Bəzi dairələrdə yayılmış təsəvvürə görə İsrail dövləti Birləşmiş Millətlər Təşkilatının qərarı ilə qurulub. Yəhudilər müzakirə etdikdə sanki İsrail dövlətinin qurulmasının hüquq əsasında baş verdiyini göstərmək üçün BMT-nın 1947-ci ilin 29 noyabrında qəbul etdiyi 181 saylı qətnaməyə istinad edirlər. Biz bu yazımızda faktlara əsaslanaraq İsrail dövlətinin, əksinə – beynəlxalq hüquqa zidd bir şəkildə qurulduğunu göstərəcəyik.
Qeyd edək ki, 1947-ci ildə sentyabr ayının 25-indən noyabrın 29-una qədər Baş Assambleyada Fələstin üzərinə hazırlanmış hesabat müzakirə olundu və bu hesabatın Fələstin ərazilərini iki yerə bölmək planı səs çoxluğu ilə qəbul olundu. Beləliklə də 1947-ci ilin noyabr ayının 29-unda 33 ölkə bu bölmə planının leyhinə, 13 ölkə əleyhinə səs verdi, 10 ölkə isə səs verməmək haqqından istifadə etdi. Bu plana görə Fələstin ərazisinin təxminən 57 faizi əhalinin yalnız 33 faizini təşkil edən yəhudilərə, geridə qalan 43 faizi isə əhalinin 67 faizini təşkil edən ərəblərə verilirdi. Üstəlik, Fələstində yaşayan yəhudi əhali bütün ərazinin yalnız 5,6 faizinə malik idi.1
Hər şeydən əvvəl bilmək lazımdır ki, BMT-nin qurumları arasındakı Baş Assambleyanın qəbul etdiyi qətnamələr üzv dövlətlər üzərində hüquqi bir gücə malik deyildir, yəni üzv dövlətlər bu qətnamələrə itaət etməyə hüquqi olaraq məcbur deyillər. Biz Birləşmiş Millətlər Təşkilatının öz səhifəsində BMT-nin xartiyasına əsaslanaraq yazdıqları bu sözləri oxuyuruq: “Təhlükəsizlik Şurasının qərarları Şuranın iradəsinin rəsmi ifadəsidir. Baş Assambleyanın aldığı qərarlardan fərqli olaraq Təhlükəsizlik Şurasının aldığı qərarlar hüquqi olaraq bağlayıcıdır.”2 Bu, o deməkdir ki, yalnız Təhlükəsizlik Şurasının aldığı qərarlar hüquqi gücə malikdir, Baş Assambleyanın belə bir avtoriteti yoxdur. Ona görə də 1947-ci ildə səs çoxluğu ilə qəbul edilmiş 181 saylı qətnamə, sadəcə olaraq Baş Assambleyanın verdiyi bir rekommendasiya idi. Harvard universitetinin hüquqşünas məzunu, Ohio Dövlət Universitetinin hüquq professoru John Bernard Quigley yazır: “Baş Assambleya tərəflərin qəbul edə biləcəkləri təkliflər irəli sürmək məqsədi ilə Fələstin məsələsini ələ almışdı. Qətnamə 181-də paylaşma planını qəbul etməyi və tətbiq etməyi məsləhət görmüşdü və Fələstinin sakinlərindən “bu planı həyata keçirmək üçün öz üzərilərinə düşən gərəkli addımları atmağı” istəmişdi. Britaniya Fələstin məsələsini 1947-ci ildə Baş Assambleyaya ərz etdikdə assambleyadan öz “rekommendasiya” (məsləhət) səlahiyyətindən istifadə etməyi tələb etmişdi. Britaniya bu addıma baş vurarkən Assambleyanın Xartiyadakı onuncu bənddə keçən səlahiyyətlərinə istinad edirdi və orada Assambleyaya məsləhət (rekommendasiya) vermək səlahiyyətini aid edir…. Üzv dövlətlər Qətnamə 181-i sadəcə bir məsləhət olaraq görürdülər.”3
Avstraliyalı hüquqşünas və Beynəlxalq Ədalət Məhkəməsinə hakim seçilmiş James Crawford yazır: “Ancaq Mandat idarəsi ilə Assambleya arasında bölgənin gələcəkdəki düzəninə dair bir fikir birliyi yox idi və Bölmə planını, əlaqəli tərəflərə rekommendasiyadan başqa bir qərar olaraq qəbul etmək üzərində razılaşdırılmış niyyət yox idi. Beləliklə də çıxarılacaq nəticə bu olmalıdır ki, Bölmə planı – özlüyündə etibarlı olmasına baxmayaraq – tövsiyədən (rekommendasiyadan) başqa bir şey olaraq nəzərdə tutulmamışdı.” Daha sonra Crawford bunu təsdiqləyən tarixi məzmunu da qeyd edərək əlavə edir: “Bu nəticə qətnamənin 1947 ci il, 29 noyabrdan sonrakı tarixi ilə dəstlənir. Həm Təhlükəsizlik Şurası, həm də Birləşmiş