“Genesis & Yaradılış & Təkamül: Həqiqətin Axtarışında” [Kitab Analizi – 7: Ortaq Əcdad]

Altıncı hissədə gördük ki, bütün filogenetik ağacların kökündə duran əsas fərziyyə – bioloji oxşarlığın ortaq əcdaddan miras qalması fikrindən ibarətdir. Təkamülçü bioloqların ziddiyyətli təkamül ağaclarında qarşılaşdıqları əsas problem bioloji oxşarlığın çox vaxt ortaq əcdad tərəfindən proqnozlaşdırılmayan yerlərdə görünməsidir. Başqa sözlə, hamı başa düşür ki, bioloji oxşarlıqlar tez-tez növlər arasında ortaq əcdaddan mirasqalma nəticəsində izah edilə bilinməyən hallarda ortaya çıxır. Bu o deməkdir ki, bu əsas fərziyyə uğursuzluğa düçar olur.

Altıncı hissənin sonunda biz həmçinin gördük ki, bioloqlar filogenetik ağaclar qura bilmədikdə ağaca-bənzər nümunəyə uyğun gəlməyən məlumatları izah etmək üçün tez-tez vəziyyətə uyğun saysız-hesabsız əlavə arqumentlərə müraciət edirlər. Bu izahlardan biri də konvergent təkamüldür. Burada təkamülçü bioloqlar orqanizmlərin eyni əlamətləri ortaq əcdaddan miras qalma yolu ilə deyil, müstəqil şəkildə, ayrı-ayrı nəsillərdə əldə etdiyini iddia edirlər. Təkamülçü bioloqlar konvergent təkamülə müraciət etmək məcburiyyətində qaldıqda, bu, əsas fərziyyənin işləmədiyini və məlumatların ağaca-bənzər bir modelə uyğunlaşdırıla bilinmədiyini göstərir. Elmi ədəbiyyatda bunun nümunələri çoxdur, lakin bir neçəsi bizə kifayət edəcəkdir.

Genetik konvergent təkamül

“Journal of Molecular Evolution”da dərc olunan bir məqalədə molekul-əsaslı filogeniyaların əsas məməli qruplarının əvvəllər müəyyən edilmiş filogeniyaları ilə kəskin şəkildə ziddiyyət təşkil etdiyini aşkar edərək, bu anomal ağacın “stoxastik (təsadüfi) səhvə görə deyil, konvergent və ya paralel təkamülə görə belə olduğu” qənaətinə gəlir.1

ABŞ Milli Elmlər Akademiyasının “Proceedings” jurnalında aparılan bir araşdırma  göstərir ki, bioloqlar mitoxondrial DNT (mtDNA) istifadə edərək əsas quş qrupları üçün filogenetik ağac qurmağa çalışarkən, onların gəldiyi nəticələr quş qrupları ilə bağlı ənənəvi anlayışlarla kəskin şəkildə ziddiyyət təşkil etdi. Onlar hətta bəzi quşların mtDNT-si ilə ilan və kərtənkələ kimi uzaq növlərin mtDNT-si arasında “konvergent” oxşarlıqlar tapdılar. Məqalədə quş mtDNT-sinin “çoxsaylı müstəqil mənşələrə” məruz qaldığı fikrini onların “müxtəlif quşlar arasında müəyyən bir mtDNT gen sırası üçün çoxsaylı müstəqil mənşələr” təklif etdiyinə görə belə olduğunu irəli sürürlər.2

“Nature Immunology” jurnalının 2005-ci ildə dərc edilmiş bir məqaləsində qeyd olunduğu kimi, müşahidə edilmişdir ki, bitkilər və heyvanların anadangəlmə immun sistemləri olduqca oxşar biokimyəvi quruluşa malikdirlər, lakin onların ortaq əcdadlarında belə bir immun sistemi yox idi:

