Fələstin və ASALA arasında hansı əlaqə var?

Fələstinlilər ilə ermənilər arasındakı münasibətlərlə bağlı qarşıya qoyulmuş ən güclü arqument fələstinlilərin erməni terrorizminə, daha dəqiq desək, ASALA təşkilatına kömək etməkləri arqumentidir. Bu haqda bir qədər məlumatları dəqiqləşdirməyə və bu məsələni məzmununa oturtmağa çalışacağıq.

Azərbaycanlı sabiq diplomat Vəfa Quluzadə bir video çıxışında Sovetlər İttifaqının fələstinlilər vasitəsilə ermənilərə silah ötürdüyünü qeyd edirdi. Vəfa bəyin sözündən anlaşılan budur ki, Sovetlər fələstinlilərə silah verməyin qarşısında bu silahın bir hissəsinin ermənilərə çatacağını şərt qoşurdu. Fələstinlilər ilə ermənilərin arasındakı münasibətlərin hansı məzmunda baş verdiyini anlamağımız çox önəmlidir. Qeyd edək ki, bu münasibətlər Livanda baş verib və Livanda o zaman yaşamış 200 000-ə yaxın erməni icmasından olan bəzi kəslər fələstinlilərin işğala qarşı mübarizəsində iştirak ediblər. Hətta fələstinlilərin mübarizəsində formalaşmış çoxsaylı təşkilatlar arasında ermənistana silah və təlim baxımından yardım edənlər olub. Lakin fələstinliləri ümumilikdə ermənilərə dəstək verməkdə ittiham etmək xətadır, çünki onların arasından ermənilərə yardım etmiş kəslərin kim olduğuna baxdığımızda məzmunu doğru anlamış olacağıq.

Bu barədə Michael M. Gunter’in “Pursuing the Just Cause of their People” və “Armenian History and the Question of Genocide”, Bruce Hoffman’ın “Inside Terrorism”, Tricia Bacon’un “Why Terrorist Groups form International Alliences” adlı kitablarını, Christopher Gunn’ın “Secret Armies and Revolutionary Federations” adlı doktor dissertasiyasına nəzər saldığımızda görürük ki, ASALA təşkilatının yaranması haqqında çoxlu dəqiqləşdirilməmiş məlumatlar olduğu kimi dəqiq bilinən məlumatlar da mövcuddur. ASALA təşkilatı necə yaradılıb? Azərbaycanda məlum qrupların yaymaq istədikləri nəzəriyyə budur ki, bu terrorist təşkilatı Fatah təşkilatının banilərindən, Yassir Arafatın silahdaşı Əbu İyad Salah Xələfin təklifi ilə qurulub. Lakin bu iddia üçün yeganə qaynaq olaraq ispaniyalı jurnalist Jose Antonio Guirriaran göstərilir.1 Hətta Monte Melkonian’ın qardaşı bu versiyaya bir qədər şübhə ilə yanaşır. Onun irəli sürdüyü versiyaya görə təşkilat qurma ideyasını Haqop Haqopyan’a (əsl adı Harutyun Takuşiyan idi) verən Kevork Acemyan olub.2

Ən sonuncu versiya isə budur ki, ASALA təşkilatının qurulmasının fikir ataları üç erməni “intellektual” olub; bunlardan biri Beyrutdakı həftəlik “Spurk” dərgisinin sahibi Simon Simonyan, digəri onun qaynı Kevork Acemyan və sonuncusu isə James Karnusian olub. Çox maraqlıdır ki, ABŞ-dakı Federal Təhqiqat Bürosu hələ 1985-ci ildə Kevork Acemyan’ı ASALA təşkilatının banilərindən biri kimi müəyyən etsə də, 1997-ci ildə yazdığı kitabla bağlı ABŞ-da ictimaiyyətlə görüş turu keçirən Kevork Acemyanı həbs etməyib.3 Əbu İyad Salah Xələf haqqındakı iddianın nə qədər doğru olduğunu bilmək imkanımız yoxdur. Lakin biz bilirik ki, 1982-ci ildə ASALA təşkilatının lideri Takuşiyan özünün ölməsi xəbərini elan etdirir, ölmüş zənn edilməsini və səhnənin arxasıdan əməliyyatlar keçirməyi istəyir, lakin Əbu İyad’ın Fransanın Kəşfiyyat xidmətlərinə verdiyi xəbər əsasında fransızlar onu Fransada 1983-cü ilin fevral ayında ASALA-ya aid yerlərdə yoxlama keçirərkən tapmaq imkanı verdi.4

Ermənilərin fələstinlərin düşərgələrində döyüş təlimləri almaqları, həmçinin silahlanmaqları sübuta yetirilmiş faktlardır və bunları danmaq olmaz. Lakin burada önəmli olan nüans budur ki, sözü gedən fələstinlilər kiçik bir fraksiyanı təmsil edirdi və bu fraksiyanın başında George Həbəş və Vadi Həddad dururdu. George Həbəş 1926-cı ildə Fələstində Lüdda şəhərində yunan-ortodoks kilsəsinə aid olan xristian bir ailədə anadan olub. 1948-ci ilin iyul ayında yəhudilər şəhərə daxil olurlar və yetmiş minə yaxın əhalini şəhərdən sürgün edirlər. Fələstinlilərin yaddaşında Lüdda Ölüm Marşı olaraq tanınmş bu hadisədə George Həbəşin bacısı ölənlər arasında idi. İlk əvvəllər Fələstin Azadlıq Təşkilatında aktiv ikən 1967-ci ildə Yassir Arafat tərəfindən kənarlaşdırılır və buna görə də George solçu-marksist ideologiya üzərində Xalq Cəbhəsi təşkilatını qurur. George Həbəşin dostu və silahdaşı Vadi Həddad 1927-ci ildə Fələstinin Safəd şəhərində, yunan-ortodoks kilsəsinə aid xristian bir ailədə dünyaya gəlib. Onun ailə evi 1948-ci ildə yəhudilər tərəfindən dağıdılır və o, fələstinli bir qaçqın olaraq Livana qaçmalı olur. Beyrut Amerika Universitetində tibb oxuyarkən George Həbəş ilə tanış olur. 1967-ci ildə dostu Həbəşin qurduğu Xalq Cəbhəsi təşkilatında xarici əməliyyatlar bölməsinə rəhbər təyin olunur. Vasili Mitroxin’ə görə hələ 1970-ci ildə Həddad Sovet İttifaqının KQB-si tərəfindən döndərilmişdi və KQB onu etibarlı və işəyarayan bir resurs hesab edirdi.5

