Peyğəmbər evlilikləri: ZEYNƏB Evliliyi

Peyğəmbər evlilikləri: ZEYNƏB Evliliyi

İslamın peyğəmbəri – aleyhissələm – tarix boyunca ən çirkin hücumlara məruz qalıb. Montgomery Watt bunu belə ifadə edir:

“Dünyanın bütün əzəmətli şəxsləri arasında heç kim Muhəmməd qədər böhtanla üzləşməyib.”1

Montgomery Watt

Bunların arasında xüsusi ustalıqla istifadə olunan bir böhtan, İslam peyğəmbərini şəhvətpərəst, qadın düşkünü kimi tanıtmaqdır. Peyğəmbərin çox qadınla evli olması bu baxımdan pis niyyətli insanların əlində gözəl bir fürsətə çevrilib. Məhz Zeynəb bint Cəhş ilə evlənməsi peyğəmbərin ittiham edilməsində böyük bir rol oynayıb. John V. Tolan deyir: “Bu hekayə də (digərləri kimi) xristian polemiklərin düşmən qələmləri tərəfindən təhrif olunacaqdı; Muhəmmədin onlardakı şəhvətli bir şəxs imicini tamamlamaq üçün istifadə olunacaqdı; peyğəmbərin çoxevliliyi onların Antixrist barəsindəki öngüdülü təsəvvürlərinə uyğun gəlirdi. ”2

Bu gün çox təəssüf ki, orta əsrlərin avropalı xristian polemiklərinin çirkin ittihamlarını azərbaycanlı ateist gənclər dillərində dolaşdırırlar. Xüsusilə də kinayəni və lağlağını çirkin formada istifadə edənlər bu baxımdan müsəlmanların şərəfi və ləyaqətini təhqir etməkdən çəkinmirlər.

Bu məlumatların işığında bizim İslam peyğəmbəri və onun çoxevliliyi barəsində bəzi məlumatlarla tanış olmağımız lazımdır. İslam peyğəmbəri həqiqətən də qadın düşkünü, şəhvətpərəst olub yoxsa öz dövrünün kişiləri kimi normal, hətta öz şəhvətini hamıdan çox kontrol edən biri olub? Peyğəmbərin evliliklərinin hansı xarakter daşıdığını, hansı məqsədlər üçün edildiyini öyrənməyimiz lazımdır. Bunun üçün həm tarixi məlumatları, həm məzmunu nəzərdən keçirəcəyik və əqli alətlər ilə onları analiz edəcəyik.

Vacib bir qeyd

Onu da qeyd edək ki, bu məqaləmizdə yoğun bir şəkildə Qərbin qeyri-müsəlman alimlərindən istifadə etmişik. Onların arasında keçmiş və müasir yazıçılar, tarixçilər, şərqşünaslar yer alır. Bu, heç bir şəkildə onları mövzuda əsas avtoritet kimi qəbul etməyimizdən irəli gəlir. Onların sözlərini bu məqaləmizdə istifadə etməyimiz sadəcə olaraq iki səbəbdən qaynaqlanır.

Birinci: İslam peyğəmbərinə qarşı yönəldilmiş bu ittihamlar hər şeydən əvvəl Qərbin xristian müəlliflərindən, onların təhriflərindən qaynaqlanır. Belə olduğu təqdirdə onların ittihamlarına öz sıralarından çıxmış şəxsiyyətlərin sözləri ilə cavab vermək məqsədə uyğundur.

İkinci: Müsəlman alimlərin cavabları ilə kifayətlənsəydik kimlərsə bu cavabların qərəzli olduğunu söyləyə bilərdilər. Ona görə də burada çoxunluqla qeyri- müsəlmanların sözlərinə yer verdik. Bununla da gətirilən arqumentlərin obyektivliyini sağlamağı qarşımıza məqsəd qoymuşuq.

Qeyd etmək lazımdır ki, burada gətirdiyimiz sözlər Qərb mütəfəkkirlərinin Muhəmməd peyğəmbərin müdafiəsi üçün dedikləri sözlərin yalnız cüzi bir hissəsini təşkil edir. Əgər biz onların sözlərinin hamısına yer versəydik iri həcmli bir kitab hasil olardı.

