Nə üçün müqəddəs mətnlər dinozavrların adını çəkmir? – “İndiki uşaqlar dinin banilərindən daha çox bilirlər” iddiası

“Bu gün uşaqlarım arasından ən az savadı olanlar belə təbiətin nizamı haqqında dinin banilərindən istənilən birindən daha çox bilirlər…” Christopher Hitchens “Tanrı böyük deyil” adı ilə dilimizə tərcümə olunmuş kitabının beşinci fəslində bu sözləri ilə keçmişin “cahilliyini” müasir dövrün “aydınlığı” ilə müqayisə edir və buradan çıxış edərək deyir: “… və belə düşünmək istərdim ki, buna görə də – aradakı əlaqə tam bir şəkildə göstərilə biləcək növdən olmasa belə – öz bəşər yoldaşlarını cəhənnəmə göndərməyə istəkli olmadıqları görünür.”

Fikrini burada tamamlayan Hitchens çox gözəl bilir ki, dindar bir kimsə ondan bu iddiasının dəlilini soruşsa, belə bir dəlili təqdim etməkdən aciz olacaq, ona görə də özünü yandırmamaq üçün “stəkanın ucundan bir az dodaq yeri buraxır”. Əgər aradakı əlaqəni göstərə bilməyəcəksənsə, iddianı niyə edirsən?! Kainatın astronomik düzəni haqqında biliklərin çoxluğu ilə axirətdə təqsirkarların cəzalandırılacağına inanmaq arasındakı bağı tutmaqda çətinlik çəkirəm. Bəli. Məktəbdəki coğrafiya, astronomiya, biologiya fənlərindən öyrənmək vasitəsi ilə müasir yeniyetmələrin keçmişin ən böyük liderlərindən dünya düzəni haqqında daha savadlı olduqlarını inkar etmirik. Lakin bu, bizim mövzuda necə güclü bir göstərici ola bilər ki?! Bu gün məktəbi və ya kolleci yeni qurtarmış yeniyetmələr kainat haqqında Newton və hətta Einstein’in bilmədiklərini bilirlər, məgər bu, onları bu iki alimdən daha dəyərli, daha alim çıxarmaq üçün kifayət edirmi?!

Biz bu yeniyetmələrimizi keçmişin liderləri və şəxsiyyətləri ilə müqayisə edəcəyiksə günəş sistemi və yaxud dünya xəritəsi haqqındakı bilikləri əsas alıb müqayisə etməyimiz həm mənasız, həm də haqsız olacaq. Doğru olan fədakarlıqda, mənəviyyatda, amal uğrunda mübarizədə, ideallar uğrunda səbrdə müqayisə aparmaqdır. Doğru olan bəşər tarixində müsbət bir iz buraxmaq, bəşər cəmiyyətini dəyişmək meyarına üz tutmaqdır. Nüvə silahını icad edəcək şəkildə fizikanı dərinliklərinə qədər bilən gənc bir alim onu insanlara qarşı istifadə etməyin cinayət olduğunu dərk etmirsə, onun fizika bilikləri ona necə hörmət qazandıra bilər?! Otto Hahn 1938-ci ildə nüvə parçalanmasını kəşf etdiyində bu biliklərin gələcəkdə nüvə silahlarına gətirib çıxaracağından şübhələnmirdi. Yeddi il sonra Hiroşima şəhərinin xəbərləri ona çatdığında o qədər üzülmüşdü ki, dostları onun intihar edəcəyindən narahat idilər.1

Şübhəsiz ki, burada mənəvi keyfiyyət fiziki biliklərdən daha önəmlidir. Əgər İslam peyğəmbərini misal götürəcəyiksə, onun xüsusilə ərəb cəmiyyətində, ümumilikdə isə şərqdən qərbə uzanan böyük bir coğrafiyada qurduğu bir mədəniyyətin, mirasın dəyərinə nəzər salacağıq. Bütün bu sərvəti bizim zamanımızda kəşf edilmiş bəzi elmi faktlara qurban vermək – ən yumşaq dildə desək – insafsızlıqdır, mənəviyyatsızlıqdır. Fizika, astronomiya, biologiya kimi fənlərda savad baxımından müasirlərdən geri qalmaqları onlar üçün eyib olmaz. İslam peyğəmbəri özü bu mövzuda başqalarının ondan daha bilikli olacağını öz yoldaşlarına etiraf etmişdi. Peyğəmbərin öz yoldaşlarına – “siz dünyanızla bağlı işləri məndən daha yaxşı bilirsiz”2 – sözlərini dediyini ən məşhur, ən etibarlı hədis qaynaqları qeydə alıblar. Onun bu sözləri öz növbəsində onu göstərir ki, peyğəmbər öz nübuvvətinin doğruluğunu dünyəvi elmlərdəki üstün bilikləri ilə nümayiş etməyə cəhd etmirdi. Dünyəvi işlərdə başqasının peyğəmbərdən daha bilikli ola bilməsi nə o zamanın, nə də bu günün müsəlmanlarını risalətin həqiqətlərindən uzaqlaşdıra bilməyib.

