Tarixi əvvəlki əsrlərə nisbətdə nə qədər çox oxumağımıza baxmayaraq keçmişin xətalarından qurtulmaq o qədər də asan olmur. İnsanlar bir çox şeyi yenilik hesab etdikləri üçün onlara şübhə ilə yanaşırlar və əksər hallarda reaksiyalar eyni olur, çox şey dəyişmir. Xəstəliklər, xəstəliklərlə mübarizə üsulları və bu üsullara qarşı münasibətlər də eyni cizgini izləyir.
Amerikanın müstəqillik müharbəsində suçiçəyi xəstəliyi çox önəmli bir faktor idi. Amerikalı döyüşçülər bir neçə uğura imza atdıqdan sonra ciddi bir məğlubiyyət ilə üzləşdilər; suçiçəyi xəstəliyindən əziyyət çəkdikləri üçün Quebec ərazisini ingilis qoşunlarının əlindən ala bilməyərək geri çəkilmişdilər.1 Bu məğlubiyyətdə onlar yeni bir düşmənlə tanış oldular. Əslində düşmən yeni deyildi, yeni olan o düşmənin müharibə şəraitində gücünü hiss etmək oldu. Suçiçəyi 1776-cı ildə Kanadadan geri çəkilən amerikalılara çox ağır bir zərbə vurmuşdu. John Adams arvadı Abigail’ə yazdığı məktubunda etiraf edirdi ki, suçiçəyi “britonlar, kanadalılar və qızıldərililərin hamısından on dəfə daha dəhşətli idi.”2 Kanada ərazisinin ələ keçirilməsi cəhdi 1775-ci ildə başlamışdı; komandir Benedict Arnold öz əsgərlərini yeni ələ keçirilmiş Ticonderoga istehkamından hərəkətə gətirərək Kanada ərazilərinə qarşı hücuma keçirmişdi. Lakin bu cəhd uğursuzluqla nəticələndi və ordular geri çəkilməyə məcbur edildilər. Xəstəlik o qədər inanılmaz dərəcədə yayılmış və o dərəcədə böyük itkilərə səbəb olmuşdu ki, insanlar bunun təbii üsulla yayılacağına inanmaq istəmirdilər. Amerikalı əsgərlər inanırdılar ki, suçiçəyini onların arasında yayanlar ingilislər idi, hətta Thomas Jefferson özü buna inanırdı və Britaniya qoşunlarının Quebec’dəki qərərgah başçısını Amerika qoşunlarına qarşı suçiçəyi “göndərməkdə” ittiham etmişdi.3 Amerikan koloniyaları bu dönəmə qədər peyvəndi ya qadağan edirdilər, ya da ciddi məhdudiyyətlərə məruz qoyurdular, İngiltərədə isə peyvənd vasitəsi normallaşmağa başlamışdı və bu, müharibənin əvvəlində ingilislər ilə amerikalılar arasında ən önəmli fərqlərdən biri idi; ingilis əsgərlər suçiçəyi xəstəliyindən eyni dərəcədə əziyyət çəkmirdilər. George Washington özü 19 yaşında ikən su çiçəyi tutmuşdu və xəstəliyin izləri hələ də üzündə qalırdı. O, ilk əvvəllər bu peyvənd ideyasına qarşı idi, bunu qəti şəkildə qadağan edirdi, peyvəndin əks effekt verəcəyinə, yəni xəstəliyi yayacağına inanırdı. Britaniyalıların suçiçəyini amerika ordularına qarşı istifadə etmək sui-qəsdi haqqında məlumat aldıqdan sonra “qırmızı mundirlərin” təhlükəsinə qarşı qoymaq üçün Washington “üzü çopurlulardan” min nəfər əsgər topladı.4 Tarixçilər qeyd edirlər ki, amerikalı əsgərlərin arasında suçiçəyinin bu dərəcədə yayılması təbii səbəblərə bağlı idi, ingilislərin qəsdən etdikləri bir iş deyildi.5 Lakin insanlar arasında gəzən şayələr öz işini görürdü.
