Rəngini qırmızı etmişdilər, sadə bir dizaynı var idi. Çox ehtimal ki, nümunə olaraq ingilis dilindəki orijinalın çaplarından birini əsas almışdılar. Çox önəmli bir kitab olmalı idi. Əgər bu sayda iddialı gənclər yaşlı bir fəlsəfə doktorunu da yanlarında gətirərək kiçik bir otaqda ictimaiyyət ilə bir kitab barəsində görüş təşkil etmək istəyiblərsə, mütləq önəmli bir kitab olmalı idi. “Tanrı Böyük Deyil” adı ilə çap edilmiş bu kitabın üz qapağını örtən bu sözlərdə həqiqi mənada böyük olan iki şey var idi. Birinci böyüklüyü mənzərədəki ironiya adlandıra bilərik, çünki üzündə yer alan yeddi sözün arasında ən böyük olan məhz “tanrı” sözü idi. Masanın üzərində yatan kitabı ilk dəfə kameraların gözü ilə gördüyümdə oxuya bildiyim də yalnız “TANRI” sözü oldu. Bunu tanrının heybətindən etməmişdilər. İngilis mətbəələrinin çap etdiklərinə baxsaq kitabın orijinal “God is Not Great” adındakı “God” (Allah) sözünü böyük hərflərlə yazdıqlarını görərik. Görünür ki, ABŞ-dakı mətbəələr bunun bir “xəta” olduğunu düşünüblər, ona görə də kitabın adındakı “God” sözünü ən kiçik hərflərlə yazıblar, hətta müəllifi Christopher Hitchens’in adı belə daha böyük qeyd edilib.
Bunun məqsədli şəkildə edildiyini təxmin etmək çətin olmamalıdır. Necə də olmasa bəzi ateistlər üçün bu, xüsusi bir əhəmiyyət kəsb edir. Tarixin ən hərəkatçı ateistləri sayılan bolşeviklər də 1917-ci ildə hakimiyyətə gəldikdə çox önəmli hesab etdikləri bəzi “islahatların” altına imza atmışdılar. Onlara qədər çar Rusiyasında “Богъ” sözünü yazarkən böyük hərflə yazardılar. 1917-ci ildə hakimiyyətə gələn inqilabi hökumətin verdiyi bir göstərişdə dil ilə bağlı düzəlişlər arasında bu “xəta” da düzəldilməli və kiçik hərflərlə yazılmalı idi.1 Sovet dönəmində kitab çap edən dövlət qurumları bu direktivə əsasən Allah sözünü böyük hərflə yaza bilmirdilər. Nobel mükafatı laureatı rus yazıçı Aleksandr Soljeniçin “Avqust 1914” adlı kitabını Rusiyada yox, Fransada çap etməsini belə izah edirdi: “Sağlam insan düşüncəsinin dərk edə bilməyəcəyi senzura etirazları və onların üstəlik Allah sözünü həmişə böyük hərf olmadan yazmağı tələb etməsi üzündən bu kitab öz doğma ölkəmizdə Samizdat’dan başqa heç yerdə çap edilə bilməz. Bu həqarətə boyun əyə bilmərəm. Allah sözünü kiçik hərflərlə yazmaq direktivi ən ucuz ateistik xırdaçılıqdır.” 2 Azərbaycanlı ateist gənclərimizin bolşeviklər qədər pedant və hərfgüdən olmaması həqiqətən də xoşdur.
Sözünü etdiyimiz böyüklüyün ikincisi isə iddianın özü idi. Azərbaycanlı bir müsəlman olaraq tariximizin, mənəviyyatımızın, mədəniyyətimizin, hər şeydən əvvəl isə insan olaraq mahiyyətimizin əsasını təşkil edən bir varlığın heç də əsrlər boyunca inandığımız kimi böyük olmadığını iddia edirdilər. Bəşər mədəniyyətinin əvvəlindən bu günə qədər insanlar, həyatı və yaradılışı düşünüblər. Qədim yunan filosoflarından başlayaraq zamanımızın ən məşhur filosofları da daxil olmaqla bu sualın ağırlığını və əhəmiyyətini hamı etiraf edib. “Tanrı Böyük Deyil” iddiası həm də bizim tarixi dəyərlərimizə meydan oxumaqdır. Çox uzağa getmədən, hələ yaxın keçmişdə baxdığımız video kadrlarda Qarabağ müharibəsində aparılan əməliyyatlarda əsgərlərimizin dilindən “Allahu Əkbər” sözlərini eşitmək olur. Allahın böyüklüyünə şahidlik edən bu sözlər əsrlər boyunca müsəlmanların dilindən qopmaz şüar olub. Hitchens kimi bir fiqur bu qədər böyük bir iddia ilə mövzuya yeni nə gətirə bilərdi?! Üstəlik bizim bu gənclərin kitabın adını yarımçıq qoymaqlarını da anlamaq lazım idi. Tam adı əslində ingilis dilindən tərcümədə belədir: “Tanrı Böyük Deyil; din necə hər şeyi zəhərləyir”. Kitabın üz qapağında adın əsas mahiyyətinin yer almamasının səbəbini bilmirəm. Amma əslində kitabın əsas mövzusunun, əsas qayəsinin dinlərin neqativ yanlarını ifşa etmək olduğunu nəzərə alsaq adın ixtisara salınmasının bir problem olduğunu anlaya bilərik.
