Elm yazıçısı Philip Ball’un yeni kitabı “How Life Works: A User’s Guide to the New Biology” (Həyat Necə İşləyir: Yeni Biologiya Üçün İstifadəçi Rəhbəri) çox maraqlı və məlumat baxımından zəngin kitabdır. Ball istedadlı yazıçıdır və elmi kütləviləşdirməkdə əməyi olan şəxslərdəndir, məhz bu nüans kitabı oxumağı xoş bir təcrübəyə çevirir. Ancaq mənim üçün ən maraqlısı bu oldu ki, Ball yeni biologiyanı təsvir edərkən, “ağıllı dizayn” fikrini dəstəkləməməsinə baxmayaraq, dizayn dilinə müraciət etmək məcburiyyətində qalır. Sanki dəlillər onun əlini öz iradəsinə qarşı zorla məcbur edir!
Kitabın əsas mahiyyəti budur ki, genetik determinist reduksionist yanaşma həyatın necə işlədiyini izah etmək üçün artıq mötəbər bir baxış deyil. DNT sadəcə bir orqanizmin quruluşunu təmin edən layihə deyil. Genomda olan təlimatlar bir çox hüceyrə və orqanizm sistemləri tərəfindən izah edilir, bu da orqanizmin genotipini analiz edərək onun fenotipini proqnozlaşdırmağı qeyri-mümkün edir. Ball’un fikrincə, orqanizm strukturunun bütün səviyyələrində “fəal amillik” (agency) çalışmaqdadır, bu da köhnə gen-mərkəzli nəzəriyyənin icazə verdiklərindən fərqli olaraq həyat proseslərini çox daha mürəkkəb və dinamik edir. Orqanizm strukturundakı hər səviyyədə çalışmaqda olan və öz təsirini göstərən “fəal amillik” (agency) adını verdiyimiz bu xüsusiyyətə Dawkins’in müəllimi Dennis Noble teleoloji izah verir, orqanizmin ən kiçik molekulyar strukturlarında belə bir hədəf mövcuddur. Amma bu arqumenti irəli sürərkən, Ball bioloji ortodoksluğunu qorumaq istəyinə baxmayaraq dillərdə “bayağılaşmış” sözləri, dizayn dilini istifadə etməyə məcbur olur, bu da onun üçün bir qədər utancverici görünür.
Bilinməlidir ki, Ball kitabın sonunda özünün “Ağıllı Dizayn” fikrinə qarşı olduğunu açıq şəkildə bildirir: “Mən tam dəqiqliklə qeyd etmək istəyirəm ki… burada dediklərimin heç biri darvinizmin əsas prinsiplərinə – bəlkə də neo-darvinizmə zidd deyil.” (səh: 453). Təkamüldəki “fəal amil” məsələsi haqqında isə belə deyir: “Bu məsələdə heç bir mistik məqam yoxdur — bu, ağıllı dizayna arxa qapı açmır” (səh: 460). Ball öz oxucularını bioloji ortodoksluğuna əmin etmək istəyir, amma bu, bir daha göstərir ki, o, verdiyi izahların dizayn düşüncəsini dəstəkləyə biləcəyindən tamamilə ağahdır. Bu kimi nümunələr çoxdur.
Hər şeydən əvvəl Ball həyatın mənşəyinə dair irəli sürülmüş izahlarda əsaslı problem olduğunu qəbul edir:
“DNT yalnız zülalların köməyi ilə (məsələn, DNT polimeraza) yaradıla bilər və zülallar yalnız DNT-nin köməyi ilə yaradıla bilər, bu isə Yer üzündə həyat başladığı zaman bütün bu mexanizmin necə başlamış ola biləcəyi ilə bağlı toyuq-yumurta paradoksunu yaradır (səh: 109).”
