Bu gün Giordano Bruno (1548-1600) “elmin ilk şəhidi” kimi tanıdılır və iddia edilir ki, katolik kilsəsi onu astronomik iddialarına görə edam edib. Bu, konflikt tezisinin növbəti əfsanələrindən biridir. Sheila Rabin “Stanford Fəlsəfə Ensiklopediyasında” yazır: “Giordano Bruno bir bidətçi kimi dirəyə bağlı yandırıldıqda bunun Kopernikin kosmoloji yazıları ilə heç bir əlaqəsi yox idi və bu, Finocchiaro’nun Brunoya qarşı yönəldilmiş ittihamların rekonstruksiyasında aydın şəkildə göstərilir.”1
Giordano Bruno sözün həqiqi mənasında bir alim olmayıb, lakin fəlsəfə ilə məşğul olub. Frances A. Yates qeyd edir ki, “Bruno qəti dindar hermetist idi; (yəni) Asclepius’da izah olunduğu kimi misirlilərin sehrbazlıq dininə inanırdı.” Bruno sadəcə olaraq mistisizm ilə məşğul idi və Yates’ə görə o, “Kopernikin diaqramını ilahı sirlərin heroqlifi kimi yozaraq Kopernikin elmi işini elmdən əvvəlki dövrə, geriyə doğru hermetizmə doğru itələyirdi.”2 Yates’in kitabı hələ də bu günə qədər Bruno haqqında yazılmış ən yayğın kitabdır. Stanley Tambiah da bu fikirləri təsdiqləyərək deyir ki, “Kopernikin günəşinin Ficino’nun günəş sehri ilə əlaqəsinin olduğuna inanaraq o, kopernikanizmi dəstəkləyirdi.”3 Marsilio Ficino (1433-1499) astronomiya və sehrlə məşğul olmuş renessans rahiblərindən biri idi. Yəni ki, Kopernikin modelini dəstəkləməsinin elmi araşdırmalar etməsi ilə heç bir əlaqəsi yox idi, mistik fəlsəfə ilə bağlı səbəblərdən çıxış edərək o modeli müdafiə edirdi.
Brunonun sehrlə məşğul olduğu, astronomiya və fəlsəfə ilə maraqlandığı məlumdur. Ancaq nə bu günün, nə də o dövrün standartlarına görə onu alim saymaq olmaz. Carl Sagan’ın “Cosmos” kitabında, həm də kitab üzərində bina edilmiş və Neil deGrasse Tyson tərəfindən aparılan sənədli filmdə Bruno süjetin əsas qəhrəmanı kimi təqdim olunur, ən azından baş qəhrəmanlardan biri kimi göstərilir. Hətta filmdə belə Tyson Brunonu təqdim edərkən onun alim olmadığını etiraf edir. Hilary Gatti bu tarixi şəxsiyyət haqqında yazdığı kitabın müqəddiməsində deyir: “Buna baxmayaraq o dövrün Paracelsus, Johannes Kepler, Tycho Brahe, William Gilbert, William Harvey kimi və sonradan Galileo və Francis Bacon kimi təbiət filosofların yeni elmlə məşğul olduqları, az və ya çox təbii səbəblər və nəticələr ətrafında metodik araşdırmalar apardıqları deyilə bilər. Hər kəs Bacon’un bu kateqoriyaya daxil olmasında razılaşmayacaq, amma əminliklə deyə bilərik ki, Bruno bura daxil deyildir. O heç zaman özünün astronomik müşahidələrini aparmayıb. Onun qədim atomizmin yenidən kəşf olunmasındakı töhfələri tamamilə teoretik idi…” 4
Kilsə Giordano Bruno’nu məhkəməyə cəlb etdikdə, onu dustaq olaraq saxladıqda və sonunda yandırdıqda bunu onun təbiət elmlərinin nümayəndəsi olaraq gördükləri üçün etməmişdilər. Qısacası, Bruno nə Kopernikin modelini müdafiə etdiyi üçün, nə də hansısa digər kosmoloji bir kəşfdən ötrü kilsə tərəfindən təqib olunmamışdı. Burada din ilə elm arasında, daha dəqiq desək dindarlar ilə bir alim arasındakı qarşıdurmadan söz gedə bilməz. Sadəcə olaraq o, dini məsələlərdə səsləndirdiyi mistik, qeyri-ənənəvi fikirlərinə görə, okultivizmlə məşğul olduğu üçün kilsənin qəzəbini öz üzərinə çəkmişdi. Əgər sən kilsənin nüfuzunun güclü olduğu bir cəmiyyətdə İsa Məsihi sehirbaz adlandıracaqsansa, kainatın sonsuz və ədəbi olduğunu iddia edəcəksənsə, İsa ilə bağlı möcüzələri yalan adlandıracaqsansa o dövrün şərtlərinə görə kilsənin marağını doğurmuş olacaqsan. Orta əsrlərin kilsəsi bu cür elmi iddialara görə insanları öldürmürdü. Əgər Brunonun 1600-cü ildə yandırılmasının səbəbi günəşin planetar sistemin mərkəzində olduğunu demək idisə bundan 10 il sonra, yəni 1610-cu ildə Galileo “Sidereus Nuncius” kitabını nəşr edərdimi?!