Maraqlı olan bir başqa tərəf isə budur ki, ateist gənclərimiz öz iddialarını bir ingilisin qələmi ilə oxucu kütləsinin qarşısına çıxarmışdılar. Christopher Hitchens’in kitabını seçməkləri məni bir qədər təəccübləndirmişdi. Axı Hitchens nə bir filosof, nə də teoritik fizik deyildi. Bəli, “ateizmin dörd atlısı” adı ilə tanınmış kvartetin dördüncüsü idi. Hər nə olmasa da bu kvartetin digər üzvləri olan Daniel Dennett filosof, Richard Dawkins bioloq, Sam Harris3 isə nevroloqdur. Bizim Hitchens isə sadəcə olaraq yazıçı və jurnalist olub. Bu dörd atlının İncilin “Vəhy” kitabında keçən “Məhşərin Dörd Atlısı” ilə bağlı bir bənzətmə olduğunu nəzərə aldıqda Viktor Vasnetsov’un çəkdiyi şəkil gözümün önündə canlanır. Ən sonda gələn solğun atın üzərindəki Ölüm ilə Hitchens arasında qəribə bir bənzərlik sezmək olur. “Mən baxdım və budur: meydana solğun rəngli at çıxdı. Onun belində oturanın adı Ölüm idi və Məzar addımbaaddım onun dalınca gəlirdi.”4 Bu dördlükdən öz iddiasının doğruluğunu yoxlamaq şansını ilk qazanan Hitchens oldu və ömrünün son ilində xərçəng xəstəliyinə tutulduğu üçün dalınca addımbaaddım gələn məzar sonunda onu haqladı. Dörd atlı, xristianların kitabında işğal, müharibə, aclıq və ölümün təmsilidir. Ateistlərin dördlüyünə baxdıqda isə Dawkins təkəbbürlüyün, Hitchens şəhvətin, Harris inadkarlığın, Dennett isə tərəddüdün təcəllisidir. Özünün də etirafı ilə Hitchens’in İncilin çox səhifəli hekayələri arasında ən çox xoşladığı hissə İsa peyğəmbərin suyu şəraba çevirməsidir. Buna heç bir etirazının olmadığını etiraf edir. Dinə qarşı yönəltdiyi etirazların içində ən çox dinin insanların seksual həyatına qoyduğu məhdudiyyətlərə qəzəbləndiyini görmək olur və bunu gizlətmir. Əlbəttə ki, Hitchens təkcə şəhvətyanlılığı ilə digərlərindən seçilmir, amma onu xarakterizə edəcək tək bir xüsusiyyəti qeyd etməyimizi istəsələr gözə ilk çarpan şəhvət olur. Hitchens – bəzilərinin təbirindən istifadə etsək – ”bir anti-puritandır; o, kiminsə hardasa öz əlindən tam ölçüdə seksual həzz ala bilməməsi fikrindən çox narahatdır.”5
Digər tərəfdən bu gənc tərcüməçinin və onun yoldaşlarının bu seçimini də başa düşmək mümkündür. Kitabın qapağının üzərində bir ingilisin adının olması ehtiyacdan qaynaqlanır. Önəmli olan, müəllifin görkəmli filosof, dahi alim olması deyildir, sadəcə olaraq avropalı olması kifayət edir. Qürbətdə yaşasam da azərbaycanlı olmağın nə anlama gəldiyini bilirəm. Günəbaxan bitkisi günəşə tərəf baxdığı kimi bizim azərbaycanlı insanı da öz aləmində ideallaşdırdığı Qərbə tərəf üz döndərir. Axı məşhur hikmətə görə Şərq mühafizəkarlığın, Qərb isə proqressivliyin məkanıdır. Bunu nəzərə alıb bir ingilis adının təsirini düşünün! Christopher Hitchens yoxsa Taryel Abdullayev? Hansı daha inandırıcı səslənir?!
