Demokratik institutlar və yağıntı arasında əlaqə varmı? | İslam və Avtoritarizm (2-ci hissə)

Yazının birinci hissəsində Robert Carneiro`nun məşhur nəzəriyyəsindən çıxış edərək İslam ilə avtoritarizm arasındakı əlaqənin əslində kozasiya deyil, korrelasiya olduğunu göstərməyə çalışmışdıq. Bu yazıda Stanford Universitetində siyasət alimini olan Stephen Haber`ın nəzəriyyəsini təqdim edəcəyik. Nəzəriyyəni anlamaq üçün yazını diqqətli oxumaq tələb olunur, lakin düşünürəm ki, yazı oxucularımızda maraq oyadacaqdır.

Stephen Haber bir coğrafi faktorun – yağış səviyyəsinin – rejim növünə təsiri haqda söhbət açır. Bu araşdırmaçıya görə yağış səviyyəsinin orta olduğu ərazilərdə demokratik rejimlərin yaranması və daha da önəmlisi qorunması qat-qat daha möhtəməldir, quru və ya rütubətli tropik iqlim isə avtokratik rejimlərin yaranmasına yol açır. Haber orta yağış səviyyəsi dedikdə ildə 540-1200 mm yağıntısı olan zonaları fərz edir. Onun gəldiyi nəticələrə görə bu qrupda dünya ölkələrinin 38 faizinin yerləşməyinə baxmayaraq burada stabil demokratiyaların 60 faizi, ifrat avtokratiyaların isə sadəcə 7 faizi yerləşir. Ölkələrin 20 faizinin yerləşdiyi, yağıntısı 540 mm-dən az olan ərazilərdə ifrat avtokratiyaların 55 faizi, stabil demokratiyaların isə sadəcə 13 faizi yerləşir (və bunlar hamısı 540 mm səviyyəsinə yaxın ərazilərdədir). Rütubətli tropiklərdə isə ölkələrin 42 faizi, stabil demokratiyaların 27 və ifrat avtokratiyaların 38 faizi yerləşir.

Yağıntının demokratiya və avtokratiyaya təsiri

Haber yağıntı səviyyəsini demokratiya və avtokratiya ilə əlaqələndirən çox maraqlı nəzəriyyə təqdim edir. İlk öncə bəzi faktları anlamağımız lazımdır:
1) Müxtəlif zonalarda bitən bitkilərin bioloji xüsusiyyətləri çox önəmlidir. Orta zonada bitən ən önəmli bitki dənli bitkiləridir, buna görə də Haber bu zonanı onlar ilə təmsil edir.
2)Müxtəlif zonalarda bitən bitkilərin saxlama xarakteristikaları fərqlidir. Orta zonada bitən taxıl və digər bitkilər (məsələn, zeytun) uzun müddət saxlanıla bilirlər, yüksək yağıntılı zonalarda bitən bitkilərin saxlanılma müddəti isə qısadır. Üstəlik, birinci qrupdan fərqli olaraq ikinci qrupda olan bitkilər adətən mövsümi olmur, onları bütün il boyu yetişdirmək mümkündür.
3) Taxıllarda çox da yüksək olmayan miqyas iqtisadiyyatları (modest economies of scales) müşahidə olunur: ailədən olmayan işçilərə ehtiyac olduğu daha böyük fermalarda əməyin izləməyin maliyyəti yüksək olur və buna görə də səmərəlilik göstəriciləri olduqca aşağı düşür. Tropik bitkiləri səmərəli şəkildə kommersiya məqsədi üçün əkmək isə böyük plantasiyaların var olmasını və istehsalçı ilə distribyutorun vertikal inteqrasiyasını tələb edir.
4) Çaylar və buna bənzər su hövzələrinə etimad edən suvarmaya ehtiyac da (ya quraqlığa, ya da bitikinin suya həddindən artıq ehtiyacı olduğuna görə) kəndlilərin seçimlərinə təsir edir. İrriqasiya sistemi sabit maliyyətdir, buna görə irriqasiya olan yerlərdə minimum effektiv istehsal miqyası artır (min efficient scale of production). Üstəlik suvarmaya olan ehtiyac su ehtiyatlarına sahib olan təbəqəni de-fakto torpaq sahibi də edir və onların asanlıqla fermerlərin əllərində qalan artıqları mənimsəməyə şərait yaradır. Yağış suyu isə heç kimin mülkiyyəti deyildir və insanlar onu mənimsəməyin yolunu icad etmədiklərinə görə yağış suyuna etimad edən kənd təsərrüfatı zonalarında giriş baryerləri yüksək olmur. (Buna görə də ailə fermaları effektiv fəaliyyət göstərə bilir).
5) Yağış səviyyəsinin dəyişkənliyi daha lokal xarakter daşıyır, buna görə də bir məntəqədə yaxşı məhsul olduğu halda ona yaxın digər məntəqədə isə məhsul olmaya bilər. Çay suyuna etimad edən suvarma isə belə deyil. Daşqın və ya əksinə quraqlıq olduğu zaman bu bütün fermerlərə eyni cür təsir edir.

