Ateist Christopher Hitchens “God is Not Great” adlı kitabında İslam ənənəsində mövcud olan hədis elmini tənqid etdiyi kimi Quranı da nüfuzdan salmağa çalışır. Biz isə öz növbəmizdə özünü intellektual kimi göstərməyə çalışan bu insanın cəhalətini ortaya qoyan Allaha həmd edirik. Biz əminik ki, Hitchens ümumiyyətlə yazdıqları şeyləri araşdırmayıb, nə də danışdıqlarından xəbəri vardır. Amerikada əsas hədəfi xristianlıq olduğu üçün İslam haqqında bir iki mənbədən “copy-paste” ilə kifayətlənib. Özünə hörmət edən araşdırmacı kitab yazanda bu cür metodologiyanı əsas almamalıdır.
Hitchensin iddiası:
Hitchensin Quran haqqında etdiyi iddiaları istehza və fəsil uzatma naminə yazdıqlarından təmizləyib qısa şəkildə belə təqdim etmək olar:
“Bəzi alimlərə görə Əbu Bəkrin dövründə Quranı əzbər bilən bir çox səhabə savaşlarda həyatlarını itirir və əzbər bilənlərin sayı çox az olur. Beləliklə, Əbu Bəkr ilk xəlifə olaraq bir komitə toplayır və bu komitənin başına Zeyd ibn Sabiti qoyur. Zeyd Quranı ilk dəfə bir araya toplayır. Onu üzərində ayələr yazılmış kağızlardan, daşlardan, palma yarpaqlarından, heyvan sümüklərindən, dəri parçalarından və insanların hafizələrindən bir araya gətirir. Beləcə müsəlmanların “rəsmi versiyaya oxşar Quranı” ərsəyə gəlir. Bunun doğru olduğunu təqdir etsək Quran Muhammədə olduqca yaxın bir dövrə aid olur. Lakin, qısa araşdırmadan sonra bizə aydın olur ki, Əbu Bəkrin Quranı toplaması heç də alimlərin ittifaq etdiyi bir şey deyil. Bəziləri Quranın toplanılmasını dördüncü xəlifə Əlinin zamanına, bəziləri isə üçüncü xəlifə Osmanın zamanına aid edirlər. Osmanın generallarından biri insanların Quranın müxtəlif versiyaları üzərində ixtilaf etdiyini xəbər verir və Osman Zeyd ibn Səbitə müxtəlif mətnləri bir araya toplayıb onları bir mətn kimi yazmağı tapşırır. Sonra Osman bu versiyanı müxtəlif şəhərlərə göndərir. Beləliklə, Osman Quranı senzuradan keçirərək Irenaeus və İsgəndəriyəli Athanasius`ın Bibliya ilə etdiklərini etdi. Osmanın versiyası müqəddəs və xətasız, digər versiyalar isə apokrifik olaraq qəbul olundu. Athanasius`u üstələyərək Osman bütün digər versiyaların yandırılmasını əmr etdi. Lakin Osmanın bu cəhdi də boşa çıxdı. Çünki ərəb dilində o zaman hərfləri bir birindən ayıracaq nöqtələr yox idi və beləliklə Osmanın topladığı Quranın da bir birindən fərqli versiyaları ortaya çıxdı. Bunlar Quranın bu günə qədər bir biri ilə ziddiyyətli mənalara gəlməsinə səbəbdir”…
Buradan çıxarılan nəticə:
Hitchens bunu açıq aydın söyləməsə də Əbu Bəkrin dövündə ilk “rəsmi Quranın” ortaya çıxdığını söyləyərək oxucuda Peyğəmbər dövründə Quranın əslində mövcud olmadığını və ya insanların ümumən Quran təsəvvüründən məhrum olduqları təsəvvürünü yaratmaq istəyir. Hardasa qırıq-qırıq ayələrin mövcud olduğunu, lakin ümumən Quranın bir kitab şəklində mövcud olmadığını demək istəyir. Ona görə də bu məsələyə toxunaq.
