Cəmiyyət, Mədəniyyət və Feminizm

İngilis etnoloq və antropoloq Joseph Unwin (1895-1936) 1930-cu illərdə öz dövrünün analitik psixoloqlarının tezisi üzərindən çıxış edərək seks ilə mədəniyyət arasındakı münasibəti araşdırır. Araşdırmasının nəticələrini 1934-cü ildə bir kitabında nəşr edir. Unwin qeyd edir ki, cinsi məhdudiyyətlər və kontrol nə qədər çox olarsa mədəni səviyyə o qədər yüksək olar və cinsi məhdudiyyətlər nə qədər azdırsa mədəniyyətin səviyyəsi də bir o qədər az olar.

“Əgər ictimai tənzimləmələr, seksual impulslardan bir başa həzz almağı qadağan edirsə duyğusal konflikt başqa formada özünü ifadə edəcək; bizim “sivilizasiya” adlandırdığımız şey həmişə fitri istəkləri tətmin etməkdə icbari fədakarlıqlar tərəfindən qurulub.” 1

Joseph Unwin

Unwin bu nəticəyə 80 primitiv qəbilənin araşdırılmasından və 6 ən böyük mədəniyyətin beş min illik tarixinin öyrənilməsindən sonra gəlib. Ondan əvvəlki sosioloqlar da bu həqiqəti təsdiqləyiblər. Émile Durkheim (1858-1917) da cinsi tənzimləmələri yüksək mədəniyyətin əlaməti olaraq görürdü. O, yazır ki, insan mədəniyyəti, sivilizasiyası inkişaf etdikcə cinsi münasibətlər “çoxsaylı aestetik və mənəvi duyğular vasitəsilə getdikcə daha kompleksləşmişdir və bu gün” cinsi münasibətlərin fiziki tərəfi “bu kompleks prosesin tamamının yalnız ən kiçik bir hissəsini təşkil edir.”

Durkheim əlavə edir: “Bu intellektual ünsürlərin təsiri altında” kişi ilə qadın arasındakı əlaqələr “özünün fiziki təbiətindən qismən azad olmuş və intellektual bir xarakter qazanmışdır. Fiziki ehtiyaclar kimi mənəvi səbəblər də sevgiyə təhrik edir. Bu səbəbdən də heyvanlarda olduğu kimi (insanlarda) müntəzəm, avtomatik vaxtaşırılıq ilə olmur. Psixoloji impuls istənilən vaxt onu oyada bilər; bu, sezonla deyildir. Bu müxtəlif meyilliklər… orqanik zəruriyyətlərdən bir başa asılı olmadığı üçün ictimai tənzimləmələr zəruri olur. Orqanizmin özünün tənzimləmə imkanları olmadığı üçün cəmiyyət tərəfindən tənzim olunmalıdır. Evliliyin funksiyası da budur.” 2

Evlilik yüksək mədəniyyətin göstəricisidir

Bu sözlərin məğzi budur ki, evlilik institutu yüksək mədəniyyətin məhsuludur və cinsi münasibətlərin tənzimlənməsi cəmiyyətin təkamülünü göstərir. Sosioloq və iqtisadiyyatçı alim Werner Stark (1909-1985) eyni mənanı təsdiqləyərək yazır:

“Biz, cinsəl özbaşınalığa icazə vermiş heç bir yüksək mədəniyyət görməmişik; primitiv insanlar arasında çox zaman müxtəlif normalar dönüb dolaşır, lakin hətta onların arasında belə tam nizamsızlığın olduğu görülməyib.” 3

Werner Stark

Hətta seksual həyatda azadlığa, sərhədlərin genişlədilməsinə çağıran Sigmund Freud belə bunu inkar etməzdi. “Sivilizasiya ilə seksuallıq arasında antitezis” olduğunu deyən Freud etiraf edir: “Biz, sivilizasiyanı bu yöndə getməyə məcbur edən və onun seksuallığa qarşı ədavətinə səbəb olan zərurətin nə olduğunu bilmirik. Bizim hələ kəşf etmədiyimiz rahatsız edici bir faktorun olması lazımdır.”
Freud bununla kifayətlənmir və bu faktor üçün möhtəməl namizədlər axtarır. O, belə bir namizədi fərdlərin aqressiv xarakterində tapır. Sivilizasiya insanın aqressiv instinktlərinə məhdudiyyət qoymaq üçün və bu instinktlərin təzahürlərini kontrolda saxlamaq üçün əlindən gələni etməlidir… seksual həyat üzərinə qoyulmuş məhdudiyyətlər də buradan qaynaqlanır…” 4

