Məşhur əfsanəyə görə George Washington altı yaşında ikən təzəcə əldə etdiyi baltacıq ilə bağdakı gilas ağacını baltalayır. Atası ondan ağacı onun baltalayıb baltalamadığını soruşduqda George belə bir cavab verir: “Mən yalan danışmağı bacarmıram, ata, sən bilirsən ki, mən yalan deməyi bacarmıram. Onu öz baltacığım ilə mən kəsdim.” Oğlunun dürüstlüyünə sevinən atası göz yaşlarını saxlaya bilmir və oğlunun dürüstlüyünün min gilas ağacından daha dəyərli olduğunu deyir. 1
Yazıçı Mark Twain’ə bununla bağlı belə bir söz nisbət olunur: “Mən George Washington’dan mənəvi olaraq daha üstünəm. O, yalan danışa bilmirdi. Mən isə yalan danışmağı bacarıram, lakin yalan danışmıram.”2 Yazıçının burada demək istədiyi çox sadədir və çoxumuz tərəfindən asanlıqla anlaşılır. Mənəviyyat seçim ilə gəlir, seçim olmadığı yerdə mənəviyyat ola bilməz. Ona görə də biz, robotları mənəvi varlıqlar olaraq görmürük və ya maşınlarımıza mənəvi xarakterlər yükləmirik. Bəlkə aramızda bunu edənlər var?
Böyük Britaniyanın televiziyasında canlandırılmış komik xarakter Basil Fawlty bir epizodda xarab olmuş maşınını təhdid edir, çalışmadığı üçün hədələyir və üçə qədər sayır. Sonunda maşın çalışmadığı üçün çıxaraq onu, tapıb ələ keçirə bildiyi bir ağac budağı ilə döyməyə başlayır. Bu səhnəni izləyənlər Basil’in həmin qırmızı maşını kötəkləməsinə ürəkdən gülürlər, çünki bu əməli səfeh və hikmətsiz hesab edirlər. Richard Dawkins 2006-cı ildə Edge dərgisinə verdiyi bir məqalədə insanların ümumiyyətlə etdiklərinin Basil’in etdiyi ilə eyni olduğunu deyir. “Biz nə üçün eyni şəkildə qüsurlu bir adama – bir qatilə və ya təcavüzkara – qarşı eyni reaksiya vermirik? Nə üçün Basil Fawlty’yə ürəkdən güldüyümüz kimi bir canini cəzalandıran hakimə də gülmürük?… Məgər qatil və ya təcavüzkar qüsurlu komponentə və ya qüsurlu tərbiyəyə və ya qüsurlu təhsilə və ya qüsurlu genlərə sahib olan sadə bir maşın deyilmi?”3
Bu mexanistik yanaşma ilə insanı insan edəcək hər bir şeydən məhrum etmək mümkündür; əslində Dawkins bunu gizlətmədən, ən açıq mənalı sözlərlə ifadə edir. Eyni məqalədə deyir: “Məgər insanın sinir sistemi haqqındakı həqiqi mənada elmi və mexanistik təsəvvür, məsuliyyət düşüncəsini mənasız etmirmi?!” Einstein də bir materialist olaraq azad iradəyə inanmırdı və bunu belə ifadə edirdi: “Mən sanki azad iradə mövcud imiş kimi davranmağa məcburam, çünki əgər mədəni bir cəmiyyətdə yaşamaq istəyirəmsə məsuliyyətli davranmalıyam.”4
Materialistik, ateistik dünya görüşünə sahib olan insanların dilemması budur; bir tərəfdən həyatda heç bir seçimlərinin olmadığına, ətrafındakı insanların öz etdiklərinə görə məsuliyyət daşımadıqlarına inandıqları halda həyatlarını öz inanclarının tam əksinə yaşayırlar. Professional iş həyatlarında insanları Basil’in qırmızı maşınıyla eyniləşdirən materialistic fəlsəfə üzərindən düşünürlər, amma bir başqasının onlara qarşı etdiyi haqsızlıqlara gəldikdə isə həqiqi mənada qəzəblənirlər, haqqı, qarşı tərəfin cəzalandırılmasını tələb edirlər. C. S. Lewis çox dəqiq bir şəkildə qeyd edir ki, “naturalistlər … xeyrin və şərrin sadəcə illüziya olduğunu etiraf etdikdən saniyələr sonra, gələcək nəsillərin xeyri üçün çalışmağa, bəşər irqinin xeyri üçün təlim-tərbiyə keçməyə, inqilab etməyə, yaşamağa və ölməyə çağırır.”5