Krallıq Bölmə planını icra etməkdən imtina etdilər və müxtəlif alternativ planlar müzakirə olundu.”4 Hans Kelsen də eyni rəyi ifadə edir və Qətnamə 181-in sadəcə bir tövsiyə olduğunu, Baş Assambleyanın rolunun tövsiyə etmək olduğunu qeyd etdikdən sonra buyurur: “Rekommendasiya mahiyyət etibarı ilə, ona uyğun olaraq davranmaq üçün hüquqi bir mükəlləfiyyət ifadə etmir.”5 Clyde Eagleton yazır ki, “Baş Assambleyanın tösviyəsi, misal üçün Fələstinin bölünməsi üçün verdiyi qətnamə, tövsiyədən artıq bir şey deyildir” və “heç bir dövlət üzərində bağlayıcı hüquqi təsirə malik ola bilməz.”6 BMT Xartiyasını incələmiş hüquqşünaslardan olan Elihu Lauterpacht buyurur: “Bölmə Qətnaməsinin heç bir qanunverici (legislative) xarakteri yox idi. Baş Assambleya öz qətnaməsi ilə Fələstində yaşayan yəhudilərə və ərəblərə sahib olmadıqları hər hansısa bir haqqı verə bilməzdi və eyni şəkildə də onların sahib olduqları hansısa haqqı onlardan ala bilməzdi.”7 Bu sitatların sayını çoxaltmaq mümkündür. Aydın olan məsələ budur ki, Baş Assambleyanın qətnaməsi heç bir şəkildə hüquqi gücə sahib deyildi.
Beləliklə də nəzərdə tutulan qətnamə heç bir şəkildə hüquqi gücə malik deyildi. Qətnamənin qəbul edilməsindən sonra baş verənlər də bu mənanı təsdiqləyir. Quigley yazır: “1948-ci ilin mart ayının 5-ində BMT Təhlükəsizlik Şuası beş daimi üzvdən – Britaniyadan, Fransadan, Çindən, Sovetlər İttifaqından və ABŞ-dan – Bölmə planının necə tətbiq edilə biləcəyinə dair məsləhətlər verməklərini istədi. Lakin Bölmənin ən böyük dəstəkçisi olan ABŞ əvvəlki rəyində tərəddüd etməyə başlamışdı. Xarici İşlər Nazirliyinin siyasət müəyyən edən heyəti, dövlət katibi üçün hazırladıqları hesabatda Fələstin ərəblərinin Bölmə Planını rədd etdiklərini qeyd etmişdilər. Heyət, bu rədd cavabı fonunda ABŞ-ın belə bir plana dəstək verməsinin Fələstin ərəblərinin öz müqəddəratlarını təyin etmək haqlarını pozacağı yönündə narahatlıqlarını ifadə etdilər. Heyət təklif etdi ki, ABŞ (Fələstini) bölmə məsləhətini tərk etsin. Mart ayının 19-u ABŞ Təhlükəsizlik Şurasına Bölmə planının tərk olunmasını tövsiyə etdi. ABŞ Şuraya, iki tərəf bir razılığa gələnə qədər Fələstin üzərində müvəqqəti vəkillik qurulmasını Baş Assambleyadan istəməyi məsləhət gördü. Aprel ayının 1-ində ABŞ-in israrı il Təhlükəsizlik Şurası Baş Assambleyadan “Fələstinin gələcək hökuməti məsələsini bir daha nəzərdən keçirməsini”, başqa cür desək, Parçalama planından başqa bir həll yolu tapmağı tələb etdi… Beləliklə də BMT uzun və əziyyətli bir yol keçməklə parçalama fikrinə razı olduqdan dörd ay sonra bu fikri tərk etməli oldu.”8 Bu məsələ ilə birbaşa çalışmış hüquqşünas və ABŞ-ın BMT-dəki nümayəndəliyində hüquq məsləhətçisi olmuş John Halderman yazır ki, “İqtisadi İttifaqı nəzərdə tutan Bölmə planı beləliklə də çökmüş oldu.”9 Çünki Təhlükəsizlik Şurasındakı heç bir dövlət bu qətnaməni qüvvəyə mindirmək üçün hüquqi əsasın olduğuna inanmırdı. Hətta o zaman ABŞ-ın Birləşmiş Millətlərdəki səfiri Warren Austin çıxışında altını cızaraq qeyd edirdi ki, “Təhlükəsizlik Şurasının addımları… (Fələstini) bölməyi həyata keçirməyə yox, sülhü qorumağa yönəlib.”10