“Bitki və heyvanların anadangəlmə immun reaksiyalarının ən azı bir neçə ortaq təkamül mənşəli olduğu ümumən qəbul edilmiş kimi görünsə də, müxtəlif çoxhüceyrəli orqanizmlərdə anadangəlmə immun reaksiyanın ümumi “məntiqindəki” oxşarlıqlara baxmayaraq, mövcud məlumatların tədqiqi bu qənaəti dəstəkləmir.”3

Məqaləyə görə, ortaq əcdad bu “gözlənilməz oxşar” sistemləri izah edə bilmir, “bitki və heyvanların müstəqil təkamül mənşəli olduğunu göstərir”. Məqalə məcbur belə bir nəticəyə gəlir  ki, bu cür mürəkkəb oxşarlıqlar “anadangəlmə immun yollarının konvergent təkamülü üçün inandırıcı fakt” yaradır.4

Konvergent Təkamül nümunələri

Konvergent təkamülün başqa bir məşhur nümunəsi yarasaların və balinaların exolokasiyadan istifadə etmək qabiliyyətidir, halbuki onların uzaq ortaq əcdadları bu xüsusiyyətə malik deyil. Təkamülçü bioloqlar çoxdan bunun morfoloji yaxınlaşma hadisəsi olduğuna inanırdılar, lakin “Current Biology” jurnalında bir məqalə yarasalarda və balinalarda exolokasiyanın genetik yaxınlaşmanı da ehtiva etdiyinə dair “təəccüblü” tapıntını belə izah edir:

“Yalnız kiçik yarasalar və dişli balinalar oriyentasiya və yem axtarışı üçün əvəzolunmaz olan mürəkkəb exolokasiyaya malikdirlər. Yarasa və balina biosonarları müstəqil olaraq yaransalar da və bir çox cəhətdən əhəmiyyətli dərəcədə fərqlənsələr də, biz burada dişli balina Afalin delfinini kiçik yarasalarla Prestin eşitmə geni tərəfindən kodlanmış zülal ardıcıllığından istifadə edilməklə qurulmuş gen ağacında qruplaşdırıldığına dair təəccüblü tapıntı hesab olunan bir data ilə rastlaşırıq.”5

Bir məqalə bu məlumatları “bu günə qədər kəşf edilmiş konvergent molekulyar təkamülün ən yaxşı nümunələrindən biri”6 adlandırır. Ancaq yenə də bunlar yeganə nümunələr deyil. 2010-cu ildə “Trends in Genetics” jurnalında bir məqalə belə bir izah gətirir:

“Genetik və/və ya filogenetik yanaşmaların son vaxtlar geniş istifadəsi adaptiv əlamətlərin təkrarlanan təkamülünün müxtəlif nümunələrini aşkar etdi, o cümlədən çoxsaylı gözlərin ortaya çıxması, yarasalarda və delfinlərdə exolokasiya, onurğalılarda piqmentasiya dəyişiklikləri, qarşılıqlı əlaqə üçün kəpənəklərdə təqlidetmə, bitkilərdə bəzi çiçək əlamətlərinin konvergensiyası və xüsusi zülal xüsusiyyətlərinin çoxsaylı müstəqil təkamülü.”7

Biokimyaçı və darvinizm tənqidçisi olan Fazale Rana texniki ədəbiyyatı nəzərdən keçirib və 100-dən çox konvergent genetik təkamül hadisəsini sənədləşdirə bilib.8 Hər bir hadisə bioloji oxşarlığın, hətta genetik səviyyədə də olsa, ortaq əcdaddan mirasqalmanın nəticəsi olmadığını göstərir. Bəs bu vəziyyətdə bioloji oxşarlığın ortaq əcdaddan miras qaldığını nəzərdə tutan ağac modelinin əsas fərziyyəsi hara olur? Bir qaydada əgər bu qədər çox istisna hal mövcuddursa, o zaman qaydanın özü sorğulanmalı deyilmi?

