Qaraqan yazır:
“məsələn Avstraliya aborigenləri ümumiyyətlə heç bir tanrıya inanmır və günü bu gün Magiyadan istifadə edirlər.Onların fikrincə etdikləri hərəkətlər həqiqətən təbiət hadisələrinə təsir göstərir. Onların fikrincə hər şeyin ruhu var və hər şey tanrıdır. Amma onlar özləri də tanrıdır və hər şey bir-birinə təsir edə bilir.
Mən soruşdum. Necə yəni? Niyə onlar güclü olduqlarını düşünürlər ki? Məsələ onların ağıllarının azlığındadır. Necə ki, it qar yağanda onu dişləməyə çalışır və üzünü səmaya çevirib hürür eləcə də qədim tayfalar bu cürə hərəkətlərlə təbiətə qalib gələcəklərini düşünürlər. Quraqlıq dövrü yağış çağırmaq üçün Ploska Kəndinin qadınları gecə çılpaq soyunub yerə su tökürlər. Yeni Qvineyadan qərbdə yerləşən Qulolo adasında Şaman yağışı çağırmaq üçün budaqlara su töküb onları yerə çırpır, Şimali Amerikanın hindu qəbilələri quraqlıq olanda böyük bir kasaya su doldurub onun ətrafında dörd dəfə dövr edib mahnılar oxuyurlar. Həm də bu nə vaxtsa uzun əsrlər əvvəl olan şeylər deyil, günü bu gün olan rituallar, Afrika qəbilələri, aborigenlər və hindular sanki zaman maşınıdır, biz alimlər onları müşahidə edərək keçmiş insanların necə yaşadığını görürük.
Vəziyyətin izahı
Çox maraqlıdır ki, heç bir din bu insanların nə üçün bu vəziyyətdə qaldığını izah edə bilmir. Amma insanların nə vaxtsa mağarada yaşadığına inanmırlar. Yəni bu qədər sümük qalıqları. Qaya üstü rəsmlər. Ocaq izləri. Dəridən paltarlar, heyvan sümüklərindən bəzəklər, yəni bunlar hamısı insanlara aid olmayıb? Bunları alimlər fikirləşib? Yoxsa Ateistlərin uydurmasıdır? Bilirsən niyə onlar inanmaq istəmir? Çünki müqəddəs kitablarındakı Adəm və Həvva ağıllı başlı insanlar idi. Onlarda nitq inkişaf etmişdi. Onların Oğulları Habil və Qabil biri əkinçi idi, biri maldar. Amma 2.5 milyon il əvvəl başlamış paleolit dövrünün adamları Mezolit dövrünə kimi primitiv həyat tərzi sürürdülər. Onlar yalnız ovçuluq və yığıcılıq ilə məşğul idilər. Bəzi din xadimləri bu insanların elə Adəmin qövmü olduğunu bildirir, amma onda da sual çıxır. Paleolit dövrünün insanları axı hannibal idi, onlar özləri öz ölülərini yeyirdilər. Doğrudanmı Adəmin dövründə belə bir şey olurdu? Yox əgər Adəm Mezolit dövründə yaranıbsa o zaman iki milyon il yaşayan, sevən, uşaqlar doğan, mamontları ovlaya bilən kiçik əmək alətlərindən istifadə edən, oynayaraq yağış çağıran, öz tanrılarını uydurub onlara inanan yüz minlərlə insan nə tez danışmağı və Allahın öyrətdiyi elmləri unutdu?”
