İslam, Avtoritarizm və Korrelyasiya ilə Kozasiya arasında fərq.

Xüsusilə də son zamanlarda baş verən hadisələrdən sonra İslami idarəetmə formasının avtoritarlığa gətirib çıxarması, belə bir vəziyyət üçün münbit şərait yaratması iddiası tez-tez səsləndirilir.Iddianı daha sonra geniş şəkildə ələ alacağıq. Ancaq hazırda yaranmış ehtiyac səbəbilə mövzuya sadəcə bir misal ilə qısa şəkildə fikir bildirməyin daha doğru olacağını düşündük. Gəlin, görək, bu iddianın əsası varmı?

Əhalisi müsəlman olan torpaqlarda avtoritar rejimlərin uzun illər, hətta uzun əsrlər boyu mövcud olması bəzi araşdırmaçıları İslamın avtoritarizmə yol açdığını deməyə vadar etmişdir. Bu heç də böyük əksəriyyətin görüşü deyil, hətta deyərdim ki, araşdırmaçılar getdikcə bu yanaşmadan üz döndərirlər. Lakin sıravi insanlar müstəvisində mövcud korrelyasiya kozasiya kimi anlaşılır və bu geniş yayılmışdır. Bu haqda uzun bir yazı hazırlamağı düşünürəm, burada isə sadəcə bir misal ilə kifayətlənəcəm.

1970-ci ildə Robert Carneiro erkən dövlət formalaşmasını izah edən “məhdudlaşdırma” (circumscription) nəzəriyyəsini təqdim etmişdir. Bu nəzəriyyəyə əsasən erkən dövlətlər iki şərt aldında formalaşır: yüksək əhali sıxlığı və çıxış seçimini mümkünsüz və ya çətin edən müəyyən təbii xüsusiyyət. Nil vadisi gözəl nümunədir. Nil vadisi hər iki tərəfdən səhra ilə əhatə olunan nazik torpaq zolağından ibarətdir. Burada yaşayan əhali çoxaldıqca insanların bir yerdən başqa yerə köçməsi olduqca çətinləşir və bu iyerarxik mərkəzləşdirilmiş dövlətin yaranmasına gətirib çıxarır. Bu dövlət nə qədər avtokratik olsa da, əhali çıxıb gedə bilmir, olan rejimə dözməyə məcburdur. Səbəb isə aydındır: həm səhra, həm də səhrada yaşayan düşmən qəbilələr. Nəticə isə 5 min illik stabil avtoritar Misir.

Bunun müqabilində Şimali Amerikaya baxa bilərik. ABŞ nə qədər də müasir zamanda ilk demokratik respublika hesab olunsa da, əslində sonradan ABŞ-ın ilk 13 ştatını formalaşdıracaq 13 koloniya artıq olduqca demokratik şəkildə idarə edilir, bəzi koloniyalarda kişilərin hamısı parlament seçkilərində iştirak edə bilirdi. Bundan da maraqlısı odur ki, bu koloniyaları quranlar heç də demokratik idarəçilik qurmaq niyyətində deyildilər. Bunu son zamanlar bizdə məşhurlaşan Daron Acemoğlunun (və çox zaman unudulan James Robinson’un) izahında anlamağa çalışaq.

İngilislərin ilk nisbətən uğurlu koloniyası Virgina Company’nin qurduğu Virginia koloniyası idi, ilk qurduqları qəsəbə isə (settlement) 14 may 1607-ci ildə məskunlaşdıqları Jamestown idi. İlk öncə İngilislər İspanlar kimi yerli əhalini özlərinə işləməyə məcbur etmək planı ilə gəlsələr də, qısa müddət sonra bunun mümkün olmadığını anladılar.

