Quran və əvvəlki kitablar | Quranın İncil və Yəhudi qaynaqlarından köçürülməsi iddiası

Quranın digər kitablardan fərqli tərəfləri çoxdur və onlardan biri xüsusilə maraqlıdır. Bu ilahi kitab özündən maksimum dərəcədə agah bir kitabdır; oxucularda hansı reaksiyalara səbəb olacağını özü dilə gətirir. Quran agahdır ki, onun mətnində keçən bəzi məsəllər qəlbində küfr və nifaq olanlar üçün qəribə gələcək və bu qəribəlik onların küfrünü, tərəddüdünü, inkarını daha da artıracaq. “Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz” – deyən Quran buna reaksiyasında insanları iki yerə ayırır: “İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.”[2:26]

Beləliklə də Quran özündə belə bir əks təsirin də olduğuna diqqət çəkir. Bir başqa yerdə deyir: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz.”[3:7] Quran elə həyatın özüdür; həyatı sən Arthur Schopenhauer’ə verib: “onu bizim üçün dəyərləndir” – desən, sənə ömrünün ən qaranlıq, ən pessimist bir mənzərəsini canlandıracaq. Sören Kierkegaard’a versən, içini rənglərlə, işıqlarla dolduracaq bir şer söyləyəcək. Bəli, Quran sadəcə bir cizgi izləyən kitab deyildir, onun bir surəsi digərindən fərqlənir, hətta ayələr arasında belə həm üslub cəhətdən, həm də məna cəhətdən çox fərqliliklərlə qarşılaşırsan. Quran bizə həyatda hər bir şeyin sınaq üçün mövcud olduğunu öyrədir. Bu, həyatı və həyatda qarşılaşdığımız ən ağır fəlsəfi problemləri ziddiyyətsiz şəkildə birləşdirməyə kömək edən bir təlimdir. “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver!”[2:155]

Bir başqa yerdə eyni həqiqəti başqa sözlərlə ifadə edir: “Biz şübhəsiz ki, içinizdən mübarizə aparanları və səbr edənləri ayırd edib görmək üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq.”[47:31] Bu məna kitab boyunca öz təsdiqini tapır: “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur.”[67:2] O zaman Quran özü də bu prosesin bir hissəsi olmalıdır, Quran özü də sınağın bir hissəsi olmalıdır. Ona görə də Quran özü haqqında: “Bu, içində şübhə olmayan, Allahdan qorxanlara doğru yol göstərən Kitabdır”[2:2] – deyir. Bu kitabın həyatda rəhbər edici olması üçün insanın Allaha inanması, Allahı axtarması lazımdır və məhz onlar üçün Quran hidayət rəhbəridir. 

Heç təəccüblü deyildir ki, Quranı açıb içində qüsur, uyğunsuzluq, qəribəliklər tapmaq istəyənlər axtardıqlarını tapacaqlar və Quran özü bunun misalını verib. Allaha inanmayan, yalnız maddəyə inanan kəslər Quranı oxumadan əvvəl onun haqqında hazır fikirə sahibdirlər; heç bir kitab Allahdan ola bilməz, çünki Allah yoxdur və Quran da digər kitablar kimi bir insan məhsuludur. Məhz bu təsəvvürdən yanaşdıqları üçün onların çoxu İslam peyğəmbərinin – tarixi xəbərlərdə gəldiyi kimi – oxumağı və yazmağı bacarmayan bir insan olduğunu qəbul edə bilmədi. Axı necə ola bilər ki, oxuma-yazma bilməyən bir nəfər milyonlarla insanı vəcdə gətirən, onları ilhamlandıran və ən yüksək ədəbi xüsusiyyətlərə sahib bir kitab yazsın?! Əksinə, Muhəmmədinﷺ nəinki oxumaq və yazmağı bacardığını, hətta öz dövrünün mövcud ədəbiyyatını oxumuş biri olduğunu iddia etdilər; yəni iddiaya görə Bibliyanı oxumuşdu və bəzi apokrifik ədəbiyyata vaqif idi.