Yer yuvarlaqdır, bəs ortaq əcdad məfhumu doğrudurmu?

Bir təkamülçü alim “bu gün bioloqlar bütün canlıların ortaq əcdaddan gəldiyini yerin yuvarlaq olduğu faktı ilə eyni dərəcəli həqiqət hesab edirlər” iddiası ilə oxucularını darvinizmi qəbul etməyə məcbur etməyə çalışır.9 Bəs bu cür ifadələr qəbulediləndirmi?

Neo-Darvinist təkamülün tərəfdarları bioloji oxşarlığın, istisna halları çıxmaq şərtilə, ortaq əcdaddan gəldiyini düşünməyə məcburdurlar. Əksər hallarda baş verən bu istisnaları isə müxtəlif rasionallaşdırma yollarına əl atmaqla izah edirlər. 

Demək olar ki, ortada nadir hallarda sorğulanan bir fərziyyə varsa, o da ortaq əcdadın özünün ümumi fərziyyəsidir. Lakin ola bilsin ki, fərqli genlərin fərqli təkamül hekayələri danışmasının səbəbi  genlərin izah edəcəyi tamamilə fərqli hekayələrə, yəni bütün orqanizmlərin genetik olaraq əlaqəli olmadığını göstərən hekayələrə sahib olmasıdır. Bu, Michael Syvanen`in 2012-ci ildə “Annual Review of Genetics” kitabında “həyatın əslində bir çox mənşədən gələ biləcəyi” fikrini irəli sürməyə cəsarət verrirsə, deməli verilənlərə daha uyğunlaşdırılmış fərqli bir hekayəyə də ümid yeri var.10 Başqa sözlə, universal ortaq əcdad əslində doğru olmaya da bilər.

Dipnotlar

  1. Ying Cao, Axel Janke, Peter J. Waddell, Michael Westerman, Osamu Takenaka, Shigenori Murata, Norihiro Okada, Svante Pääbo, Masami Hasegawa, “Conflict Among Individual Mitochondrial Proteins in Resolving the Phylogeny of Eutherian Orders,” Journal of Molecular Evolution, 47 (1998): 307-322.
  2. David P. Mindell, Michael D. Sorenson, and Derek E. Dimcheff, “Multiple independent origins of mitochondrial gene order in birds,” Proceedings of the National Academy of Sciences USA, 95 (September, 1998): 10693-10697
  3. Frederick M Ausubel, “Are innate immune signaling pathways in plants and animals conserved?,” Nature Immunology, 6 (10): 973-979 (October, 2005).
  4. Ibid.
  5. Ying Li, Zhen Liu, Peng Shi, and Jianzhi Zhang, “The hearing gene Prestin unites echolocating bats and whales,” Current Biology, 20(2):R55-R56 (January, 2010) (internal citations removed).
  6. Gareth Jones, “Molecular Evolution: Gene Convergence in Echolocating Mammals,” Current Biology, 20(2):R62-R64 (January, 2010); Yong-Yi Shen, Lu Liang, Gui-Sheng Li, Robert W. Murphy, Ya-Ping Zhang, “Parallel Evolution of Auditory Genes for Echolocation in Bats and Toothed Whales,” PLoS Genetics, 8 (6): e1002788 (June, 2012).
  7. Pascal-Antoine Christin, Daniel M. Weinreich, and Guillaume Besnard, “Causes and evolutionary significance of genetic convergence,” Trends in Genetics, 26(9):400-405 (2010) (internal citations omitted).
  8. See Fazale Rana, The Cell’s Design: How Chemistry Reveals the Creator’s Artistry, pp. 207-214 (Baker Books, 2008).
  9. Karl W. Giberson, Saving Darwin: How to be a Christian and Believe in Evolution, p. 53 (HarperOne, 2008).
  10. Michael Syvanen, “Evolutionary Implications of Horizontal Gene Transfer,” Annual Review of Genetics, 46:339-356 (2012).