Bundan da aşkar sözlərə ehtiyac yoxdur. Mədəniyyət ilə seksuallıq arasında “antitezis” və “antaqonizm” olduğunu demək bu ikisinin bir-birinə tərs mütənasib olduğunu deməkdir. Bu, Joseph Unwin’in öz araşdırmasında gəldiyi nəticəni tam mənada təsdiqləyir. Fərdlər arasındakı seksuallığın nə qədər tənzimlənərsə və kontrol altında olarsa mədəniyyət də o qədər yüksək göstəricilər ilə tarixə düşər.

Anti-sivilizasiya dövrü və ateizm

Çox qəribədir ki, bütün bunların işığında Sigmund Freud kimi ateistlər iyirminci əsrdə bu mədəniyyəti zəiflətmək istiqamətində fəaliyyət göstəriblər. Tarixçi Niall Fergusson altmışıncı illəri “post-Freud anti-sivilizasiya” dövrü adlandırır. 5 Bu dövrün təməli on doqquzuncu əsrin ateist hərəkatları ilə başlamışdı. Ateizm metafizik baryerini aşıb sosioloji tətbiqata keçdiyi dövrdən başlayaraq dini təməlləri bir-bir yıxmağa çalışıb. Bu dini təməllərin mövzumuzla bağlı ən əsas misalı ailədir. Karl Marx kimi ateistlər ənənəvi dini formaları burjuaziyanın zülm mexanizmi kimi təsbit edərək onlara qarşı mübarizə başladırdı. Karl Marx bu barədə yazırdı: “Ona görə də – misal üçün –dünyəvi ailənin, Müqəddəs ailənin (yəni dini birliyin) sirri olduğu öyrənildikdən sonra birincisini həm nəzəriyyədə, həm də tətbiqatda məhv etmək lazımdır.” 6

Marx və Engels qadınların məsələsini də cəmiyyətdə sinif mübarizəsi kimi qəbul edirdi. Engels 1884-cü ildə yazdığı ”The Origin of The Family, Private Property and The State” kitabında qeyd edir: “Tarixdə ortaya çıxmış ilk sinif mübarizəsi kişi ilə qadının monoqam evliliyindəki mübarizənin və bununla da qadın üzərinə kişi cinsi tərəfindən tətbiq edilən zülm misalında ilk sinif zülmünün ortaya çıxmasına təsadüf edir.” 7 O, qadınların da – kişilər kimi – istehsal prosesinə daxil edilməsinin onların azadlığa qovuşması üçün şərt görürdü. Ailə və ailə ilə bağlı vəzifələrin hamısı burjuaziya cəmiyyətinin formaları kimi rədd edilirdi.

Maltusçuluq

Kommunizm kimi siyasi-sosioloji hərəkatlarla yanaşı mühafizəkar cəmiyyətlərin dağıdılmasında ən aktiv rol oynayan faktorlar Malthus-çuluq, seksologiya və feminizm olub. Thomas Malthus 1798-ci ildə dünya əhalisinin artmasını cəmiyyətin üst varlı təbəqələri üçün təhlükə kimi müəyyən edəndən bəridir ki, bu zəngin elita dünya əhalisinin sayını azaltmaq üçün çalışmalar üzərində fikirləşir. Bu nöqtənin izahı belə bir kiçik yazı üçün uyğun olmadığına görə onun üstündən keçməliyik. Amma qısa bir şəkildə ona eyham edə bilərik ki, günümüzün ən zəngin insanlarının inkişaf etməkdə olan dövlətlərdə “qadın azadlıqları hərəkatını” maliyyələşdirmələrindəki əsas məqsəd o ölkələrdəki artımı azaltmaqdır. Malthus-çuluq effekti bundan ibarətdir. (Maltusçuluq barədə ətraflı burada)

Seksologiya

Seksologiya sahəsinə gəldikdə isə – zənnimcə – bu sahənin hansı yollarla insanların təsəvvürünü korladığı daha asan təxmin edilə bilər. Seksologiyanın atası sayılan Alfred Kinsey (1894-1956) tarixən yaşamış ən əxlaqsız şəxsiyyətlərdən biri olub. Kinsey ailə həyatında hər hansı bir əxlaq norması tanımırdı; arvadına başqa kişilərlə yatmaq azadlığı verdiyi kimi özü də istədiyi qadınla və istədiyi kişi ilə cinsi münasibətlərə girməkdə sərbəst idi. Üstəlik çox kiçik yaşda uşaqlarla da cinsi əlaqədə olmağa müxtəlif yollarla haqq qazandırmağa çalışırdı. 8