Peyvəndlər haqqında şayə təzə bir fenomen deyildir. Suçiçəyinə qarşı peyvənd metodu Amerika koloniyalarına 1721-ci ildə çatmışdı. Bunu ilk dəstəkləyənlər arasında keşiş Cotton Mather var idi; o, Boston şəhərində suçiçəyi epidemiyasının yayıldığını gördükdə insanları peyvəndləmək üçün həkimləri işə cəlb etməyə çalışdı, lakin Zabdiel Boylston’dan başqa heç bir həkim peyvənd işinə müsbət yanaşmadı. Bostonda xəstəlik yayılmağa davam etdikdə yerli əhali Mather və Boylston’u ittiham etməyə başladılar, çünki o dövrdə peyvənd etmək insanın özünü zəif suçiçəyi virusuna yoluxdurmaqla baş tuturdu. Boston şəhərində o zaman əhalinin yarısından çoxu su çiçəyinə yoluxmuşdu və əhalinin arasında gəzən şayələri dəf etmək üçün Mather və yoldaşı statistikadan istifadə etməyə başladılar. Onların qəzetdə dərc etdikləri məlumatda qeyd edilirdi ki, insanların 14 faizi təbii yoluxma nəticəsində öldüyü halda peyvənd olunmuş insanların yalnız 2 faizi ölmüşdü.6 Mather xəstəliyə qarşı mübarizəsində xeyli təhdidlərə, sui-qəsdlərə məruz qalmışdı. Hətta keşişin yatdığı otağın pəncərəsindən içəri dinamit də atılmışdı, lakin xoşbəxtlikdən dinamit partlamamışdı, nəticədə keşişin özünə dinamitin üzərindəki yazını oxumaq müyəssər olmuşdu: “Cotton Mather, səni köpək, lənətə gələsən, səni mən bax bununla peyvənd edəcəm.” Boston şəhərinin elitindən tutmuş sadə xalqına qədər əksəriyyət bombacı caninin sentimentlərini bölüşürdü. Boylston’un öz 6 yaşlı oğlu üzərində peyvəndi sınaqdan keçirdiklərini eşitdiklərində isə çılğına dönmüşdülər; həkimlər Boylston’un təhlükəli və təcrübədən keçməmiş işlərlə məşğul olmaqda ittiham edirdilər. Nəticədə Boston rəsmiləri peyvənd əməliyyatlarını qadağan etdilər.7 Kilsə xadimlərinin bir çoxu peyvəndin Allahın qədərinə qarşı olması səbəbi ilə etiraz edirdilər. Boston şəhərinin ən savadlı həkimi hesab edilən William Douglass isə peyvəndə qəribə və şübhəli bir metod kimi qarşı çıxırdı və Mather kimi keşişlərin bu peyvənd işini Allahın qədəri ilə necə uyğunlaşdıra bildiklərinə təəccüblənirdi. Douglass həkim diaqnozu qoymaq əvəzinə, bir teoloq kimi peyvənd vurmağın günah olduğunu deyirdi; onun nəzərində kimsə bəlkə heç zaman suçiçəyi tutmayacaqdı, lakin peyvənd vurmaqla onu suçiçəyinə məruz qoymuş oluruq və bununla da günah edirik. Mather insanların şübhələrinə və cavablarına bacardığı qədər cavab verməyə çalışırdı; peyvənd əməliyyatından sonra da ölənlərin olduğunu etiraf edən Mather xatırladırdı ki, eyni şəkildə diş çəkilməsindən də, tütün istifadə edilməsindən də ölənlər vardı. Suçiçəyi epidemiyası qurtardıqdan sonra da şübhələr yox olmadı. Boylston statistikasında peyvənd almış 247 nəfərdən yalnız 6-sının öldüyünü qeyd etdikdə həkimlər buna inanmaqda tərəddüd edirdilər8 və bu tərəddüdlər, şayələr daha sonrakı dövrlərdə də davam etdi.