Bu həqiqətin üzərində düşündüyüm üçün bir ara əks arqument olaraq hazırlamaq istədiyim kitabın əcnəbi müəlliflərdən birinin kitabı olmasını istəyirdim. Azərbaycanda ən parlaq bir zəkanın hazırladığı bir kitabdakı səhifələr nə qədər zəngin və önəmli məlumatlarla, dərin düşüncələr ilə dolu olsa da adının şərqsayağı olması onu, Qərbin ən bayağı adı qarşısında uduzdurur. Ona görə də dostlarıma zarafatla deyirəm ki, yazdığım kitabda təxəllüs olaraq müəllifin adını “Homer Simpson” və ya “Donald Duck” qoysam daha çox oxucu qazanaram.
Fakt budur ki, Hitchens’in kitabı artıq dilimizə tərcümə olunub. Kitab haqqında yüksək bir fikrə sahib olmasam da onun qarşısına bir cavabın qoyulmasına ehtiyac olduğunu görürdüm. Görəsən bütün tərcüməçilər oxucularına kitab seçərkən ən yaxşısını seçməyi öz qarşısına məqsəd qoyurmu yoxsa burada başqa maraqlar da nəzərə alınmalıdır? Öz adımdan deyə bilərəm ki, nəzərdən keçirdiyim kitablar bir və ya iki kitabla məhdud deyildi. Əfsuslar olsun ki, qarşılaşdığım kitablar “qane edicilik” sınağından kəsildilər.
Bunun səbəbi kitabların keyfiyyətindəki qüsur deyildi. Sadəcə olaraq o kitabların içindəki bəzi mövzuları azərbaycanlı oxucu üçün münasib görmədim. Bu mövzuda cavab keyfiyyətini daşıyan ədəbiyyatın əksər hissəsi eyni zamanda xristian dininin müdafiəsidir. Digər kitabların içində keçən bir sıra misallar – iddia olunan erməni soyqırımı buna misal ola bilər – azərbaycanlı oxucuda lazımsız reaksiya oyada bilərdi. Seçim etmək asan iş kimi görünmürdü. Ürəyimin istədiyinə tam uyğun bir kitabı tapmaq ümidimi itirdiyim andan müqəddiməsini oxuduğunuz bu kitabın ilk ürək döyüntülərini eşitməyə başladım.
Qısa bir müddət sonra öz qələmimi işə salmaq əzmi qəlbimdə möhkəm bir kök atmışdı. Məyus olmaq üçün bir səbəb yoxdur; kitabın səhifələri, adları dillərinizi əzib-büzəcək avropalı müəlliflərin fikirləri ilə zəngindir. Bu adlar təkcə John Lennox, William Lane Craig, Alvin Plantinga, David Berlinski kimi müasir dindar-ateist diskursunda tez-tez hallanan adlarla məhdudlaşmır. Kitabımızda verdiyimiz cavabları şərq kitabxanasından almadıq, Hitchensə aid olduğu yarımkürənin insanları ilə cavab vermək istədik. Michel de Montaigne demişkən “mən yalnız özümü daha yaxşı ifadə etməkdən ötrü başqalarından sitat gətirirəm.” 6
Dipnotlar
- E. M. Verşaqin, V. Q. Kostomarov, ”Yazık i Kultura: Tri Linqvostranovedçeskiye konçepçii”, səh: 76; Direct Media, Moskva-Berlin, 2014
- Aleksandr Soljeniçin, “An Author’s Appeal”, The New York Times, 16 iyun, 1971
- Sam Harris’i filosof kimi təqdim edənlər də vardır, ancaq ciddi filosoflar onu filosof kimi qəbul etmirlər.
- Vəhy kitabı, 6:8
- Vox Day, “The Irrational Atheist: Dissecting The Unholy Trinity of Dawkins, Harris and Hitchens”, səh: 205; Benbella Books, Texas, 2008
- “The Works of Michael de Montaigne; Comprising His Essays, Letters and Journey Through Germany and Italy”, səh: 86; J.W.Moore, Philadelphia, 1856
Cavab yaz