Peyğəmbərin dövründə Quran:
Peyğəmbərin dövründə Quran mövcud deyildimi? Bu sualın cavabı budur ki, Quran nəinki insanların hafizlərində həmçinin yazılı şəkildə də tamamı ilə mövcud idi. Bunu hardan başa düşürük? Hitchens Zeyd ibn Sabitin Quranı müxtəlif lövhələrdən, daşlardan, parçalardan və insan hafizələrindən topladığını deyir. Lakin Hitchensin burada anlamadığı odur ki, Zeyd ibn Sabit bilmədiyi bir şey toplamır. Zeyd ibn Sabit Quran hafizi olub və istədiyi təqdirdə onu sadəcə özü yazıya tökə bilərdi. Zeydin qayəsi sırf yazılı variantları toplamaq olub. Hər bir parçanın Allah Rəsulunun təsdiqi ilə yazıldığına dair iki dənə şahid tələb edirdi. Ona görə Zeydin “insanların hafizələrindən” toplaması sözünün doğru tərcüməsi “insanların hafizələrindəkilər ilə müqayisə edərək” toplamaq mənasında anlamaq lazımdır.
Zeyd bütün ayələri topladıqdan sonra deyir: “Allah Rəsulundan çoxluca eşitdiyim Əhzab surəsinindən bir ayəni itirdim. Sonra onu sadəcə Xuzeyma əl-Ənsaridə tapdım”. Deməli, Zeyd bu ayəni eşidib və ondan xəbərdar olduğu ilə bərabər onun yazılı şəklini axtarır. Digər hədisdə isə Tövbə surəsinin son iki ayəsini itirdiyini və onları da sadəcə Xuzeymada tapdığını qeyd edir. Burdan eyni zamanda anlaşılan odur ki, bu üç ayə istisna digər bütün ayələr bir çox səhabənin yanında yazılı şəkildə mövcud olub. Bunun nə əhəmiyyəti var? Məsələnin əhəmiyyəti odur ki, Hitchens elə bir təsəvvür yaratmaq istəyir ki, Əbu Bəkr Quranın bir yerə toplanılmasını əmr edəndə hər səhabə bir ayə deyə bilərdi ki, bu ayəni başqaları bilmir. Misal üçün Yəməmə döyüşündən sonra Ömərin Quran hafizlərinin ölümlərindən narahat olduğunu qeyd etdiyində deyir ki, “Quranı əzbər bilən şəxslərin sayı həyəcan doğuracaq qədər azaldı”.
Əslində olan:
Bu isə qətiyyən belə deyildir və İslam qaynaqlarında belə bir şey yoxdur. Bəli, bir çox qari vəfat etmişdir və Ömər qarilərin gələcəkdə də bu cür savaşlara gedəcəkləri və vəfat edəcəkləri təqdirdə Quranı gözəl şəkildə bilən səhabələrin sayının tədricən azala biləcəyindən narahat olmuşdur. Lakin bu, Quranı bilənlərin sayının Yəməmə döyüşündən sonra “narahat edici qədərə az” olduğuna heç cür dəlalət etmir. Biz iddia edirik ki, Quran Peyğəmbərdən başlayraq hər bir nəsildən digər nəsilə təvatür şəklində, yəni yalan üzərə birləşə bilməyəcəkləri qədər böyük sayda insan tərəfindən digər nəslə ötürülmüşdür. Hitchens isə artıq birinci təbəqədə – səhabələrin təbəqəsində – Quranı bilənlərin sayının az olduğunu və Quranın hansısa daşlardan və naməlum parçalardan toplandığı təsəvvürünü yaratmaq istəyir. Bu isə yumşaq desək xətalı anlayışdır. Yəməmə döyüşündə ən azı 700 nəfər səhabənin öldüyü deyilir. O zaman Quranın neçə nəfər tərəfindən əzbər bilindiyini özünüz təsəvvür edin. Üstəlik, Ömərin narahatçılığı sadəcə Quranı əzbər bilənlərin ölümü ilə bağlı deyildi, qarilər ilə bağlı idi. Qarilər isə Quran elmlərini gözəl bilən və digərlərinə bu elmi ötürə bilənlərə deyilir. Bununla bərabər səhabələr arasında qarilərin sayı hələ də ölənlərin sayından qat-qat çox idi.