Benjamin Franklin 1736-cı ildə Pennsylvania Gazette qəzetində kiçik bir bildiriş dərc etməyə və orada oğlu Francis’in suçiçəyi peyvəndi nəticəsində ölməsi şayəsini rədd etməyə məcbur olmuşdu. Franklin özü peyvənd tərəfdarı idi və özü peyvənd qəbul etmişdi. 1730-cu ildə Philadelphia’da peyvənd tibbi bir metod kimi istifadə üçün təsdiqləndikdə o, Pennsylvania Gazette’də redaktor idi və bu vəzifəsindən istifadə edərək peyvəndi xalqın içərisində təbliğ edirdi. Ona görə də onun oğlu öldükdə insanlar arasında oğlunun məhz peyvənddən ölməsi şayəsi yayılmışdı. Franklin bu şayənin doğru olmadığını və pis nəticələr verə biləcəyini, peyvəndə inamın zəifləyəcəyini düşünərək həmin bildirişi dərc etmişdi.9 Franklin öz oğlunu peyvənd etdirmək istəyirdi, lakin oğlu dizenteriyadan əziyyət çəkdiyi üçün peyvənd etdirməni gecikdirmişdi.10 Yazdığı autobioqrafiyada oğlu Francis’i qoruya bilməməkdən peşmançılıq duyduğunu və acı çəkdiyini yazırdı. “Mən uzun müddət bunun acı peşmançılığını çəkdim” – Franklin yazır: “və hələ də peşmanam ki, ona (suçiçəyini) peyvənd yolu ilə vermədim.”11 Franklin orada bəzi valideynlərin çətin seçim qarşısında olduqlarına toxunur, peşmançılığın hər iki istiqamətdə baş verə biləcəyini xatırladır. Bütün bunlara baxmayaraq Franklin özü də antivaksin kampaniyasının fəal üzvlərindən idi, hətta həyatının əvvəlki dönəmində Cotton Mather’i peyvənd təbliğatına görə ələ salardı, tənqid edərdi.12 Franklin tarixdə siyasəti ilə yanaşı elmi ixtiraları ilə də tanınan bir alim olmasına baxmayaraq gənc yaşlarında bir aktivist olaraq tamamilə fərqli bir mövqe tutmuşdu. Bostonda ikən öz qardaşının qəzet redaksiyasında çalışan bütün qəzet heyəti ilə birlikdə peyvənd əleyhdarı idi.13 Cotton Mather bu qəzetlər vasitəsi ilə aparılan anti-təbliğatdan şikayətlənirdi. Londonda yaşayan bir dostuna yazdığı məktubunda yazırdı: “Etiraf etməliyəm ki, Şeytanın hər hansısa başqa bir münasibətdə bu qədər sərbəst buraxıldığını müşahidə etməmişdim. Yalançı bir Ruh elə bir sürətlə yayılırdı ki, eşitdiyim nəyəsə inanmaq olmurdu. Əgər peyvənd vurulmuş xəstə bir az xəstəlik əlaməti göstərirdisə və ya qəsdən qusdurulurdusa, bunu dərhal elə dərc edirdilər ki, sanki onlar ölüm eşiyindədirlər və ya ölüdürlər. Halbuki xəstələr bu zaman uzanıb Allaha bu qorxunc düşməndən qurtulmağın yolunu göstərdiyi üçün həmd və şükür edirdilər.”14 Amerikada Boston təcrübəsi peyvəndin xeyrinə qismən bir dəyişikliyə gətirib çıxarsa da ümumilikdə insanların çoxu peyvəndə qarşı şübhəli davranmağa davam edirdilər.