Beləliklə, orta yağıntılı zonalarda bitən bitkilərin əsasən mövsümi, uzun müddət saxlanıla bilən, aşağı miqyas iqtisadiyyatları kimi xüsusiyyətləri vardır. Giriş baryeri minimumdur – yağış heç kimin mülkiyyəti deyildir. Bu xarasteristikalar ailə təsərrüfatını istehsal vahidi etmişdir. Eyni zamanda məhsulun hasilatı yerli müstəvidə dəyişkən olur. Böyük sayda kiçik istehsalçıların əlində uzun müddət saxlanıla bilən məhsulun toplanması ilə hasilatın yerli müstəvidə dəyişkən olması ticarət üçün stimul yaradır. Bu isə öz növbəsində ixtisaslaşmanı və nəsillərarası insan kapitalına investisiyanı təşviq edirdi. Amma məhsulun uzun müddət saxlanılması sadəcə ticarəti deyil, oğurluğa da stimul yaradırdı. Bütün bunlar əkinçilərə onları oğurluqdan qoruyacaq, mülkiyyət hüququnu, kontraktları qoruyacaq qədər güclü, lakin özü vergi şəklində onların bütün mülkiyyətini mənimsəyə bilməyəcək qədər zəif dövlət institutlarını dəstəkləmək stimulu verir. Bu məntiqin ən bariz təzahürü 11-ci əsrdən sonra İngiltərədən Polşaya qədər yayılan parlamentlər idi. Parlament hökmdarın vergi toplamaq işini asanlaşdırır, lakin eyni zamanda onun mütləq gücünü məhdudlaşdıraninstitutdur.

Əsrlər ərzində iqtisadi fəaliyyətin bu cür təşkilatlanması bir-birinə bərabər, varlı vətəndaşlardan ibarət olan, mülkiyyət hüququnun qorunduğu və insan kapitalının yüksək səviyyədə olduğu cəmiyyətlə nəticələnməyi daha yüksək ehtimallı edirdi. Bu cür cəmiyyətlərdə kənd təsərrüfatından kənar fəaliyyətlərin də geniş yayılması önəmlidir. İlk öncə regional ticarət insan kapitalına investisiyanı təşviq etsə də, bir zamandan sonra insan kapitalının artması ilə bərabər cəmiyyətdə kənd təsərrüfatı artığının olması və sazişlərin yerinə yetirilməsinin təhlükəsiz olması insanların ixtisaslaşması və kənd təsərrüfatından kənar sektorlarda fəaliyyət göstərməsinə gətirib çıxarmışdır. Demokratik institutlar bu cür cəmiyyətlərdə formalaşdığı zaman onların kök salması daha möhtəməl idi.

