Censorship, adult caucasian man with duct tape on mouth to prevent him from speaking, freedom of speech and expression concept

Liberalizm və Tolerantlıq: Transgenderin haqları

Maariflənmə dövrünün əsas adlarından hesab olunan Voltaire`nin “sənin dediyin ilə razılaşmıram, amma sənin bunu demək haqqını ölənə qədər müdafiə edəcəm” sözü məşhurdur. Əslində bu ifadə Voltaire`ə aid deyil, 1906-ci ildə ingilis yazıçısı Beatrice Evelyn Hall bu sözün Voltaire`in söz azadlığı haqda düşüncəsini əks etdirdiyini göstərmək istəmiş və bu sözü ona aid etmişdir. 1 Hər bir halda, siyasi fəlsəfəçilər tərəfindən ümumən qəbul olunan odur ki, bu söz həm Voltaire`nin özünün, həm də ümumən liberalizmin tolerantlığa qarşı mövqeyini əks etdirir. 2

Real həyat

Real həyata baxdığımızda isə bu prinsipin tətbiq edildiyini görmürük. 30 oktyabrda kanadalı feminist yazıçı Meghan Murphy, Toronto’nun Xalqa açıq kitabxanasında çıxış etmişdir. Çıxışının mövzusu özünü qadın hesab edən transgender kişilər olmuşdur. Xeyr, Murphy onları qınamamış, özlərini qadın hesab etdikləri üçün alçaltmamışdır. Lakin, “əsl” qadınların bəzən, bu “kişilərdən” qorunmasının lazım olduğunu demişdir. 

Misal üçün

Misal üçün, onların qadın soyunub-geyinmə otaqlarına, tualetlərinə, qadın həbsxanalarına və bənzəri yerlərdə qadınlarla bərabər olmamasını tələb etmişdir və bunu qadınların azadlıqlarına, təhlükəsizliyinə zərər verdiyini demişdir. Mövcud Kanada qanunvericiliyi kişinin sadəcə özünü “qadın hesab etdiyi” üçün qadınlara aid yerlərə daxil olmasına zəmin yaratdığını demişdir. Bizim cəmiyyət üçün Murphy`nin tələbi qayət normal görsənə bilər, lakin Toronto liberalları bu tələbi transgenderlərin diskriminasiyası kimi qəbul edir. Məsələ o yerə çatmışdır ki, Murphy olduğu yeri tərk etmək üçün polis mühafizəsinə ehtiyac duymuşdur. 3

Təbii ki, kimsə etiraz edib Toronto liberallarının öz prinsiplərinə zidd hərəkət etdiyini, əslində Murphy`yə dözümlülük göstərilməsinin lazım olduğunu deyə bilər. Qərb liberal ölkələrinin son illərdə apardıqları siyasətin bu dözümlülük prinsipinə getdikcə əməl etmədiyini görürük, bunu da “təklükəsizlik”, “sekulyar dəyərlər” və sair iddialar altında gizlədirlər. Amma burada vermək istədiyimiz mesaj əslində başqadır.

Dözümlülük paradoksu

Liberallar insan azadlıqlarını özəlləşdirdikləri kimi, dözümlülüyün də sadəcə özlərinə aid ola biləcəyini deyirlər. Biz bunun belə olmadığını iddia edirik. Dözümlülük prinsipinə həqiqi şəkildə sadiq qalmaq, dözümlülük paradoksuna gətirib çıxaracaq. Gəlin bunu iyirminci əsrin ən məşhur liberallarından olan Karl Popperin ağzından eşidək: 

“Daha az bilinən dözümlülük paradoksudur: limitsiz dözümlülük, dözümlülülyün yox olmasına gətirib çıxaracaq. Əgər biz dözümsüz olanlara qarşı da dözümlü davransaq, onların hücumundan cəmiyyəti qorumağa hazır olmasaq, dözümsüzlər dözümlüləri məhv edəcəkdir. Amma mən demirəm ki, biz dözümsüzlük ifadə edən fəlsəfələri daima boğmalıyıq. Bu fikirlərə qarşı rasional arqument qoya bildiyimiz və onları ictimai rəyin kontrolu altında tutduğumuz müddətcə onları boğmaq ən hikmətsiz hərəkət olar. Lakin biz lazım olduğu təqdirdə onları güc istifadə edərək, qarşısını almaq hüququmuzun olduğunu iddia edirik. Çünki ola bilər ki, onlar bizimlə rasional arqument üzərindən müzakirə aparmağa hazır olmasınlar, əksinə bütün rasional arqumentləri qəbul etməsinlər. Ola bilər ki, onlar öz tərəfdarlarına rasional arqumentin aldadıcı olduğunu desinlər, arqumentə qulaq asmayıb, əksinə öz yumruqları və tapancaları ilə cavab verməyin lazım olduğunu desinlər. Buna görə biz dözümlülük naminə, dözümsüz olmaq haqqımızın olduğunu tələb etməliyik…” 4