Haqop Haqopyan 1975-ci ildə ASALA təşkilatını qurmadan əvvəl məhz Vadi Həddad’ın qrupunda fəaliyyət göstərirdi və onu da qeyd edək ki, Haqop ana tərəfdən ərəb idi. Ona görə də Bruce Hoffman yazır ki, “ASALA birbaşa həm George Həbəş’in PFLP təşkilatından, həm də o təşkilatdan qopmuş daha radikal olan və Vadi Həddad tərəfndən idarə olunan PFLP xüsusi əməliyyatlar qrupundan törədiyini iddia edə bilər.”6Vadi Həddad kimi KQB agentinin dəstəyi ilə qurulmuş ASALA terror təşkilatını göstərmək və buradan “fələstinlilər ermənilərə dəstək verib” nəticəsi çıxarmaq yalnışdır. Bu, sadəcə olaraq radikal marksist təşkilatların ortaq maraqlarından xəbər verirdi, çünki ASALA Sovetlər İttifaqının dəstək verdiyi marksist bir qrup idi, Daşnaklar isə ABŞ-ın himayəsi ilə fəaliyyət göstərmiş qrup idi, ona görə də ASALA ilə Daşnaklar bir-birilərinə qarşı mübarizə aparırdılar. Eyni şəkildə almanların Qırmızı Cəbhə Fraksiyasının da bu cür radikal elementlərlə əməkdaşlıq etməkləri qəribə deyildi, çünki bunları birləşdirən marksist ideologiya var idi.

Burada maraqlı bir paralel aparmağımız lazımdır. Bizə məlumdur ki, İsrail dövləti doxsanıncı illərə qədər kürd gerillalarını silahlandırıb və onları təlib edib. 1960-cı illərdə israilli hərbi ekspertlər İraqa qarşı kürd gerillalarını təlim edirdilər və bu təlim əməliyyatı “Marvad” adı ilə tanınır. 1967-ci ilin sentyabr ayında Barzani’nin İsraili ziyarət etdiyi və müdafiə naziri Moşe Dayan ilə görüşdüyü bilinir. Kürdlərə Parastin adlı kəşfiyyat və istixbarat aparatını qurmaqda kömək edənlərin İsrailin ossad və İranın Savak təşkilatları olduğu da bilinir. Michael Gunter yazır: “2003-cü ildə İraq müharibəsi İsrailin İraq Kürdüstanına yenidən maraq salmasına səbəb oldu və bununla da İsral ilə Türkiyə arasında problemlərin yaranmasına gətirib çıxardı. Türkiyənin şimali İraqda müstəqil kürd dövlətinin formalaşmasından narahat olmasına baxmayaraq İsrail belə bir varianta çox müsbət yanaşırdı, çünki İran tərəfindən nüvə silahı təhlükəsi gözləyirdi və müsəlman Türkiyəsi ilə davamlı əməkdaşlıq etməkləri sual altında idi…

Xəbərlər onu göstərir ki, İsrailin agentləri Türkiyənin narazılığına səbəb olacaq şəkildə şimali İraqda əməliyyatlar aparırdılar.”7 Əgər fələstinlilərin arasından hansısa marksist bir qrup ortaq maraqlarına görə erməni terroristləri ilə əməkdaşlıq edibsə İsrail dövlət səviyyəsində Türkiyənin maraqlarına qarşı kürd militantlarına dəstək verib, onlara təlim keçib. Birincisi fələstinliləri təmsil edə bilməz, lakin ikinci misal isə İsrail dövlətini təmsil edə bilər.

Dipnotlar

  1. Robert I. Friedman, “Spanish Journalist, Victim of ASALA Bombing, Becomes Expert on Armenian Cause”, Armenian Reporter, səh: 2, 15 sentyabr, 1984
  2. Markar Melkonian, “My Brother’s Road: An American’s Fateful Journey to Armenia”, səh: 77; I. B. Tauris, New York, 2007
  3. Christopher Gunn, “Secret Armies and Revolutionary Federations: The Rise and Fall of Armenian Political Violence”, səh: 126-127; Florida State University, 2014
  4. Eyni mənbə: səh: 131;
  5. J. M. Hanhimäki & Bernhard Blumenau, ”An International History of Terrorism: Western and Non-Western Experiences”, səh: 117-118; Routledge, New York, 2013
  6. B. Hoffman, “Inside Terrorism”, səh: 72; Columbia University Press, New York, 2006
  7. Joseph S. Joseph, “Turkey and the European Union: Internal Dynamcs and External Challanges”, səh: 116-117; Palgrave Macmillan, New York, 2006