İsa Məsihin hekayəsinin mifik hekayələrlə üst-üstə düşməsi şübhəsi

Qaraqan yazır:

“Attis (Yunanıstan e.ə. 1200) ; 25 dekabrda doğulub. Bakirə qadın Nanonun oğludur. Xaçdan asılıb və üç gün basdırıldıqdan sonra dirilib.
Krişna (Hindistan e.ə. 700) ; Bakirə qadın Divakidən doğulub. Şərqdə ulduz parlayıb. Öləndən sonra dirilib.
Dionis (Yunanıstan e.ə. 500) ; 25 dekabrda anadan olub. Anası bakirə olub. Dirilib. Möcüzələri: suyu şəraba çevirib. Onun adları: Allahın oğlu, Alfa və Omeqa.
Mitra (İran e.ə. 1200) ; Bakirədən doğulub, 25 dekabrda. 12 şagirdi olub. 3 gün basdırılıb. Dirilib.

Bunların içində xüsusən Mitra Roma imperiyasında çox məşhur idi. İmperiyanın bir çox yerlərində 25 dekabr Mitranın doğum günü (Məğlubedilməz günəşin doğum günü – Dies Natalis Solis İnvicti) kimi qeyd olunurdu. Qədim Misirdə isə 25 dekabr Osirisin bayramı kimi qeyd olunurdu. Yeri gəlmişkən onun oğlu Qor ilə olan münasibətlər, İsa ilə Ata Allahın münasibətlərini xatırladırdı. Ümumiyyətlə xristianlığın 3 tanrı prinsipi qədim Babil 3 tanrı prinsipinin dəyişdirilmiş formasıdır. Burada Nimrod (balıq), onun oğlu Tammuz (insanlığın xilası üçün ölmüş) və ana Semiramida (göyərçin) – göründüyü kimi bu transformasiya nəticəsində Semiramida müqəddəs ruha çevrilmişdi. Babildə Nimrod “Balıq Allah” deyə çağırılırdı. Babildə bu balıq tanrıya sitayiş edənlər eynilə Roma papaları kimi geyinirdi. Baş geyimləri balıq formasında idi, (yeri gəlmişkən Roma papalarının taxtığı bu papaq “Mitra” adlanır).

Davam edir..

Ümumiyyətlə qəribə deyilmi İsa peyğəmbəri balıqla simvolizə etmək?! Məsələn İsanın bir möcüzəsi də iki balıq ilə böyük sayda insanı yedizdirə bilməsidir. Ümumiyyətlə İsa ilə balıq simvolu çox tez-tez xristiyan aləmində üz üzə gəlir. Burada çoxallahlığın və totemizmin izləri görünür. Katoliklərin Bakirə Məryəm inamı da Misirlilərin Bakirə İsida, Qorun anası ilə demək olar ki, eynidir. Bunu hətta keçmiş şəkillər və heykəltaraşlıq nümunələrində də görmək olur. Demək olar ki, bütün xristiyan simvollarına İsanın doğuluşundan min illər əvvəl köhnə miflərdə rast gəlmək olur. Görəsən bu həqiqi dinə bənzəyir yoxsa köhnə əfsanələrdən plagiata? Deyilənə görə Semiramida bakirə ikən günəşin şəfəqlərindən hamilə olur, bu şəfəqləri həm də Nimrodun nuru Vaddın işığı kimi də qələmə verirlər. Qəribədir, demək olar bir çox Xristian ikonalarında biz Məryəm ananın hamilə olmasını göydən gələn işıqla təsvir edildiyini görürük. Paralellər sonsuzdur, xristiyanlığın elə bir aspekti yoxdur ki, onu əvvəlki inanclarda tapmayaq. Həm Dionisin, Mitranın, İsida kultunun, Semiramidanın əfsanələri ilə dolu bir imperiya, birdən-birə bütün bu min illik hekayələri özündə birləşdirən yeni bir dinin peyda olması çox qəribə gəlir. Nə oldu? Yoxsa Allahın yeni bir taley yeni bir möcüzə göstərməyə gücü çatmadı? Bilirsən əgər bizə desələr ki, Yaponiyada günlərin bir günü samuraylardan biri lampa tapır və onun tozlu olduğunu görüb üstünü silərkən içindən cin çıxır və deyir ki, sənin arzularını yerinə yetirəcəm. Biz əminliklə deyəcəyik ki, bu Ələddinin sehirli lampasından götürülüb, çünki bu hekayə qat-qat əvəllər yazılıb. Eləcə də İsanın hekayəsi ondan qat qat əvvəl yaranıb.”

Gördüyümüz kimi Qaraqan daha əvvəl misir tanrısı Hor haqqında kitabına aldığı uydurmaları davam etdirib və başqa saxta tanrıları da xristianların İsa inancı ilə eyniləşdirməyə çalışıb.