Dözümlülər və dözümsüzlər,

Popper’in sözlərində bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, Popper mütləq tolerantlığın paradoksa yol açacağını etiraf edir. O cəmiyyəti iki yerə bölür: dözümlülər və dözümsüzlər, bizimkilər və bizdən olmayanlar. Lakin burada sual yaranır: məgər liberalların daima pislədiyi nazilərin etdiyi də bu deyildimi? Onlar cəmiyyəti iki yerə bölür, özlərindən olanlara qarşı dözümlü davranıb, özlərindən olmayanlara qarşı dözümsüz davranmırlarmı? Təbii ki, liberallar ilə nazilər arasındakı fərq, “bizimkilər və başqaları”nı hansı prinsipinə əsasən ayırd etməkdir və biz bu mövzuya qayıdacayıq. 5

Dözümsüzlərə qarşı rasional arqument

İki, Popper dözümsüzlərə qarşı ilk növbədə rasional arqumentin istifadə olunmasını qeyd edir. Lakin, biz müasir zamanımızda bunu müşahidə etmirik. Murphy kimilərin arqumentinə qulaq asanlar azdır. Halbuki Murphy çox ciddi bir şey deməmişdir. İndi neo-nazi fikirlərini yayan, və ya homoseksualları və transgenderləri açıq aydın qınaq obyektinə çevirənlər haqda düşünün. Bir çox ölkədə bu insanlar “nifrətyönlü çıxış” etdiklərinə görə həbs, valideynlik hüququndan məhrum olma və digər cəza növlərinə məruz qalacaqlar. Bəs harda qaldı söz azadlığı, rasional arqument? Burada liberallar Popper’in dediyi “lazım olanda güc tətbiq etmə” prinsipini istifadə edirlər.

Ən önəmli nöqtə

Üçüncü və bəlkə də ən önəmli nöqtə Popper’in rasional arqumentin sadəcə liberallara aid ola biləcəyini iddia etməsidir. Dözümsüz olana qarşı rasional arqument istifadə olunur və o dözümsüzün sadəcə iki yolu var: ya bu arqumentin doğru olduğunu qəbul edib liberal tərəfə keçir, ya da o arqumenti qəbul etmir, bu zaman rasional davranmış olmur. Lakin, hamıya aydın olduğu kimi bu sadəcə iddiadır. Liberallar həm elmi metodun, həm də liberalizmin aydınlanmağa aid olduğunu və beləliklə rasional arqumentin öz tərəflərində olduğunu iddia etməyi sevirlər. 

Lakin bu, iddiadan başqa bir şey deyil. Hər bir tərəf rasional arqumentin öz lehinə olduğunu deyir. Bəlkə də liberallar rasional arqumentin onların tərəfində olmadığını anladıqları üçün homoseksualları (və bənzərlərini) qınayanların söz deməklərinə, arqument istifadə etməklərinə imkan vermirlər, onları dərhal zərərsizləşdirməyi seçirlər.

Mütləq tolerantlıq?

Anlamaq lazımdır ki, mütləq tolerantlıq deyilən bir şey yoxdur. İstənilən ideologiya müəyyən dəyərlər üzərində qurulmuşdur 6 və bu dəyərlərə qarşı çıxanlar bir nöqtədə ideologiya tərəfdarları tərəfindən dözümsüzlüyə məruz qalacaqdır. Müsəlman cəmiyyətində müsəlmanlar digər ideologiyanın mənsublarına qarşı tolerant davranacaq, lakin bu ideologiya mənsubları müsəlmanların dəyərlərindən olan ictimai əxlaqı, ailə institutunu təhlükəyə ataraq açıq şəkildə homoseksual münasibətlərdə olsalar, müsəlmanlar cəmiyyətlərini, dəyərlərini, övladlarını qorumaq üçün onlara qarşı dözümsüz davranacaq. 