Deməli, buradan üç məsələni anlamış oluruq:
- Quranı əzbər bilən bir çox insan vəfat etsə də onu təvatür şəklində rəvayət edə biləcəkləri qədər səhabə hələ də mövcud idi.
- Zeydin işi yazılı Quranı toplayaraq onu səhabələrin hafizəsində olan ilə müqayisə etmək idi.
- Allah Rəsulu dövründə artıq Quran tam şəkildə yazılı olaraq mövcud idi, çünki Zeyd bir ayəni itirdikdən sonra onu Xuzeymədə tapdığını qeyd edir. Allah Rəsulu dövründə mövcud olmayan və Əbu Bəkrin etdiyi isə bu ayələri bir kitab, bir mushaf şəklində bir yerə toplamaq olub.
Allah Rəsulu dövründə Quranın vahid bir kitab kimi toplanılmamasının səbəblərini qeyd edək:
- Quranın nazil olduğu dövrdə ərəblərin məlumatları qorumaq üçün etimad etdikləri əsas vasitə hafizələri olub. Yazı vasitələrin qıtlığı və çətinliyi də bunun səbəblərindədir. Əksər insanlar ümumiyyətlə yazı yazmağı bacarmırdılar. Beləliklə, səhabələr Quranı əzbər bildiklərinə görə əksəriyyəti onu yazmaq məşəqqəti ilə məşğul olmurdular, hifz etdikləri ilə kifayətlənirdilər.
- Səhabələr həm Məkkədə həm də Mədinə də müxtəlif növ əzab, əziyyət və çətinliklərlə üzləşirdilər. Bu vəziyyəti nəzərə alaraq hər bir kəsin Quran yazısı ilə məşğul olma ehtimalı daha da azaldığını anlayırıq.
- Quranı yazmağı çətinləşdirən digər səbəblərdən biri Quranda baş verən nəsxdir. Nəsx nazil olunmuş ayənin tilavətinin ləğv edilməsidir. Bunun bir çox səbəbi və hikməti vardır. Peyğəmbərin dövründə ayələr nəsx oluna bilərdi. Əgər müəyyən bir surə yazılır və sonra ondan sadəcə bir ayə nəsx olunursa o zaman bütün surənin yenidən yazılmasına ehtiyac duyulacaqdır.
- Həmçinin, bəzən müəyyən bir surə nazil olur sonra uzun bir vaxtdan sonra bir ayə nazil olur və o surədə müəyyən yerə qoyulmağı əmr olunur. Bu halda da bütün yazılanı yenidən yazmaq lazım olacaq.
Bütün bunları nəzərə alaraq nəyə görə Quranın Peyğəmbər dövründə bir yerə kitab şəklində toplanmadığı bizə aydın olur. Lakin qeyd etdiymiz kimi, Quranı qorumağa həris olan səhabələr onu hifz etdikləri kimi yazılı variantını da hifz etmişlərdi.
Əbu Bəkrin Quranı toplaması:
Yuxarıda da qeyd etdiyimiz kimi, Yəməmə döyüşündə bir çox qari vəfat etmiş və Ömər bunun çoxluca təkrarlanacağından və qari səhabələrin öləcəyindən narahat olaraq Əbu Bəkrə Quranı bir yerə toplamağı məsləhət görür. Əbu Bəkr də Zeyd ibn Sabitin başçılığı ilə bir komitə qurur və onlar Quranı vahid bir mushaf şəklində toplayırlar. Bu Mushaf ilk öncə Əbu Bəkrin, onun ölümündən sonra Ömərin, onun da ölümündən sonra Ömərin qızı və Peyğəmbərin xanımı olan Hafsanın himayəsinə keçir.