Gerhard Böwering təsdiqləyir ki, “bizim ən yaxşı biliklərimizə əsasən Bibliya Muhəmmədin zamanında nə tam şəkildə, nə də ayrı-ayrı kitablar formasında ərəb dilinə tərcümə edilməmişdi.”1 Bunu yoxlamaq da çətin deyildir; misal üçün əl-Ğazəli kimi bir islam alimi xristianlara qarşı yazılarında istifadə etmək üçün ərəb dilində Bibliya tapa bilmirdi, halbuki o, peyğəmbərdən beş əsr sonra yaşayıb. Xristianlara qarşı kitabını yazmaq üçün qibtilərin bibliyasından istifadə etməli olur.2 Nəinki Bibliyanın ərəbcə tərcüməsi, heç xristianlıq özü Hicaz bölgəsində oturuşmamışdı. Richard Bell qeyd edir ki, “Hicazda və ya Məkkənin qonşuluğunda, nə də Mədinənin yaxınlığında xristianlığın oturuşmuş yerlərinə dair qənaətbəxş heç bir sübut yoxdur.”3

Keçən əsrin əvvəlində ərəb xristianlarından olan Louis Cheikho Quranın necə xristianlıqdan təsirləndiyini, xristian təlimlərindən qaynaqlandığını göstərmək üçün İslamdan əvvəlki cahiliyyə şeirlərini araşdırmağa başlayır. O, cahiliyyə şerlərində xristian elementlərin olduğunu göstərməklə həmin şairlərin xristian olduqlarını və beləliklə də Muhəmmədinﷺ də yaşadığı şəhərdə xristianlardan öyrəndiyini sübut etməyə çalışacaqdı. Onun qarşısına qoyduğu məqsədi bu idi. Cheikho’nun araşdırması tam əks nəticəyə gətirib çıxardı, çünki onun dəlil olaraq istifadə etdiyi şeirlərdən yalnız birinin xristian olduğu göstərilə bildi.4 Spencer Trimingham də cahiliyyə şairləri arasında belə bir sübutun olmadığını deyir.5

Quranın qaynaqları haqqında bir çox müəllif kitab yazıb və Qurandakı ayrı-ayrı hekayələrin hansı apokrifik materiallardan götürüldüyünü göstərməyə çalışıb. Bunların içində ən məşhuru yəhudi əsilli alman Abraham Geiger’in yazdığı ”Was Hat Mohammed aus dem Judenthume Aufgenommen” adlı kitabdır. Xristian yazıçı və şərqşünas William Clair Tisdall mövzu haqqında yazdığı kitabında yəhudi qaynaqlarını müəyyən etmək üçün Geiger’in araşdırmasına əsaslanır. Misal üçün, Adəmin iki oğlundan birinin digərini öldürməsi haqqında keçən xəbərin haradan götürüldüyünü dəqiqləşdirmək istədikdə “Jonathan’ın Targum’unu” və həmçinin “Qüds Targum’unu” iki ayrı qaynaq kimi göstərir.6 “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur.”[5:27-29] Bu hissəni Tisdall həmin iki yəhudi qaynağına aid edir, lakin Quranda keçən xəbər ilə yəhudi mətni arasındakı bənzərliyin “nəzərə çarpan” olmadığını etiraf edir.7 Geiger hətta qeyd edir ki, iki qardaş arasında keçən söhbət qaynaqlarda “o qədər fərqlidir ki”, iki mətni müqayisə etməyə dəyməz.8

Tisdall’ın etdiyi xəta budur ki, o, Jonathan’ın Targum’unu” və “Qüds Targum’unu” iki ayrı kitab hesab edir, halbuki hər ikisi də eyni kitabın iki fərqli adıdır. Üstəlik müasir elmi araşdırmalar təsdiq edirlər ki, bu “targum” müsəlmanlar Yaxın Şərqi ələ keçirdikdən bir neçə əsr sonra qələmə alınıb. Targum’un ingilis dilinə tərcüməsinin müqəddiməsində tərcüməçi professor Michael Maher ”bu gün geniş şəkildə qəbul edilmiş rəyə” yer verir və deyir: “Müasir müəlliflərin çoxu qeyd edir ki, bu Targum ərəblərin Yaxın Şərqi istila etməsindən sonra yazılıb. M. Splansky inanır ki, bu kitab doqquzuncu və ya onuncu əsrə aiddir…”9 Beləliklə də burada Quranın hansısa “targum” kitabından borc alması söhbəti edilə bilməz, əksinə yəhudilərin Qurandan borc aldıqlarını iddia etmək daha doğru səslənir.

