“Respublikaçı, sekulyar prinsiplərə və qadın haqlarına dəyər verən bir MP və feminist kimi mən kiminsə Parlamentə mənim üçün təslimiyyət simvolu sayılan hicabda gəlməsini qəbul edə bilmərəm”.
Anne-Christine Lang
Müsəlman xanım Maryam Pougetoux`nun bu günlərdə Fransa Milli Assambleyasında çıxış edərkən üzləşdiyi haldan çox ehtimal ki, xəbərdarsınız.1 Qadın haqlarına dəyər verən və Macron`un liberal partiyasının üzvü olan Anne-Christine Lang digər bir qadının istədiyi paltarı geyinmək hüququnu necə rədd edə bilər? Bu hal bizi təəccübləndirməlidirmi?
Bu, liberalizmin tarixini oxuyan birisi üçün əslində təəccüblü gəlməməlidir. Yaxınlarda John C. Calhoun`nun heykəlini aşıranlar onun irqçi və quldar olduğunu bilirdilər, görəsən onun mütləq hakimiyyətə, güc konsentrasiyasına qarşı olduğunu, fanatiklik2 və səlibçilik ruhunu qınadığını3 və konstitusiya hökumətini və azlıqların hüquqlarını şiddətli şəkildə müdafiə etdiyini bilirlərmi?4 Calhoun əsl liberala oxşayır, elə deyilmi?
Quldar liberal?!
Bu liberal dəyərlərlə bərabər Calhoun quldarlığı ləğv etmək istəyən “kor fanatikləri” dözümsüzlükdə ittiham edir:5 “Onlar Konstitusiyanın legitimləşdirdiyi mülkiyyət hüququnu – quldarlığı ləğv etməyi özlərinə müqəddəs borc bilirlər.”6 Calhoun`un arqumenti ilə Pougetoux`a hücum edən qadının arqumenti arasında oxşarlıq sezmək olar. Eyni zamanda bu qadın kimi Calhoun da azlıqların hüquqlarını qoruyanlardan idi, sadəcə hər iki halda bəzi azlıqlar istisna edilmişdir.
Müasir liberallar təbii ki, Calhoun`un liberal olmadığını deyəcəkdir. Lakin biz özümüzdən danışmırıq. Bəzən Britaniyanın ilk həqiqi liberal baş naziri kimi vəsfləndirilən William Gladstone`nun yardımçısı və dostu, 19-cu əsr liberalizminin görkəmli nümayəndəsi Lord Acton`a görə Calhoun “absolutizmə qarşı mübarizənin öncülü idi”, istifadə etdiyi arqumentlər “siyasi həqiqətin kamilliyi idi”. Qısacası, Acton`a görə Calhoun ən görkəmli liberallardan biri idi.7
Eyni tərifi müasir zamanımızda Calhoun haqda yazanlarda da tapmaq olur: “güclü individualist”8 “çoxluğa qarşı azlıqların haqlarını qorumaqda öncül”9 və ya “çoxluğun istəklərini məhdudlaşdırmanın nəzəri müəllifi”.10
Azadlıq və quldarlıq öncülləri
Calhoun bu məsələdə tək deyil. Andrew Fletcher eyni zamanda həm “azadlıq öncülü”, həm də “quldarlıq öncülü” idi.11 Fletcher`ə yaxın düşüncələri olan James Burgh, Thomas Jefferson kimi respublikaçıların hörmətini qazanmış,12 Thomas Pane kimi radikal azadlıqsevər tərəfindən xoş sözlərlə qeyd olunmuşdur.13
Qeyd etdiyimiz və qeyd edə biləcəyimiz şəxsiyyətlər çox da tanınmırlar. O zaman tarixdə ilk liberal respublika olan ABŞ-a baxaq. İlk prezident George Washington, “İstiqlal Bəyannaməsini” yazan Thomas Jefferson və Konstitusiyanın yazılmasında əsas rolu oynayan James Madison kimi şəxsiyyətlərin hamısı quldar olublar.14 Britaniyanın “siyasi qulu”15 olmaqdan imtina edən bu adamlar prinsiplərini öz qullarına tətbiq etməyiblər. Əslində ABŞ-ın ilk 16 prezidentindən dördü istisna olmaqla qalan hamısı cənub quldarlarından olublar.16
“Liberalizmin atası”
Liberal tarixdən silinə bilinməyəcək daha bir şəxsiyyət bəzən liberalizmin atası hesab olunan John Lock`dur. Lock insanların “həyat, azadlıq və mülkiyyət” kimi təbii haqlarının17 olduğunu qeyd etmiş, eyni zamanda irqçi quldarlığı legitimləşdirən və quldara öz qulu üzərində mütləq və qeyd-şərtsiz güc, avtoritetlik verən Carolina konstitusiyasının yazılmasında başlıca rol oynamışdır.18 Liberal fəlsəfəçinin eyni zamanda ingilis qul alverinə də investisiyaları var idi.19 İngiltərədə parlamentar rejimi gücləndirən, kralın despotizmindən “azadlıq gətirən” “Şanlı İnqilab”ın da qul alverini gücləndirdiyini unutmamalıyıq.20
Digər önəmli liberal mütəfəkkir John Stuart Mill quldarlığa qarşı olub, lakin Britaniya imperiyasının koloniallaşdırdığı xalqların barbar olduğunu düşünüb, barbar olanlara isə azadlıq vermək olmaz:
