“– Müəllim, minarənin üzərindəki aypara nədir?
O təəccüblənib dedi:
– Nə mənada? İslamın simvoludur.
– Bəs, İslama qədər Ərəblər kimə inanırdı, Allaha?
– Yox oğlum, o zaman Kəbə bütpərəstlərin idi və Kəbənin içində 300-dən çox büt var idi, ərəblər bütpərəst idilər. O zaman İslam yox idi. İnsanlar tək Allahın varlığından xəbərsiz idilər. Məhəmməd peyğəmbərə peyğəmbərlik gələndən sonra ərəblər cahillik yuxusundan ayılmağa başladı.
– Müəllim, bəs necə olurdu ki, Məhəmməd peyğəmbərə qədər İslam yox idisə onun atasının adı necə Abdullah idi? Abdullah tərcümədə “Allahın qulu” demək deyilmi?
– Doğrudur, doğrudur. Allahın qulu deməkdir.
Bunu deyib imam çənəsini ovuşdurdu və fikirə daldı.
– Müəllim, mənə bu maraqlı gəldi və İslama qədərki ərəblər haqda araşdırmalar apardım, müxtəlif tarixi yazıları, hədisləri və digər əlyazmaları oxudum. Oxuduqlarım məni yaman çaşdırdı. Məni ən çox çaşdıran məsələlərdən biri o oldu ki, İslama qədər də bütpərəstlər gündə beş dəfə ibadət edir və ramazan ayında oruc tuturdular….”
Bu, Qaraqanın kitabındakı sözlərindən bir hissə idi. Sözün düzü bu sözləri oxuduqda Qaraqanın “islami biliklərinin” və “araşdırmalarının” nə qədər cılız və dəyərsiz olduğunu anladım. Sonra düşündüm ki, bu qədər bəsit bir sualın qarşısında “çənəsini ovuşdurub fikrə dalan” imam görəsən kimdir? Görəsən həqiqətən də bu qədər savadsız imam varmı? Bəlkə bu adam ölü yuyan mollalardan biri ilə danışıb, onu kitabında “imam” kimi qələmə verir?!
Abdullah sözü
İstənilən halda İslam haqqında azdan-çoxdan anlayışı olan müsəlmanlar bilirlər ki, “Abdullah” ərəb sözüdür və “Allahın qulu” deməkdir və həmçinin bilirlər ki, İslam ərəblərə gəlmədən öncə də ərəblər Allaha inanırdılar. Quranda bu barədə yazılır:
“De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”” [əl-Muminun surəsi, 84-89]
Beləliklə də bu ayələrdən anlayırıq ki, ərəblər Allaha inanırdılar, çünki ərəblər özlərinin İbrahimin dinindən gəldiklərini söyləyirdilər, lakin İbrahim dininin təlimlərindən əsər əlamət qalmamışdı. Allah haqqındakı inancları tamamilə batil idi. Onlar Allah ilə yanaşı Onun köməkçiləri olduqlarını zənn etdikləri bütləri də ilah hesab edirdilər və onlara ibadət edirdilər. Ona görə də ərəblərdə İslamdan öncə də “Abdullah” adının olması çox normaldır.
Daha sonra
Daha sonra Qararaq guya araşdırma edib, hədislər oxuyub və əlyazmalar oxuyub. Bu “əlyazmalar” sözünü oxuduqda bir az çaş-baş qaldım. Görəsən bu hansı əlyazmaları, salnamələri oxuyub? Əlyazmaları oxuyanlar neçə illik tarix təcrübəsi olan, dəsti-xətlər üzrə mütəxəssis olan akademiklərdir, Ziya Bünyadov kimi tarixçilərdir, bu Qaraqan nə zamandan belə bir səviyyəyə çatıb?!
Amma görünür ki, əlyazmaları yaxşı oxumayıb, çünki kitabında yazır ki, sən demə ərəblər İslamdan öncə də beş vaxt namaz qılırmışlar və ramazanda oruc tuturmuşlar. Ay Qaraqan, sən bu məlumatları hansı əlyazmalardan oxumusan? Allahı sevirsənsə bizə bu barədə xəbər ver. Qaraqandan fərqli olaraq tarixçilərin dedikləri budur ki, İslamdan əvvəl ərəblər ramazan ayını oruc tutmazdılar, lakin aşura günü orucu bilirdilər. Həmçinin ərəblər gündə beş vaxt namaz qılmayıblar, heç İslamda namaz vacib buyurulduqda ilk dəfə beş vaxt olaraq yox, iki vaxt olaraq vacib buyurulmuşdu. İslamdakı ibadətlərdən xüsusilə tavaf ibadəti ərəb müşriklərində var idi, lakin ramazan orucu və beş vaxt namaz kimi ibadətlər ərəblərdə olmayıb.
ölü yuyan mollalardan biri ilə danışıb – məncə, onların da arasında bu suala normal cavab verən var.
lakin İbrahim dininin təlimlərindən əsər əlamət qalmamışdı – bəzi şeylər qalmışdı.
Onun köməkçiləri olduqlarını zənn etdikləri bütlər – köməkçi? Əminsiniz? birinci dəfə eşidirəm. Onlar sadəcə şərik qoşurdular, köməkçi demirdilər.