Çoxevlilik standart olduqda

Hər şeydən əvvəl belə bir sual verməyimiz lazımdır. Peyğəmbərin yaşadığı dövrdə çoxevlilik istisna idi yoxsa adət idi? Tarixi oxuyanlar bilirlər ki, İslamdan əvvəl ərəblər üçün, həmçinin dünyanın bir çox digər mədəniyyətləri üçün çoxevlilik bir standart idi. İmkanlı ərəblərin İslamdan əvvəl – heç bir məhdudiyyət olmadan – çox sayda arvadları var idi və çox sayda kəniz saxlayırdılar. John Gunther bunu belə ifadə edir: “Faktiki olaraq Muhəmmədin gəlişindən əvvəl çox ərəbin dörddən çox arvadı var idi və onlar Quranın məhdudiyyət qoymasını ağır qarşıladılar, xüsusilə də Quran onlara bütün qadınlarına eyni ədalətlə davranmağı əmr edirdi. Bu o demək idi ki, kişi birinci arvadına ev və xidmətçilər verirdisə artıq ikinci – və üçüncü və dördüncü – arvadına da eynisini verməli idi.”3

Sağlam düşüncə

Bu həqiqəti diqqətə alaraq bir nöqtə üzərində düşünməyimiz lazımdır. Dost da, düşmən də İslam peyğəmbərinin ağıllı bir insan olduğunu, yüksək intellektə sahib bir şəxsiyyət olduğunu etiraf edir. Əgər o, səmimi bir şəxs olmasaydı, onun məqsədi özünə hakimiyyət əldə etmək və cəmiyyətin gözəl qadınlarından yararlanmaq olsaydı o zaman bunu cəmiyyətin digər kişilərini razı salacaq bir din ilə etməsi daha ağlabatan olmazdımı?! Bu qədər patriarxal bir cəmiyyətdə kişilərin çoxevliliyinə məhdudiyyət gətirəcək qədər qeyri-populyar islahatlar heç bir şəkildə saxtakarlığa yox, səmimiyyətə və xeyirsevərliyə dəlalət edir. Həm yəhudi dinində, həm də xristianlıqda şərab içmək haram edilmədiyi halda və ərəblərin sevimli içkisi olduğu halda onu qadağan etmək hansı məntiqlə şəhvətinə və damağına qulluq edən bir insanın göstəricisi ola bilər?! Thomas Carlyle bu nöqtəyə diqqət çəkməsində tamamilə haqlıdır: “(İslam dini)nin uğur əldə etməsi onun asan din olmasına görə deyildi.”4

Bu şərtlərin işığında peyğəmbərin ərəb cəmiyyətində apardığı islahatlara xüsusi diqqət vermək lazımdır. Çünki bu islahatlar bizə İslam peyğəmbərinin kimliyini, onun amalını qarşımızda sərgiləyir. Əgər biz, onun öz cəmiyyəti üçün gətirdiyi dəyişikliklərdə eqoist maraqlar və maddi çıxarlar görə bilmiriksə, bunu onun şəxsiyyətini dəyərləndirdiyimizdə nəzərə almağımız qaçınılmazdır. Bundan sonrakı səhifələrdə oxuculardan bu məqamı ağıllarında tutmaqlarını xahiş edəcəm.

XƏDİCƏ BİNT XUVEYLİD

Peyğəmbərin qadınlara münasibətini ən bariz şəkildə göstərən, həqiqətən ən ali prinsiplərə sahib biri olduğu göstərən, onun Xədicə ilə evliliyi idi. 25 yaşındaykən, gəncliyinin ən parlaq vaxtlarında ikən özündən 15 yaş daha böyük bir qadınla, yəni Xədicə ilə ailə həyatı qurmuşdu.

Şərqşünas Stanley Lane Poole (1854-1931) deyir: “Sonunda ən güclü arqument, onun ilk həyat yoldaşına olan sadiqliyidir. O, yetkinliyi təzə başa vurmuş bir gənc ikən özündən 15 yaş böyük olan Xədicə ilə evləndi. İyirmi beş il müddətində Muhəmməd yaşlı həyat yoldaşına sadiq qaldı və (Xədicə) altmış beş yaşında ikən… Muhəmməd ona ilk evliliyindəki kimi sədaqətli idi. Bütün o illər boyunca hansısa bir skandalın əsər-əlaməti belə yox idi… Sonra Xədicə vəfat etdi; peyğəmbər ondan sonra çox qadınla – onların arasında bəziləri çox gənc və gözəl idi – evlənməsinə baxmayaraq o, öz yaşlı həyat yoldaşını heç zaman unutmadı və ən sonuna qədər onu sevməyə davam etdi: “Mən kasıb ikən o, məni zəngin etdi, onlar məni yalançı adlandırdıqlarında bir tək o mənə inandı, bütün dünya mənə qarşı olanda təkcə o, sadiq qaldı.” Qəbir yatağında yatan bu yaşlı qadına qarşı olan sevgi və ondan qalan zərif xatirə yalnız və yalnız nəcabətli bir xarakterə aid ola bilər; belə bir şey şəhvətpərəstlikdə/nəşəbazlıqda görülə bilməz. ”5