Sən saymaq istəsən əlbəttə ki, Brunonu dini pluralizmin fədaisi saya bilərsən, amma o, “elmin ilk şəhidi” adını daşımağa əslən layiq deyildir və din ilə elm arasında iddia olunan konfliktin qurbanı olmayıb. O dövrün Brunosu üçün bizim zamanımızdan birini misal verməli olsaq, bəlkə də Deepak Chopra yaxın bir namizəd ola bilər. Chopra da öz mistik fikirlərini kvant fizikası ilə bağlamağa çalışır. Zamanımızın ateistləri Chopranın timsalında ağzına “elm” sözünü alanlarla istehza edirlər, amma Brunonu elmin ilk şəhidi adlandırmaqda bir problem görmürlər. Bunun yalan olduğunu araşdırıb öyrənmək çətin deyildir. Lakin bildiyimiz kimi yalan tez yayılar. Mark Twain’ə nisbət olunan sitatda deyir: “Haqq ayaqqabılarını hələ geyinənə qədər yalan dünyanın yarısını səyahət edir.” Bu sitatın gücü ondadır ki, bu sitatın Mark Twain’ə aid olması özü də yalandır.
Hətta yaxşı reklam olunan yazıçı Dan Brown kitabında deyir: “Tarixin əvvəlindən,” Langdon izah etdi ki, “elm ilə din arasında böyük bir yarıq olub. Kopernik kimi açıqdilli bir alim… elmi həqiqətləri kəşf etdiyi üçün kilsə tərəfindən öldürülmüşdü. Din hər zaman elmi təqib edib.” 5 Görünür ki, Dan Brown ümumiyyətlə oxuculara rahatlıqla sata biləcəyi bir fikri yalan faktla bəzəməkdə heç bir eyib görmür, bəlkə də özü tarixi hadisələri dəqiqləşdirməkdə tənbəllik edib. Amma Koperniki kilsə öldürməyib, yaşlanıb və xəstələnərək ölüb. Fəqət nə edə bilərik ki? Kitab çap olunub və minlərlə insan kitabı oxuyub və beyinlərində bir təsəvvür formalaşıb.
Bəli! Kilsə ümumən Brunonu elmi kəşfinə görə yandırmasa da, heliosentrik modeli də qəbul etmirdi. Kilsə geosentrik modeli müdafiə edirdi və onlara görə başqa iddialar xətalı idi. Bunu qınamaq asandır. Amma bir dəqiqə dayan və düşün! Kilsə nə üçün axı Kopernikin və ya onun kimi barmaqla saya biləcəyimiz bəzi astronomların fikirlərini qəbul etməli idi? Kopernikin iddiası o dövrün elmi icmasında mövcud olan konsensusa qarşı idi. Bu gün belə elmi konsensusa qarşı gələn bir iddianı rahat-rahat qəbul etmirik.
