Təsəvvür edin ki, gərgin bir gündən sonra evə qayıtmısınız və televizoru açıb kanalları nəzərdən keçirirsiniz. Beynəlxalq xəbər kanallarının birində gördüyünüz xəbər başlığı diqqətinizi çəkir. Başlıq çox vahiməlidir: Bir nəfər adam beş yaşlı uşağın başını kəsib. İcazə verin sizə bir sual verim. Bu adam əxlaqi cəhətdən yanlış bir iş görübmü? Siz ləyaqətli biri kimi, “əlbəttə, bəli” deyə cavab verirsiniz. İndi isə bu suala cavab verin: Bu hərəkət obyektiv olaraq yanlışdırmı? Yenə də bir çoxları kimi bəli deyirsiniz.
Ancaq burada son bir sual daha var: Bu davranış nəyə görə “obyektiv” olaraq əxlaqi deyil?
Bu sonuncu sual məsələni biraz qəlizləşdirir.
“Obyektivlik” nədir?
Sonuncu suala cavab verə bilmək üçün əvvəlcə “obyektivlik” anlayışını izah etmək lazımdır. Terminin əsas tərifinə əsasən obyektivlik şəxsi hisslər və ya fikirlərin təsirindən müstəqil olaraq gerçəkləri təqdim etmək və ya dəyərləndirməkdir. Əxlaq baxımından obyektivlik anlayışı isə mənəviyyatın bir insanın ağlından və ya şəxsi hisslərindən asılı olmayıb, ona əsaslanmadığı mənasını verir. Bu baxımdan, o, fərdi məhdud emosiyaların xaricindədir. Riyazi həqiqətlər (məs: 1 + 1 = 2) və ya günəşin ətrafında dövr edən Yer misalı tək elmi həqiqətlər onlar haqqında nə düşündüyümüzdən asılı olmayaraq məlum, dəyişməz olan həqiqətlərdir. Ona görə də əgər bu əxlaqi dəyərlər özümüzdən “kənardadırsa”, onlar mütləq əsaslandırılmalıdır. Başqa sözlə, bir təmələ ehtiyacları var. Obyektiv əxlaqi dəyərlər məhdud imkanlarımızdan asılı deyilsə, o zaman aşağıdakı suallara cavab tələb olunur: Obyektiv əxlaq haradan gəlmişdir? Obyektiv əxlaqın təbiəti necə izah olunur? Bu suallara cavab vermək üçün rasional bir təməl tələb olunur ki, onların obyektivliyi izah edilsin və haradan gəldikləri əsaslandırılsın. Suallar bizi mənəvi ontologiya olaraq tanınan bir fəlsəfə sahəsinə yönəldir.
Obyektiv əxlaqi həqiqətlər insan subyektivliyinin sərhədlərini aşır. Məsələn, beş yaşlı uşağın öldürülməsi mənəvi cəhətdən həmişə yanlış olacaqdır, hətta dünyadakı bütün insanlar bu uşağın öldürülməsini mənəvi cəhətdən haqlı hesab etsələr belə, bu həqiqət heç vaxt dəyişməyəcəkdir. Biz bəzi əxlaqi dəyərlərin nəinki obyektiv olduğunu qəbul edirik, həmçinin, bu həqiqətlər bizə əxlaqi bir mükəlləfiyyət hissi yükləyir. Başqa sözlə, etməli olduğumuz və etməməli olduğumuz şeylər mövcuddur. Mənəvi vəzifələrimiz, öhdəliklərimiz var və bunlar bizim məhdud şəxsi dünyamızın xaricindən gəlir. Prof. Ian Markham izah edir ki, mənəvi dilimiz bizdən daha yüksək bir şeyə işarə edir: “Mükəlləfiyyət sözünün içi həyatımızın və dünyamızın sərhədlərini aşan əxlaqi bir həqiqətlə doldurulub. Mənəvi dilin təməlini əmələ gətirən xarakter ümumbəşəri olub, xaricdən gələn bir şeydir.“1
| Hamza Tzortzis‘in ”Həqiqətin İzində: Ateizm İllüziyası” kitabından
Cavab yaz