Biz müqayisə etməyə qarşı deyilik, amma müqayisə zamanlar arasındakı imkan fərqləri ilə qərəzli olmamalıdır, əksinə o zaman üçün də, bu zaman üçün də bərabər dərəcədə mümkün olan işlərlə bağlı edilməlidir. Baxacağıqsa, peyğəmbərin bəşəriyyət üçün etdiyi xidmətlərə baxmalıyıq. İslamdan öncəki ərəb cəmiyyətində qız uşaqları diri-diri basdırılırdısa, qadınlar mülkə sahib olmaq, miras almaq hüququndan məhrum idisə İslam dini bütün bu sahələrdə inanılmaz pozitiv dəyişiklərə səbəb oldu. Sosial zəmində qız uşaqları ilə oğlan uşaqlarının eyni dərəcədə Allahdan gələn nemət olduğunu öyrətdi, qız uşaqlarını istəməməyin Allahın nemətinə qarşı küfr olduğunu öyrətdi. Əgər daha öncə istənilən qədər qadın ilə evlənməyə izn var idisə, hətta atası öldükdən sonra onun qadınına varis olmaq halları mövcud idisə İslam bunları ya tamamilə aradan qaldırdı, ya da əhəmiyyətli dərəcədə məhdudiyyət qoydu. İslamın peyğəmbəri cəmiyyətlərdəki sosial bərabərsizliyə qarşı da ciddi mübarizə verdi. İrqçilik fikrinin üstündən xətt çəkən çox saylı Quran ayələrindən biri belə səslənir: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən Allah Biləndir, Xəbərdardır.” (49:13) Allah qatında hörmət qazanmaq ərəb doğulmağa görə və ya avropalı olmağa görə deyildir, yalnız və yalnız Allaha mütilik ilədir. İslam peyğəmbərinin təlimlərində irqçiliyin, qəbiləçiliyin, şovinizmin hər bir növünün təhlükəsinə işarə vardır və tarixə vəda xütbəsi olaraq düşmüş çıxışında on minlərlə insanın qarşısında duraraq bu sözləri demişdir: “Ey insanlar! Rəbbiniz birdir və atanız da birdir! Diqqət edin! Nə bir ərəbin bir əcəmi üzərində, nə bir əcəminin bir ərəb üzərində, nə ağın qara üzərində, nə də qaranın ağ üzərində üstünlüyü yoxdur, üstünlük yalnız Allah qorxusu ilədir.”3 Peyğəmbərin bu sözü kanonik hədis kitablarında yer alır və müsəlmanların təlimlərində məşhurdur. Qulları döyməyi, onlara işgəncə verməyi, onları təhqir etməyi qadağan etmiş, kölə qadını öz uşağından ayırmaq adətini şiddətlə qınamışdır.

Eyni şəkildə kölə etmək yollarını məhdudlaşdıraraq əksinə onları azad etməyə təşviq etmişdir. Müharibə qaydalarını tənzimləyərək ağacları kəsməyi, əkinləri yandırmağı, rahibləri, fermerləri, qadınları və uşaqları öldürməyi qəti qadağan etmişdir. Heyvanlara əziyyət verməyi, onları normaldan artıq yükləməyi qınamışdır. Əmisi oğlu İbn Abbas’ın verdiyi xəbərə görə ”Bədr günü əsirlərdən bir hissəsinin özlərini azadlıqdan qurtarmaq üçün pulları yox idi və Allahın elçisi – salləllahu aleyhi va səlləm – onlardan girov əvəzinə ənsarın uşaqlarına oxumaq, yazmağı öyrətməyi tələb etdi.”4 Bu isə oxumaq və yazmaq bilməyən bir peyğəmbərin oxumağa, yazmağa verdiyi dəyərin göstəricisidir. Peyğəmbərin səhabələri arasında elminə görə tanınmış Zeyd bin Sabit oxumağı və yazmağı bu əsirlərdən öyrənmişdi. İslam nəbisinin oxumaq və yazmağa verdiyi əhəmiyyəti göstərmək üçün onlarla misallar verə bilərik. Bu sadaladığımız islahatların hər biri ayrılıqda insanı tarixi qəhrəmana çevirir və bu gün tanınan, ehtiram və sayğı ilə yad edilən bir çox böyük şəxsiyyət ya köləliyə qarşı, ya qadın hüquqları üçün mübarizəsi ilə, ya zalımlara qarşı dirənişi ilə, ya kasıbların halını yaxşılaşdırması ilə tanınırlar. İslam peyğəmbəri isə bunların hamısında və daha çoxunda əvəz edilməz bir mübariz və fədakar lider idi.

