Mülki Fələstinlilər Canlı Qalxan Olaraq İstifadə Edilirmi?

İsrail tərəfinin mülki insan ölümlərinə əsas olaraq gətirdiyi ən böyük arqument Fələstin vətəndaşlarının canlı qalxan kimi istifadə edilməsi ilə bağlıdır. Belə ki, İsrail tərəfinin iddialarına görə onlar terrorçuları hədəf alırlar, ancaq canlı qalxan kimi istifadə olunan insanlar da bu zaman həlak olur. Bir çoxlarına görə bu, İsrailin uşaqları, qadınları və digər mülki insanları öldürməsinə haqlı əsas sayılır və İsrailin törətdiyi qətliamları legitimləşdirir.

Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, bu arqumentin kökündə qarşı tərəfi barbar göstərmək məntiqi yatır. Belə ki, bu arqumenti eşidən hər kəs ilk olaraq düşünəcək ki, uşaq və qadınları yalnız barbarlar canlı qalxan kimi istifadə edər. Avtomatik olaraq İsrailin opponent olaraq göstərdiyi tərəf şeytani bir imic alır və ona qarşı edilən hər şey moral olaraq legitimlik qazanır. Bu hal ittihamçının mövqeyini və hekayəsini daha yüksək mənəvi zəminə yerləşdirməklə onun əlini insanların nəzərində avtomatik olaraq gücləndirir.

İkincisi, bu ittiham geriyə dönük olaraq ittihamçının törətdiyi külli miqdarda mülki ölümlərə haqq qazandırır və gələcəkdə oxşar ölümlərə haqq qazandırmaq üçün əsas yaradır. Bu ssenaridə qurban olan insanlar öz ölümlərinə görə özləri günahkar olurlar və onların ölümünə görə həqiqi məsuliyyət daşıyan tərəf (İsrail) ittihamçı kürsüsündən uzaqlaşdırılır. Bu cür ittihamların qəbul edilən effektivliyinə görə, bu arqument tarix boyu dəfələrlə istifadə olunub. Yaxın tarixdə oxşar ssenarinin Misir1 və Hindistan2 kimi ölkələrdə də istifadə edildiyini görə bilərik.

Arqumenti səsləndirənlər üçün onun dəyərini anladığımıza görə, gəlin, baxaq, görək, sözügedən iddia həqiqətdirmi? Fələstinlilər, həqiqətən də, canlı qalxan olaraq istifadə edilirmi?

İttihamın nə qədər geniş istifadə olunmasına baxmayaraq onu sübut edəcək hər hansısa konkret dəlil yoxdur. Belə ki, əgər canlı qalxanlardan onlarla, yüzlərlə fələstinlinin ölümünə səbəb olacaq qədər geniş şəkildə istifadə olunsaydı, şübhəsiz ki, həmin bölgədə bunu görəcək və ya qeydə alaacaq müxbir(lər) və ya müşahidəçi(lər) olardı. Hətta buna bənzər adi bir hal belə İsrail üçün göydəndüşmə fürsət olar və onu hər yerdə terajlayardılar. Hansı ki, daha əvvəl İsrailin iddiaya dair fakt deyə təqdim etdiyi videonun saxta olması beynəlxalq ictimaiyət tərəfindən ifşa edilmişdi.3

BBC jurnalisti Jeremy Bowen İsrailin Qəzzaya hücumunu işıqlandırarkən canlı qalxanların istifadəsinə dair heç bir dəlil tapmadığını qeyd edir.4 Eynilə, Belfast Telegraph müxbiri Kim Sengupta Qəzzada olanlarla bağlı müsahibəsində eyni nəticəni qeyd edir:

“Həmas Netanyahunun iddialarına zidd olaraq heç kəsi canlı qalxan kimi istifadə etmir.”5

Kimsə deyə bilər ki, bu müxbirlər nələrisə gözdən qaçıra bilərlər, bu ehtimala binaən, gəlin, buna cavab olaraq bu mövzuda ixtisaslaşmış beynəlxalq təşkilatlara baş vuraq. Nüfuzlu Amnesty İnternational məsələ ilə bağlı apardığı araşdırmanın ətraflı hesabatını açıqlayıb. Onlar öz hesabatlarında qeyd edirlər ki:

“İsrail tərəfi iddia edir ki, baş verən qarşıdurmalar zamanı HƏMAS səlahiyyətliləri və ya fələstinli döyüşçülər döyüşçüləri və ya hərbi hədəfləri qorumaq üçün müəyyən yerlərdə ayrı-ayrı mülki şəxsləri yerləşdirir, onlara fiziki təzyiq göstərirlər. Amnesty İnternational bu iddiaların heç birinə dair fakt aşkarlamayıb.”6

Görünən odur ki, İsrailin iddialarının heç bir əsası yoxdur və bu, sadəcə olaraq fələstinliləri iblisləşdirmək və mülki şəxslərin qətliamını legitimləşdirmə üçün istifadə edilən üsuldur. Üstəlik, ilk dəfə deyil ki, İsrail tərəfi sivilləri öldürmək üçün bu iddiaları səsləndirir. Daha əvvəl, məsələn, 2006-cı ildə Livana qarşı müharibədə İsrail Hizbullahı canlı qalxanlardan istifadə etməkdə ittiham edib. Təəccüblü deyil ki, həm Amnesty International7, həm də Human Rights Watch8 tərəfindən aparılan araşdırmalar indi olduğu kimi bu iddialarla bağlı da heç bir sübut tapmadıqlarını açıqlayıblar.