Aborigenlərin inancları
Daha əvvəl də Qaraqanın kitabındakı xətaları göstərmişdik. Ümumiyyətlə Qaraqanın kitabı yalanlar, saxtakarlıqlar və təhriflər ilə doludur. Misal üçün burada iddia edir ki, Avstraliyanın aborigenləri ümumiyyətlə heç bir tanrıya inanmır. Lakin bu iddia yalandır. Avstraliya aborigenləri haqqında maraqlanan və onların haqqında istənilən materialı oxuyan görəcək ki, onlar da bir çox mədəniyyətlərdə olduğu kimi insanları və heyvanları yaratmış tanrıların olduğuna inanıblar. Yəni bu aborigenlərin dini çox ilahlılıq dinidir. İstəyən bu linkdən onlar haqqında daha geniş oxuya bilər. Material ingilis dilindədir:
http://www.aboriginalculture.com.au/religion.shtml
“Qədim insanların ağılsızlıqları”
Daha sonra Qaraqan aborigenlərin inanclarını onların ağıllarının azlığı ilə bağlayır. Sübut etmək istəyir ki, qədim insanlar intellekt cəhətdən indiki insanlardan aşağı olublar. Bunun üçün söhbəti indiki aborigenlərin inancına bağlayır və onları qədim insanların nümunəsi olaraq göstərir. Lakin Qaraqan intellekt ilə savad arasında fərq qoymur. Ona görə savadsız insan intellektsiz insan deməkdir, lakin bu, xətadır. İnsan savadsız ola bilər, lakin bu, onun ağılsız, zəkasız, intellektsiz olması anlamına gəlməz. Bu gün kənddə yaşayan, savadı olmayan o qədər insan var ki, zəkası ilə bir çox universitet tələbələrindən üstündür və lori dildə desək “adamı səhraya susuz aparıb susuz gətirər.” Sözümün canı budur ki, müasir insan ilə qədim insan arasında intelektual bacarıq cəhətdən fərq olmayıb, aradakı fərq müasir insanın elmi inkişaflar yolu ilə daha çox bilməsidir. Müasir insan artıq fiziki qanunları daha yaxşı anladığı üçün təbii fəlakətlər qarşısında fövqəladə izahatlara ehtiyac duymur. Çoxumuz Azərbaycanda kəndlərə ilk dəfə televizorun gəlməsi ilə bağlı insanların reaksiyaları haqqındakı hekayələri eşitmişik, bəziləri televizorun içində kiçik adamların olub olmadığını da yoxlayıb. Lakin bu, onların ağılsızlıqlarına və ya ağıllarının zəif olmasına dəlalət etmir, bu, sadəcə olaraq cahilliklərinə və dünyəvi elmlərində savadsız olmaqlarına dəlalət edir.
Mezolit dövrü
Mezolit dövründən danışır. Görünür ki, Qaraqan darvinistlərin makro təkamül nəzəriyyəsinə korkoranə inananlardandır. Əgər darvinistər insanın mezolit dövrünün əvvəlində mövcud olduğunu deyirsə Qaraqan buna inanır. Darvinistlər iki milyon il yaşı olan kəllə sümükləri tapırlar və qərara gəlirlər ki, bu, homo erectus (homo erektus) adlandırdıqları pitekantropdur. Pitekantrop isə meymuna bənzər “insana” verdikləri addır, iddialarına görə homo erectus meymuna bənzəsə də meymun ilə insan arasındakı keçid mərhələlərindən biridir. Lakin buna biz darvinistlərin inancı deyirik, çünki homo erectus sadəcə nəsli tükənmiş meymun növlərindən bir növ ola bilər, onun keçid mərhələsi olmasını söyləmək üçün heç bir elmi sübut yoxdur. Darvinistlər tərəfindən deyilənlər sadəcə olaraq darvinin nəzəriyyəsini sübut etmək üçün təqdim edilmiş izahatlardır. Həqiqi elmi şəkildə isbat edilmiş bir fakt müşahidə oluna bilən və sınaqdan dəfələrlə keçməsinə baxmayaraq hər dəfə eyni nəticəni verən bir fakt olmalıdır. Əgər elmi iddia bu qaydaya cavab verə bilmirsə bu sadəcə bir iddia olaraq qalır və bu da inancın bir növüdür. Mahiyyət etibarı ilə dindarların Adəm və Həvvaya inanmaqları ilə bu darvinistlərin pitekantroplara inanmaqları arasında bir fərq yoxdur.