Gördüyümüz kimi 1775-ci ildə Amerika İnqilabı başladıqda amerikalı əsgərlərin çoxu peyvənd olunmamışdı. Lakin qısa bir təcrübədən sonra George Washington öz xətasını başa düşür və bütün ordunun peyvəndə tabe tutdurulması üçün çalışır. 1777-ci ilin fevral ayında Washington’un peyvəndlə bağlı tələbləri kontinental konqresin səhiyyə komitəsində təsdiqləndikdən sonra generalın əmri və göstərişi ilə orduya məcburi peyvənd gətirildi. Bu, tarixdə ilk kütləvi məcburi peyvənd vurma misalıdır.15 Amerikadan fərqli olaraq İngiltərədə bu peyvənd artıq geniş istifadə olunurdu. 1796-cı ilin sonuna qədər istifadə olunan peyvəndin mənbəyi suçiçəyinə yoluxmuş xəstə insanlar idi. Hansısa bir xəstədən suçiçəyi virusu daşıyan maye götürülür və sağlam bir fərdin qolunun üstündə açılan kiçik yaraya daxil edilirdi; bununla da sağlam birini süni yolla suçiçəyinə yoluxdururdular. Bu peyvəndin effekti qaneedici olsa da ölüm riski də az deyildi, yoluxanların 2-3 faizi ölə bilirdi. 1796-cı ildə İngiltərədə Edward Jenner adlı kənd həkimi inəklərdə də suçiçəyi olduğunu və onlarla çalışan insanların inəklərdən yoluxduğuna, lakin xeyli yüngül keçirdiklərinə diqqət etdi. Beləliklə də Jenner’in hazırladığı yeni peyvəndin mənbəyi insanlar deyil, xəstə inəklər oldu. Bu peyvənd isə özündən əvvəlki peyvəndə nisbətdə öldürmə riski daşımırdı. Məhz bu peyvəndə ilk dəfə vaksinasiya deyildi, çünki latın dilində “inək” mənasını verən “vaccinus” sözündən götürülmüşdü.16 Lakin Jenner də özündən əvvəlki peyvənd tərəfdarları kimi rişxənd və tənqid ilə üzləşdi. Onu ələ salanlar belə bir şayə yayırdılar ki, heyvandan əldə edilən peyvənd nəticədə insanlarda heyvan orqanlarının cücərməsinə səbəb olacaq.17 Yeni vaksinin opponentləri bəzi yan təsirləri şişirdərək əhalidə qorxu hissi yaratmağa çalışırdılar. Oxford’dan Rowley adlı bir həkim “Cow-Pox Inoculation no Security against Smallpox Infection” adında bir broşür yaydı və orada vaksinlənmiş bir oğlan uşağının üzünün öküz forması aldığı iddia olunur. Rəssam James Gillray isə 1802-ci ildə “The Cow-Pock – or – The Wonderful Effects of The New Inoculation” adında satirik bir şəkil dərc edir və şəkildə həkimin kök bir qadına vaksin vurduğu, ətrafında duran vaksinlənmiş insanların bədənlərindən isə “suçiçəyi yarası” yerinə inək başları çıxdığı təsvir olunur. Karikaturanın üzərində onun “Anti-Vaksin Cəmiyyəti” tərəfindən çap olunduğu yazılıb.18
Boston şəhərində peyvəndi təbliğ edən Mather öz növbəsində peyvənd metodunu əslində Osmanlı təcrübəsindən öyrənmişdi. 1714-cü ildə yuxarıda adını çəkdiyimiz həkim Douglass avropa səfərindən gətirdiyi “Philosophical Transactions of The Royal Society of London” adlı dərgisini Mather’ə verdi. Bu dərgidə Osmanlı dövlətinin paytaxtında gedən peyvənd kampaniyası və bunun nəticələri haqqında yunan həkim Emanuel Timonius’un elmi yazısı nəşr olunmuşdu.19 Məhz bu məqalə Mather’i peyvəndin effektivliyinə inandıra bilmişdi. Mather şəhərdəki həkimləri peyvəndin effektivliyinə inandırmaq üçün hazırladığı bir yazıda Osmanlı dövlətində çalışan Timoni və Pylarini kimi yunan həkimlərin yazılarına istinad edirdi.20 İngiltərədə bu proseduru məşhurlaşdıran Timoni’nin yaydığı məqalələr olmadı. Peyvəndin orada geniş vüsət alması Lady Mary Wortley Montagu adı ilə bağlıdır.21 O, İstanbulda ingilis səfirinin arvadı idi və peyvənd ilə Osmanlıda tanış olmuşdu. Ladi Montagu öz vətəninə yazdığı məktublarında qeyd edirdi ki, osmanlı qadınları bu əməliyyatı kiçik uşaqların üzərində etməklə suçiçəyi xəstəliyini rahatlıqla keçirirlər.22 Lady Montagu bu əməliyyatın uğuruna o qədər etibar edirdi ki, oz oğlunu və qızını Osmanlıda ikən peyvənd elətdirir. Daha sonra İngiltərəyə qayıtdıqda onları müşaiyət edən həkim Charles Maitland’i də bu prosedurun uğuruna inandıra bilir. 1721-ci ildə İngiltərəyə qayıtdıqda Lady Mary orada şiddətli bir müqavimətlə qarşılaşır, lakin Wales şahzadəsi ilə, həmçinin kral ailəsi ilə yaxın əlaqələri sayəsində və Kraliyyət Cəmiyyətinin katibi Sir Hans Sloan’ın dəstəyi ilə yeni peyvənd İngiltərədə eksperimentdən keçirilir.23 Nəticələr qane edici olur…