Bu problemi etiraf etdiyi üçün onu təbrik etmək olar. Təəssüf ki, o, bu paradoksun təbii mənşəli həyat ssenarilərini qeyri-mümkün hala gətirib-gətirməməsi kimi vacib sualı tamamilə nəzərə almır. O, təbii izahat təklif etmir. O, paradoksu açıq qoyur və onun daha geniş əhəmiyyətini nəzərə almır.
“Yararsız DNT” (Junk DNA) məsələsində Ball, ENCODE layihəsini təqdir edir, çünki bu, insan genomunun çox hissəsinin funksiyaya malik olduğunu göstərir və o, bunun bir çox təkamülçü bioloqlar üçün xoş olmadığını etiraf edir. Ford Doolittle’i sitat gətirir ki, əgər insan genomunun çox hissəsi zibil deyilsə, biz heyvanlar arasında unikal olmalıyıq. Doolittle bunu “genomik antropomorfizm” adlandırmışdır. Amma Ball ENCODE-u müdafiə edərək, yazır: “Beynəlxalq alim qrupunu ağıllı dizayna qapı açmaqda ittiham etmək, dini etiqada satqınlıq etməklə ideoloji ittiham kimidir” (səh: 123). Ball bunu belə görmür. O, ENCODE-un elmi tapıntılarını dəstəkləyir, lakin ağıllı dizaynı rədd edir. Lakin onun dili irəlilədikcə daha çox dizaynı xatırladan ifadələrlə zənginləşir.
Məsələn, təbiət etibarı ilə qatlanmamış/açıq zülallar haqqında müzakirəsinə baxın; bu zülallar lazım olduqda müəyyən bir funksiyanı yerinə yetirmək üçün qatlanaraq lazım formaya düşürlər. Ball (Polşa xərçəng tədqiqatçısı Ewa Grzybowska-nı sitat gətirir) təbii olaraq qatlanmamış/açıq zülallar haqqında deyir ki, onlar “siqnalları ötürmək və istiqamətləndirmək üçün — və bu çox vacibdir! — sistemə (daha əvvəlcədən) proqramlaşdırılmamış tamamilə müxtəlif yollara çıxış yaratmaq yolu ilə, dəyişən şərtlərə hüceyrələrin tez reaksiya verməsinə imkan verir.” (səh: 164).
Amma gözlənilməz vəziyyətlərdə proqramlaşdırılmamış şəkildə necə cavab verməyi hüceyrələr hardan bilirlər? Yoxsa Ball burada Barbara McClintock tərəfindən 1980-ci illərdə nəzərdən keçirilmiş hüceyrə səviyyəsində, hətta molekul səviyyəsində olan “idrak qabiliyyətinə” (cognition) işarə edir? Sonra kitabında bu fikrə meyl etdiyini görsək də burada o, bunu demir. O, bizə qeyri-darvinist, ağıllı dizayna yaxın imkanlarla bağlı maraqlı ipucları verir, lakin onların açıqca dəlalət etdiyi nəticələri gözardı edir.
Lakin Ball səbəbli ortaya çıxma haqqında danışanda, məhz bu zaman həqiqət üzə çıxır. O, səbəbli ortaya çıxmanı “həyatın ümumi dizayn prinsipi” adlandırır (səh: 217). Embriogenetik inkişafda orqanizmlərin strukturlarının necə meydana gəldiyi ilə bağlı müzakirəsində isə belə yazır:
“Burada yenə də təbiətin dizayn prinsiplərindən birini görə bilərik: kiçik dəyişikliklərə təhlükəli həssaslıq yaratmadan adaptasiya və variasiya mümkün olsun və innovasiyalar — dizayn probleminə “dramatik yeni həllər” — mümkün olsun deyə, orqanizmləri qurmaq üçün aşağıdan-yuxarı, yuxarıdan-aşağı və ortadan-kənara mexanizmlər arasında düzgün balans tapmaq. (səh: 330).”