Attis

Attis dekabrın 25-də doğulmayıb, doğulsa da bir şey ifadə etməz, çünki daha əvvəlki yazımızda izah etdiyimiz kimi 25 dekabrın İsa Məsih ilə əlaqəsi yoxdur. Doğrudur ki, Attis bakirə qadın Nano’dan doğulub və əfsanəyə görə Nano’nun hamilə qalması Aqdistis adlı bir qorxmaz ovçunun qanından əmələ gəlmiş nar meyvəsini yeməklə olub. Lakin Qaraqanın yazısındakı saxta iddia budur ki, guya Attis çarmıxa çəkilib, üç gün ölü qalıb və dirilib. Əfsanələrdə belə bir məlumat yoxdur, əksinə əfsanəyə görə Attis sevgilisi Sibelə xəyanət etdikdən sonra Sibel ölür və buna dözə bilməyən Attis özünü axtalayır və şam ağacına çevrilir. Əfsanənin bir başqa versiyasına görə Attisi öldürən şam ağacı olub. Yenə bir başqa versiyaya görə Attis özünü şam ağacının altında axtalayır və axtalamaq səbəbi ilə ölür. Bu, nə çarmıxa çəkilmək sayılır, nə üç gün ölü qalmaq, nə də öldükdən sonra dirilmək sayılır. Bu barədə geniş məlumat almaq üçün Maria Lancellotti tərəfindən yazılmış “Attis; Between Myth and History” adlı kitaba baxmaq olar.

Krişna

Krişna’ya gəldikdə isə hindlilərin dininə görə Krişna əsas tanrı Vişnu’nun avatarlarından biridir. Krişna’nın doğumuna gəldikdə o, Mathura kral ailəsindəndir və şahzadə Devaki və onun əri Vasudeva’nın səkkizinci uşağıdır. Devaki və əri Vasudeva Devakinin qardaşı Kamsa və ya Kansa tərəfindən həbs edilmişdi, çünki kəhanətə görə Devaki’nin səkkizinci oğlu Kamsanı öldürməli idi. Kamsa artıq Devakinin altı oğlunu öldürmüşdü, yeddinci uşağı Vasudeva’nın digər arvadı Rohini’nin bətninə keçməklə qurtulmuşdu. Səkkizinci uşaq Krişna doğulduqda isə Vasudeva onu Yamuna çayı ilə götürərək qonşu kənd Gokul’da Nanda və Yasoda tərəfindən böyüdülməsi üçün onlara verilmişdir. Ona görə də Devaki’nin bakirə olduğunu iddia edərək bu tərəfdən onu Məryəmə bənzətmək ən yumşaq dildə saxtakarlıq adlanır. Bəli, “Mahabharata” poemasına görə Krişna öldürülüb və səmaya çəkilib. Lakin hindu dininə əsasən Krişna doğulmadan öncə də bir tanrı idi, lakin doğulduqdan sonra Krişna kimi təcəlli etmişdir, onun ölməsi isə həmin təcəllisinin bitməsi və səmaya qayıtması deməkdir. İstənilən halda burada xristianların İsa haqqında inancları ilə heç bir oxşarlıq yoxdur.

Dionis

Dionisə gəldikdə isə o, yunanların şərab ilahı hesab olunur. Dionis yunanların əsas tanrısı Zevsin oğullarından biridir. Yunan əfsanələrindən anlaşılana əsasən Zevs xəbərsiz qadınları, qızları ya zorlayardı, ya da onları tovlayaraq ələ keçirərdi, lakin bunların hamısında yunanlar Zevsin bu qadınlarla cinsi əlaqəyə girdiyinə inanırdılar. Ona görə də Dionisin anası Semele onu doğarkən bakirə deyildi. Dionis uşaq ikən Titanlar tərəfindən aldadılır və öldürülür, sonra parçalara ayrılır və yeyilir. İlahə Afina uşağın ürəyini qoruyub saxlayır və onu Zevsin yanına gətirir və Zevs onu yenidən həyata qaytarır. Lakin bu yenidən dirilmə xristianların İsa haqqındakı inanclarından tamamilə fərqlənir. Həmçinin Dionis yenidən dirildikdən sonra yer altı dinyanın tanrılarından birinə çevrilir. Dionis’in “Tanrının oğlu” adlanması ilə ona xas bir şey deyildi, yunan əfsanəsində ondan başqa da Zevsin oğulları olub. Dionisin suyu şəraba çevirməsinə gəldikdə isə yunan mifologiyasında deyilənə görə Dionis boş çəlləkləri şərab ilə doldurardı və bulaqlardan su əvəzinə şərabın axmasına səbəb olardı. Lakin İsaya nisbət olunan möcüzə isə toyda çəlləklərdəki suyu şəraba çevirməsi olub.

