Bərabərlik və Mənəvi-Hüquqi Normalar | Liberalizmdəki Bərabərlik Prinsipi

ABŞ qurularkən ana prinsip “Hüquq Bərabərliyi” idi. Müasir hüquq təcrübəsinin əsasını “qanun qarşısında bərabərlik” təşkil edir. Fransız İnqilabının şüarı “Azadlıq, Bərabərlik, Qardaşlıq” idi. Kommunizm və sosializmin əsas hədəfi “iqtisadi bərabərlik”dir. Müasir qadın hərəkatları öncüllərinin şüarları “qadınlar üçün bərabər hüquqlar”dır, gender aktivistləri isə “gender bərabərliyi”ni özlərinə şüar ediblər və s. Bu bərabərliklərin hər biri özlərində fərqli mənaları ehtiva etsə və bizə praktiki olaraq George Orwell’in “bütün heyvanlar bərabərdir, ancaq bəzi heyvanlar daha çox bərabərdir” sözlərini xatırlatsa da, bərabərlik prinsipini əsas götürməkdədirlər. Bəs əslində bərabərlik nə deməkdir?

Müasir liberalların ən çox istinad etdikləri məfhumlardan biri bərabərlik məfhumudur. Bəlkə də akademik olmayan dairələrdə bərabərliyə istinad etmək avtonomiyaya istinad etməkdən daha inandırıcıdır. Bir homoseksualın “mənim istədiyim adamla evlənməyə haqqım var, çünki mən bunu istəyirəm” deməsindənsə, “çünki heteroseksual birisi istədiyi ilə evlənə bilir, bütün insanlar da bərabərdir” deməsi daha inandırıcı görünür. Bəzi müsəlman mütəfəkkirləri bu məsələyə toxunduqda “İslamda bərabərlik yoxdur, İslamda ədalət prinsipi vardır” deyərək məsələyə cavab verməyə çalışırlar. Biz bu cür yanaşmanın ən azı polemika baxımından müsəlmanlara xal itirdiyini düşünürük.

Bərabərliyə istinad edənlər arasında Kenneth Karst1, Ronald Dworkin2, David A. Richards3, Laurence Tribe4, Max Charlesworth5`u və başqalarını qeyd edə bilərik. Bu liberalların bərabərlik haqda sözlərinə baxdıqda, bərabərlik məfhumunun avtonomiya məfhumu ilə eyni nəticəyə gəldiyini görəcəyik. Avtonomiyanı əvvəlki yazılarımızda müzakirə etdiyimizə görə bir də bu məsələyə qayıtmaq istəmirik.

Hər bir halda, “bərabərlik” məfhumunu müəyyən ədalət prinsipinə istinad etmədiyimizdə onun bir mənası qalmır. Bərabərliyi tədbiq etmək üçün iki nisbətən oxşar insanın nisbətən oxşar əməl etməsi lazımdır. Həddi buluğa çatmış, ağlı başında iki şəxs iki məsum şəxsin həyatına son qoyduqda (digər dəyişənlərin eyni olduğunu fərz etsək) bərabərlik prinsipinə əsasən eyni müamilə görməlidirlər. Öldürülən şəxslərdən biri başqa şəxsi öldürməyə çalışan cani olsa, biz bərabərlik prinsipini tətbiq edib yenə də hər ikisinə eyni müamilə edə bilmərik, çünki bərabərlik prinsipini tətbiq etmək üçün “iki nisbətən oxşar insanın nisbətən oxşar əməl etməsi lazımdır”. Məsum insanı öldürən ilə canini öldürən oxşar əməl etmədikləri aşkardır. Hər iki halda iki insan öldüyünə baxmayaraq biz iki hal arasında fərq qoyuruq. Bunun səbəbi isə odur ki, iki şeyin bir birinə bərabər olub olmamasına qərar vermək üçün müəyyən standartın olması labüddür. Öldürülən cani ilə öldürülən məsum bir birinə bərabərdir mi? Əgər onları müqayisə etdiyimiz standart hər ikisinin məməlilər sinifinə daxil olub-olmamasıdırsa, o zaman onlar bərabərdir. Əgər onları müqayisə etdiyimiz ölçü cinayət törədib-törətmədikləridirsə, o zaman onlar bərabər deyillər.