Xristian rahib Tisdall, həmçinin yəhudi ravvin Geiger xəbərin Quranda keçən ikinci hissəsinə də diqqət çəkərək onun da yəhudi qaynaqlarından gəldiyini sübut etməyə çalışırlar. “Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə o, peşmançılıq çəkənlərdən oldu.”[5:30-31] Tisdall və Geiger bu hissənin “Pirkei De-Rabbi Eliezer” kitabından götürüldüyünü iddia edirlər.10 Bu gün biz bilirik ki, belə bir iddia yalnışdır, çünki qəsd olunan ədəbiyyat post-islami dövrə aiddir. Norman Stillman bir dəyərləndirməsində deyir: “Bu gün bizim ravvin ədəbiyyatının xronologiyası haqqında biliklərimiz Geiger’in zamanındakından daha yaxşıdır və o zamandan bəri daha çox mətn – müsəlman, yəhudi və xristian mətnləri – dərc olunub. Bunun işığında biz indi bilirik ki, bəzi misallarda İslami mətnlərə təsir etdiyi düşünülən yəhudi “haqqadik” təsir əslində əksinə mümkündür. Misal üçün, Pirqe de Rabbi Eli’ezer görünür ki, İslamın gəlişindən sonra yazılıb.”11 Bu misal da həmçinin bizə göstərir ki, Quran yəhudi mətnindən təsirlənməmiş, əksinə – möhtəmələn – yəhudi mətni Qurandan təsirlənmişdir.

Quranın qaynaqları mövzusunda aparılmış araşdırmalarda bu cür misallar çoxdur. Bunun bəlkə də ən ibrətamiz nümunəsi Musa ilə Xıdır arasındakı görüşmə ilə bağlıdır. Louis Ginzberg, İsrael Friedländer, Julian Obermann, Jan Wensinck və başqaları iddia ediblər ki, Qurandakı bu xəbər əslində yəhudi qaynaqlarından götürülüb və bunun üçün dəlil olaraq Ravvin Yəşva bin Levi ilə İliya arasında keçən hekayəti misal göstərirlər və həqiqətən də bu hekayə ilə Qurandakı Musa-Xıdır hekayəsi arasında çox yaxın bənzərlik vardır. Lakin problem budur ki, Yəşva ilə İliya arasında keçən söhbətin qaynağını bu araşdırmacılar Qayravan şəhərində on birinci əsrdə yaşamış yəhudi ravvin Nissim bin Şahin’ə və onun “Hibbur Yafeh Me-Ha-Yeshua” kitabına aid edirlər.12 Daha sonra bu kitabın ərəb dilindəki orijinalı tapıldıqda aydın oldu ki, yəhudi dilində keçən bütün materiallar öz əslini bu ərəb dilindəki qaynaqdan götürür və on birinci əsrdən əvvəlki heç bir yəhudi qaynağında belə bir xəbərə rast gəlinmir.13

Bütün bu dəlillərə baxmayaraq Wensinck, Obermann və digərləri Qurandakı bu hekayənin yəhudi materiallarından borc götürüldüyünü iddia etməyə davam etdilər. Çünki – Obermann’ın dili ilə ifadə etsək – Quranda keçən xəbərlərin “qaynaqları bir qayda olaraq post-bibliya dövrünə aid folklora qədər izlənə bilər.”14 Obermann demək istəyir ki, yəhudilərin bu yazılı qaynağı Qurandan ən az dörd əsr sonrakı dövrə aid olsa da, onun Qurandan götürdüyünü demək doğru deyildir, mütləq ki, o özü daha qədim yəhudi folklorundan bəhrələnib və Quran da həmçinin ondan təsirlənmiş olmalıdır. Çünki Qərbin yetişdirdiyi bu “islamşünasların” qəbul etdiyi qaydaya əsasən Quran bütün hekayələri özündən əvvəlki yəhudi və xristian qaynaqlarından alıb. Halbuki ravvin Nissim’in yaşadığı çağ və mühit, onun Qurandan təsirləndiyini daha inandırıcı edir.

