“Boşluqlar İlahı”

Bir neçə gün öncə izləyicilərimizdən biri bizə türk dilində bir video çarx yollayıb və videoda olan ateist mülahizələrinə cavab verməyimizi xahiş etmişdir. Ateistin dediklərinə qulaq asdıqdan sonra cavab verilməyə layiq olan bəzi şübhələrinə münasibət göstərməyə qərar verdik. Ateistin fikirlərinin tam şəklini deyil, qısaca mənasını yazacayıq.

Ateist sözünə belə başlayır: “Elm tərəfindən bu gün qəbul olunan teoriya Kainatın Böyük Partlayış nəticəsində yaranmasıdır. Lakin biz Böyük Partlayışın səbəbini bilmirik. Buna səbəb yadplanetlilər də ola bilər; həmçinin bizim Kainat başqa bir canlının içərisində mövcüd ola bilər, necə ki bizim içimizdə yaşayan bakteriyalar ulduzların və planetlərin varlığından xəbərsizdir. Elmin Yaradıcının mövcüdluğunu isbat etdiyi barədə iddialar tamamilə yalandır…”

“Hipoteza”

Bu ateistin özünü bakteriyalara bənzətməsinin üstündən keçirik; başqa kainatların içində mövcud olan kainat hipotezasına (məgər bu hipotezadır?) isə Allahın izni ilə ayrı bir yazıda ələ alacağıq. Qısaca olaraq onu qeyd edək ki, elm adından danışan və elmin özlərinin tərəfində olduğunu iddia edən insanların heç bir elmi sübutu olmayan və multikainat adlanan “hipotezaya” sırf Allaha təslim olmamaq üçün inanmaları yumşaq dillə desək ikiüzlülükdür. Bu hissədə istifafə olunan son cümləyə gələk.

Elm və Allahın varlığı

Ateist demək istəyir ki, Allaha inanan insanlar “Elm Allahın varlığını isbat etdi” deyə yalan danışırlar. Ola bilər ki, bəziləri bu ifadəni istifadə etsinlər, lakin bu insanların qəsdi nədir? Allahın varlığı teleskop, mikroskop və ya başqa bir cihazla isbat edilməlidir? Düşünürəm ki, bu ateist özü də bunun belə olmadığını bilir. Əvvəlki yazılarımızda qeyd etmişik, bir daha da təkrarlayırıq ki, sırf empirik yolla Allahın varlığını isbat etmək mümkün deyil, çünki fizika qanunları ilə fiziki dünyadan daha üstün Varlığı isbat etmək mümkün deyil. Allaha inananlarin ateistin bizi ittiham etdiyi “Elm Allahın varlığını isbat etdi” ifadəsini işlətmələrinin səbəbi isə fiziklərin və ya bioloqların günbəgün etdiyi yeni kəşflər haqqında məlumatlardır və bunların bəsit bir ateist təsadüfünün nəticəsi ola bilməyəcəyi aydındır. Əgər əvvəllər fiziklər sadəcə 9 planet, Günəş və bir ovuc ulduz görürdülərsə, bu gün onlar trilyonlarca ulduz və planet görürlər. Qısacası, teistlər “Elm Allahın mövcudluğunu isbat etdi” deyərkən, elmin cox inkişaf etməsini və bu səbəblə ateistlərin artıq quru təsadüfün arxasında gizlənə bilməyəcəklərini qəsd edirlər. Ateistin sətiraltı “yalnız elmin sübut etdiyinə inanmalıyıq” iddiasına isə səhifəmizdə cavab tapa biləcəyiniz üçün burada təkrara yer vermirik.

Ateist davam edir..

Buraya qədər ateistin dediyi çox bəsit idi. Bundan sonra ateist davam edir: “Kainat çox müdhiş, heyvanlar çox müdhiş, deməli Yaradıcı yaratdı – elmi isbat deyildir. Çöldə gəzən bir cahilə “yer üzü sonsuzdur, çünki nə qədər getsən də bitmir” demək elmi isbat deyil. “Devid Koperfildin necə uçduğunu bilmirik, deməli xüsusi gücü var” demək elmi isbat deyildir. Əvvəlki dönəmlərdə rahibin “xəstəliklər Allahın qəzəbı deyil də nədir” deməsi elmi isbat deyildir.(Və beləcə) “biz Kainatın necə var olduğunu bilmirik deməli Yaradıcı yaratdı” demək elmi isbat deyil”…