Bu və digər faktlara əsasən amerikalı astrofizik və yazıçı Michael H. Hart 1978-ci ildə yazdığı “Yüzlük: Tarixin Ən Nüfuzlu İnsanlarının Sıralaması” adlı kitabında İslamın peyğəmbərini birinci sırada yerləşdirir. Məşhur fransız filosof və siyasətçi Alphonse de Lamartine yazır: “Amalının əzəməti, imkanlarının azlığı və nəticələrinin böyüklüyü əgər insanın dahiliyini göstərən üç ölçüdürsə, müasir tarixin hansısa böyük bir şəxsiyyətini Muhəmməd ilə müqayisə etməyə kim cürət edə bilər?!”5

Hitchens’in dinlərə qarşı gətirdiyi bu “cahillik” arqumenti nə qədər də kinayəli sözlərlə, nə qədər də istehzalı atmacalar ilə bəzədilmiş olsa da mahiyyət etibarı ilə ciddi arqument deyildir. Nə üçün müqəddəs mətnlər dinozavrları, Avstraliyadakı bəzi əcaib heyvanların adını çəkmir? Bax bu cür ucuzlaşmış arqumentlər ilə centlmen Hitchens dindarların əzmini və imanını sarsıtmaq arzusundadır. Axı nə üçün ümumiyyətlə müqəddəs mətnlər dinozavrlar haqqında danışmalı idi?! Danışılmaması necə bir arqument ola bilər ki? Bunun hikməti nə olmalı idi? Bakteriyalar, mikroblar haqqında da danışılmır, “çünki” – Hitchens’ə görə – ”bu zəruri, amma təhlükəli məxluqların mövcudluğu bilinmirdi və dərk olunmurdu.”6

Bəli, tamamilə mümkün bir haldır, çox ehtimal ki, belə də olub. Peyğəmbərlərin mikroblardan, bakteriyalardan xəbərlərinin olmaması mümkündür, çünki müsəlmanlar olaraq biz onların bəşər olduqlarına inanırıq. İnsanlara dinozavrları, mikrobları, bakteriyaları, fizikanın qanunlarını öyrətmək üçün yox, onlara iman və mənəviyyat həqiqətlərini başa salmaq üçün göndərilmişdilər. Ona görə də bir peyğəmbərin təbiət haqqındakı təsəvvürünün öz dövrünün biliklərinə müvafiq olması çox normal haldır. Amma burada xüsusi bir möhtəşəmlik vardır. Buna baxmayaraq yenə də onların gətirdikləri təlimlərin bu günün tibbi bilikləri işığında nə qədər doğru olduğunun şahidi ola bilirik.

Misal üçün bir hədisdə İslamın peyğəmbəri deyir: ”Xəstə olan (dəvə) sağlamın yanına qoyulmamalıdır.”7 Yaxud da Usəmə bin Zeyd’in xəbər verdiyi bir başqa hədisdə peyğəmbər taun xəstəliyi haqqında müsəlmanlara belə bir göstəriş verir: “Kim bir yerdə onun olduğunu eşidərsə, ora getməsin və kim onun baş verdiyi yerdə olarsa ordan qurtulmaq məqsədi ilə ordan çıxmasın!”8 Bir başqa xəbərdə isə deyir: “Cüzam xəstəsindən aslandan qaçdığınız kimi qaçın!”9 Özü də buna əməl edərək insanlara doğru olanı göstərib. Bunu biz bir başqa hədisdə görə bilirik ki, əş-Şərid bin Suveyd deyir: “Səqif nümayəndəliyində cüzamlı bir nəfər var idi və peyğəmbər ona xəbər göndərdi: “Biz sənin beyətini aldıq, qayıda bilərsən.”10 Beləliklə də cüzam olan ilə kontaktda olmaq istəmədiyini göstərmişdir. Taun xəstəliyinə yoluxmuş şəhərə girməməyi, içindəkilərə isə oradan çıxmamağı göstəriş vermək tam bir mənada “karantin” tədbiridir.

Bunu mikroorqanizmlər haqqında biliklərə sahib olduğumuz halda etməyimiz o qədər də təəccüblü olmamalıdır. Təəccüblü olan bu mikroorqanizmlər haqqında bir təsəvvür olmadan ən asan bir şəkildə bu xəstəliklərdən qorumağın və ya yayılmasının qarşısını almağın yolunu doğru şəkildə göstərməkdir.

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. Freeman Dyson, “Disturbing The Universe”, səh: 7; Harper & Row Publishers, New York, 1979
  2. “Sahih Muslim”, 2363
  3.  Əhməd bin Hənbəl, “əl-Müsnəd”, 38/474, Müəssəsə ər-Risələ, 2001, Beyrut
  4. Əhməd bin Hənbəl, “əl-Müsnəd”, 4/92; Müəssəsə ər-Risələ, 2001, Beyrut
  5. A. Lamartine, ”Histoire de La Turquie”, birinci cild, səh: 111; Leipzig Chez Wolfgang Gerhard, Paris, 1855
  6. “God is Not Great”, səh: 91;
  7. “Musnəd Əhməd”, 15/149; Muəssəsə ər-Risələ, Beyrut, 2001
  8. “Sahih əl-Buxari”, 9/27; Dar Tavqun-Nəcə, 2001
  9. “Sahih əl-Buxari”, 7/126;
  10. “Sahih Muslim”, 4/1752 (2231)
%d