Mitra

Qədimdə farsların və rumların ibadət etdikləri tanrı Mitraya gəldikdə isə o, bakirədən doğulmayıb, lakin əfsanəyə əsasən o, bir qayadan əmələ gəlib. Mitra daha sonrakı dövrlərdə rumlar tərəfindən də qəbul olunub və rumların Günəş tanrısı ilə eyniləşdirilib. Doğrudur ki, Mitra’nın doğumu dekabrın 25-i qeyd edilirdi. Lakin daha əvvəlki yazımızda bu tarixin İsa ilə heç bir əlaqəsinin olmadığını yazdıq. Mitra heç bir zaman insan kimi yer üzərində yaşamayıb, yəni əfsanələrdə belə bir iddia yoxdur. Ona görə də onun İsa kimi dəvət ilə məşğul olması uydurma bir şeydir. Onun on iki həvarisi də olmayıb. Doğrudur ki, Mitranı təsvir edən bəzi qədim surətlərdə onun ətrafında on iki astronomik simvol da vardır, lakin bu, on iki bürcü təmsil edir. Əfsanələrdə nə Mitranın ölümü haqqında, nə onun üç gün ölü qalması və sonra dirilməsi və səmaya qalxması haqqında bir şey yoxdur. Bu iddialar da yalandır.

Qaraqanın sağlam olmayan təxəyyülü

Qaraqanın yazısındakı başqa bir iddia budur ki, misir ilahları Osiris ilə oğlu Horusun münasibətləri xristianların inancındakı Ata və Oğul münasibətləri kimidir. Bu Qaraqana sual verən lazımdır ki, görəsən xristian inancına görə Ata Allah öz qardaşı tərəfindən öldürülmüşdü və Oğlu İsa daha sonra gəlib əmisindən atasının qisasını almışdı? Yəni bu oxşar münasibətlər hardadır? Misirlilərdə ölən oğul Horus deyil, qardaşı tərəfindən öldürülən Osirisdir, xristianlarda isə ölən oğul İsadır. Yəni Qaraqanın burada da bənzərlik olduğunu iddia etməsi adamın sağlam olmayan təxəyyülüdür.

Babil üçlüyü

Babil üçlüyünə gəldikdə isə bu da müasir zamanımızdakı Qaraqan kimi sensasiya doğurmağı sevən mistiklərin ortaya atdıqları xurafatlardır. Nimrod’un kimliyi haqqında dəqiq məlumat yoxdur, tarixçilər bu barədə tək bir rəydə deyillər. Lakin tarixçilər qəbul edirlər ki, Nimrod bir kral olub. Quranda da o, bu cür təsvir edilir və İbrahim peyğəmbər ilə onun münaqişəsinin olduğu qeyd olunur. Yəhudi qaynaqlarından Talmudda da bu öz əksinə tapır. Xristian qaynaqlarında İbrahim peyğəmbərin onunla görüşməsi haqqında bir məlumat keçmir. Lakin bir də Ninus vardır və Semiramis’in həyat yoldaşı olan kral Ninus məhz budur. Bir çoxları Nimrod ilə Ninusun eyni adam olduğunu deyirlər. İstənilən halda Nimrod balıq allahı olmayıb, qədim Babildə və digər qonşu regionlarda balıq tanrısı kimi tanınan Daqon olub. Ninus isə (və ya Nimrod) öldükdən sonra Semiramis onun yerinə ölkəni idarə etmiş və daha sonra Tammuz adlı oğlu olmuşdur. Bəzi əfsanələri görə Semiramisin bu oğlu Nimrod’dan deyil, lakin baş rahibdən olub. İstənilən halda burada heç bir üçlük olmayıb və bunun xristianların inancın ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Semiramisi müqəddəs ruh ilə müqayisə etmək, başqa yerdə isə onu Məryəm ilə müqayisə etmək açıq-aşkar ziddiyyətdir.

Saxtakarlıq

Bu yazdıqlarımız onu göstərir ki, Qaraqanın internetdən, qeyri-professional dairələrdən götürdüyü məlumatlar əsasında yazdığı bu kitab açıq-aşkar saxtakarlıqdan başqa bir şey deyildir. Kitab heç bir elmi araşdırmaya dayanmır, sadəcə insanları qandırmaq üçün yazılıb.

Qaraqanın öz kitabında İsa Məsih haqqında yazdığı hədyanların həqiqətən də akademik dairələrdə bir çəkisinin olmadığının şahidi olmaq istəyənlərə bir kitab məsləhət görmək istəyirəm.
Kitab ingilis dilindədir və “Did Jesus Exist?: The Historical Argument for Jesus of Nazareth” (İsa mövcud olubmu? Nazaretli İsanın leyhinə tarixi arqument) adlı bu kitabın müəllifi Bart D. Ehrman’dır. Doktor Ehrman hal-hazırda Şimali Karolina Universitetində dərs verən tarix və bibliya üzrə professordur və New York Times Bestseller siyahısına düşmüş beş kitabın müəllifidir. Öz sahəsində aparıcı mütəxəssislərdən sayılır.

Kitabı amazon səhifəsindən sifariş vermək olar. Qaraqana da bu kitabı oxumağı məsləhət görərdik.

P.S. Doktor Bart D. Ehrman etiqad baxımından xristian deyildir, lakin aqnostikdir.