“Məqsəd barbarların halını düzəltmək olduqda əslində despotizm onlar üçün legitim idarəetmə rejimidir. İnsanlıq azad və bərabər müzakirə nəticəsində mükəmməlləşməyə qadir olmadıqca azadlığın heç bir mənası yoxdur. O zamana qədər isə (barbarlar üçün) Akbar və ya Charlemagne`yə itaət etməkdən daha yaxşı seçim yoxdur.” 21
John Stuart Mill
Bu dəyərlər yalnız “sivil” ölkələr üçündür
Öz müqəddəratını təyin etmə, non-interventionizm, anti-imperializm və müharibə yerinə azad ticarət öncülü22 kimi tanınan Manchester məktəbi nümayəndəsi liberal Richard Cobden də bu dəyərləri sadəcə “sivil” ölkələr üçün keçərli hesab edirdi. Misal üçün, bu sülhsevər liberal Britaniyanın Krım müharibəsi zamanı Osmanlı İmperiyasına dəstək verməsinə şiddətlə qarşı olub, əksinə, Rusiyanın Osmanlı imperiyasını işğal edib ora “sivilizasiya” gətirməyinin doğru olacağını birmənalı olaraq deyib.23
Bütün bunları yazmağımızda məqsəd liberal mütəfəkkirlərin ziddiyyətlərini göstərməkdir. Onlardan bəziləri (John Lock kimi) insan azadlığının ən yüksək dəyər olduğunu qeyd edirlər, lakin eyni zamanda irqçi quldarlığı dəstəkləyirlər, digərləri (John Stuart Mill) azad seçimi və rasionallığı ən yüksək dəyər hesab edir, lakin “barbar” xalqlara bu imtiyazı tanımır, üçüncülər (Richard Cobden) isə sülhü təlqin edir, lakin bunun sadəcə “sivil” ölkələr arasında mümkün ola biləcəyini düşünür. Qısacası, bu liberallar müxtəlif şərtlər altında asanlıqla öz dəyərlərindən imtina edə biliblər. O dəyərlərə istədikləri istisnalar edə biliblər. Adlarını qeyd etdiyimiz liberal “nəhəngləri” nəzərə aldıqda qadın haqları haqda danışıb qadının hicab geyinməsinə qarşı olan bu azadlıq “pərisinin” hərəkətlərinə təəccüblənməməliyik.
Dipnotlar
- Xəbərin linki
- John C. Calhoun, Union and Liberty, ed. R.M. Lence, Indianapolis: Liberty Classics, 1992, səh. 529.
- Ibid., səh. 528 31
- Ibid., səh. 30 1.
- Ibid., səh. 474
- Ibid., səh. 582.
- Lord Acton, Selected Writings, 3 vols, ed. J. Rufus Fears, Indianapolis: Liberty Classics, vol. 1, səh. 240, 250; vol. 3, səh. 593
- C. Gordon Post, Introduction to John C. Calhoun, A Disquisition on Government, New York: Liberal Arts Press, 1953, səh. vii.
- Ross M. Lence, Foreword to Calhoun, Union and Liberty, p. xxiii
- Sartori, The Theory of Democracy Revisited, Chatham (NJ): Chatham House Publishers, 1987, səh. 239, 252.
- Edmund S. Morgan, ‘Slavery and Freedom: The American Paradox’, Journal of American History, vol. LIX, no. 1, 1972, səh. 11; cf. Karl Marx, Capital: Volume One, trans. Ben Fowkes, Harmondsworth: Penguin, 1976, səh. 882 n. 9.
- Morgan, American Slavery, American Freedom, p. 382; J. G. A. Pocock, The Machiavellian Moment, Princeton: Princeton University Press, 1975, səh. 528
- Thomas Paine, Collected Writings, ed. Eric Foner, New York: Library of America, 1995, səh. 45 n
- Morgan, American Slavery, American Freedom, p. 382; J. G. A. Pocock, The Machiavellian Moment, Princeton: Princeton University Press, 1975, səh. 56.
- Britaniyadan asılı koloniya olaraq qalmağı siyasi qul olmağa bənzətmək amerikan patriotlarının ritorikasında sıxca istifadə olunurdu.
- Eric Foner, The Story of American Freedom, London: Picador, 1999, səh.36.
- Təbii haqlar bu gün insan haqlarının sələfidir.
- John Locke, Political Writings, ed. David Wooton, London and New York: Penguin, 1993,səh. 230.
- Maurice Cranston, John Locke, London: Longmans, 1959, pp. 114 15; Hugh Thomas, The Slave Trade, New York: Simon & Schuster, 1997, səh. 199, 210.
- Richard S. Dunn, ‘The Glorious Revolution and America’, in Nicholas Canny, ed., The Origins of Empire, Oxford and New York: Oxford University Press, 1998, səh. 463 5.
- John Stuart Mill, 1998, On Liberty, Pennsylvania State University, elektron versiya, səh. 13-14.
- Bunun üçün Cobden`in öz sözləri ən yaxşı dəlildir. Bax: Cobden, Richard 1868: Political Writings, I (London: William Ridgway), səh. 290.
- Cobden, Richard 1868: Political Writings, II (London:William Ridgway), səh. 33-37, 187-191.
Cavab yaz