Keçmişdəkilərin möcüzə anlayışı: Niyə indi möcüzələr baş vermir?

Mövcud olan xətalı təsəvvürlərdən biri də budur ki, əvvəlki insanlarda təbiət qanunları haqqında doğru anlayış olmadığı üçün möcüzələrə inanırdılar və müasir zamanımızda elm inkişaf etdiyi üçün möcüzələrə inanmaqda heç kimin “üzrü” qalmayıb. Keçmişin insanlarını bu dərəcədə primitivləşdirməyi müasir insanların təkəbbürlüyünə bağlaya bilərik. Richard Dawkins – dostu Hitchens kimi – adətinə uyğun olaraq dini etiqad sahibləri ilə istehza edir və deyir: “Təhsilli bir şəxsin möcüzələrə – misal üçün “bakirə doğuşa” – inandığını utanmadan etiraf edə biləcəyi ən son vaxt on doqquzuncu əsr idi.”1

Bu təkəbbürlük, bu özündən razılıq fərdlərdən daha çox, ideologiyadan qaynaqlanır. Lakin reallıq Dawkins’in və dostlarının yanıldığını dəfələrlə sübut edib. 1997-ci ildə fizika üzrə nobel mükafatı laureatı William Phillips, Cambridge universitetində kvantum fizikası üzrə professor kimi çalışan John Polkinghorne və İnsan Genom Layihəsi’nin (Human Genome Project) sabiq sədri və Milli Səhiyyə İnstitutunun hazırki sədri Francis Collins kimi intellektual alimlər utanmadan, çəkinmədən möcüzələrə inandıqlarını deyirlər.2 Əgər utanma halı varsa bu, heç də – Dawkins’in iddia etdiyi kimi – insan rasionallığından qaynaqlanmır, ateistlər tərəfindən akademik dairələrdə formalaşdırılmış qeyri-sağlam mühitdən qaynaqlanır. 

Keçmişin insanlarına gəldikdə isə rasionallıq onlardan – iddia olunduğu qədər – uzaq deyildi; keçmişdə də təbiət qanunları qəbul edilirdi və insanlar bundan cahil deyildilər. Möcüzə sözünün tərifi belə bu iddianı yalanlamaq üçün kifayət edir, çünki möcüzə dedikdə insanlar normal olan haldan yayınma başa düşürlər. Belə bir anlayış yalnız və yalnız normal hal haqqında bir təsəvvür mövcud olduqda mümkündür. İnsanlar bunu qədim zamandan müşahidə ediblər və bu, onların gündəlik təsəvvürlərinin ayrılmaz parçası idi. Ona görə də möcüzələrə bəzən “xariqüladə” deyilir və ərəb dilində bu söz “adəti, qanunu pozan” deməkdir. Deməli əminliklə deyə bilərik ki, insanlar bu baxımdan təbiətdə mövcud olan qanunlara, adətlərə inanırdılar və bu möcüzələri həmin qanunların pozulması kimi görürdülər.

Quran bizə xəbər verir: “Elçilərimiz İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və “Salam!” – dedilər. O da: “Salam!” – dedi və dərhal (gedib) qızardılmış bir buzov gətirdi. (İbrahim mələklərin) yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Həqiqətən biz Lut qövmünə göndərilmişik.” Onun arvadı (pərdə arxasında) durmuşdu və o, güldü. Biz onu İshaqla, İshaqın ardından da Yaqubla müjdələdik. O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir.” [11:69-72] İbrahimin arvadı bütün səmavi dinlərdə ehtiramla yad edilən Saradır və məhz o, qonaqların onun ərinə uşaqla müjdə verməyinə gülürdü. Çünki Sara dövrünün digər insanları kimi çox gözəl bilirdi ki, ixtiyarlıq dövründə qadınların uşaqları olmur, təbiətin qanunu belədir. Bununla belə möcüzələri qəbul edirdilər və Allahın hər şeyin Yaradıcı olaraq istədiyini etməyə qadir olduğuna inanırdılar. Bu ikisi arasında onların aləmində heç bir ziddiyyət yox idi.

C. S. Lewis deyir: ”Elmi proqresin hansısa yolla bu məsələni dəyişdirməsi fikri, “qədim zamanlarda” insanlar “təbiətin qanunlarını bilmədikləri üçün” möcüzələrə inanırdılar fikri ilə yaxından əlaqəlidir. Ona görə də sən insanları belə deyərkən eşidəcəksən: “İlk xristianlar İsanın bakirə bir qızın oğlu olduğuna inanırdılar, lakin biz bilirik ki, elmdə bu imkansızdır.” Bu cür deyən insanlar düşünürlər ki, möcüzələrə inanmaq elə bir zamanda ortaya çıxmışdı ki, təbiət prosesi haqqında insanların cahilliyi o dərəcədə idi ki, möcüzələrin bu təbii prosesə zidd olduğunu dərk edə bilmirdilər.

Bir anlıq təfəkkür bu fikrin tamamilə cəfəngiyat olduğunu göstərir: Bakirə qızın doğuşu hekayəsi xüsusilə diqqətəlayiq bir misaldır. Müqəddəs Yusuf öz nişanlısının hamilə olduğunu öyrəndikdə təbii olaraq ondan üz döndərməyə qərar verdi. Nə üçün? Çünki o da istənilən müasir ginekoloq bilirdi ki, təbiətin adətinə görə qadınlar kişilərlə yatmadan uşaq sahibi ola bilməzlər. Şübhəsiz ki, müasir ginekoloq doğuş və atalıq haqqında Müqəddəs Yusufun bilmədiyi bir çox şeyi bilir. Lakin həmin şeylər (müzakirədəki) əsas mövzu ilə – bakirə qızın doğuşunun təbiət adətinə əks olması ilə – əlaqəli deyildir. Müqəddəs Yusuf da bunu bilir. Bu gün “bu hal elmdə imkansızdır” deməyin doğru olduğu bütün mənalarda o da eynisini deyəcəkdi; çünki bu hal hər zaman imkansız olub və bunun imkansız olduğu da hər zaman bilinib, lakin təbiətin sıravi prosesinin xüsusilə bu halda təbiətdən ötədə bir varlıq tərəfindən ləğv edilməsi və ya əlavələrə məruz qalması halı istisnadır.”3

Deməli möcüzələrə inanan keçmişin insanları eyni zamanda təbiətin adətinə, nizamlı cərəyanına da inanırdılar və bu ikisi arasında bir uyğunsuzluq görmürdülər. Çünki təbiəti, təbiətin qanunlarını yaradan bir fövqəltəbii varlığın olduğuna inanırdılar. Ona görə də müasir elmin inkişafının möcüzələrə olan inancın zəifləməsi ilə bir əlaqəsi olmamalıdır.

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. R. Dawkins, ”The God Delusion”, səh: 187; Black Swan Edition, London, 2016
  2. John Lennox, ”Gunning For God: Why The New Atheists Are Missing The Target”, səh: 170; Lion Hudson, Oxford, 2011
  3.  C. S. Lewis, ”Miracles: A Preliminary Study”, səh: 56-57; Geoffrey Bles – The Centenary Press, London, 1947