Bunun əksinə olaraq nüfuzlu beynəlxalq təşkilatlar İsrailin dəfələrlə hər hansı döyüş kontekstindən uzaq olan mülki insanları hədəf aldığını göstərən çoxlu reportlar hazırlayıblar. Bu barədə Amnesty International’ın reportunda deyilir:

“Dəqiq raketlər və ya tank mərmiləri ilə mülki əhalinin evlərinin vurulması hallarında, vurulan evlərdə heç bir döyüşçü olmayıb və Beynəlxalq Amnistiya Təşkilatının nümayəndələri yaxınlıqda hər hansı silahlı qarşıdurma və ya digər hərbi fəaliyyətin olduğuna dair heç bir əlamət aşkar etməyiblər..”9

Buradan çıxan nəticə odur ki, qeyri-hərbi infrastrukturun dağıdılması və mülki şəxslərə qarşı qətliam törədilməsi İDF tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasətdir. Bu o deməkdir ki, İsrail tərəfi mülki obyektləri hərbi hədəf kimi görür, geriyə qalan yeganə şey buna haqq qazandırmaq üçün bir yol tapmaq idi. Burada isə saxta canlı qalxan ittihamı “köməyə gəlir”.10

Üstəlik, burada başqa bir nöqtəyə də diqqət etmək lazımdır. Beynəlxalq təşkilatların hesabatlarına əsasən səsləndirilən iddiaların tam əksinə, mülki insanları canlı qalxan kimi istifadə edən tərəf Fələstin deyil, İsrail tərəfidir. Belə ki, bu mövzunu ələ alan hesabatların bir çoxu fələstinliləri canlı qalxan kimi istifadə edənin əslində İsrail olduğunu göstərir.11Amnesty Internationalın hesabında deyilir:

“İsrail qüvvələri Qəzza zolağında fələstinlilərin evlərini dəfələrlə ələ keçirərək, ailələri alt mərtəbədəki otaqlarda qalmağa məcbur edib. Evin qalan hissəsini isə hərbi baza və ya snayper mövqeyi kimi istifadə edərək həm azyaşlı uşaqların, həm də böyüklərin həyatını təhlükəyə ataraq onları “canlı qalxan” kimi istifadə ediblər. Əsgərlər qoruyucu zireh və dəbilqə geyinib, özlərini qum torbalarının arxasında sipər edib atəş açarkən, evdəki fələstinli sakinlər müdafiəsiz … Şahidlərin ifadələrinə görə, bir sıra hallarda İsrail qüvvələri silahsız mülki fələstinli kişiləri (əsasən böyükləri, iki halda isə uşaqları) “canlı qalxan” kimi xidmət etməyə, o cümlədən, onları silahlı əsgərlərin qarşısında getməyə məcbur edib; bununla da təhlükəli binalara daxil olarkən ilk dəfə onları qabağa salaraq içəridə mina tələsi və ya silahlı olub olmadığını, şübhəli predmetlərin təhlükəli olub-olmadığını yoxlatdırıblar. Bunlar mütəmadi olaraq baş verən hallardır.“12

Dipnotlar

  1. https://www.latimes.com/world/la-xpm-2013-aug-02-la-fg-wn-egypt-human-shields-20130802-story.html
  2. https://www.deccanherald.com/national/north-and-central/opposition-using-women-children-as-shields-yogi-adityanath-on-caa-protests-797109.html
  3. https://www.independent.co.uk/news/world/middle-east/gaza-protests-latest-idf-condemned-edited-video-angel-mercy-medic-razan-al-najjar-a8389611.html
  4. https://www.newstatesman.com/world-affairs/2014/07/jeremy-bowens-gaza-notebook-i-saw-no-evidence-hamas-using-palestinians-human
  5. https://www.belfasttelegraph.co.uk/news/world-news/israel-gaza-conflict-myth-of-hamass-human-shield-gazans-deny-being-put-in-line-of-fire-30448511.html
  6. https://www.amnesty.org/download/Documents/MDE2111782015ENGLISH.PDF
  7. https://web.archive.org/web/20071113225600/http:/news.amnesty.org/index/ENGMDE020352006
  8. https://www.hrw.org/reports/2006/lebanon0806/2.htm
  9. https://www.amnesty.org/download/Documents/48000/mde150152009en.pdf
  10. https://www.aljazeera.com/opinions/2018/6/18/the-fallacy-of-israels-human-shields-claims-in-gaza/
  11. https://www.theguardian.com/world/2009/mar/23/israel-gaza-war-crimes-guardian
  12. https://www.amnesty.org/en/wp-content/uploads/2021/06/mde150152009en.pdf?fbclid=IwAR1MG-bUJ6nAFrpAlaavQO3db7GxWFq6V–kRjUgxSVu0SclJrt0KB0sDWk