Əbu Bəkrin dövründə mushafı toplayanların işi nədən ibarət idi? İlk öncə, onlar müxtəlif materialların üzərində yazılmış surələri vahid bir kitab halına salıblar. Bununla bərabər, bəzən bu əlyazmalarda nəsx olunmuş ayələr də ola bilərdi. Misal üçün bir səhabə bir surəni Peyğəmbərdən eşidir və bundan sonra səfər edir. Səhabənin səfərindən sonra bu surədən müəyyən bir ayə nəsx olunur, lakin səhabə bundan xəbərsiz olduğu üçün onun lövhəsindəki yazı olduğu kimi qalır. Bu komitənin əsas işlərindən biri də bu nəsx olunmuş ayələri müəyyən etmək və onları mushafa yazmamaq idi.
Osmanın mushafına keçməkdən öncə Hitchensin yazdığı ən böyük safsata haqqında danışaq:
Hitchens islam alimlərinin Quranın kim tərəfindən toplandığında ixtilaf etdiklərini vurğulayır və beləliklə Quranın qaranlıqlarla əhatə olunduğunu nümayiş etdirmək istəyir. Bu isə mürəkkəb cəhalətdən başqa bir şey deyildir. İlk öncə Əlinin – Allah ondan razı olsun – Quranı toplaması sadəcə yalandır. Əlinin Quranı toplaması haqqında heç bir xəbər yoxdur və Hitchens bunu sadəcə ixtilaf təsəvvürünü şişirtmək üçün qeyd edib. Əlidən sabit olan Əbu Bəkrin və Osmanın əməllərini təsdiqləməsi və onların yerində olacağı təqdirdə eynisini edəcəyni deməsidir. Osman və ya Əbu Bəkrin Quranı cəm etməsinə gəldikdə isə heç bir ixtilaf mövcud deyildir. Tarixdə mütəvatir şəkildə sabit olan odur ki, bu xəlifələrdən hər ikisi Quranın mushaflara toplanılması ilə məşğul olublar. Osmanın etdiyi əməllər barəsində də Allahın izni ilə yazacayıq. Buradakı məqsəd Hitchensin yazısındakı yalanı və qeyri professionallığı nümayiş etdirmək idi.
Osmanın Mushafı:
Hitchens müsəlmanların Osmanın dövründə Quranın müxtəlif versiyaları üzərində ixtilaf etdiyini qeyd edir. Təbii ki, bu sadəcə yalandır. Quranın nə bir rəsmi, nə də Osmanın ləğv etdiyi apokrifik versiyaları olmayıb. Quranın nazil olduğu gündən sadəcə bir versiyası olub. Tarixən məlumdur ki, Osman ona qarşı baş qaldırmış bir qövm tərəfindən qətl edilib. Onlar qətl etməklərinin səbəbi kimi Osmanın bəzi haqsızlıqlara göz yümmasını qeyd ediblər. Təsəvvür edin ki, rəiyətin yüzdə birini belə təşkil etməyən hissəsi Osmanın zülmü haqqında uydurulmuş hekayələrə əsasən xəlifəni qətl edir, lakin ondan öncə xəlifə Quranı dəyişir, və ya onun versiyalarını ləğv edir, lakin heç bir müsəlman səsini belə çıxarmır. Bu nə qədər inandırıcıdır? Sadəcə bu misal kifayətdir ki, Hitchensin versiyasının yalan olduğu isbat olunsun.
O zaman insanların ixtilaf etdikləri nöqtə və Osmanın əməyi nə olmuşdu?
