Frank Ryan’ın “Darwin’s Blind Spot: Evolution Beyond Natural Selection” (Darvinin Kor Bucağı: Təbii Seçmədən Ötədə Təkamül) kitabının xülasəsini sizlərlə bölüşmək istəyirik. Öncəliklə qeyd edək ki, Sheffield universitetinin təkamülçü biologiya üzrə professor Ryan təkamül nəzəriyyəsi müzakirəsində “üçüncü yol” tərəfdarları arasında qeyd edilir. “Üçüncü yol” deməklə qəsd olunan budur ki, təkamüldə insanların çoxu ya yaradılışa inanır, yəni İlahi varlıq tərəfindən xəlq edilməyə inanır, ya da neo-darvinizmə inanır və bu gün təkamül nəzəriyyəsində akademiklər arasında çoxunluq neo-darvinizm tərəfdədir. “Üçüncü yol” tərəfdarlarına görə burada üçüncü izah olmalıdır.
“Darvinin Kor Bucağı” kitabı simbiotik təkamül nəzəriyyəsini müdafiə edir. Daha əvvəl biz bu fikirlə bağlı amerikalı bioloq Lynn Margulis’in kitabı haqqında məlumat vermişdik. Frank Ryan da təkamüldə əsasən təkan verici qüvvə olaraq simbiozisi əsas hesab edir. Lakin Margulis’dən fərqli olaraq neo-darvinizmi açıq şəkildə tənqid etmir və təbii seçməyə, təsadüfi mutasiyalara ondan daha çox rol ayırır.
Kitabda hər şeydən əvvəl təbiətdə mövcud olan əməkdaşlıq, simbiotik həyat tərzlərinin darvinizm ilə uyğun gəlmədiyi göstərilir.
“Bioloqlar üçün təbiətdəki bu cür yaxın münasibətlər təkamüli bir dilemma ortaya çıxarır. Darvinin seçmə nəzəriyyəsi yalnız və yalnız fərdlərin öz növlərindən olan başqa fərdlərlə yarış şərtlərində sağ qalmaq mübarizəsi üzərində qurulub.” (səh: 18)
Darvinin Kor Bucağı: Təbii Seçmədən Ötədə Təkamül, səh: 18
Yəni ki, bu cür simbiotik əməkdaşlıqlar darvinin nəzəriyyəsindəki “sağ qalmaq uğrunda mübarizə” fikri ilə uyğun gəlmir.
Məhz bu səbəbdən darvinistlər və neo-darvinistlər uzun müddətdir ki, simbiogenezis fikrini qəbul etmirdilər.
“Yarış məzmununda mübarizə üzərinə etdiyi vurğu fikri ilə birlikdə darvinizm qol-budaq atdıqca, simbiozis fikri, özünün əməkdaş sevdalı bir başqalılığı ilə, kölgələrdə zəifləyirdi, lağa qoyulurdu və ya ucuz bir fikir olaraq rədd edilirdi.”
Darvinin Kor Bucağı: Təbii Seçmədən Ötədə Təkamül, səh: 24
Əslində Ryan kitabın bu hissələrində göstərir ki, – lakin bunu açıq sözlərlə demir – neo-darvinizm bir doqmaya çevrilmişdi. Lakin kitabın sonrakı səhifələrində bir yerdə bunu açıq sözlərlə ifadə edir. 86-cı səhifədə Lynn Margulis’in verdiyi mübarizə haqqında danışarkən Ryan deyir: “O dövrdə populyasiya genetikasında az qala dini bir doqma kimi təbliğ edilən “həddən çox abstrakt neo-darvinist konseptlərdən” təsirlənə bilməyərək o, (yəni Margulis) başqa alimlərin əhəmiyyət vermədiyi genetika sistemlərinə uz tutdu.“ Burada Ryan yuxarı-aşağı aydın bir şəkildə göstərir ki, elmi nəzəriyyələrdə də hansısa bir paradiqm dini doqma səviyyəsinə gələ bilir və onun tərəfdarları “elm” adı ilə həmin paradiqmanı fanatiklər olaraq müdafiə edirlər. Belə bir etiraf bizə göstərir ki, təbiət elmləri və o elmləri öyrənən alimlər haqqında təbliğ edilən qərəzsiz, yalnız faktlarda marağı olan alimlər təsviri doğru deyildir. Bu fikri bir başqa yerdə GAİA nəzəriyyəsi haqqında danışarkən bir daha təkrarlayır. GAİA nəzəriyyəsini irəli sürən James Lovelock haqqında xeyli tərifləyici məlumatlar verdikdən və onun dahi zəkası haqqında danışdıqdan sonra Ryan qeyd edir ki, elmi icma ona layiq olduğu qiyməti vermədi. Ryan deyir: “Belə münasibətdir, bir o qədər də prestijli elmi dərgilərin Gaia ilə bağlı araşdırmaları dərc etməkdən imtina etməkləri Lovelock’u yaralamışdı. “Elmi bu şəkildə təqdim etdiyim üçün” – o etiraf edərək deyir- “məni tənqid edən alim həmkarlarımdan bəzilərinin cavabı məni mat-məəttəl qoymuşdu… Bu aralar küfrü/bidəti qadağan edənlər artıq elmi establişmentdir.” (səh: 107)
Simbiogenezisin əhəmiyyətindən danışan Ryan göstərməyə çalışır ki, bu nəzəriyyə olmadan neo-davrinizm öz qradualist yanaşması ilə heç bir şəkildə təkamülü izah edə bilməz. Bunu növbəti cümləsi ilə ifadə edir.