Kinsey’nin həyatı, seksuallıqla bağlı bəşəriyyətin hər bir mənəvi tabusunu çeynəyən epizodlarla doludur və James Jones onun həyatı haqqında yazdığı kitabında bunu geniş bir şəkildə sənədləşdirib. Belə kəslərin “seksual inqilabın” başında durması təəccüblü gəlməməlidir, çünki anormal və amoral bir insanın normal və moral bir cəmiyyətdə özünü normal hiss etməsi üçün cəmiyyəti də özü kimi anormallaşdırması, amorallaşdırması lazımdır.

Feminist cərəyanlar

Bir də feminist cərəyanlar vardır. Feminist fəallar tarixən çox olublar və onların bir hissəsi azad seks tələb etsə də hamısı ailə institutuna qarşı deyildi. Seksin sərbəst edilməsini, sosial tabuları qırmağı tələb edən ilkin feministlər öz qadınlıqlarını qəbul edirdilər və o şərtlərdə xoşbəxt olmağın yollarını axtarırdılar. Lakin bəzi feministlər bunun kifayət etmədiyini görürlər və mübarizəni daha da radikallaşdırmağa qərar verirlər.

Bu məzmunda ağlımıza gələn ilk şəxs Simone de Beauvoir olmalıdır. Simone “The Second Sex” kitabı ilə feminist hərəkatında yeni bir epoxa başlatmış oldu. Ona görə qadınların məzlum olmaqlarının səbəbi elə “qadınlıq” özüdür, daha dəqiq desək “uşaq doğmaq”, “analıq rolu”, “arvadlıq” kimi qadını qadın edən rollardır. Kitabında “analıq” və “qadınlığa” tam bir şəkildə nifrət ifadə edən sözlər doludur. “Analıq köləliyi”, “qadının absurd hamiləliyi”, uşaq əmizdirməyin “yorucu köləliyi” kimi ifadələr onu göstərir ki, Simone ənənəvi dəyərlərə müharibə açmış biri idi və qadınların tam azadlığını öz qadınlıqlarından imtina etməkdə görürdü.

Hamilə qadının qarnındakı uşağı “parazit” olaraq vəsf etməkdən 9 belə çəkinmirdi, hətta qadının hamilə qalmasını “fiziki eybəcərlik” hesab edirdi. Simone daha çox feministlər arasında məşhurdur, ateistlər arasında isə məşhur fransız eqzistensialist filosof Jean Paul Sartre’ın “arvadı” olduğu üçün məşhurdur. “Arvadı” sözünü dırnaq işarəsi ilə yazmalıyıq, çünki heç zaman evlənməyiblər, vətəndaş evliliyində yaşayıblar və açıq münasibətdə olublar, yəni istədikləri qadın və kişi ilə cinsi əlaqədə olmaq üzərində razılaşıblar. Hətta bu şərtlərdə belə kişi ilə qadın arasındakı fərqlər özünü aşkar şəkildə göstərib, çünki “kim daha çox əks cinsin nümayəndəsi ilə yatacaq” yarışında Simone “əri” Sartre’a böyük bir fərqlə uduzurdu.

Bioloji cins və gender bərabərliyi

Simone epoxası da feminizmin daxili ziddiyyətlərini həll edə bilmədi. Daha bir fikirə, bir yeniliyə ehtiyac var idi. Bu yeniliyi doxsanıncı illərdə Judith Butler gətirdi. Butler“in yeniliyi bioloji cins ilə gender arasında fərq qoymaqda özünü göstərdi. Simone qadın genderi ilə biologiya arasındakı əlaqəni inkar etmirdi, Butler isə bunu inkar etdi və genderin bioloji cins ilə heç bir əlaqəsi olmadığını sübut etməyə çalışırdı. Onun nəzərində gender təkcə qadın və kişi cinsi deyildir, gender hər bir fərdin özünü aparması ilə müəyyən olunur. Onun sözü ilə desək gender fərdin performansından, icrasından başqa bir şey deyildir. Sən özünü nə hesab edirsənsə o sənin genderindir.