İlk iki il ərzində koloniya Virginia Company’nin təyin etdiyi idarə şurası tərəfindən idarə olunurdu. Bundan sonra yeni idarə sistemi quruldu – koloniyanı Company’nin təyin etdiyi qubernator idarə edəcəkdi. Yerli əhalini özlərinə işlədə bilməyəcəklərini anlayan koloniya idarəçiliyi bu dəfə İngilis kolonistlərini istismar etməyi qərara aldı. Bütün torpaq Virginia Company’nin mülkiyyəti elan edildi. Olduqca ağır iş rejimi təyin olundu. Kişilər baraklara yerləşdirildi və onlara yemək kompaniyanın təyin etdiyi rasionlarla verilirdi. Kişilər iş dəstələrinə ayrıldı və hər bir dəstəyə kompaniyanın xüsusi agenti nəzarət edirdi. Vəziyyət hərbi vəziyyətə yaxın idi, ölüm cəzası isə cəza verməyin ilk çarəsi idi. Qəsəbədən qaçmaq ölüm ilə cəzalandırılırdı. Bu cür vəziyyətdə kolonistlərin qaçıb ya yerli əhali ilə yaşaması, ya da sıxlığı az olan Virginia’da özünə başqa məskən qurması getdikcə cəlbedici olurdu. Bunların qarşısında Virginia Company’nin gücü məhdud idi.

Bir müddət sonra Virginia Company bu strategiyanın işləmədiyini anladı. 1618-ci ildən başlayaraq yeni plan kolonistlərə köçmək üçün stimul vermək idi. “Headright system” adlanan sistemə görə Virginiaya köçən hər bir kişiyə, onun özünə, ailə üzvlərinin və hətta qulluqçularının hər birinə görə kompaniya 50 akr torpaq verirdi. Kolonistlərə evlər verildi və onlar imzaladıqları kontraktrlardan azad olundular. 1619-cu ildə Baş Assambleya quruldu.Bununla faktiki olaraq bütün kişilər koloniyanı idarə edən qanunlar və institutlarda söz sahibi oldular. “Bu ABŞ demokratiyasının başlanğıcı idi”. (Acemoglu və Robinson`dan, cüzi dəyişikliklərlə).

Bu proses aşağı yuxarı bütün digər koloniyalarda da baş vermişdir. Gördüyünüz kimi iki tamamilə bir-birinə zidd təbii şərait iki bir-birinə zidd rejim ilə nəticələndi. Misir əhalisinin çıxış seçimi olmadıqları üçün avtoritar rejimə dözmək məcburiyyətində idilər. İngilislər də Misir hökümdarları kimi avtoritar rejimə baş vurmaq istəyirdilər, lakin burada kolonistlərin geniş çıxış seçimi olduğu üçün ehtiyac balansı hökmdarların deyil, əhalinin xeyrinə çevirildi və nisbətən azad cəmiyyət quruldu.

Bütün bunlar rejimlər fərqliliyində bu verdiyimiz izahın yeganə izah olduğunu gərəkdirmir. Misal üçün, Misirdə 5 il ərzində ilk dəfə əhalinin rizası ilə seçilən Muhammad Mursinin nəyə görə hakimiyyətdə qalmadığı və Misirin yenidən avtoritar rejimə qayıtmasının əsas səbəbini hamımız bilirik. Lakin, yer imkan vermədiyi üçün bunlara toxunmadan çox qısa izahla kifayətlətlənməli olmalıyam.

Demək istədiyimiz odur ki, Misirin son 14 əsr ərzində müsəlman torpağı olduğunu görüb Misirin avtoritarizmini İslamla əlaqələndirmək doğru deyil. Bu korrelyasiyadır, kozasiya deyil. Stephen Haber adlı siyasət aliminin məqalələrinin birində dediyi kimi, “İslam=avtoritarizm” Misirin İslamdan öncə 36 əsr tarixini izah etmir. Orta Şərq haqda, hətta Çin haqda da danışmaq olar, lakin dediyim kimi yer imkan vermir. (Maraqlananlar üçün yaxınlarda bitirdiyim Çin tarixini modern Avropa tarixi ilə müqayisə edən Victoria Tin-bor Huinin “War and state formation in ancient China and early modern Europe” adlı kitabını məsləhət görə bilərəm).