiyinə işarə edirik və bu barədə düşünməyə dəvət edirik.

Dipnotlar

  1. Sitatın Youtube linki
  2. “The Grand Design”, səh: 31-32; Bantam Press, London, 2010
  3. The Astonishing Hypothesis: The Scientific Search for the Soul”, səh: 3; Touchstone, New York, 1995
  4. Alice Calaprice, “The Ultimate Quotable Einstein”, səh: 205; Princeton University Press, New Jersey, 2011