2011-ci ildə Ceneva şəhəri yaxınlığındakı CERN elmi araşdırmalar mərkəzindəki tədqiqatçılar 730 km aralıda İtaliyada L’Aquila’da yerləşən Gran Sasso Milli Laboratoriyaya neytrino şüaları göndərdikdən sonra onların işıqdan sürətlə getdiklərini qeydə aldılar; ən azından dünyanın elmi icması qarşısında belə bir iddia ilə çıxış etdilər. Elmi icmanın reaksiyası nə oldu? Demək olar ki, hər bir alim Eynşteynin nəzəriyyəsini tərk etmək əvəzinə tədqiqatçıların ölçü alətlərində bir xətanın olduğunu dedilər. Çünki oturuşmuş və müşahidələrimizə uyğun olan fiziki bir modeli tərk etmək asan deyildir. Bəzən belə bir halın dəyişməsi üçün yarım əsr və ya bir əsr vaxt keçməli olur. Buna görə də Edwin Burtt haqlı olaraq yazır: “Bunları nəzərə alaraq demək olar ki, Kopernikin astronomiyasına qarşı heç bir dini tərəddüd olmasaydı belə, Avropanın hər bir yerindəki açıqfikirli adamlar, xüsusilə də ən empirik baxışa sahib olan kəslər, təsdiqlənməmiş bir təsəvvürün kal meyvələrini dərməyin ağılsız bir çağırış olduğunu deyəcəkdilər və bəşər övladının müşahidələrindən çıxarılmış, əsrlər boyunca tədricən qurulmuş möhkəm məntiqi nəticəyə daha çox üstünlük verəcəkdilər… Müasir empirk metod tərəfdarları on altıncı əsrdə yaşamış olsaydılar, yeni kainat fəlsəfəsinə hamıdan qabaq onlar güləcəkdilər.”6 Kilsənin o dövrdəki reaksiyası çox normal idi və kilsənin öz astronomları var idi. Bilmək lazımdır ki, Avropadakı universitetlərin ən böyük sponsorlarından biri də kilsə olub. Hətta Oxford, Cambridge, Bologna, Padua, Paris universitetləri katolik kilsəsi nəzdində katedral məktəblər kimi fəaliyyətlərinə başlayıblar və katolik kilsəsinin dəstəyi ilə böyüyüblər. Çox zaman bu mövzu haqqında danışarkən bu cür faktları göz ardı edirik. Amma əgər din ilə elm arasındakı əlaqəni mövzu obyekti ediriksə bu cür tarixi faktları da nəzərə almağımız lazımdır.
Philipp Stölzl’in rejissorluğunu etdiyi The Physician (2013) filmində din alimlərinin elmin inkişafına mane olduqları canlandırılır. İsfahanda mollalar İbn Sinanın ölüləri gizlində yaran ingilis tələbəsini şeytanlıqda ittiham edir. Bu filmin bir fiksiya olduğunu dərk etmək çətin deyildir, ancaq biz yenə də bilirik ki, tarixdə ölüləri yarmaq dini dairələrdə qəbul görməyib. Fəqət ölüləri elmi məqsəd üçün yarmağı şeytanlıq kimi dəyərləndirmək fikri dini bir fikir deyildir. Dinin buna müqaviməti ümumilikdə dinin insanın istər dirisi, istərsə də ölüsü üzərinə qoyduğu yüksək qiymətindən qaynaqlanır. Bu gün belə insanlar ölülərinin elmi laborotoriyalarda eksperiment obyekti olmasına qarşı çıxırlar. Bu, dinin özlüyündə elmə qarşı çıxması kimi dəyərləndirilməməlidir. Qərbdə zamanımızın etik qaydaları heyvanların eksperiment obyekt kimi istifadəedilməsini qadağan edir. Biz bunu misal olaraq istifadə edib “etik qaydalar elmə qarşıdır” demədiyimiz kimi adekvat hallarda dini də ittiham edə bilmərik.
