Ozymandias’dan geriyə qalan…

Səbəbini bilmirəm, amma bu gecə bir müddət öncə özünə qəsd etmiş Sevil yadıma düşdü. Bəziləri onun özünü, bəziləri valideynlərini, bəziləri də onu hansısa fikirlərə salan cərəyanları qınadı. Amma bu qınayanların hamısı bir şeydə birləşdilər – bir müddət sonra onlar hamısı Sevili unutdu. Aradabir mənim kimi gecə yata bilməyənlər bəlkə onu xatırlayar. Bundan sonra sadəcə ana-atası, bəlkə bacı-qardaşı da bəzən xatırlayar Sevili. Amma bu insanlar da həyatdan köçdükdən sonra heç kimsə Sevili xatırlamayacaq.

Bu fikir məni ingilis romantik şair Percy Shelley‘in “Ozymandias” adlı əsərinə daşıdı. Bu əsərdə bir səyyah səhranın düz ortasında yarı-dağılmış heykəl tapır. Heykəldən qalan sadəcə onun ayaqları, ayaqları arasına düşmüş üzünün bir hissəsi və heykəl üstündəki yazıdır:“Mən krallar kralı Ozymandias`am. Ey Qüdrətli olanlar, mənim əməllərimə baxın və ümidsizliyə düçar olun.” Bundan sonrakı sətrdə deyilir: “Başqa heçnə qalmamışdı”. Zaman keçdikcə Ozymandias`in etdiyi əməllərdən, tikdiyi şəhərlərdən heç bir şey qalmamışdır. Ozymandias`ın varlığını sübutlayan sadəcə yarıdağılmış heykəl qalmışdır.

Düşünürəm ki, Shelley bir müddət sonra bunun da qalmayacağına işarə etmək istəmişdir. Allahsız həyata inanan ideologiyaların ən qorxunc aspektlərindən biri budur: əksəriyyətimiz Sevil kimi qısa müddətdən sonra, bəzilərimiz isə Ozymandias kimi uzun müddətdən sonra olsa belə, tarixin səhifələrindən silinəcəyik, bizi xatırlayan heç kimsə olmayacaq. Əbədiyyət ilə müqayisədə bizim həyatımız – Sevil kimi başlamadan bitsə də, Ozymandias kimi böyük əməllərdən ibarət olsa da – tamamilə mənasız olacaqdır. Biz həyatımızı və nailiyyətlərimizi çox yüksək tuturuq, lakin uzun vadədə bizim var olmamız ilə olmamamız arasında heç bir fərq olmayacaqdır…