Materialist elmin gəldiyi nəticə
Müasir materialist, reduksionist elmin gəldiyi nəticə budur; hər bir şey fiziki zərrəciklərin təbiət qanunlarına uyğun olaraq interaksiyasından əmələ gəlir, bütün varlıqlar və onların seçimləri fiziki, kimyəvi, genetik amillərin nəticəsidir. Stephen Hawking bizim əsrin ən məşhur astrofiziki olaraq bu barədə deyir: “Biz istədiyimizi seçə bildiyimizi hiss etdiyimizə baxmayaraq biologiyanın molekulyar əsasları haqqında bildiklərimiz göstərir ki, bioloji proseslər fizika və kimya qanunları ilə idarə olunur, ona görə də planetlərin orbitləri kimi qabaqcadan müəyyən ediliblər… Bizim davranışlarımız fiziki qanunlarla müəyyənləşirsə azad iradənin necə çalışa biləcəyini təsəvvür etmək çətindir, ona görə də belə görünür ki, biz bioloji maşınlardan başqa bir şey deyilik və azad iradə sadəcə bir illüziyadır.”6
Hawking öz ixtisasına uyğun olaraq insanları da orbitlərdə süzən səma cisimlərinə bənzədir, onların o orbitlərdən ayrılmaq seçimi yoxdur, eləcədə biz insanlar da etdiklərimizi edərkən etməmək imkanımız yoxdur və mən bu sözləri yazarkən yazmamaq şansım yox idi. Molekulyar bioloq və 1962-ci ilin nobel mükafatı laureatı Francis Crick də bunu təsdiqləyir: “Sən, sənin sevincin və kədərin, sənin yaddaşın və ambisiyaların, sənin öz kimlik hissin və azad iradən faktiki olaraq böyük sayda sinir hüceyrələrinin və onların bağlı olduğu molekulların davranışından artıq bir şey deyildir.”7
Beləliklə də bu materialistik ateizm hətta sənin arzularını, istəklərini, şövqünü, əzmini belə sadəcə molekullar və cansız maddələr ilə izah edir. Bu fikir materialist ateistlər arasında çox yayğındır. Daha bir nobel laureatı Steven Weinberg bu məsələyə ötəri olaraq toxunur və mövzunun fəlsəfi tərəflərini müzakirə etmir, bu barədə aydınladıcı bir izaha sahib olmadığını etiraf edir. Lakin qeyd edir ki, bizim verdiyimiz bütün qərarlar, bütün istəklər “keçmiş şərtlərin və təbiət qanunlarının qaçınızlmaz nəticələridir.”8 Ondan fərqli olaraq Sam Harris hətta bu barədə ayrıca bir kitab yazıb. Həmin kitabının əvvəllərində deyir: “Azad iradə bir illüziyadır. Bizim istəklərimiz sadəcə olaraq özümüzün törətdikləri deyildir. Fikirlər və niyyətlər bizim xəbərsiz olduğumuz və kontrol edə bilmədiyimiz arxaplan səbəblərdən qaynaqlanır. Sahib olduğumuzu düşündüyümüz azadlığa əslində sahib deyilik.”9
| Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından
Dipnotlar
- “The Panoplist and Missionary Magazine United”, ikinci cild, səh: 527 ; Farrand, Mallory and Co., Boston, 1810
- Peter Van Inwagen, ”Thinking About Free Will”, səh: 58; Cambridge University Press, Cambridge, 2017
- WHAT IS YOUR DANGEROUS IDEA?
- Walter Isaacson, ”Einstein: His Life and Universi”, səh: 392; Simon & Schuster Paperbacks, New York, 2007
- C. S. Lewis, ”Miracles: A Preliminary Study”, səh: 46; Geoffrey Bles – The Centenary Press, London, 1947
- S. Hawking, “The Grand Design”, səh: 31-32; Bantam Press, London, 2010
- F. Crick, “The Astonishing Hypothesis: The Scientific Search for the Soul”, səh: 3; Touchstone, New York, 1995
- S. Weinberg, ”Lake Views: This World and The Universe”, səh: 102; The Belknap Press of Harvard University Press, Cambridge, Massachusetts, 2009
- S. Harris, “Free Will”, səh: 5; Free Press, New York, 2012
Cavab yaz