Home Sapiens
Müasir antropoloqların gəldikləri sonuncu nəticə isə budur ki, “müasir insan” adlandırdıqları homo sapiens 195 000 min illik tarixə sahibdir, çünki indiyə qədər tapılmış ən qədim fossilin bu tarixə aid olduğu təsbit edilib. Üstəlik insanların ilk dövrlərdə hamısının mağarada yaşamasına dair dəlil yoxdur. Lakin mağarada insan yaşayışının izlərinin tapılması sadəcə olaraq insanların bir hissəsinin mağarada yaşamağının dəlilidir. Həmin dövrdə insanların hamısının mağarada yaşadığını söyləmək sadəcə inanc məsələsidir, darvinistlər buna inanır. Lakin günümüzdə belə daş dövrünə yaxın şərtlərdə yaşayan insanlar mövcuddur. Daş dövrünün (paleolit) bütün ilk insanlar üçün keçərli olmasını sübut edən bir sübut yoxdur.
Əkinçilik və Maldarlıq:
Bu günə qədər arxeoloqlar, atropoloqlar arasında hakim olan görüş budur ki, əkinçilik Neolit dövrünün başlaması ilə, yəni on min il öncə başlayıb. Lakin həqiqətdə onların bu dedikləri kütləvi şəkildə, yəni geniş miqyaslı əkinçiliyə aiddir. İlk öncə bunun bir nəzəriyyə olduğunu anlamağımız lazımdır. Bundan öncə əkinçiliyin olmamasına dair heç bir elmi sübut yoxdur. İlk insanın əkinçiliklə məşğul olmasına dair elmi sübutun olmaması bunun baş verməməsi anlamına gəlməz.
Üstəlik ilk insanın, yəni Adəmin ilk övladlarının əkinçilik və heyvandarlıqla məşğul olması, lakin sonrakı nəsillərdə bu biliklərin itməsi və insan mədəniyyətinin primitivləşməsi mümkündür, çünki əkinçilik və heyvandarlıq ətraf mühitdən, təbiətdən çox asılıdır. Təbiətdə dəyişiklər, temperaturun soyuqlaşması və ya çox istiləşməsi, quraqlıq dövrünün düşməsi və digər səbəblər insanları əkinçiliyi, heyvandarlığı tərk edərək ovçuluqla məşğul olmağa vadar edə bilər. Belə bir şey mümkündür. Üstəlik nəzərə almaq lazımdır ki, antropoloqların fikirləri daim dəyişir, hər yeni tapıntı onları fikir dəyişməyə vadar edir. Hələ iyirmi il öncəyə qədər bu alimlər inanırdılar ki, son mezolit dövrü, ilkin neolit dövründə insanlar çox sadə həyat tərzi yaşayırdılar və insanların ilk dəfə kəndlər və böyük icmalar halında yaşaması əkinçilik ilə ortaya çıxıb.
Göbəkli təpə
Lakin Türkiyədə son illərdə üstü açılmış Göbəkli Təpə adlı qədim arxeoloji məkan mövcud nəzəriyyələri ağır hala salıb. Beləki miladdan öncə onuncu minilliyə aid edilən bu əsrarəngiz yer haqqında müxtəlif nəzəriyyələr mövcuddur, lakin bu tapıntı suallara cavab vermək əvəzinə daha çox sual ortaya çıxarır. Misal üçün bu yerin ən qədim sütunları ən ağır olanlardır və bunların ən böyüyü on altı ton ağırlığında olan nəhəng daş sütunlardır. Lakin daha sonra, təxminən min il sonra əlavə tikilmiş sütunlar isə ilk sütunlara baxdıqda daha zəif, daha primitiv sütunlardır. İlkin dəyərləndirmə onu göstərir ki, ilk sütunları tikənlərin mühəndislik bilikləri sonrakılardan daha üstün olub. Üstəlik antropoloqlar razılaşırlar ki, belə bir abidənin tikilməsi üçün yüzlərlə işçi qüvvəsinə, təşkilatçılığa, planlaşdırmağa və ierarxiyaya ehtiyac vardır. Halbuki həmin dövrdəki insanların sadə və primitiv həyat tərzi yaşadıqları güman edilirdi. Həmçinin işin qəribə tərəfi budur ki, bu qədər işçinin inşaat müddətində orada qalması lazımdır və bunun üçün onların orada yaşamaqlarına dair sübut olmalıdır, lakin arxeoloqlar belə sübutla qarşılaşmayıblar.