Əgər biz bu cür misallar verərək din ilə elmi qarşıqarşıya qoymağı doğru hesab edəcəyiksə eyni tərzdə başqa ünsürlərlə də elmi üzləşdirə bilərik. Tarixdən misallar verib bu cür cürətli nəticələr çıxarmaq çətin deyildir. Misal üçün mən bu üslubu istifadə edib “ateizm ilə elm bir-birinə ziddir” iddiasını edə bilərəm. Yaxın keçmişimiz Jdanovşina siyasətinin (1946-1953) şahidi olub. Stalinin erasında sənətkarlar, alimlər və intellektuallar çalışmalarını, araşdırmalarını partiya xəttinə uyğunlaşdırmalı idilər. Sovetlərin ateist materialist ideologiyası kainatın sonsuz və əzəli olmasını, sabit zəminə sahib olmasını tələb etdiyi üçün Big Bang nəzəriyyəsi, nisbilik nəzəriyyəsi, kvantum fizikası şiddətlə rədd edilirdi. Bu nəzəriyyələr “burjuaziya idealizmi” kimi təbliğ olunur və qınanırdı.7 Bunu dəstəkləyən elmi çalışmalara məhdudiyyətlər qoyulurdu. Sovet astronomu Boris Voronçov Velyaminov eyni ideologiyanın təsiri ilə öz həmyerlisi George Gamow’u “amerikanlaşmış mürtəd” adlandırırdı.8 əl-Ğazzəli əgər filosofları – elmi yox – dini iddialarına görə mürtəd adlandırırdısa Voronçov həmkarını məhz elmi iddialarına görə mürtəd adlandırırdı. “Bu gün o dövrün atmosferini təsəvvür etmək çətindir ki, Heisenberg’in əminsizlik prinsipi haqqında danışmaq dialektik materializmin əsaslarına birbaşa hücum kimi dəyərləndirilirdi.” 9 O zamanlar nisbilik nəzəriyyəsini, kvantum fizikasını dəstəkləyən alimlər sovet ideoloqları tərəfindən burjuaziya pozuntuları, trotskizmin qalıqları, anti inqilabçılar kimi dəyərləndirilirdilər. Bu cür ittihamlar nəticəsində Boris Hessen və məsləkdaşı A. O. Apirin NKVD tərəfindən 1936-cı ilin dekabr ayında güllələndilər.
Konflikt tezisini müdafiə edənlər üçün Brunonun misalını məharətlə istifadə etməyə icazə varsa eyni şəkildə Hessen’in misalını göstərib ateizm ilə elm arasında konfliktin olduğunu da iddia etmək olar. Elmi təmsil etdiyi iddia olunan Brunonun simasında tək bir nəfəri öldürülməsi qarşısında xristianlıq hegemoniyasının heç olmasa iki mileniuma yaxın yaşı var, amma ateizmin son bir əsr içindəki ağalığı müddətində öldürdüyü alimlərin sayını bir tək Allah bilir. Biz dinə qarşı istifadə olunan eyni üslubla ateizmə qarşı ciddi bir “iş” ortaya çıxara bilərik. Lakin belə bir üslubun akademik olmadığını bilirik və bunun din və elm arasındakı münasibət barədə olan müzakirəyə pozitiv bir xidmət göstərmədiyinə inanırıq.
Dipnotlar
- Sheila Rabin, “Nicolas Copernicus”, Stanford Encyclopedia of Philosophy;
https://plato.stanford.edu/entries/copernicus/ - Frances A. Yates, “Giordano Bruno and The Hermetic Tradition”, səh: 155; Routledge, London, 1999
- Stanley J. Tambiah, “Magic, Science and Religion and the Scope of Rationality”, səh: 27; Cambridge University Press, Cambridge, 1990
- Hilary Gatti, “Giordano Bruna and Renaissance Science”, səh: 2; Cornell University Press, New York, 1999
- Dan Brown, ”Angels & Demons”, səh: 28; Washington Square Press, New York, 2000
- E. A. Burtt, ”The Metaphysical Foundations of Modern Physical Science”, səh: 25; Kegan Paul, Trench, Trubner & Co., Ltd. London, 1925
- Helge Kragh, “Cosmology and Controversy; the Historical Development of Two Theories of the Universe”, səh: 262; Princeton University Press, New Jersey, 1996
- Helge Kragh, “Masters of the Universe; Conversations with Cosmologists of the Past”, səh: 188; Oxford University Press, Oxford, 2015
- S.N. Korsakov, A.B. Kozenko, Q.Q. Qraçeva, “Boris Mixayloviç Qessen; 1893-1936”, səh: 144, Nauka, Moskva, 2015
Cavab yaz