İnsest

Beləliklə də Judith Butler qadınların probleminin həllini ümumiyyətlə gender təsəvvürünü məhv etməkdə görürdü. Bu təsəvvürün çox təhlükəli məntiqi nəticələri olduğu aşkardır və Butler onları dilə gətirməkdən çəkinmirdi. Misal üçün insest haqqında yazır: “İnsest tabusu hüquqi bir qanundur ki, … həm insest yönündəki ehtirasları qadağan edir, həm də məcburi identifikasiya mexanizmi ilə müəyyən gender subyektivliyi formalaşdırır.” 10

Beləliklə də Butler’ə görə insest sadəcə hüquqi bir məhdudiyyətdir və belə bir məhdudiyyət “gender” haqqında xətalı təsəvvürə dayanır. Bir başqa kitabında isə deyir: “Mən (insestin cinayət olduğunu müəyyən edərkən) “insestin başqasının haqqını pozmaq olduğu zaman” düzəlişini daima əlavə edirəm ki, bununla da insestin başqasının haqqını pozmaq olmadığı hallar ola biləcəyini qəsd edirəm. Nə üçün belə bir şey deyirəm? Çünki mənə görə insestin möhtəmələn elə formaları vardır ki, heç də travmaya səbəb olması zəruri deyildir və ya yalnız onun səbəb olduğu sosial utancdan agah olduğu üçün travmatik xarakterini alır.” 11

Buradan başa düşürük ki, valideynin öz uşağı ilə cinsi əlaqəyə girməsinin özü uşaq üçün zərərli deyildir və ya uşağın haqqını pozmur, burada uşağa qarşı zülm və onun haqqını pozma, sosial stiqma’dan, yəni ictimai qınaqdan doğur. Ona görə də eyni kitabda dörd səhifə sonra qeyd edir ki, insesti qadağan edən qanun özü elə valideyni tərəfindən cinsi istifadəyə məruz qalmış uşağın haqqını pozur. Çünki qadağa, insesti cəmiyyətdə utanc mənbəyinə çevirdiyi üçün uşaq əziyyət çəkir, əgər insest qadağan olmasaydı heç bir qız atası tərəfindən cinsəl əlaqədə istifadə edildiyi üçün əziyyət çəkməyəcəkdi, bunu normal qəbul edəcəkdi.

Bu, Judith Butler’in sözlərindən çıxan zəruri nəticələrdir. Çünki onun dünyasında “gender” hər bir şəxsin özünün seçdiyi performans’dır, icradır. Ana, ata, qız, oğul, bacı və qardaş sadəcə olaraq cəmiyyətin məcburi olaraq verdiyi rollardır və reallıqda mövcud deyildir. Əgər gender rolları hər bir fərd üçün subyektivdirsə o zaman insesti universal qadağalar sırasına daxil etmək məntiqsiz olur. Beləliklə də Judith Butler öz nəzəriyyəsinə sadiq qalaraq insesti normallaşdırmaqda heç bir problem görmür.

Aqibət

Bütün bu hərəkatlar, yeniliklər Qərb üçün, dolayısıyla bütün dünya üçün böyük bir transformasiya oldu. Mədəniyyətin rəmzi olan ocaqlar bir-bir söndürülür və bu proses bu gün belə davam edir. İyirminci əsrin əvvəllərində bir çox yazıçı bu prosesin daha bir aqibətini görə bilirdi. Aldous Huxley (1894-1963) ”Brave New World” adlı məşhur distopik əsərinin müqəddiməsində bunları yazırdı:

“Siyasi və iqtisadi azadlıqları azaldıqca seksual azadlıqlar bunu qarşılayacaq şəkildə artmağa meyillidir. Həqiqi bir diktaror həmin azadlığa təşviq etməkdə maraqlıdır. Narkotika, filmlər və radionun təsiri altında xəyal qurma azadlığı ilə birlikdə (seksual azadlıq) təbəənin köləlik taleyi ilə barışmağına kömək edəcək.” 12

Aldous Huxley

İlk baxışdan qəribə səslənir, azadlıq axı köləliklə tam tərs şeylərdir və azadlıqların artması köləliyə necə gətirə bilər? Əslində bu, çox qədim bir hikmətdir. Plato “Respublika” kitabında bununla bağlı çox maraqlı bir söz deyir: “…istənilən bir şeyin aşırı dərəcədə artması çox zaman əks istiqamətdə reaksiyaya səbəb olur; və bu, təkcə fəsillər və bitkilər və heyvanlara xas deyildir, əksinə hər şeydən əvvəl dövlət quruluşlarına da aiddir.” Plato daha sonra buyurur: “İstər dövlətlər üçün, istərsə də fərdlər üçün azadlıqlarda həddi aşmaq yalnız və yalnız köləliyə gətirib çıxaracağını göstərir.” 13