İxtilaf etdikləri iki əsas nöqtəni göstərək. Birincisi haqqında daha öncə yazmışıq və bu bəzi ayələrin nəsx olunması ilə bağlıdır. Misal üçün, bir səhabə bir surəni Peyğəmbərdən eşidir və sonra dəvət məqsədi ilə Şam torpaqlarına üz tutur. Oranın əhalisinə bu surəni öyrədir. Bundan sonra bu surədən bir neçə ayə nəsx olunur və başqa bir səhabə bu surə ilə İraq torpaqlarına gedir və oranın əhlinə bunları öyrədir. Hitchensin işarə etdiyi hadisə Azərbaycan torpaqlarında baş verir və İraq əhli ilə Şam əhli arasında bəzi ixtilaflar baş verir. Bu ixtilafın birinci səbəbi dediyimiz kimi iki firqədən birinin nəsx olunmuş ayələri Qurandan çıxarmamasıdır. Deməli, ixtilaf nəsx haqqında olan cəhalətlərindən qaynaqlanır, hansısa “versiyalardan” qaynaqlanmır. Əbu Bəkr nəsx olunmuş ayələri öz mushafından çıxarmışdı, lakin bu mushaf Əbu Bəkrin öz yanında qaldığı üçün, xilafətin digər yerlərində olan müsəlmanların bundan xəbərsiz olması normaldır.
İkinci səbəb:
İkinci səbəb Quranın ərəblərə rüsxət olaraq bir neçə dialekt üzrə oxunmasına icazə verilməsidir. Bu gün ingilis dilinin amerika, britaniya, avstraliya və digər dialektlərinin olduğu kimi keçmişdə də müxtəlif ərəb qəbilələrinin öz dialektləri olub. Allah da qullarına rəhmət olaraq Quranı ilk olaraq Qureyş dialektinə uyğun olaraq nazil etsə də sonradan digər dialektlərlə oxumağa icazə vermişdir. Bu zaman Huzeyl qəbiləsindən olan bir səhabə İraqa gedir və onlara öz dialektlərinə uyğun olaraq Quranı öyrədir, Qureyşdən olan digər səhabə isə Şama gedir və orada öz dialektini öyrədir. Bundan sonra Şam əhli və İraq əhli qarşılaşır və bu dialektlərdən hansının daha yaxşı olduğu üzərə ixtilaf edirlər. Düşünməyin ki, Quran başdan ayağa bu ixtilaflarla doludur, əksinə onlar sadəcə bəzi yerlərdə təcəlli edir və əsasən hərflərin və onların məxrəcləri ilə bağlıdır.
Dialektlər arasındakə fərqlər
Bu dialektlər Quranın mənasına heç bir təsir etmir. İki dialekt arasında olan fərqlilikləri misalla göstərək ki, Hitchensin iddia etdiyi versiyaların əslində cuzi oxunuş fərqlilikləri olduğunu anlayasız. Misal üçün Tin surəsinin 9-cu ayəsində buyurulur: “أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ” (Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacaq). Burada “çıxardılacaq” sözü ərəbcə “bu`sirə” kimi oxunur, yəni “u” hərfindən sonra hərəkəsiz “ayn” hərfi gəlir. Bu qureyş qəbiləsinin tələffüzüdür. Huzeyl qəbiləsi isə “ayn” hərfini “ha” hərfi ilə əvəz edir, ona görə də huzeyl qəbiləsi bu ayəni “buhsirə” kimi oxuyacaqdır. Mənada bir fərq varmı? Qətiyyən. Hər iki söz tamamilə eyni mənaya gəlir. Sadəcə huzeyl qəbiləsi “ayn” hərfini “ha” hərfi ilə əvəz edir, ona görə də onlar “bəli” mənasına gələn “nəAm” sözünü digər ərəblərdən fəqli olaraq “nəHam” kimi tələffüz edirlər. Başqa misal verək. Qureyş qəbiləsi ərəb dilində “tabut” sözünü تابوت deyərək yazır. Digər qəbilələr isə eyni sözü تابوه deyə yazır. Bu iki söz arasındakı fərq sadəcə son hərfin yazılışındadır. Mənasında heç bir fərq yoxdur. Baxın belə fərqliliklərə Hitchens Quranın müxtəlif versiyaları adını verir.
