Qarabağ Müharibəsi və Bizi İrəli Səsləyən Dəyərlər

Sosial antropologiyanın öncüllərindən olan ingilis A.R. Radcliffe-Brown cəmiyyyətdə dini anlamaq üçün onun təsirlərinin araşdırılması gərəkdiyini deyir. Son günlərdə daha çox müşahidə olunan bu təsirlərin birinə qısaca fikir bildirmək istəyirəm.

Təsəvvür edin, illərdir həsrətilə alışıb-yandığımız Şuşa qayıtdı, şəhərdəki çoxsaylı tarixi qalalar dura-dura biz məhz Şuşa cümə məscidini şəhərin rəmzi olaraq seçib göstərdik, “ruhlar şəhəri” Ağdam qayıtdı və biz yenə Ağdam məscidini rəmz olaraq göstərdik. Bu şəhərlərin alınması münasibətilə hazırlanan bütün posterlər məscidlərin müxtəlif şəkilləri üzərinə hazırlandı və s.

Toplumu ayaqda tutan dinamik ünsürlərin başında dəyərlər gəlməkdədir. Məhz bu dəyərlər bizim toplumsal kimliyimizi müəyyən edirlər. Tam da bu nöqtədə fransız yazıçı Amin Maaloufun “In the Name of Identity” kitabında oxuduğum “Kimlik bir şəxsin ən təməl referans nöqtəsidir” fikri özünü doğruldur. Hamımız şahid olduq ki, əsgərlərimiz məscidlərimizdə illər sonra ilk Quranı, azanı oxumaq, ilk namazı qılmaq üçün yarışa girirlər, məscidi təmizləməyi özlərinə necə şərəf bilirlər.

Sizcə bütün bunlar nə deməkdir? Bu o deməkdir ki, mənəvi dəyərlər bir şəhərin, bir toplumun, bir xalqın necə deyərlər ruhunu təşkil edir, onun simvoluna, uğrunda vuruşan əsgərlərin əsas amallarından birinə, daima uca tutmağa çalışdığı müqəddəsatına çevrilir və onu irəli aparır.

Bu nüans bizə bizi keçmişimizdən, mənəvi dəyərlərimizdən uzaqlaşdıranların, onları geridəqalmışlıq kimi göstərənlərin əslində bizim kimliyimizi məhv etməyə çalışdığını öyrədir.

Bizə daim ikili standartlar tədbiq edən, ölən mülki insanlara, uşaqlara heç bir səsini çıxarmayan, haqq savaşımızda Ermənistanın yanında olan Qərbin ideologiyalarına baxışımız da artıq fərqli olmalıdır. Xüsusilə də bu müharibədən sonra bir daha aydın oldu ki, mənəvi dəyərlərimizə sahib çıxmağımız nə üçün vacibdir.
Uzun sözün qısası, kimliyinizə sahib çıxın!