Sir Arthur Conan Doyle yazdığı məşhur detektiv silsiləsinin ilk kitabında doktor John Watson’u elə kitabın ilk səhifələrində Sherlock Holmes ilə tanış edir. Doktor Watson yeni dostunun biliklərinə heyran olduğunu ifadə etməklə yanaşı onun bəzi mövzularda cahil olmağından da qəribəlik hissi ilə danışır.
“Onun cəhaləti də bilikləri qədər heyrətamiz idi” deyir Doktor. “Təsadüfən onun kopernik nəzəriyyəsi və günəş sisteminin düzəni barəsində cahil olduğunu öyrəndiyimdə mənim təəccübüm ən zirvəyə çıxdı. Bizim bu on doqquzuncu əsrdə hər hansı mədəni bir insanın Yerin Günəşin ətrafında səyahət etdiyindən xəbərsiz ola biləcəyi mənə o qədər fövqəladə görünürdü ki, mən bunu çox çətinliklə dərk edə bilirdim.”
Watson’un bu təəccübünü görən Sherlock isə dostunun bu şaşqınlığını yox etmək üçün öz cahilliyinin üzrünü bu cür izah edir: ”Bilirsizmi… Mənə görə insan beyni ilk əvvəldən kiçik boş çardaq kimidir və oranı seçiminə görə avadanlıqlar ilə təmin etməlisiz. Axmaq biri əlinə keçirdiyi hər cür sınıq-salxaq mebeli ora elə doldurur ki, ona faydalı ola biləcək biliklər sıxışdırılaraq atılır və ya ən yaxşı halda digər şeylərlə elə qarmaqarışıq şəkildə dolaşır ki, ona əl qoymaqda çətinlik çəkir. Fəqət bacarıqlı usta həqiqətən beyin çardağının içinə qoyduğu şeylərdə çox qayğıkeş davranır. O öz işini görməkdə ona lazım olacaq alətlərdən başqa heç bir şeyi götürmür, amma onlardan onda çox çeşid var və onların hamısı mükəmməl bir nizam ilə düzülüb. Həmin otağın elastik divarlarının olduğunu və istənilən ölçüdə genişlənə biləcəyini düşünmək xətadır. Əmin olun ki, hər bir əlavə məlumat üçün əvvəldən bildiyiniz bir şeyi unudacağınız vaxtlar da olur. Mənasız faktların faydalı olanları dirsəkləyib çölə çıxarmasının qarşısını almaq həddindən artıq əhəmiyyətlidir.”
Sherlock həmişə öz praktikliyi ilə tanınıb və oxucuları onda ən çox cəlb edən xüsusiyyətlərdən biri də həmişə bu olub. Onun praktikliyini hətta öyrəndiyi biliklərdə də gözləməsinin nadir bir hal olduğunu deyə bilərsiz, amma heç bir vəch ilə bunun axmaqlıq olduğunu demək haqqınız yoxdur. Watson da onun bu məntiqi qarşısında bir qədər acizlik hiss etdikdən sonra özünü itirmədən etiraz etdiyini xatırlayır: “Amma söhbət Günəş sistemindən gedir axı!” – mən etiraz etdim. “Bundan mənə nə?” – səbrsizliklə mənim sözümü kəsdi; “siz bizim günəşin ətrafında dolandığımızı deyirsiz. Əgər ayın ətrafında fırlansaydıq bunun mənə və ya mənim işimə zərrə qədər bir fərqi olmayacaqdı.”1
Hər kəs hardasa Sherlock kişinin dedikləri ilə razılaşacaq. Onun dedikləri soyuqqanlı Viktoriyan erasında keçərli olduğu kimi bu gün də keçərlidir. Şirkətdə mühasib işləyən bir kəs əgər öz işini gözəl bacarırsa, onun Günəş sistemi haqqında biliklərinin qüsurlu olması heç bir fərq etməməlidir. Kopernik doğulmadan əsrlər əvvəl insanların axtardığı həyat fəlsəfəsi ilə bağlı suallar, supernovaların öyrənildiyi bizim bu erada hələ də aktual olaraq qalır.
Tarixin bütün dini liderləri insanlara coğrafiya, astronomiya öyrətmək üçün gəlməyiblər, əksinə, onların missiyası insanlara mənəvi və ruhani rəhbərlik etmək olub. Müasir kəşflərdən xəbərsiz olduqları üçün keçmişin görkəmli və dahi şəxsiyyətlərini alçaltmaq, buna görə onların dəyərini azaltmağa çalışmaq psixoloji problemlərdən xəbər verir.
| Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından
Cavab yaz