Liberal cəmiyyətin dəyərləri

Eyniylə müasir liberal cəmiyyətin dəyərlərindən biri homoseksuallığa, transgenderlərə normal yanaşmaqdır. Bu dəyərə qarşı danışan, liberallar tərəfindən dözümsüzlüyə məruz qalacaqdır. Digər nüfuzlu liberal John Rawls bunu belə ifadə edir: “(dözümsüz qrupun) azadlığı yalnız o zaman məhdudlaşdırılmalıdır ki, dözümlülər səmimi və əsaslı şəkildə özlərinin və liberal institutların təhlükədə olduğunu düşünsünlər” 7

Fərqlər

Verdiyimiz misala dönün və görün ki, hər iki tərəf eyniylə Rawlsın dediyi ilə əməl edir, aralarındakı fərq dəyərlərin nədə olmasıdır. Təbii ki, bu yeganə fərq deyildir. 8 Müsəlmanlar üçün ən üstün dəyər, inandıqları İlah, ailə institutu, ictimai əxlaqdırsa, liberallar üçün bu, insanların individual şəhvətlərini tətmin etməkdir. 9 Əfsus ki liberalların əksəriyyəti (Popper və Rawls kimi) iki tərəfin ixtilaf etdiyi nöqtənin dəyərlərdə olduğunu inkar edir, sadəcə az bir qisim Richard Bellamy kimi ixtilafın dəyərlərdə olduğunu etiraf edir. 10 Buna görə də tolerantlığın sadəcə liberallara aid olması kimi propaqandist şüarları bir tərəfə atmaq və bu dəyərlər üzərində həqiqi rasional debat aparmaq lazımdır. 

Dipnotlar

  1. S.G.Tallentyre, 1906, The Friends of Voltaire, London, Smith, Elder and Co, p.199. Tallentyre Beatrice Evelyn Hall`ın təxəllüsüdür.
  2. John Plamenatz, 1963, MAN AND SOCIETY Political and Social Theory: Machiavelli through Rousseau, McGRAW-HILL BOOK COMPANY, p. 75. ANDREW HEYWOOD, 2017, POLITICAL IDEOLOGIES An Introduction, 6th ed., PALGRAVE, p.67.
  3. https://www.bbc.com/news/world-us-canada-50214341
  4. Karl Popper, 2013, The Open Society and Its Enemies, Princeton, Princeton University Press, p. 581
  5. Təbii ki, biz, liberallar ilə nazilərin tolerantlıq anlayışını bir etmirik. Burada qayə ixtilafın harada olduğunu göstərməldir.
  6. Postmodernist təbir ilə desək, liberalizmin ən böyük “meta nağıllarından” biri əxlaq haqqında neytral mövqe tutmaqdır. Təbii ki, bu belə deyildir. Əlavə məlumat üçün bax Patrick Deneen, 2018, Why Liberalism Failed, Yale University Press, ch. 1.
  7. John Rawls, 1999, Theory of Justice, Revised Edition, the Helknap Press of Harvard University Press Cambridge, Massachusetts, p. 193. Fikrimizə görə Rawl`sın Ədalət Teoriyasının ən zəif nöqtələrindən biri “cəhalət pərdəsi” arxasında olan insanların a priori liberal dəyərləri seçəcəklərini dəstəkləməsidir. Anlaşılan budur ki, tolerantlıq haqqında da Rawls eyni məntiqi xətaya yol verir.
  8. Digər fərq liberalizmin epistimoloji əsaslarına qayıdır. Başqa bir fərq haqqında yuxarıda az da olsa söz açmışıq. Liberallar teoriya olaraq bir şey deyir, misal üçün Murphy kimilərinin söz azadlığını təstiq edir, həqiqətdə isə bu cür fikirləri cəmiyyətdən təcrid etmək üçün onlara “hate speech” damğasını vurur.
  9. Bəlkə liberalların dəyərlərini bu cür təqdim etmək onların xoşuna gəlməz, çünki onlar adətən “insan haqlarından” danışmağı sevirlər. Biz bunu qəsdən etmişik, istifadə olunan sözlərin fərqliliyindən təəssürat fərqliliyinin olacağını göstərsin. Halbuki, səmimi olan heç bir liberal bizim istifadə etdiyimiz ibarənin mənasını inkar etməməlidir. Liberalizmə görə insan necə həyat yaşamaq istəyirsə, o cür yaşamağa da azaddır. Onun individual istəklərinə (şəhvətlərinə) kimsə qarışa bilməz.
  10. Bellamy Carl Schmittin liberal demokratiyaya ünvanladığı kritikaya münasibət bildirdikdə, insanların bir çox halda siyasi məsələləri sadəcə müzakirə yolu ilə həll edə bilmədiklərini deyir və əlavə edir: “Bu ona görə baş vermir ki, insanlar rasional olmağı inkar edir, lakin bu ona görə baş verir ki, rasionallıq “həqiqət” kimi ictimai əlaqələrin nəticəsidir… Daha sadə dillə desək, insanların rasionallıq anlayışı fərqlidir və bu anlayışlar onların aid olduqları mədəniyyət və ənənələrdən, inandıqları ideologiyalardan asılıdır… “. Richard Bellamy, 2005, Rethinking Liberalism, London, Pinter, p. 84.