Brannon Wheeler bu nəticəyə gəlir və qeyd edir ki, yəhudi mətni möhtəmələn Qurandan və təfsirlərdən bəhrələnib.15 Quranın özündən əvvəlki mətnlərdən istifadə etməsi iddiası hər dəfə süquta uğrayır, çünki Qurana paralel olaraq misal verilən yəhudi və xristian qaynaqlarının çoxunun Qurandan sonra qələmə alındığı sübut olunur, digər bəzi qaynaqların isə nə zaman yazıldığı dəqiq bilinmir və yerdə qalanların isə tamamlanma tarixi Qurandan sonrakı dövrə düşür. Bu misalların hər birinə ayrılıqda toxunmaq və onları ələ almaq ayrılıqda bir kitab ortaya çıxaracaq. Burada bölüşdüklərimiz sadəcə olaraq ortaya qoyulan iddiaların nə qədər zəif zəmin üzərində qurulduğunu sərgiləmək üçün idi. Christopher Hitchens kimi ateistlərin İslam dini haqqında: ”o, özünün primitiv yəhudi və xristian sələfləri üzərində qurulub” – deməsi də16 təəccüblü gəlməməlidir. Quran onun kimi qəlbi küfrlə dolu olanların reaksiyalarından da tam şəkildə agahdır. “Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər.”(6:25) 

Dipnotlar

  1. Gabriel Said Reynolds, “The Quran in Its Historical Context”, səh: 70; Routledge, New York, 2008
  2. Malek Bennabi, “The Quranic Phenomenon”, səh: 243; American Trust Publications, Indiana, 1983
  3. R. Bell, “The Origin of Islam in Its Christian Environment: The Gunning Lectures”, səh: 42; Frank Cass & Co. Ltd, New York, 1968
  4. Hechame Camille, “Louis Cheiko et Son Livre le Christianisme et la Littrature Chretienne en Arabie avant l’Islam: Etude Critique”, səh: 183; Dar əl-Məşriq, Beyrut, 1967
  5. J. S. Trimingham, “Christianity Among the Arabs in Pre-İslamic Times”, səh: 247; Longman Publishers, New York, 1979
  6. “Targum” deyildikdə əsasən Bibliya kitabının arami dilində edilmiş tərcümələri qəsd olunur. “Targum” sözünün ərəbcədəki “tərcümə” sözü ilə identik olması da təsadüf deyildir.
  7. W. C. T. Tisdall, ”The Original Sources of The Quran”, səh: 62-63; Society For Promoting Christian Knowledge, London, 1911
  8. R. A. Geiger, “Judaism and Islam: A Prize Essay”, səh: 80; M.D.C.S.P.C.K. Press, Madras, 1898
  9. Michael Maher, “Targum Pseudo-Jonathan Genesis”, The Aramaic Bible, cild: 1B, səh: 11; A Michael Glazier Book, The Liturgical Press, Minnesota, 1992
  10. W. C. T. Tisdall, ”The Original Sources of The Quran”, səh: 63; Society For Promoting Christian Knowledge, London, 1911; R. A. Geiger, “Judaism and Islam: A Prize Essay”, səh: 80-81; M.D.C.S.P.C.K. Press, Madras, 1898
  11. “Journal of Semitic Studies”, cild: 19, say: 2, səh: 231; “The Story of Cain and Abel in The Quran and The Muslim Commentators: Some Observations”, Manchester University Press, 1974
  12. I. Friedländer, ”Die Chadhirlegende und Der Alexanderroman”, səh: 257; B.G. Teubner, Leipzig, 1913
  13. Brannon M. Wheeler,”The Jewish Origins of Quran 18:65-82? Reexamining Arent Jan Wensinck’s Theory”, Journal of The American Oriental Studies, cild:118, say:2, səh: 155-156; American Oriental Society, Aprel-İyun, 1998
  14. J. Obermann, ”Two Elijah Stories in Judeo-Arabic Transmission”, Hebrew Union College Annual, cild:23, say:1, səh: 400; Hebrew Union College Seventy-fifth Anniversary Publication, 1950-1951
  15. Brannon M. Wheeler,”The Jewish Origins of Quran 18:65-82? Reexamining Arent Jan Wensinck’s Theory”, Journal of The American Oriental Studies, cild:118, say:2, səh: 170-171; American Oriental Society, Aprel-İyun, 1998
  16. “GIG”, səh: 123