Burada iki nöqtəyə diqqət yetirmək lazımdır:
Quranın müxtəlif dialektlərdə oxunması Allah tərəfindən endirilmiş bir məsələdir, ona görə də Peyğəmbər Quranın bəzi ayələrini başqa bir dialektlə oxumağa icazə vermədən kimsə bu dialektlə oxuya bilməz. İkinci nöqtə isə odur ki, səhabələr bu dialektlərin mövcudluğunu bilir və bunu normal qarşılayırdılar, ona görə də aralarında ixtilaf baş vermirdi. Hitchensin qeyd etdiyi ixtilaf xilafət genişləndiyi zaman ərəb olmayan avam insanlar arasında baş verən ixtilafdır. Onlar ərəb dilinin bu genişliyini anlamadıqlarına görə ixtilafa düşmüş və Osman da hamını Quranın ilk nazil olmuş dialekti – qureyş dialekti üzərə toplamaq qərarına gəlmişdir. Bununla Osman Qurandan nəyisə ləğv etmiş oldu? Qətiyyən. Sadəcə bəzi dialektlərin bəzi oxunuşları artıq Osmanın mushafında yer almadığı üçün o dialektlər tədricən unudulmağa başlamış, bütün ümmət isə Osmanın mushafına uyğun olaraq Quranı mütəvatir şəkildə oxumağa davam etmişdi.
Bunları bildikdən sonra bizə aydın olur ki:
Hitchensin Osmanı Irenaeus`ın etdiyi ilə ittiham etməsi sadəcə bir böhtandır. Apokrifik İncilləri bir tərəfə qoyun, kilsənin qəbul etdiyi incillər belə tamamilə ayrı ayrı kitablardır. Bunu sadəcə bir neçə hərf tələffüzü fərqliliyi ilə necə müqayisə etmək olar? Bunu edən insan insaf sahibidir mi?
Beləliklə Osman bir heyət qurur və bu heyət Əbu Bəkrin topladığı mushafı bir neçə nüsxəyə köçürür. Bu zaman bir sözün yazılışı üçün əsas aldıqları qureyş dialektinin yazı üslubu olur. Sonra bu mushaflar xilafətin müxtəlif yerlərinə göndərilir və Osman digər mushafların yandırılmasını əmr edir. Bunu nə üçün edir? Dediyimiz kimi ola bilər ki, bəzi şəxslər sonradan nəsx olunmuş ayələrin nəsx olunduğundan xəbərsiz olsun və öz yazı lövhələrində bu nəsx olunmuş ayələr Qurana nisbət olunsun və ya bəzən yeri bir ayə nazil olur və müəyyən insan bu ayədən xəbərsiz olur və onu öz nüsxəsində yazmır və ya Quranı yazan bəzi şəxslər onun yanında Quranın təfsirini də qeyd edirdilər və beləliklə ayələr təfsir ilə qarışa bilirdi. Ona görə də Osman bütün bu yazıların yandırılmasını əmr edir və istəyən şəxs gedib Osmanın mushaflarından özünə bir mushaf kopya edə bilərdi. Burada ən mühüm nöqtəyə diqqətinizi çəkək. Osman digər yazıların yandırılmasını əmr etdikdə insanların bunu edib etməyəcəyini yoxlamaq üçün xüsusi insanlar və ya polis təyin etməmişdir. Bütün ümmət öz xoşu ilə Osmanın bu əməlinin xeyir olduğunu qəbul etmiş və ona itaət etmişdir. Bununla Hitchensin “apokrifik” versiyalar yalanının həqiqətini anlamış olduq.