İstehlakçı kölələr

Müasir həyatımızda bunun bir təzahürü insanların istehlakçı kölələrə çevrilməsində özünü göstərir. Müasir dövlətləri hər şeydən əvvəl iqtisadiyyatın təyin etdiyini, iqtisadiyyatı isə böyük korporasiyaların və bankların təyin etdiyini, müasir iqtisadiyyatın tamamilə istehlak üzərində qurulduğunu anlayırıqsa insanların çoxunun bu prosesdə sadəcə istehlakçı olmasının da nə mənaya gəldiyini anlamaq çətin olmamalıdır. Ona görə də azadlıqların artması istehlakın da artmasına xidmət edir və həmçinin istehlak edilən malların sortimentinin böyüməsinə səbəb olur. Cəmiyyətlər tədricən konsument cizgilərinə elə bərk şəkildə alışır ki, o cəmiyyətin fərdləri üçün bu cizgilərdən ayrı yaşamaq imkansız hala çevrilir.

Sözünü etdiyimiz bu azadlıqlar ailələri dağıtdıqca cəmiyyətin fərdləri arasında bir başa dövlətdən asılı olan yeni seqmentlər formalaşdırır. Bunlar tək uşaq böyüdən analar, boşanmış valideynlərin arasında qalmış uşaqlar, tərk edilmiş övladları və daha bir çox qrupu özündə toplayır. Bu problemli qruplar bu gün sosioloqların qeyd etdiyi kimi iyirminci əsrdəki yeniliklərin bəhrəsidir və bizə bir daha seksual inqilabın zərərlərini, sivilizasiyanın tədricən necə çökdüyünü göstərir.

Sosial xəstəliklər

Harvard universitetində Sosiologiya bölməsinin əsasını qoymuş Pitirim Sorokin 1956-cı ildə “The American Sex Revolution” kitabını yazarkən orada “seks azadlığını” və “seks anarxiyasını” bir çox sosial xəstəliklərlə əlaqələndirirdi; bura boşanmaların sayının artmasını, evlilikdən kənar doğulmuş uşaqların, tərk edilmiş uşaqların sayının artmasını və mental xəstəliklərin artmasını aid edirdi. 14 Bu anormallıqları ziyadəsi ilə günümüzün sosioloqları və psixoloqları dilə gətirirlər. Kay S. Hymowitz ”Manning Up” kitabında kişilərin necə yeniyetməlik dövrünün uzandığından və kişilik dövrünün gecikdiyindən yazır. Sara McLanahan və Gary Sandefur yazır:

“Biz bu məsələni on ildir ki, araşdırırıq və bizim rəyimizə görə dəlillər çox aşkardır: bioloji valideynlərdən yalnız biri ilə böyüyən uşaqlar – orta hesabla – hər iki valideyni ilə böyümüş uşaqlardan xeyli pis nəticələr göstərir…” 15

Həmçinin boşanmış ailələrdə böyüyən uşaqların cəmiyyətdə daha çox problemlərlə qarşılaşması riski də yaxından araşdırılmış və öyrənilmiş bir sahədir. 16 Tək anaların böyütdükləri oğlan uşaqları məktəbdən çıxarılmaq, məktəbdə dərslərində qiymət ala bilməmək riski ilə daha çox üzləşirlər və davranışlarda pozuntular daha çox müşahidə olunur. 17

Dövlətin uşaqları

Formalaşmış müasir ideoloji dövlətlərdə doğulan uşaqlar artıq onları dünyaya gətirən valideynlərin deyil, dövlətin uşaqları adlana bilərlər. Çünki praktiki olaraq bu uşaqların tərbiyəsinə ən çox təsir edən müasir dövlətlərdir. Skandinaviya ölkələrində, Almaniyada atalar və anaların uşaqlarını məktəbdə dövlətin tələb etdiyi proqramdan qoruması həddindən artıq çətindir, bəlkə də imkansızdır. Dövlət əgər homoseksuallığın, transseksuallığın, evlilikdən kənar cinsi əlaqələrin normal olduğunu öyrədirsə bir ata və ana kimi sənin buna yox demək haqqın yoxdur; ən təməl tərbiyəvi mövzularda dövlət ailənin daxili işlərinə bir başa müdaxilə edir. Daha dəqiq desək tərbiyə rolunu ailənin əlindən alaraq öz üzərinə götürüb. Hətta hədd o həddə çatıb ki, bəzi ölkələrdə valideynin izni olmadan, dövlətin razılığı ilə on yaşını tamamlamamış uşaqlar cinsiyyət dəyişmə əməliyyatını edə bilirlər.