“Evkaryot hüceyrənin – hətta primitiv formasında belə – 2.7 milyard il əvvəl ortaya çıxması o deməkdir ki, təkamül bir tək Darvinin qradualizmi ilə mümkün olmayacaq dərəcədə həddin çox sürətlə baş verib.” (səh: 67)
Frank Ryan də kitabda bir neçə yerdə təbii seçmə nəzəriyyəsinə verilmiş rolun şişirdilmiş olduğunu qeyd edir. Bir yerdə bunu bu cür ifadə edir: “Gen mutasiyaları üzərindən təsir edən Təbii Seçmə yeni genlər yaratmağa qadir deyildir; o, artıq mövcud olan genləri dəyişə bilər.” (səh: 92) Bir başqa yerdə bunu Lynn Margulis ilə Niles Eldredge arasında keçən dialoqu oxucuya çatdırmaqla ifadə edir. “Lynn ondan soruşdu ki, istər laboratoriyada, istərsə də təbiətdə aparılmış müşahidələrdə, istərsə də fossil tapıntılarında (genetik mutasiyalar ilə) yeni bir növün əmələ gəlməsinin sənədlərlə isbat edilməsinə dair hər hansı bir misal bilirmi? Eldredge yalnız bir misalı ağlına gətirə bildi; Dobjanski’nin drosofila üzərində apardığı eksperimentlər. Bir eksperimentdə fərqli temperaturlarda böyüdülmüş milçəklərin istiyə uyğunlaşmış və soyuğa uyğunlaşmış elə iki ayrı populyasiyaya bölündülər ki, bunlar öz aralarında qarışaraq arta bilmədilər. Qarışaraq arta bilməmək xüsusiyyəti növləri bir-birindən ayıran fundamentlər bir xüsusiyyətdir. Daha sonra Eldredge başqa bir faktı xatılrlayaraq öz verdiyi misalı da rədd etdi: “Lakin daha sonra ortaya çıxdı ki, onların arta bilməməkləri hansısa parazit üzündən idi…” (səh: 193)
Neo-darvinistlər arasında Richard Dawkins’in müdafiə etdiyi qradualizm ilə Eldredge və Gould’un müdafiə etdiyi “ani sıçrayışlar” fikri arasında fərq vardır. Frank Ryan bu izahların heç birinin dolğun olmadığını deyir. Simbiozis olmadan bu izahların heç birinin doğru olmadığına sübut etməyə çalışır, çünki birincilərin fikri fossil tapıntılar tərəfindən təsdiqlənmir, ikincilərin fikri isə matematiksəl modellər tərəfindən sübut tapa bilmir. Mütləq üçüncü bir izaha ethiyac yaranır.
Fran Ryan kitabı boyunca baş verən proseslərin arxasında bir informasiya sisteminin olduğunu hiss etdirir. Bunun Allah olması fikrini rədd edir. O da bu nöqtədə Lynn Margulis ilə Gaia nəzəriyyəsi üzərində razılaşır. Onların və nəzəriyyənin banisi Lovelock’un təklifinə əsasən Yer kürəsi özü ayrılıqda bir canlıdır, tənzimləyici bir gücə sahibdir, məhz Yer kürəsinin nəhəng bir hüceyrə olması fikri simbiotik birləşmələrə və digər izah olunması çətin olan proseslərə bir məntiq qazandıra bilər. Bu proseslərdən biri misal üçün canlıların artması prosesidir ki, Ryan etiraf edir ki, kiçik orqanizmlərdə bu hüceyrələrin özlərinin bölünməsi ilə baş verir və bu, ən effektiv və ən rahat bir bölünmə yoludur. Sual yaranır ki, görəsən erkək və dişiyə bölünərək seks vasitəsi ilə artmağın təkamül baxımından nə üstünlüyü var idi ki, canlılar bakteriyalar kimi artmaq yolunu buraxıb seks ilə artmaq yolunu seçiblər. Misal üçün Lynn Margulis bunu təkamüldə bir xəta olaraq görür, ona görə bu, viruslardan keçən bir xəstəlik olub. Ryan onunla razılaşmır. Ryan həmçinin Margulisdən fərqli olaraq təkamüldə təkcə bakteriyaların yox, həm də virusların roluna vurğu edir.
Kitab ümumilikdə çox maraqlı dildə yazılıb, tarixi misallarla zəngindir. Bu baxımdan çox informativ bir araşdırmadır. Kitabda həmçinin darvinizmin sosial fəsadlarına da diqqət çəkilir. Ryan burda Sosial-darvinizmin necə “sağlamlıq uğrunda mübarizə” fikrindən əmələ gəldiyi, bu fikrin təhlükələri haqqında yazır.
Cavab yaz