Artıq bir müddətdir ki, Bernard Lewis`in “Müsəlmanlar nədə səhvə yol verdi?” adıyla dilimizə tərcümə olunan “What Went Wrong” kitabı haqda bir şeylər yazmaq istəsək də, buna heç cür imkan tapmırdıq. Bu yazı sadəcə qısa bir müqəddimə olmaqla gələcəkdə yazmağı planlaşdırdığımız məqalələr seriyasının ilk yazısıdır. Bu seriyada Lewis`in iddialarına alternativ baxış bucaqlarının olduğunu oxucularımıza təqdim etməyi düşünürük.
Columbia Universitetininin professoru, akademik Edward Said hələ 1978-ci ildə Bernard Lewis haqda demişdir ki, o əsərlərinin obyektiv liberal ədəbiyyat olduğunu iddia edir, lakin həqiqətdə araşdırdığı mövzuya qarşı propaqanda aparmağa çox yaxındır. 1Lewis`in “What Went Wrong” kitabının buna gözəl nümunə olduğunu düşünürük. Müəllifin kitabındakı iddialara keçməzdən öncə bu məsələyə bir qədər aydınlıq gətirmək istəyirik.
Bernard Lewis kimdir?
Maraqlıdır ki, Lewis 1957-ci ildə “Suez krizi” haqda yazdığı məqalədə “Clash of Civilizations” (Mədəniyyətlər toqquşması) ifadəsini ilk dəfə istifadə etmişdir. Bu ifadə Samuel Huntington`nun məşhur məqaləsinin (sonra da kitabının) başlığıdır. ABŞ siyasətini izləyən hər kəs bilir ki, həm Huntington, həm də Lewis terrora qarşı mübarizə adı ilə Orta Şərq (və ümumən müsəlman) torpaqlarına hərbi intervensiyaya bəraət qazandıran yeni-konservatorların (neo-conservative) intellektuallarıdır, George W. Bush, Dick Cheney,2 Richard Perley kimi adamların müəllimləridir. Noam Chomski`nin ifadəsi ilə desək, beynalxalq terrora dərslik nümunasi ola biləcək İraq müharibəsini (və digər müharibələri) dəstəkləyənlər arasında Lewis`i də tapmaq mümkündür.
Məşhur amerikalı jurnalist Jacob Weisberg isə ümumiyyətlə onu “İraq müharibəsi arxasında olan ən təsirli intellektual” adlandırır.3 ABŞ-ın xarici siyasətini söz arası qeyd etsə də, həm müzakirə etdiyimiz kitabda, həm də növbəti kitabında Lewis müsəlmanların qərbə qarşı nifrətinin əsasən müsəlmanların qərbə paxıllıq etdiyindən, bir zamanlar özlərindən aşağı gördükləri sivilizasiyanın sonradan daha çox inkişaf etdiyi üçün keçirdikləri alçaldıcı hissindən və müsəlmanların irrasionallığından törədiyini deyir.4 Buna görə də Peter Waldman Lewis`in tarixi interpretasiyalarının “Ağ Evin rəsmi xarici siyasəti” adlandırır.5
Lewis`in digər kitabı “Crisis of Islam”da da bu “neytral” akademik fəaliyyəti görmək mümkündündür. Misal üçün, o 1953-cü ildə İranda Mossadegh`ın devrilməsi ilə bitən çevirilişdə ABŞ`ın rolunu kiçiltməyə çalışır. Bundan sonra şahın 26 il ərzində on minlərlə insana işgəncə verməsi və öldürtməsi kimi faktları və CİA`nin şahın rejimini ayaqda tutmasındakı rolunu görməzdən gələrək 1979-cu ilə sıçrayış edir və ABŞ`ın İran İqilabı zamanı şaha dəstək vermədiyini vurğulayır.
Zəifləmənin səbəbi
Mövzumuzdan çox da uzaqlaşmamaq adına onu qeyd edək ki, “What Went Wrong”a ümumi şəkildə baxsaq görərik ki, Lewis İslam dünyasının zəifləməsini İslamın özü ilə əlaqələndirir. Sözügedən kitab əksəriyyət etibarilə Osmanlı imperiyasının tarixini ələ alır və “sadəcə Türk İmperiyası və Orta Şərqi əhatə edən araşdırmadan İslam dünyası haqda belə nəticələrə gəlmək ən azı çaşdırıcıdır”.6 Təbii ki, Osmanlı imperiyasının çöküşündə bir çox faktor vardır, bunlardan bəzilərinin açıq-aydın İslama zidd olduğunu iddia etmək də olar, lakin hər bir halda bu faktorlar arasında əsas faktorun İslam olduğunu iddia etmək “qəribə məntiq sıçrayışı tələb edir”.7 Digər məsələ odur ki, İslamın müsəlman ölkələrinin kasıblığına əsas səbəb olduğunu iddia etmək sadəcə “faktlara uyuğun deyildir… Orta Şərq İslamın yayılmasından sonra əsrlər boyunca (müəllifin vurğusu) Avropadan iqtisadi, texnoloji və mədəni cəhətdən üstün olub. 7-12ci əsrlər arasında İslam qərbi Avrasiyada dominant olub. Yaranmasından 4-5 əsr boyunca İslam pozitiv iqtisadi inkişaf ilə əlaqələndirilə bilər”.8 Fikir verin ki, bu sözləri deyən tarixçi Jared Rubin burada Osmanlı imperiyasının tarixini nəzərə almır. Lewis`in öz etirafı ilə Osmanlılar ilk böyük imperial torpaq itkisini 1699-cu ildə Karlovitsdə bağlanılan antlaşma ilə yaşayıblar. Bundan sadəcə bir neçə il öncə Osmanlılar Vyanaya qədər çatmaq və onu mühasirəyə almaq iqtidarında idilər.
Bu yazını sadəcə qısa bir müqəddimə olaraq görmənizi istəyirik. Göstərmək istədiyimiz əsas məsələ o idi ki, Lewis`in araşdırmalarının neytral, tərəfsiz olduğuna ən azından şübhə ilə yanaşmaq lazımdır
Dipnotlar
- Edward Said, Orientalism (Harmondsworth: Penguin, 1978), p. 316
- Cheney`in onu mədh etməsi məşhurdur. Bax: Vice President’s Remarks at the World Affairs Council of Philadelphia Luncheon Honoring Professor Bernard Lewis.” http://www.whitehouse.gov/news/releases/2006/05/20060501–3.html.
- Jacob Weisberg, “Party of Defeat,” Slate. Rev. March 14, 2007. Available at:http://www.slate.com/id/2161800 (accessed June 13, 2008).
- Lewis, From Babel, pp. 375, 328.
- Historian’s Take on Islam Steers US in Terrorism Fight’, Wall Street journal, 4 February 2004
- Louis A. Delvoie, Queen’s University, Kingston, International Journal, winter 2002-2003, 232.
- Ibid
- RUBIN, J. (2018). RULERS, RELIGION, AND RICHES: Why the west got rich and the middle east did not. CAMBRIDGE UNIV Press, p. 3.
Cavab yaz