Ateistin nə etmək istədiyini izah edək. Əvvəlcə məntiq elmində arqument hesab olunmayacaq bəzi misallar verir və sonra Allahın varlığına dair teistlərin istifadə etdikləri arqumentlərin də bu qəbildən olduğunu göstərmək istəyir. Koperfildin uçduğunun səbəbini bilmirik və bilmədiyimiz müddətcə onun xüsusi gücü olduğunu iddia edib buna inanırıq. Ateist iddia edir ki, teistlər eyni məntiqi istifadə edirlər. Kainatın yaranma səbəbi haqda cahildirlər və cahil olduqları üçün səbəbin Allah olduğunu fərz edirlər. Buna ümumi olaraq “boşluqlar ilahı” (god of gaps) adı verilir. Yəni, əgər elm bir şeyi izah edə bilmirsə, biz bu boşluğu Yaradıcı ilə doldururuq və bu arqumentimiz sırf cəhalətimizdən irəli gəlir. Ateistin demək istədiyi odur ki, Koperfildın misalında olduğu kimi, burada da bir şeyi bilməməyimiz, fərziyəmizin doğru olduğu anlamına gəlməz.

“Boşluqlar ilahı” necə işləyir?

Bunun əsassız şübhə olduğunu anlamaq üçün, “Boşluqlar ilahı” düşüncəsinin necə işlədiyini yaxşı anlamaq lazımdır: “Filan şeyin səbəbini bilmirik, beləliklə onun səbəbi Allahdır.” Yəni, Allahın varlığının sübutu cəhalət üzərinə bina edilib. Lakin bizim, və ümumən teistlərin istifadə etdiyi kosmoloji, teleoloji və digər arqumentlər deduktiv xarakter daşıyır, onlar bilmədiyimiz şeylərə deyil, əksinə bildiyimiz məlumatlara əsaslanaraq Yaradıcının varlığını isbat edir. Misal üçün Kosmoloji arqumentə nəzər salaq.

Kosmoloji arqument

Birinci fərziyyə: başlanğıcı olan hər bir şeyin səbəbi vardır.
İkinci fərziyyə: Kainatın başlanğıcı var.
Nəticə: Kainatın bir səbəbi vardır.

Göründüyü kimi, bu arqument bizim istər fəlsəfə, istərsə də fizika elmi vasitəsi ilə bildiyimiz fərziyyələr üzərinə bina edilmişdir, cəhalət üzərinə deyil. Bundan sonra biz ilkin səbəb haqda bildiyimiz məlumatları bir araya toplayıb, Yaradıcının ilkin səbəb kimi ən uyğun izah olduğunu isbat edirik. Buradan anlayırıq ki, ateistin bizim “boşluqlar ilahına” inandığımız, arqumentlərimizi cəhalət üzərinə bina etdiyimiz iddiası sadəcə bir yalan və gözdən pərdə asmaqdır.

Məsələnin daha aydınlaşması üçün bir misal verək. Əgər bəşəriyyət bir gün Mars üzərinə ensə və orada şəhərlər, tikililər, insanın yarada bilməyəcəyi qədər qəliz bir texnologiya ilə qarşılaşsa bunlar haqda nə deyəcək? Bunların intellekti, gücü və iradəsi olan bir sivilizasiya tərəfindən yaradıldığına inanacaqmı? Normal deduktiv düşüncə sahibi o sivilizasiyanın heç bir mənsubunu görməsə belə bu cür nəticəyə gələr. Təsəvvür edin ki, birisi sizin bu cür inandığınızı görüb sizə deyir: “Sən səbəbin nə olduğunu bilmədiyin üçün bu sivilizasiyaya inanırsan. Bu cür inanmağın Koperfildin uçmağına inanmağın kimidir”… Şübhəsiz ki, sizin bildiyiniz məlumatlar əsasında belə bir sivilizasiyaya inanmağınız məntiqli olacaq, qarşı tərəfin etirazı isə yersizdir. Kosmoloji arqumentin bu arqumentə və ya ateistin gətirdiyi Koperfild arqumentinə daha çox oxşadığına isə hər kəs özü qərar versin.