Sadəcə son bir məsələyə toxunmağımız qalır:
Bəli, Osmanın mushafları yazıldığı zaman ərəblər nöqtələrdən istifadə etmirdilər. Lakin bu qətiyyən yazılanın bir biri ilə qarışmasına səbəb olmamışdır. Bunun ilk səbəbi odur ki, nöqtələr olmasa belə oxuyan kontekstdən hansı sözün yazıldığını anlayır. Misal üçün biz ərəbcə “ev” sözünü nöqtə olmadığı halda “palçıq” sözü kimi oxuya bilsək ki, hər kəsə aydındır ki, konteksdə “ev” sözü “palçıq” sözü ilə əvəz oluna bilməz, bu nəinki məna dəyişməsinə ümumiyyətlə mənasız bir cümləyə gətirib çıxaracaqdır. Hitchensin “Osmanın mushafının belə müxtəlif bir biri ilə ziddiyyətli versiyaları ortaya çıxdı” iddiası əsassız bir iddiadır. Ona görə də Hitchens bu dediyiklərinə bir dənə belə misal gətirmir. Çünki belə bir misal yoxdur, müsəlmanlar on dörd əsr ərzində bəzi ayələrin mənalarında ixtilaf ediblərsə belə heç bir zaman “ev” və ya “torpaq” olmalıdır deyə Quranın ləfzlərində ixtilafa düşməyiblər. İkinci məsələ isə odur ki, Quran endirilən gündən onun oxunuşunda əsas etimad yazılı nüsxələrdən daha çox əzbərdən oxumağa olub. Buna görə də Osman mushaflarını xilafətin müxtəlif yerlərinə göndərdikdə sadəcə bununla kifayətlənmir, o mushafları əhaliyə oxuyaraq öyrədə biləcək qari səhabələr də göndərir.
Ən qədim Quran nüsxələri:
Bu gün bizə çatan və birinci, ikinci və ya üçüncü əsrə aid olan bir çox qədim Quran nüsxələri vardır. Misal məşhur Sana əlyazmaları təxminən 4500 əlyazma və 12000 perqamentdən ibarətdir. Bunlar təxminən 800 mushaf (Quran nüsxəsi) əmələ gətirir. Hamısı hicri 1-5ci əsrlərə aiddir. Başqa məşhur əlyazmalar arasında Topqapı muzeyindəki əlyazma, Türk-İslami Sənətlər muzeyindəki əlyazma, Tubingen universitetindəki əlyazma, Səmərqənd muzeyindəki əlyazmalarını qeyd edə bilərik. Bu əlyazmalardan bəziləri imlai xətalardan xalidir, misal üçün Türk-İslami Sənətlər muzeyindəki əlyazmada xəta yoxdur, bəzilərində isə (Səmərqənd əlyazması kimi) cüzi imlai xətalar vardır. Qeyd edək ki, bəzi əlyazmalarda xətanın olması Quranın qorunmuş olmasına heç cür təsir edə bilməz, müsəlmanlar Quranın qorunmuş olduğunu iddia edir, onları yazan katiblərin məsum olduqlarını deyil. Ümumiyyətlə əlyazmada xəta olmaması xəta olmasından daha təəccüblüdür.