Bürokratiya

Bəzən dövlətin sosial qurumları bunu, valideynlərə xəbər vermədən edə bilir. Gilbert Chesterton’un (1874-1936) kəhanəti özünü doğrultmaqdadır. ”Mücərrəd seksual azadlığın qorxunc cəzası/aqibəti anarxiya deyildir, bürokratiyadır.” Seksual azadlıq cəmiyyətin xaosa qərq olmasına gətirməyəcək, lakin ailələrin dağılmasına və o ailələrin dövlət tərəfindən əvəz edilməsinə gətirib çıxaracaq. Hələ keçən əsrin 30-cu illərində Chesterton bunu görərək yazırdı: “… heç kim Ailə üçün alternativin nə olacağını müzakirə etməyib. Yeganə aşkar alternativ Dövlətdir.” 18

Cəmiyyəti bütöv bir parça kimi bir-birinə bağlayan mənəvi iplərin bir-bir söküldüyünü görən Chesterton gedişatın mənzilini də xəbər verirdi: “Cinsi ehtirasları göylərə qaldırmaqla eyni zamanda doğuşu qadağan edən yeni erotik dini elan etmək ən sonuncu modernistlərə qalıb.” 19 Biz, həmin erotik dinin cücərtilərini Azərbaycanda da görməyə başlayırıq.

Dipnotlar

  1. J. D. Unwin, “Sex And Culture”, səh: vii; Oxford University Press, London, 1934
  2. Émile Durkheim, “Suicide: A Study in Sociology”, səh: 233; Routledge Classics, London & New York, 2005
  3. W. Stark, “Safeguards of The Social Bond: Custom and Law”, səh: 116; Fordham University Press, New York, 1980
  4. Sigmund Freud, “Civilization and Its Discontents”, səh: 55-59; W.W. Norton & Company, New York, 1962
  5. N. Ferguson, “Civilization: The West and The Rest”, səh: 273; Penguin Books, New York, 2011
  6. K. Marx & F. Engels, “The German Ideology”, səh: 198; International Publishers, New York, 1966
  7. F. Engels, “The Origin of The Family, Private Property and The State”, səh: 79; C. H. Kerr Publishing, Chicago, 1902
  8. James H. Jones, “Alfred C. Kinsey: A life”, səh: 753; Norton & Company, New York, 2004
  9. Simone de Beauvoir, “The Second Sex”, səh: 538; Alfred A. Knopf, New York, 2010
  10. J. Butler, “Gender Trouble: Feminism and the Subversion of Identity”, səh: 103; Routledge/Taylor and Francis, New York & London, 2011
  11. J. Butler, “Undoing Gender”, səh: 157; Routledge, New York & London, 2004
  12. A. Huxley, “Brave New World”, səh: xlix; Vintage Books, London, 2008
  13. Plato, “The Republic”, səh: 223; Dover Publications, New York, 2000
  14. P. Sorokin, “The American Sex Revolution”, ikinci fəsil; Porter Sargent, Boston, 1956
  15. S. McLanahan & G. Sandefur, “Growing Up With a Single Parent: What Hurts, What Helps”, səh: 1, Harvard University Press, Cambridge, 1996
  16. Bax: Elizabeth Marquardt, “Between Two Worlds: The Inner Lives of Children of Divorce”, Crown Books, New York, 2005; Judith Wallerstein, Julia M. Lewis & Sandra Blakeslee, “The Unexpected Legacy of Divorce: The 25 Year Landmark Study”, Hyperion, New York, 2001
  17. James Q. Wilson, “In Loco Parentis: Helping Children When Families Fail Them”, səh: 12-15; The Bookings Review, 1993
  18. G. K. Chesterton, “The Collected Works of G.K.Chesterton”, cild 37, The Illustrated London News, səh: 212-213; Ignatius Press, San Francisco, 2012
  19. G. K. Chesterton, “The Well and The Shallows”, səh: 171-172; Ignatius Press, San Francisco, 2006