Fiziklərin çarəsizliyi və Elmin qeyri-stabilliyi

Daha əvvəl atom haqqında nüvədən və ətrafında fırlanan elektrondan ibarət bir təsəvvür mövcud idisə bu gün bunun doğru olmadığını bilirik. Artıq fizikanın “elementar hissəciklər” adlandırdığı bu inşaat parçaları çoxalmaqla bu zərrəciklər ailəsinin getdikcə böyüdüyü görülür. Muon, pion, hiperon, meson, K-meson, Higgs boson, aralıq vektor bosonu, baryon, taxyon, lipton və adlarını qeyd etmədiyimiz daha bir çox fiziki hissəciklər bu ailənin yeni üzvlərinə aiddir.

Hətta bəzi fiziklər bu sonu bitməyən kəşflərin qarşısında məyusluğunu ifadə ediblər. Wolfgang Pauli dostuna yazdığı bir məktubunda deyirdi: “Halhazırda fizika elmi yenə də ciddi bir çıxılmazlıq içindədir. Hər bir halda bu, mənim üçün çox çətindir və düşünürəm ki, kaş ki, kinoda komik aktyor olardım və ya bənzər bir işlə məşğul olardım, fizika haqqında heç bir şey eşitməmiş olardım.”1

Müəyyən bir hissəciyin adını soruşanda tələbəsi Leon Lederman’a müəllimi italyalı fizik Enrico Fermi belə cavab vermişdi: “Gənc oğlan, əgər bu hissəciklərin adlarını yadımda saxlaya bilsəydim botanist olmağı tərcih edərdim.”2 Bu hələ 1954-cü ildə olub. Ondan 10 il sonra bir məqalədə 60-70 subatomik hissəcikdən danışılırdı. Fermi’nin cavabındakı ironiyanı görməmək mümkün deyildir. Bu gün fizika hələ də ən sonuncu olaraq tapılmış hissəciklərin elementar hissəciklər olduğunu əminliklə deyə bilmir.

| Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. Thomas S. Kuhn, ”The Structure of Scientific Revolutions”, səh: 83-84; The University of Chicago Press, Chicago, 1996
  2.  L. M. Lederman, “The God Particle: If The Universe Is The Answer, What Is The Question?”, səh: 15; Dell Publishing, New York, 1993