Dipnotlar
- Jennifer A. Reich, ”Calling the Shots: Why Parents Reject Vaccines”, səh: 24; New York University Press, New York, 2018
- Colin G. Galloway, “The Indian World of George Washington: The First President, The First Americans, and The Birth of The Nation”, səh: 281; Oxford University Press, New York, 2018
- Eric Croddy, “Chemical and Biological Warfare: A Comprehensive Survey for The Concerned Citizen”, səh: 221; Springer Science + Business Media, LLC, New York, 2002
- David Koplow, ”Smallpox: The Fight to Eradicate a Global Scourge”, səh: 18; University of California Press, Berkeley, 2003
- Eric Croddy, “Chemical and Biological Warfare: A Comprehensive Survey for The Concerned Citizen”, səh: 221; Springer Science + Business Media, LLC, New York, 2002
- Jennifer A. Reich, ”Calling the Shots: Why Parents Reject Vaccines”, səh: 24; New York University Press, New York, 2018
- Lois N. Magner, “A History of Medicine”, səh: 242; Marcel Dekker Inc, New York, 1992
- Lois N. Magner, “A History of Medicine”, səh: 242-243; Marcel Dekker Inc, New York, 1992; Donald R. Hopkins, “The Greatest Killer: Smallpox in History”, səh: 251; The University of Chicago Press, Chicago, 2002
- Donald R. Hopkins, “The Greatest Killer: Smallpox in History”, səh: 254; The University of Chicago Press, Chicago, 2002
- Lois N. Magner, “A History of Medicine”, səh: 243; Marcel Dekker Inc, New York, 1992
- John Bigelow, “Autobiography of Benjamin Franklin”, səh: 244; J.B. Lippincott & Co., London, 1868
- D.G. Hart, “Benjamin Franklin: Cultural Protestant”, səh: 105; Oxford University Press, New York, 2021
- Donald R. Hopkins, “The Greatest Killer: Smallpox in History”, səh: 254; The University of Chicago Press, Chicago, 2002
- “An Account of The Method and Success of Inoculating The Small-Pox, in Boston in New England”, səh: 16; J. Peels at Lock’s Head in Peternoster Row, London, 1772
- Donald R. Hopkins, “The Greatest Killer: Smallpox in History”, səh: 261; The University of Chicago Press, Chicago, 2002
- Lois N. Magner, “A History of Medicine”, səh: 245; Marcel Dekker Inc, New York, 1992
- Jennifer A. Reich, ”Calling the Shots: Why Parents Reject Vaccines”, səh: 25; New York University Press, New York, 2018
- Fiona Haslam, “From Hogarth to Rowlandson: Medicine in Art in Eighteenth Century Britain”, səh: 239-240; Liverpool University Press, Liverpool, 1996
- Donald R. Hopkins, “The Greatest Killer: Smallpox in History”, səh: 248; The University of Chicago Press, Chicago, 2002
- Ian & Jenifer Glynn, “The Life and Death of Smallpox”, səh: 60; Cambridge University Press, New York, 2004
- Lois N. Magner, “A History of Medicine”, səh: 240; Marcel Dekker Inc, New York, 1992
- Miri Shefer-Mossensohn, “Ottoman Medicine: Healing and Medical Institutions 1500-1700”, səh: 58-59; State University of New York Press, New York, 2009
- Steven Lehrer, “Explorers of The Body: Dramatic Breakthroughs in Medicine from Ancient Times to Modern Science”, səh: 343; iUniverse, Lincoln, 2006




































Cavab yaz