Peyğəmbərin həqiqi ruhunu sərgiləyən evlilik

Peyğəmbərin həqiqi ruhunu və bir kişi kimi qadınlara münasibətini ən yaxşı sərgiləyən onun Xədicə ilə evliliyidir. Bu evlilik onun heç də iddia olunduğu kimi qadın düşkünü olmadığını göstərir. Annemarie Schimmel yazır: “Çox zaman Muhəmmədin həyatının ən yaxşı çağında yalnız bir qadınla, özündən xeyli yaşlı olan Xədicə ilə evli olduğunu unudurlar. Yalnız həyatının son 13 ilində digər evlilikləri bağlayıb və bununla belə, daha əvvəl qeyd olunduğu kimi, Xədicə ölümündən sonra da onun ən ideal xanımı kimi qaldı, hətta gənc Aişə onu həmişə qısqandı.”6

Viktoriyan erasının naməlum yazıçılarından biri İslam peyğəmbərini öz dövrünün haqsız hücumlarına qarşı müdafiə edərkən bu sözləri yazırdı: “Görünür ki, iyirmi iki il müddətində onun bu xeyirxah qadından başqa həyat yoldaşı olmayıb. Qəbul etmək lazımdır ki, bu, mənim nəzərimdə, ondakı inanılmaz dərəcədə təmkinliyin və səbrin təzahürü idi. … Sizcə yaşadığı ölkədə az qala hər bir kişinin çox sayda arvadı olduğu halda onun başqa qadınlarla evlənməsi hansısa skandala səbəb ola bilərdimi? Digər kişilər kimi o da bunu etsəydi Xədicə bunun səhv olduğunu düşünəcəkdimi?! Nə o, nə də o bölgədə yaşayan başqa birisi onun bu əməlini bir cinayət, bir haqsızlıq kimi və ya ən azından bir anormallıq kimi dəyərləndirib onu qınaya bilməzdi. O zaman bu təmkinliyi və ayıqlığı nə ilə izah edə bilərik?! Bu bir ismət idimi? Bir ərdəm idi? Yoxsa gözəl bir varlığın görüntüsünə təbii olaraq ehtirasa gələn bir kişidəki məmnuniyyət idi? Şübhəsiz ki, bu növlərdən mütləq birinə aid olmalıdır.”7

25 illik bir evlilik

John Davenport peyğəmbərə qarşı yönləndirilmiş bu ittihamlara məhz Xədicə ilə evliliyini misal gətirib cavab verir. “Deyilənə görə Xədicənin ölümündən sonra Muhəmməd müxtəlif müddətlərdə on bir və ya on iki qadınla evlənib… və o, həmişə buna görə mübahisəli yazıçılar tərəfindən haqsızca danlanıb; onlar bunu peyğəmbərin cinsəlliyinə sübut kimi gətirirlər. Çoxevliliyin – Avropada qadağan olmasına baxmayaraq – Ərəbistanda və Şərqin başqa yerlərində icazəli olduğunu və bunun əxlaqsızlıq sayılmadığı nəzərə alınarsa, xatırladılmalıdır ki, o, 25 yaşından 50 yaşına qədər yalnız bir qadınla yaşayıb özünü tətmin edirdi; xatırladırmalıdır ki, o qadın 63 yaşında vəfat edənə qədər, peyğəmbər başqa qadınla evlənmədi və o, peyğəmbərə oğlan övladı vermədən bu dünyanı tərk etmişdi. O zaman soruşa bilərik ki, çoxevliliyin adi bir hal olduğu ölkədə şəhvətinə çox düşkün olan bir nəfərin 25 il müddətində özündən 15 il yaşlı bir qadınla kifayətlənməsi ağlabatandırmı?! O zaman sonradan Muhəmmədin ömrünün son 13 ilində çox qadınla evlənməsinin oğlan övladı istəməsi ilə bağlı olduğu daha doğru olmazmı?! ”8

Edilən təkliflər

İslam peyğəmbərini qadına və şəhvətə düşkün biri olaraq ittiham edənlərin demək istədikləri yekun olaraq o anlama gəlir ki, ömrünün ən aktiv çağında, qanının qaynadığı vaxtlarında, gənc yaşlarında şəhvətinin əsiri olmadığı halda həyatının son 10 ilində, yəni 53 yaşından sonra birdən birə şəhvəti oyanmış və qadınlara maraq salmışdır. Belə bir iddia öz çılpaqlığı ilə nə qədər əsassız olduğunu göstərir. Halbuki zamanında Məkkənin müşrikləri İslam peyğəmbərinə iddialarından əl çəkmək qarşılığında qadın və var- dövlət təklif edirdilər. Utbə bin Rabia ona bu təklifi belə çatdırmışdı: “Ay kişi, əgər evlilik istəyirsənsə Qureyşin qadınlarından hansını istəyirsənsə seç! Səni onlardan onu ilə evləndirək! Yox əgər sənin ehtiyacın varsa sənin üçün elə var-dövlət toplayaq ki, Qureyşin yeganə ən varlı insanı olasan!”9

