“Əsl dost” şübhəsi

Qaraqan kitabında (səh 26-27) yazır:
“Mən daha çox oxuyur və daha çox suallar ortaya çıxırdı. Əgər mən yaxşı insan olub cənnətə düşsəm, yaxın dostum isə ateist olduğuna görə cəhənnəmə düşsə mən cənnətdə dostumun yanında olmadığına və cəhənnəmdə əbədi yandığına görə pis olacam axı, necə rahat ola bilərəm dostum yanırsa? Yox əgər, cənnət mənə dostumu unutduracaqsa o zaman neyləyirəm elə cənnəti?”

Bu sətrləri oxuduqda həqiqətən də gülməyim gəlmişdi. İslam haqqında, Allah haqqında anlayışı olan kimsə necə bu cür ucuz və gülünc şübhələrə düşə bilər?! Özü də bu qədər bəsit sualların cavabında cavab verməkdən aciz qalan insan ya həqiqi mənada dini şüurdan məhrum olmuş insandır, ya da əqli cəhətdən qüsurlu bir insandır.

İlk öncə:

İlk öncə düşündüm ki, misal vermək üçün dostdan da üstün misallar var. Heç olmasa anasını, atasını misal versə dərd yarı, verdiyi misal dostdur. Bu həyatda dostdan ən çox dəm vuranlar dostu qəza nəticəsində öldükdən sonra ən tez unudanlardır. Bu həyatda ən çox sevdiyi həyat yoldaşını, uşaqlarının anasını itirən kişilər belə bir müddət kədərdən sonra başqa qadının qucaqlarında yenidən sevinc tapırlar, bəlkə daha da xoşbəxt olurlar.

Bu insanın halı şüursuz uşağın halı kimidir. Adətən ağlı dərk etməyən uşaqlar bir oyuncaqdan elə yapışarlar ki, sanki dünyada onlar üçün bu oyuncaqdan daha dəyərli heç bir şey yoxdur. Bu insan başa düşmür ki, o sevdiyi dostunu yaradan da, onunla görüşdürən də Allahdır. Həm sənin dostun, həm də sən bu dünyada sınaqdan keçirsiz, bu sınaq iman sınağıdır. Bütün həyatın məqsədi də budur. Əgər dostun bu sınaq üçün ümumiyyətlə hazırlaşmırsa rüşvət verib sınaqdan dost keçirmək imkanı yoxdur, çünki Hakim adildir və layiq olan kəsi layiq olduğu yerə qoyacaq. Onun yanında nə şərəf, nə nəsəb, nə mal-dövlət qərarda təsirə malik deyildir.

Dostluq və sevgi xatirələri

Bu insan başa düşə bilmir ki, adi bir qəza nəticəsində yaddaşını itirən insanlar üçün bütün dostluq və sevgi xatirələri bir anlıq yoxa çıxıb gedir. Bu, Allahın bu həyatda bizim üçün qoyduğu ibrətlərdən biridir. Sənin dostunu sənin üçün dəyərli edən sənin onun haqqında olan yaddaşındakı xatirələrdir. Allah o yaddaşını səndən aldıqda artıq sənin üçün dost qalmaz. Allah hər bir şeyə qadirdir. O zaman əgər Allah səni cənnətinə salmaq istəsə Onun üçün dostunu sənə unutdurmaq bir şey deyildir, Allah üçün bundan zərrə qədər də çətinlik yoxdur. Əgər sənə o dostu unutdurduqdan sonra sənin – “o zaman neyləyirəm elə cənnəti?” sualını verməyin axmaqlıqdır. Çünki həmin dostunun olduğunu unutduqdan sonra cənnətə “dostsuz cənnət” kimi baxmayacaqsan, çünki sənin ağlında artıq belə bir dost qalmayıbdır.

Əsl dost kimdir?

Bunu da əlavə etmək istəyirəm ki, əgər Qaraqan həqiqi mənada İslam dininin mənsubu olubsa o başa düşməli idi ki, müsəlman üçün Allahdan başqa mövla yoxdur, əsl dost Allahdır. Başa düşməli idi ki, bu dünyada sevgi və nifrət Allahla bağlıdır. Əgər mənim dostum mənim anamı təhqir edərsə, anamı söyərsə o necə mənim dostum ola bilər? Belə birini mən öldürməsəm ən azından o adama nifrət edərəm, ona dost deməyə dilim gəlməz. O zaman övladın anaya sevgisini və ananın övlada sevgisini yaradan Allahı inkar edən və bəzən Ona istehza edən həqir ateistdən necə müsəlmana dost ola bilər?! Bütün bunlar onu göstərir ki, bu Qaraqanın nəinki əqli düşüncəsində, hətta islam anlayışında belə ciddi qüsurları olub.

Bu dünyada insanın ən çox sevdiyi şeyləri də Allah yaradıb. Dostunda bəyəndiyin, dəyərləndirdiyin ən üstün xüsusiyyətləri də Allah yaradıb. Bu dünyanın ən gözəl nemətlərini də Allah yaradıb. Bütün bunlarla birlikdə bizim bu dünyada gördüklərimiz, hiss etdiklərimiz Cənnətdə olanlarla müqayisə olunmaz dərəcədə zəifdir. O zaman təsəvvür edin ki, Cənnətdə bundan da qat-qat gözəl və keyfiyyətli dostlar olacaq, buradakından da gözəl və keyfiyyətli və əbədi nemətlər olacaqdır. O zaman əbədi, mükəmməl nemətləri dünyanın fani və qüsurlu varlıqları ilə dəyişəndən daha axmaq kim ola bilər?!

%d