Bütün bunlara baxmayaraq sionist liderlər 1948-ci ilin may ayının 14-ündə Britaniyanın mandatını tərk etməsi ilə bir gün sonra, yəni may ayının 15-ində İsrail dövlətinin qurulduğunu elan etdilər. Artıq 1947-ci ilin dekabr ayından yəhudi silahlı birləşmələri fələstinliləri öz torpaqlarından qovum çıxarırdılar, kəndlərdə qətliamlar törədirdilər. Deir Yassin, Sasa qətliamları misal üçün hələ İsrail dövləti elan olunmamışdan əvvəl baş vermişdi. İsrail dövləti qurulduqdan sonra ABŞ prezidenti Truman öz departamentindəki hüquq məsləhətçilərinin rəyinə qarşı gedərək İsraili dövlət kimi tanıdı, halbuki may ayının 13-ündə hüquq məsləhətçisi E. A. Gross belə bir addımın hüquqi əsasının olmadığını, bunun “daha əvvəl mövcud olmuş dövlətin işlərinə əsassız olaraq müdaxilə etmək” olduğunu yazmışdı.11 Dean Rusk’ın yazdığına görə Truman’ın İsraili dövlət olaraq tanıması xəbəri Birləşmiş Millətlərin Baş Assambleyasının olduğu mərtəbədə “çaxnaşmaya” səbəb oldu, çünki ABŞ nümayəndəliyi də daxil olmaqla bütün nümayəndəliklər müvəqqəti vəkilliyin qurulmasının gərəkdiyinə inanırdılar.12
Bütün bunlara baxmayaraq Israilin dövlət kimi Birləşmiş Millətlər Təşkilatında üzv olaraq qəbul olunması yönündə müzakirələr 1948-ci ilin dekabr ayında başladı; müxtəlif rəylər içində Belçika nümayəndəliyinin məsələnin Beynəlxalq Məhkəməyə verilməsi təklifi rədd edildi. Sovetlər İttifaqı o dövrdə sionistlərin qurduqları dövləti sosialist dövlət hesab edirdi və buna görə də bu nöqtədə xüsusilə israrlı idi. ABŞ artıq İsraili tanımışdı və digər dövlətlər bu təzyiqin altında BMT-nin öz Nizamnaməsindəki dördüncü maddəyə qarşı çıxaraq İsraili üzvlüyə aldılar. İkinci fəsildə üzvlük haqqında yazılarkən dördüncü maddədə deyilir: “Birləşmiş Millətlər Təşkilatında üzvlük bu Nizamnamədəki öhdəlikləri qəbul edən və Təşkilatın rəyinə əsasən bu öhdəlikləri yerinə yetirməyə qadir olan və istəyən bütün sülhsevər dövlətlərə açıqdır.”13
Problem isə İsrail dövlətinin “sülhsevər” dövlətlər kateqoriyasına salınmasında idi, çünki bütün bunlar baş verərkən İsrail dövlətində etnik təmizləmə işləri aparılırdı və 750 000-dən çox fələstinli öz torpaqlarından qovulmuşdu və 15 000-ə yaxın fələstinli isə öldürülmüşdü. O vaxtdan bəridir ki, İsrail regionda müharibə etmək, qətliam törətməklə tanınmış bir dövlətdir. Bütün bunlara əsaslanaraq müxtəlif dövrlərdə İsrail dövlətinin üzvlüyünün geri alınması ilə bağlı müraciətlər olsa da BMT münaqişə tərəfləri ilə danışıqlar aparmağın asanlığı naminə İsrail dövlətini üzvlükdən çıxarmayıb. Bu gün İsrail dövləti öz hüquqi əsasları olaraq Qətnamə 181-i irəli sürsə də beynəlxalq hüquq baxımından o qətnamənin heç bir gücünün olmadığı məlumdur. Beynəlxalq ictimaiyyət isə İsrailin legitimliyinin əsasını onun BMT-yə üzv alınmasında görürlər.
Dipnotlar
- A. Imseis, ”The United Nations and the Question of Palestine”, səh: 60; Cambridge University Press, New York, 2023
- https://www.un.org/en/model-united-nations/security-council
- J. Quigley, “The Case for Palestine: An International Law Perspective”, səh: 45; Duke University Press, Durham, 2005
- J. Crawford, “The Creation of States in International Law”, səh: 431-432; Oxford University Press, New York, 2006
- H. Kelsen, “The Law of the United Nations: A Critical Analysis of Its Fundamental Problems”, səh: 195-196; The Law Book Exchange, New Jersey, 2000
- C. Eagleton, “Palestine and the Constitutional Law of the UN”, 42, American Journal of International Law, səh: 397, (1948)
- E. Lauterpacht, “Jerusalem and the Holy Places”, səh: 16; The Anglo-Israel Association, London, 1968
- J. Quigley, səh: 44-45;
- J. Halderman, “Some International Constitutional Aspects of the Palestine Case”, 33, Law and Contemporary Problems, səh: 82; (1968)
- J. Halderman, səh: 83
- J. Crawford, səh: 433-434
- J. Quigley, səh: 65;
- https://treaties.un.org/doc/publication/ctc/uncharter.pdf
Cavab yaz