Əlyazmalardakı “xətalar”:
Səmərqənd əlyazmasındakı iki xətaya diqqətinizi çəkək: a) bir ayədə “va lilləhi” sözü yerinə “vallahu” yazılıb, bu xəta “əlif” hərfinin yerinə “ləm” hərfini yazmaqla ortaya çıxıb b) digər ayədə “həzihi nəqatullah” yerinə “həzə nəqatullah” yazılıb, bu da katibin bir “hə” hərfini unutmasına görə baş verib. İkinci xətaya gəldikdə o heç bir məna dəyişikliyi vermir, ərəb dilini bilənlər bilirlər ki, “həzə nəqatullah” demək qrammatik olaraq xətadır, əslində “həzihi” olmalı idi, lakin katib bir hərfi yazmağa unutduğuna görə bu cür xəta ortaya çıxıb. Birinci ayədə isə katibin yazdığı ayənin tam mənası “Göydə və yerdə olan nə varsa Allahdır” olur, doğru məna isə “Göydə və Yerdə nə varsa Allahındır”. Burada da katib bir hərf xətası etmişdir. Əgər Quran hifzi əlyazmalara etimad etsə idi, o zaman biz gözləməliydik ki, ən azı Səmərqdən bölgəsində yaşayan müsəlmanlar bu imla xətaları olan yerləri digər müsəlmanlardan fərqli oxusun, yəni xətalı oxusun. Və ya Özbəkistanda mövcud olan bəzi digər əlyazmalarda eyni xəta qarşımıza çıxsın, çünki ən azı bəzi əlyazmalar bu əlyazmadan köçürüləcəkdir. Lakin biz tamamilə bunun əksini görürük. İstər Özbəkistanda, istər dünyanın hansı yerində olur olsun biz bu xətalı ayələri müsəlmanların alimlərinə deyil, Quran hifzi ilə məşğul olan uşaqlara göstərsək onlar dərhal bu xətaları bizə göstərəcəklər. Yeganə səbəb Quranın əsas qorunması hifz ilə olduğudur. Əlyazmalar isə sadəcə yardımcı bir vasitədir. Dünyanın digər yerlərində olan əlyazmalardakı imlai xətalar da bunun kimidir. Quranın şifahi nəql olunması təvatur həddinə çatdığına görə bir mushafa deyil bütün mushaflarda xəta olsa belə bu xəta Qurana təsir etməyəcəkdir.
Başqa bir misal verək:
Muhamməd ibn Hasən ibn Miqsəm öz dövrünün Quran qarilərindən və ərəb dilində nadir biliklərə sahib olan adamlardan olub. Onun hekayəsini qeyd edən hər bir tarixçi onun ərəb dilində çox üstün səviyyələrə çatdığını qeyd edir. Deməli bu ibn Miqsam Osmanın mushafına və ərəb dili qaydalarına müvafiq olan sözün peyğəmbərdən sabit olmasa belə oxunmasını icazəli görürdü. Misal üçün Yusuf surəsinin 80-ci ayəsində “nəciyyən” sözü Osmanın mushafına və ərəb dilinə müvafiq olaraq “nucubən” kimi oxunula bilər, lakin bu oxunuş Peyğəmbərdən sabit olmayıb. Bu alim də bu oxunuşu icazəli gördü. Nəticə nə oldu? Dövrünün alimlərinin ittifaqı ilə bu əməli pisləndi və hətta tövbə etməsi üçün qazi qabağına da çıxarıldı. Tövbə etmədiyi təqdirdə kafir olaraq cəzalandırılacaqdır. Lakin ibn Miqsəm xətasını anlayır və etdiyindən tövbə edir.
Bu qissədən bir neçə fayda götürürük:
- Ərəb dilində nə qədər yüksək səviyyələrə çatsan belə Peyğəmbərdən sabit olmayan oxunuşu Qurana daxil edə bilməzsən.
- Bütün alimlər istisnasız olaraq bu oxunuşun Peyğəmbərdən sabit olmadığını bilirdilər, hətta ibn Miqsəm özü belə bu oxunuşun sabit olmadığını bilir və etiraf edirdi, sadəcə sabit olmayan oxunuşun da icazəli olacağını etiqad edirdi. Deməli, Quranın qorunmasında etimad nəqli yazıdan daha çox hafizəyə olub. Və bu nəql iki müsəlmanın ixtilaf etməyəcək şəkildə, yəni mütəvatir şəkildə olub.
- Bütün alimlər İbn Miqsəmin əməlinin – Peyğəmbərin oxumadığı şəkildə Quranın oxunmasının – İslam dinindən çıxaran bir küfr olduğunda ittifaq ediblər. Bu sadəcə ibn Miqsəmin dövründə deyil on dörd əsr boyunca hər bir müsəlman aliminin görüşüdür.
Cavab yaz