On doqquzuncu əsrin sonlarından başlayaraq cəmiyyətdəki təhsil strukturları geniş çapda sekulyar dünya görüşünü mənimsəməyə başladı. Pozitivistlərdən başlayaraq ateistlər geniş kütləyə “təbiət elmlərini” öz malları kimi satmağa nail olublar və bununla yanaşı Din ilə Elm arasında bir konfliktin olduğunu aşılayıblar. İyirminci əsrin sonlarında ateist intellektualların sayı qabarıq şəkil aldı. Bu gün çox təəssüf ki, mövcud olan təəssürat, insanların beynində “nə üçün alimlər ateist olurlar?” sualını doğurur. Bu təəssürat uzun illər boyunca aparılmış ideoloji təbliğatın nəticəsidir. Həqiqət görəsən necədir? Doğurdanmı dünyanın ən ciddi alimləri ateistdirlər? Əgər nobel laureatlarına nəzər salsaq bunun heç də elə olmadığını görəcəyik. İsrailli genetikaçı bioloq Baruch Aba Shalev’in 2003-cü ildə nəşr etdirdiyi “Nobel mükafatlarının 100 ili” adlı kitabında laureatların həyatları ilə bağlı əksər mövzulara toxunduğu kimi onların dini görüşləri və dünya baxışlarına da yer verir. Baruch Shalev bu mövzudakı araşdırmasının yekununu bu şəkildə təqdim edir:
“1901 və 2000-ci illər arasındakı Nobel mükafatlarını araşdırdıqda aydın olur ki, 654 laureat 28 fərqli dinə aiddir. Onların əksəriyyəti (65,4 %) dini tərcihlərini xristianlığın müxtəlif formaları olaraq müəyyən ediblər… Ateistlər, aqnostiklər, dinsizlər, Nobel mükafatı qazanmış alimlərin tamamının 10,5 faizini təşkil edirlər; amma Ədəbiyyat kateqoriyasında bu tərcih kəskin şəkildə 35 faizə qədər qalxır.”1
Kitabın ingilis dilindəki orijinalında “dinsizlər” olaraq tərcümə etdiyimiz söz “freethinkers” sözüdür. Hərfi mənada “azad düşünürlər” mənasını versə də bu söz ilə özünü heç bir dinə aid etməyən kəslər qəsd olunur. Bura ümumilikdə deistlər də, panteistlər də daxil olurlar. Bu araşdırmadan öyrənirik ki, özünü ateist, aqnostik və dinsiz hesab edənlər nobel laureatlarının kiçik bir hissəsini təşkil edir. Maraqlı olan isə budur ki, ateistlər daha çox fiziklər, kimyaçılar arasında yox, ədəbiyyat sahəsində fəaliyyət göstərən yazıçılar arasında seçilirlər. Əslində tarixən elmin müxtəlif sahələrinin əsasını qoymuş alimlər Allaha inanan insanlar olublar. Shalev’in araşdırması nobel laureatları arasındadır, daha geniş araşdırma isə Rice universitetinin professoru Elaine Howard Ecklund və onun kolleqaları tərəfindən aparılıb. “Science vs. Religion; What Scientists Really Think” adı ilə çap etdiyi kitabda 1700 elm adamı araşdırılıb və onlardan 275-i ilə birbaşa müsahibə aparıb. Ecklund qeyd edir ki, bu alimlərin yarısı özlərini dindar olaraq vəsf edirlər, əksəriyyəti Allaha inandığını etiraf edir. Burada daha bir önəmli nöqtəni Ecklund’un sözləri ilə çatdırmaq lazımdır. O deyir: “Həmçinin sosiologiya alimləri ümumi əhalini araşdırdıqlarında tapdıqları budur ki, yaşlı fərdlərin gənclərə nisbətdə daha güclü dini inanc və əməl ifadə etməkləri daha möhtəməldir. Fəqət alimlərlə bağlı mənim apardığım araşdırma bunu başı aşağı çevirdi; Allaha inanması və dini ayinləri ziyarət etməsi daha çox gözlənilənlər gənclər oldular. Mən alimlərlə bağlı etdiyim araşdırmamı otuz beş il əvvəl edilmiş bir başqa araşdırma ilə müqayisə etdiyimdə gənc alimlərin imana sahib olmaq ehtimalının artdığını gördüm. Əgər bu hal bu elit alimlər izdihamı üçün karyera həyatı boyunca davam edərsə bu, akademiyadakılarda dinə münasibətin dəyişdiyini göstərəcək.”2
Bu onu göstərir ki, elmi icmadakı münasibətlər sabit bir məcra izləmir və dünyada gedən trendi əks etdirir. Son əlli il içində teoloq filosofların səsi güc qazandığı üçün ateist təbliğatı ciddi bir müqavimətlə qarşılaşıb və bu, sözsüz ki, elmi dünyaya da təsirini göstərməlidir. M.I.T. professoru Alan Lightman isə inanır ki, alimlər də siravi xalqın içindən çıxırlar və onlarda etiqad bölgüsü necədirsə alimlərdə də elədir. “Şübhəsiz ki, populyar düşüncənin əksinə” – Lightman deyir – “dini mövzulara gəldikdə ictimai kütlədəki münasibətlər çeşidinin eynisi alimlərdə də mövcuddur.”3
Samir Firdovsioğlu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından
Cavab yaz