Qaraqana təklif:
Mən isə təklif edirəm ki, Qaraqan belə bir sual üzərində düşünsün. Bu gün universitetdə təhsil almış mühəndislərdən bəzilərini götürsən və müasir kəndlərdən yüzlərlə insan versən 16 ton ağırlığında daş sütunları Göbəkli Təpədə olduğu kimi düzə bilərlərmi? Yəni müasir texnikanın köməyi olmadan, təbii vasitələr ilə bunu etməkləri mümkündürmü? Qaraqanın öz məntiqinə əsasən miladdan on min ilə əvvəl yaşamış primitiv insanlar müasirlərdən daha ağıllı olmalıdırlar.
Yekun
Yazını bu şəkildə yekunlaşdırmaq istəyirəm:
İlk insanların ağılsız olmaqlarına dair heç bir elmi sübut yoxdur, onların cahil olmaqlarına dair belə sübut yoxdur. Əksinə onların bir çox yöndən müasir insanlardan daha qəliz düşüncə sahibinə malik olduqlarını söyləyə bilərik. Misir piramidalardan tutmuş nəhəng və müxtəlif formalı daşlar ilə bir cizgini izləyərək tikilmiş digər tikililərə nəzər salsaq görərik ki, o dövrdə bunların tikilməsi haqqında müasir alimlər arasında qane edici bir izah yoxdur, cavablardan çox suallar mövcuddur.
Bəşəriyyətin tarixi
Arxeoloji qazıntılar bir şeyi qəti olaraq isbat edir və bu, bəşəriyyət tarixinin həqiqətən də çox uzun olmasını sübut edir. Yəni bəşəriyyət tarixi xristiyanların teoloqlarının iddia etdikləri kimi sadəcə altı-yeddi min ildən ibarət deyildir. Xristiyanlıqdan fərqli olaraq İslamdakı xəbərlər elmi kəşflərə müxalif deyildir, əksinə müvafiqdir. Bunu növbəti nöqtələrdə izah etməyə çalışacam:
İslama görə insanlığın yaşı:
– Adəm ilə Nuh arasında on nəsillik müddət vardır. Əbu Uməmə rəvayət edir ki, bir nəfər soruşur: “Ey Allahın elçisi, Adəm bir peyğəmbər idi?” Dedi: “Bəli, onunla danışılmışdır.” Soruşdu: Onunla Nuh arasında nə qədər müddət var?” Dedi: “On nəsil.” Bu hədisi İbn Hibban “əs-Sahih” kitabında (14/69) və əl-Hakim “əl-Müstədrək” kitabında (2/262) rəvayət edir. əl-Hakim səhih olduğunu deyir və əz-Zəhəbi onunla razılaşır. Həmçinin İbn Kəsir “əl-Bidəyə van-Nihəyə” kitabında (1/94) hədisin Muslimin şərtlərinə görə səhih olduğunu deyir.
– Nuh peyğəmbərin öz qövmü arasında 950 il qaldığı Quranda keçir. Allah Ənkəbut surəsində (ayə 14) buyurur:
“Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.”
– İsnadı zəif olan xəbərlərdə gələn məlumata əsasən ümumən peyğəmbərlərin sayı 124000 peyğəmbər olub, əgər hər ilə bir peyğəmbər nəzərdə tutsaq bu ən azından 124000 il edir. Lakin peyğəmbər həm də eyni zamanlarda gəliblər.
İslamda bəşəriyyəti yaşı barəsində dəqiq bir xəbər olmasa da ümumən varid olmuş rəvayətlərdən anlamaq olar ki, bəşəriyyətin tarixi çox uzun olub. Adicə Adəm ilə Nuhun arasında 10 000 ilin olduğunu düşünsək bu müddətin həqiqətən də nə qədər uzun olduğunu təxminən təsəvvür edə bilərik. Doğrusunu Allah bilir!
Cavab yaz