Beləliklə, təbiət və həyat dizayn prinsiplərinə malikdir! Və bu prinsiplər haradan gəlib? Bəlkə bir dizaynerdən? Ballın isə bu haqda deməyə başqa heç bir sözü yoxdur. O, yenə də bizə açıq dizayn dilini təqdim edib mövzunu orada tərk edərək mənəvi əzab verir. Ball davam edir:
“Əslində, hətta tək funksional biomolekullar kimi zülallar da öz mühitlərini bir mənada təmsil edir, məsələn, polipeptid zəncirlərinin su içində qatlanacağı gözləntisi ilə onların qatlanmaq üçün “dizayn edilmiş olmaqları” kimi və enzümlərin bir mənada hədəf liqandlarını “qabaqcadan təxmin edə biləcək” aktiv sahələrinin olması kimi.” (səh: 361).”
Ball burada özünü qorumaq üçün “sitat işarələrindən” istifadə edir. Amma o, həqiqətən də hər iki yolu seçə bilməz. Əgər polipeptid zəncirləri su içində qatlanmaq üçün dizayn edilibsə, deməli, onlar dizayn edilib. Əgər dizayn edilməyiblərsə, onda onların su içində qatlanma qabiliyyəti təsadüfi material proseslərinin nəticəsi olmalıdır. Əgər belədirsə, onda niyə dizayn və gözlənti kimi sözlərdən istifadə edib onların mənasını sitat işarələri ilə zəiflədəsiniz? Aydın görünür ki, dizayn dəlilləri Ball üçün inandırıcıdır, amma o, eyni zamanda bioloji ortodoksluğunu qorumaq məcburiyyətindədir, bu da onu bir az dolaşıq vəziyyətə salır.
Başqa bir müdafiə xarakterli bir izahında Ball belə deyir:
“Burada hüceyrələrin, landşaftın hansı dərəsinə enəcəkləri barəsində seçim edərək öz taleləri barəsində qərar verdiklərini demişəm. Bu antropomorfik bir dil kimi səslənir, amma belə olması zəruri deyildir. Axı biz kompüter sistemlərinin də, xüsusilə süni intellektin qərarlar verdiyini deyirik (səh: 262, seçim etmək və qərar vermək sözləri üzərində vurğu edilir).”
Ball görəsən həqiqətən də gətirdiyi misalın uğurlu olduğuna inanırmı? Kompüter sistemləri yalnız onların yaradıcıları tərəfindən belə dizayn edildikləri üçün qərar verir. Bu günə qədər yönləndirilməmiş fiziki proses nəticəsində qərar verə bilən kompüter meydana çıxmayıb. Əgər qərar verən kompüterlərin mövcudluğu ağıllı bir mühəndisin mövcudluğunu tələb edirsə, onda qərar verən hüceyrələrin mövcudluğu da həmin hüceyrələrin ağıllı bir yaradıcı tərəfindən yaradıldığını göstərir. Ball’un etdiyi müqayisə onun ağıllı dizayna qarşı olan mövqeyini sarsıda bilər.
Digər bir misalla tanış olsaq görərik ki, Ball bioloq Dennis Bray-i təqdir edərək sitat gətirir:
“…canlı hüceyrələr ətraf mühitinə qarşı təbii həssaslığa — refleksivliyə, yəni ətraf mühitin diqqətəlayiq xüsusiyyətlərini aşkar etmək və qeyd etmək qabiliyyətinə — malikdir ki, bu xüsusiyyət onların sağ qalması üçün vacibdir. Bu xüsusiyyət yaşayan hüceyrələrin molekulyar quruluşuna dərindən hörülmüşdür.”(səh: 263)
Ball hətta hüceyrəvi hissiyyat ehtimalını istisna etmir. Amma öz elmi oxucuları nəzərində etibarını qorumaq üçün o, getdikcə daha açıq bioloji dəlillərin ona zorla diktə etdiyi açıq nəticəni qəbul edə bilmir: Neo-Darvinizm ölüdür, amma ağıllı dizayn getdikcə daha mümkün görünür.
Cavab yaz