Ötən yazılarımızın birində məşhur liberal John Stuart Mill‘in zərər prinsipi haqda danışmışdıq. Bu prinsipin ən zəif tərəfi “zərər”in nədə olduğunun təyin edilməməsindədir. Charlie Hebdo karikaturları bir milyard müsəlmana zərər verir, bəs, nəyə görə qərb liberalları bu zərəri nəzərə almırlar? Gözlədiyimiz cavab zərərin fiziki olmadığını demələridir. Lakin bu, ənənəvi “kim deyir” fəlsəfi sualını ortaya çıxarır. Yəni zərərin fiziki olmasının labüd olduğunu kim deyir? Biz heç bir əsası olmayan Azadlıq prinsipini qəbul etdik, indi də bu zərərin sadəcə fiziki olduğunu qəbul etməliyik? Yəni biz liberalların istədiklərini, doğru gördüklərini qəbul etməliyik? Liberalların bu suala sadəcə bir cavabı vardır – bəli, siz liberalların qoyduğu kriteriyalar ilə yaşamalısız, liberalların “zərər gördüyü zərərdir, zərər görmədikləri isə zərər deyildir”. Müsəlmanlar isə bu karikaturlardan gələn zərərin yetərli olduğunu deyəcəklər.
Liberalların ikili standartları
Əslində liberallar özləri belə azadlığı sadəcə fiziki zərər ilə məhdudlaşdırmırlar. Homoseksualları tənqid etmək bir çox qərb ölkəsində “hate speech” kimi dəyərləndirilir, bunu edənlər müəyyən cəzalara məruz qalır, halbuki burada birbaşa fiziki zərər yoxdur. Digər tərəfdən müasir liberalların əksəriyyəti ictimai yerlərdə nudistliyin və ya cinsi münasibətin nümayiş etdirilməsinə, həmçinin valideyn ilə övlad arasında cinsi əlaqəyə (insestizm) qarşı çıxacaqlar. Bunun kimsəyə fiziki zərər vermədiyini nəzərə almayacaqlar, cəmiyyətə verilən ikinci dərəcəli zərərin kifayət olacağını deyəcəklər. 1957-ci ildə nəşr edilən və homoseksual münasibətlərin leqallaşdırılmasını tələb edən Wolfenden Report`a cavab olaraq Lord Devlin belə yazıb:
Eftanaziya və ya bir insanın öz istəyi ilə onu öldürmək, özünə qəsd, duellər, abort, insest – bütün bunları başqalarına zərər vermədən və onları istismar etmədən təklikdə etmək olar.
Lord Devlin, ‘Morals and the Criminal Law’, 7
Hətta həyat yoldaşlarından biri digərinə xəyanət etdiyi zaman belə fiziki zərər hasil olmur. Bütün bunlarla bərabər bu əməllər liberal diskursda (hələki) insan azadlıqlarına çevrilməyib. Biraz da irəli getsək və Charlie Hebdo kimi qazetlərin nəşrlərinə senzura tətbiq etsək, biz bununla kiməsə fiziki zərər vermiş oluruq? Təbii ki, yox. Zərər prinsipi haqda bəzi jurnallarda araşdırma etdiyimiz zaman Michael Roberts`ın: “Bestiality`nin (Heyvanlarla cinsi əlaqə) əssassız qadağası: Nəyə görə zərər prinsipi bunu qadağan edən qanunları dəstəkləmir” adlı məqalə qarşımıza çıxdı. Düz sözə nə deyəsən?
Fiziki zərərin olmadığı bəzi hallar insan haqqları kimi qələmə verilir, bəziləri isə qadağan edilir. Steven D. Smith gözəl sual verir: “Liberallar öz dəyərlərini başqalarına yeridirlər?”. Bir neçə sətir sonra o özü bu suala ən doğru cavabı verir: “Zərərin nə olduğu haqda qərəzli konseptləri təqdim etməklə liberallar öz dinləyicilərini (və bəlkə də özlərini) zərər prinsipinin necə bəzi “yaxşı həyat” anlayışlarını marjinallaşdırdığını anlamalarına mane olurlar”1
Mücərrəd, limitləri bilinməyən zərər prinsipinə istinad etmək liberal azadlıqları müəyyən etməkdən acizdir. İstənilən insanın ictimai əməli digərinə təsir edə bilər, və digər insan zərər gördüyünü iddia edə bilər. Ona görə də John Gray kimi Mill üzrə mütəxəssis belə onun zərər prinsipinin uğurusuz olduğunu etiraf edir.2
İstifadə edilmiş ədəbiyyat:
- Gray, J. (1995). Liberalism. Buckingham: Open Univ. Press.
- Thomas Jefferson, Notes on the State of Virginia (Chapel Hill: University of North Carolina Press, 1982 [1785])
- Heywood, A. (2017). Political ideologies: An introduction. London: Palgrave.
- Bowden, Brett 2009: The Empire of Civilization (Chicago: University of Chicago Press).
- McCarthy, Thomas 2009: Race, Empire, and the Idea of Human Development (Cambridge: Cambridge University Press)
- Patrick Devlin’s, ‘Morals and the Criminal Law’ in The Enforcement of Morals (Oxford: Oxford University Press, 1965)
- Smith, S. D. (2006). Is the Harm Principle Illiberal? The American Journal of Jurisprudence, 51(1), 1-42.
- Feinberg, Harm to Others (New York: Oxford University Press, 1984),
- Raz, Joseph. The Morality of Freedom. Oxford: Oxford University Press, 1986.
- James Kalb, The Tyranny of Liberalism (Wilmington, Del.: Intercollegiate Studies Institute, 2008),
- Charvet, J. (2019). Liberalism. Routledge.
- Harcourt, B. E. (2017). The Collapse of the Harm Principle. The Structure and Limits of Criminal Law, 279-364. doi:10.4324/9781315085159-9
- Dripps, D. A. (1998). The liberal critique of the harm principle. Criminal Justice Ethics, 17(2), 3-18. doi:10.1080/0731129x.1998.9992054
- Stewart, H. (2009). The Limits of the Harm Principle. Criminal Law and Philosophy, 4(1), 17-35. doi:10.1007/s11572-009-9082-9
- John Stuart Mill, 1998, On Liberty, Pennsylvania State University, elektron versiya, səh. 13-14
- Roberts, Michael, The Unjustified Prohibition against Bestiality: Why the Laws in Opposition Can Find No Support under the Harm Principle (June 1, 2009).
- Joel Feinberg, Harm to Self (New York: Oxford University Press, 1986)
- Mill, J.S. (2015) On Liberty, Utilitarianism and Other Essays, eds. Philp, M. and Rosen, F. (Oxford, UK: Oxford University Press)
Cavab yaz