Məsələni daha da aydın olması üçün Peter Westenin misalına6 baş vuraq. Üç uşaqlı evdə piroq hazırlanıb. Piroq uşaqlar arasında necə bölüşdürülməlidir? Birinci uşaq bir həftə ərzində ev işlərini görməkdən imtina etmişdir. Bunları etdikdə o bu əməllərə görə bəzən desertsiz qalmağın evin qaydalarından olduğunu bilir. İkinci uşağın artıqçəkilidir, lakin valideynlər əla qiymətlər alan uşağa xüsusi müamilə edəcəklərinə söz veriblər və bu uşaq əla qiymət alan yeganə uşaqdır. Üçüncü uşaq piroqun bişirilməsində qarşılıqsız yardım etmişdir, digər iki uşaq isə yardım etməkdən imtina etmişdir. Uşaqlar piroqun necə bölünməsində ixtilaf edirlər. Birinci uşaq hamının bərabər olduğunu deyir, buna görə də piroqun tam üç yerə bölünməsini tələb edir. İkinci uşaq bərabərliyi inkar etmir, lakin uşaqların bərabər müamilə görməsinin şərti kimi aldıqları qiymətlərin əla olmasını qeyd edir. Valideynlər hər bir uşağa əla qiymətlər aldığı təqdirdə xüsusi müamilə görəcəklərinə vəd verdiklərinə görə onlara bərabər müamilə etmişlər, lakin digər iki uşaq əla qiymətlər ala bilmədiklərinə görə əla qiymətlər alan uşaq ilə bərabərlik statusundan özlərini məhrum etmişlər. Üçüncü uşaq isə piroqun hazırlanmasında yardım etdiyini vurğulayaraq ilk iki uşaqdan fərqli olduğunu deyir və beləliklə daha böyük hissə tələb edir.

Burada diqqət yetirmək lazımdır ki, bu uşaqlar əslində bərabərlik prinsipini inkar etmir. Bərabərlik üçün “iki nisbətən oxşar insanın nisbətən oxşar əməl etməsi” lazımdır. Uşaqlar bunu inkar etmir, onlar nisbi oxşarlığın hansı standart üzərə qurulmasında ixtilaf edir. Birinci uşağa görə sadəcə valideynlərin övladı olması faktı bərabərlik üçün ölçüdür. İkinci uşağa görə ölçü uşaqların məktəbdəki uğurlarıdır. Üçüncü uşağa görə ölçü piroqun hazırlanmasında yardım etməkdir. Uşaqlar nə zaman bərabərlik prinsipinə zidd əməl etmiş olacaqdırlar? Misal üçün, əgər hər üç uşaq piroqun hazırlanmasında yardım etsə idi, lakin bununla bərabər üçüncü uşaq özünü daha böyük hissəyə layiq olduğunu desə idi, o zaman üçüncü uşaq bərabərlik prinsipinə zidd gedəcəkdir, çünki özünün standartına görə (piroq hazırlanmasında yardım) bərabər gördüyü üç nəfərə eyni müamiləni göstərməmişdir.

Buna görə də önəmli olan bərabərlik prinsipi deyildir. Önəmli olan o bərabərlik prinsipinin üzərində qurulduğu ədalət prinsipidir.  Verdiyimiz misalda ədalət nədir: uşaqlara sadəcə valideynlərin övladları olduqlarına görə müamilə etmək, aldıqları qiymətlərə görə müamilə etmək və ya yardım edib etməmələrinə görə müamilə etmək?