Quraq bölgələrdə uzun müddət saxlanıla bilən bitkilər bitmir. Bununla bərabər qeyd etdiyimiz kimi yüksək miqyas iqtisadiyyatları və yüksək giriş baryerləri bu zonaya xarakterikdir: suvarmanı idarə edən faktiki olaraq torpaq mülkiyyətinə də sahib olur və əkinçilərin artıqlıqlarını (surplus) asanlıqla mənimsəyə bilir. Bu da qeyri-bərabər, olduqca kasıb kəndlilərin əhalinin əsas hissəsini təşkil etdiyi cəmiyyətin ortaya çıxmasına gətirib çıxarır. Belə bir cəmiyyətdə ticarət geniş yayılmır və nəsillərarası insan resurslarına investisiya edilmir. Eyni zamanda əhali mülkiyyət hüququnu qoruyan institutları dəstəkləmir. Əksinə, əhali güclü mərkəzləşdirilmiş dövləti dəstəkləyir. Bunun səbəbi isə irriqasiyadan asılı olan cəmiyyətlərdə məhsulun itirilməsi baş verdikdə bunun lokal deyil, bütün sistemi əhatə edən olmasıdır – quraqlıq (və ya daşqın) baş verdiyi zaman bütün sistemin çökməsi və geniş aclığın baş verməsi daha möhtəməldir. Bu zaman insanları aclıq zamanında dəstəkləyə biləcək güclü mərkəzləşdirilmiş dövləti dəstəkləmək gözlənilən ən rasional addımdır. Bu cür cəmiyyətlər arasında ən gözəl misal kimi Misiri və Mesopotamiyanı qeyd edə bilərik.

Tropik ərazilərdə irriqasiyaya ehtiyac olmasa da, bitkilər uzun müddət saxlanıla bilmir, bu isə ticarətə, ixtisaslaşmaya və insan resurslarının investisiyasına təşviq etmir.Bütün bunlar isə dövlətin quruculuğunun yaranmasına təşviq etmir. Bu, dövlətlərin qurulmaması anlamına gəlmir, lakin onlar qurulduğu zaman soyğunçu olurlar: kənd təsərrüfatı artıqlarını saxlamanın yeganə yolu insan yağı olduqda məcburi əmək dövlət maliyəsinin əsas hissəsinə çevirilir. Amma bu cür iqtisadi təşkilatlanmanın da limitləri var: sonda bu məcbur edilmiş insanlar da saxlanıla bilinməyən bitkilərin yetişdirilməsində iştirak edirdi. Buna görə də Avropalılar 16-cı əsrdə Afrikaya gəldikdə yeganə böyük miqyaslı dövlət Kongo Krallığı idi, lakin burada da kiçik şəhərlər, kiçik əhali sıxlığı və kasıb elitalar var idi. Avropalıların gəlməsi söz açdığımız məcburi əmək ticarətini gəlirli etmişdir.

Digər tərəfdən, saxlanılma problemi həll edilən iqtisadiyyatlarda ailə fermaları inkişaf etməmişdir. Burada yuxarıda qeyd etdiyimiz vertikal inteqrasiya ilə bərabər giriş baryerlərinin yüksək olması optimal istehsal miqyasını yüksək olmasına zəmin yaradır. Ona görə də tropik zonalarda istehsal vahidi ailə fermaları yox, çox böyük plantasiyalar olub. 1960-cı illərə qədər dünyada istehsal edilən ananasların 85 faizi Lanai adasında (Hawaii) yerləşən və Dole ailəsinə məxsus olan plantasiyada yetişdirilirdi. Təbii ki, burada ticarət, insan kapitalına investisiya və sazişlərin təhlükəsizliyini qoruyan dövlət institutlarından söz gedə bilməz. Əksinə, dövlət qurulduğu zaman bu böyük plantasiyaların maraqlarını qorumaq və onların effektivliyini artırmaq rolunu oynayırdı. Banan istehsalının iki nəhəngi United Fruit və Standard Fruit Mərkəzi Amerikada nəhəng plantasiyalara sahib idilər və “Banan ölkələrinin” prezidentlərini istədikləri kimi dəyişə bilirdilər.

Qısacası, Stephen Haber yuxarıda qeyd etdiyimiz nəzəriyyəni təqdim edir və bu nəzəriyyənin empirik nəticələr ilə üst-üstə düşdüyünü iddia edir. Müəllif digər məqaləsində xüsusilə İslamı avtoritar rejimlərin varlığında ittiham edənlərin dediklərinin həqiqətə uyğun olmadığını qeyd edir: “Türkiyə və İndoneziya demokratiyadır. İran, İraq və Misirdə avtoritarizm İslamdan öncə min illər ərzində var idi”.