Həyatda məqsədi, amalı, missiyası insanları aldatmaq yolu ilə zənginləşmək, şəhvətini razı salmaq olan bir insan üçün bundan gözəl şans ola bilərdimi? Amma bununla belə qureyşlilərin bu təklifini rədd edir, əksinə onu gözləyəcək əziyyətlərə razılaşır, ac qalır, döyülür, daşlanır, sui-qəsdə məruz qalır, öz yaxın dostlarının onun gözü qarşısında öldürüldüyünə, işgəncə edildiyinə, evlərindən çıxarılıb atıldığına şahid olur. Bütün bunlara baxmayaraq öz sözündən dönmür, çağırışına davam edir. Biz belə bir peyğəmbərdən danışdığımızı unutmamalıyıq.

Oğlan övladı axtarışı?

John Davenport gördüyümüz kimi çoxevliliyi oğlan övladı axtarışı ilə izah edir. Eyni izahı Stanely Lane Poole da səsləndirir.10 Lakin belə bir iddianın doğru olmadığını deməliyik. Bunun doğru olmadığını Sir John Bagot Glubb (1897-1986) belə açıqlayır: “Diqqətə şayandır ki, (peyğəmbərin) az qala həyat yoldaşlarının hamısı orta yaşlı dul qadınlar idilər. Belə görünə bilər ki, sanki o, gənc qızların deyil də, məhz yetişkin və dərrakəli qadınların yoldaşlığından xoşlanırdı. Bəziləri iddia ediblər ki, onun çoxevliliyi oğlan övladı əldə etmək arzusu ilə bağlı idi, lakin əgər elə olsaydı o zaman daha gənc qadınlarla evlənməsi oğlan varisi üçün daha ümidverici olardı.”11

Peyğəmbərin Xədicəyə evliliyi həqiqi məhəbbətin əsəri idi. Hətta onu ölümündən sonra tez-tez xatırlayar və kövrələrdi, Xədicəni sevdiyini, onun xatirəsini əziz tutduğunu digər həyat yoldaşlarından gizli saxlamazdı. Təbii ki, digər xanımları onun bu sevgisini qısqanclıqla qarşılayırdılar. Aişə xüsusilə bu məqamı xatırlayır və deyir: “Peyğəmbərin qadınlarından heç birini Xədicəni qısqandığım qədər qısqanmazdım. Heç zaman onu görməmişdim, lakin peyğəmbər onu tez-tez yad edərdi. Hətta olurdu ki, bir qoyun kəsdiyində onu tikələrə parçalayır və onları Xədicənin rəfiqələrinə göndərərdi. Buna görə ona deyirdim: “Sanki bu dünyada Xədicədən başqa qadın yoxdur.” O isə cavabında deyərdi: “O elə idi, o belə idi və mənim ondan uşağım olub.”12 Bu ülvi hisləri sevən qəlbdən başqası ilə izah etmək olmaz.

Dipnotlar

  1. W. Montgomery Watt, “Muhammad At Medina”, səh: 324; Clarendon Press, Oxford, 1956
  2. John V. Tolan, “Saracens: Islam in The Medieval European Imagination”, səh: 29; Columbia University Press, New York, 2002
  3. John Gunther, “Meet North Africa”, səh: 39; Harper & Brothers Publishers, New York, 1957
  4. Thomas Carlyle, “Heroes and Hero Worship”, səh: 96; Henry Altemus, Philadelphia, 1899
  5. Stanley Lane Poole, “Studies in A Mosque”, səh: 78-79; Eden, Remington & Co, London, 1893
  6. Annemarie Schimmel, “And Muhammad is His Messenger: The Veneration of The Prophet in Islamic Piety”, səh: 50; The University of North Carolina Press, Chapel Hill, 1985
  7. “Reflections on Muhammedism, and The Conduct of Muhammed”, səh: 11-12; J. Roberts in Warwick-Lane, London, 1735
  8. John Davenport, “An Apology for Mohammed and The Koran”, səh: 25-26; J.Davy and Sons, London, 1869
  9. “əl-Cami əs-Sahih lis-Sunən val-Məsənid”, 14/291;
  10. Stanley Lane Poole, “Studies in A Mosque”, səh: 78; Eden, Remington & Co, London, 1893
  11. Sir John Glubb, “The Life and Times of Muhammad”, səh: 239; Stein and Day Publishers, New York, 1970
  12. “Sahih əl-Buxari”, 3818;