İslam hüququndan misallar ilə davam edək. İslam hüququna görə istər məsum qadını, istər məsum kişini, istərsə də, məsum uşağı öldürən şəxs eyni cəza görməlidir. İslam burada qadın, kişi, uşaq fərqi qoymur, hər üçünə bərabər müamilə göstərir, çünki hər üçü “məsum candır” və ədalət prinsipi üçünün də hayatına son qoyanın eyni müamilə görməsini tələb edir. Lakin miras məsələlərinə gəldikdə bacı qardaşından iki dəfə az mirasa sahib olur. Bunun səbəbi odur ki, qadın ilə kişinin öhdəlikləri fərqlidir. Kişi xanımına, övladlarına pul xərcləməlidir, qadın isə ərə getdiyi təqdirdə nə özünə, nə də uşaqlarına pul xərcləməli deyil, əksinə, bütün bu xərclər onun ərinin boynundadır. Aldığı mirası istədiyi kimi xərcləyə bilər. İslamın burada etibara aldığı müəyyən ədalət prinsipi vardır, bu prinsipə görə xanımına və uşaqlarına pul xərcləyən hər bir kəs bu xərclərdən xali olan insandan daha çox miras almalıdır. Əgər qazi vəfat etmiş bir kişinin mirasını böldükdə onun oğluna qızı qədər miras versə, sonra digər kişinin mirasını böldükdə onun oğluna qızından iki dəfə çox miras versə, iki oğlan varis arasında bərabərlik prinsipini pozmuş olacaqdır, çünki eyni vəziyyətdə olan (xanımına və uşaqlarına pul xərcləməli olan) iki nəfərə müxtəlif müamilə etmişdir. Lakin ikinci halda oğul ilə qız arasında mirası böldükdə bu prinsipi pozmamışdır, çünki müxtəlif halda olan iki şəxsə müxtəlif muamilə etmişdir. Qısacası, önəmli olan “bərabərlik” deyil, bu bərabərliyin üzərində qurulduğu ədalət prinsipidir.  Douglas Rae normativ mezakirələrdə “məsələ bərabərlik deyil, hansı bərabərlikdir”7 deyəndə bizim dediklərimizi qəsd etmişdir.

Əslində bütün qanunlar bu cürdür. Bütün qanunlar bərabər vəziyyətdə olan insanların eyni müamilə görməsini tələb edir, bərabər vəziyyətdə olmayan insanlara isə fərqli müamilə edir. İlk verdiyimiz misalda məsum adamı öldürən ilə canini öldürən bərabər müamilə görmədi. Burda bərabərlik prinsipi pozulmamışdır, çünki biz hamımız ədalət prinsipinə istinad edərək cani ilə məsumun bərabər olmadığını qəbul edirik.

Digər məsələlər də belədir. Homoseksuallar heteroseksuallar kimi istədikləri ilə evlənə bilərlər mi? Digər sözlə onlar nisbətən “bərabər” yanaşma görməlidirlər mi? Bərabərlik prinsipi bu suala cavab verə bilməz, çünki homoseksualların hetereseksuallara bərabər olub-olmaması həll olunması lazım olan məsələnin özüdür! Əgər bizim ədalət anlayışımız onların eyni olduğunu deyirsə, o zaman homoseksuallara evlənmək hüququ verməliyik, əgər ədalət prinsipimiz onların heteroseksuallar ilə eyni olmadığını deyirsə, onların evlilikləri qadağan olunmalıdır. Bərabərlik prinsipi bu suala cavab verə bilməz, çünki bu iki qrup insanın eyni olub-olmadığını təyin edə bilmir. Bərabərlik prinsipi bizə sadəcə onu deyə bilər ki, iki qrupun eyni olduğunu təyin etsək, onlara eyni müamilə etməliyik, onların fərqli olduğunu təyin etsək, onlara fərqli müamilə etməliyik.

Dipnotlar

  1. Kenneth Karst, “Foreword: Equal Citizenship under the Fourteenth Amendment,” Harvard Law Review 91 (1977):
  2. Dworkin, R. (1978). Taking Rights Seriously: With a New Appendix, a Response to Critics (Fifth Printing ed.). Harvard University Press.
  3. David A. J. Richards, “The Individual, the Family, and the Constitution: A Jurisprudential Perspective,” New York University Law Review 55 (1980): 20.
  4. Laurence Tribe and Michael Dorf, “Levels of Generality in the Definition of Rights,” University of Chicago Law Review 57 (1990): 1095.
  5. Max Charlesworth, Bioethics in a Liberal Society (Cambridge: Cambridge University Press, 1993), 115.
  6. Peter Westen, Speaking of Equality (Princeton: Princeton University Press, 1995), 125-127.
  7. Douglas Rae and Douglas Yates, Equalities (Cambridge, Mass.: Harvard University Press, 1981)