Elm və mənəvi zənginlik

Ümumiyyətlə elmi araşdırmaların əsasını təşkil edən fəlsəfə materializm olarsa, xoşa gəlməyən nəticələr ilə qarşılaşa bilərik. Elm bu baxımdan fərdlərə və ümumilikdə bəşəriyyətə xoş olmayan baxış açısı verə bilər. Hər şeydən əvvəl təbiəti öyrənən elmlər onu ən önəmli, ən dəyərli xüsusiyyətlərdən məhrum edə bilər. Həyatı sadəcə olaraq cansız atomların qarşılıqlı əlaqələrindən ibarət olaraq görürüksə, mənəvi gözəlliklərə o həyatda yer qalmırsa və həyat öz müqəddəsliyini itirirsə orada bizim üçün sağ qalmaq ilə ölüm arasında ciddi bir sərhəd olmayacaq. Müasir dünyada təbiət elmləri ilə məşğul olanlar bu qorxunc perspektivdən xilas olmaq üçün spirituallığa baş vururlar, ruhu mənəvi zənginləşdirməyin yollarını axtarırlar.

Vaxtında Charles Darwin həyatın dadını qaçırmaqdan şikayətlənərdi. Sir J. D. Hooker’ə 1868-ci ildə yazdığı məktubunda musiqidən əvvəlki kimi həzz almadığını şikayət edir: ”Bu, bir daha eşitmək istədiyim bir şeydir, lakin etiraf etməliyəm ki, buna əvvəlki günlərimdəki kimi dəyər verə bilməyəcək qədər ruhum quruyub. O zaman özümü çox həvəssiz hiss edəcəm, çünki Elmdən başqa heç bir şey üçün marağım qalmayıb. Bu bəzən mənim Elmə nifrət etməyimə səbəb olur…”1Bu bəlkə də insanı heyvanlar aləmi ilə eyniləşdirmək, heyvanları isə cansız maddələr dünyasının bir parçası etməkdən qaynaqlanır. Artıq həyatın gözəlliklərinin arxasında ülvi mənalar yox, sadəcə mənasız fiziki proseslər durur; həyatı bu cür təsəvvür etmək damağın dadını qaçırır, onu zövqsüz edir.

On səkkizinci və on doqquzuncu əsrin romantizmi də özündən əvvəlki maarifçiliyə qarşı bu baxımdan bir üsyan cəhdi idi. Maarifçilər insan əqlini və məntiqini o qədər ilahlaşdırdılar ki, məntiqdən kənar olan insan təcrübələrinə yer qalmamışdı. Ona görə də Goethe’nin qəhrəmanı Faust – məsələn – bütün elmi biliklərə məharətlə yiyələnmişdi, lakin bunların boş və mənasız olduğunu görür və həyatın müxtəlif anlarındakı diriliyə, enerjiyə dalmaqla məna dolğunluğu axtarmağa başlayır. Shelley və Byron kimi yazıçılar həyatda dolğunluq, dostluq və məhəbbət axtaran yaradıcı fərdləri və romantik qəhrəmanları şöhrətləndirirdilər.2

Mənəviyyatdan, dolğunluqdan yoxsul olan elmin mənfi təsiri budur. Darwin yazır: “Mənim ağlım, böyük faktlar külliyyatından ümumi qanunlar üyüdüb çıxaran bir maşına çevrilib, lakin bunun bütün ali zövqlərin asılı olduğu həmin beyin parçasında nə üçün atrofiyaya səbəb olduğunu anlaya bilmirəm… Əgər həyatımı bir daha yaşaya bilsəydim daha çox şeir oxumağı, ən azından həftədə bir dəfə musiqiyə qulaq asmağı həyatımda bir qayda edərdim…”3

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. Francis Darwin, ”The Life and Letters of Charles Darwin”, cild 2, səh: 273; D. Appleton and Company, New York, 1893
  2. Ian G. Barbour, “Religion and Science: Historical and Contemporary Issues”, səh: 40; HarperSanFrancisco, New York, 1997
  3. Francis Darwin, ”The Life and Letters of Charles Darwin”, cild 1, səh: 81; D. Appleton and Company, New York, 1887