Nübuvvət Arqumenti: Özünə sərf etməyən qərar qəbul edən başçı

Bir neçə gün əvvəl prezidentlik postunu Joe Biden’ə uduzan Donald Trump ABŞ tarixi üçün kifayət qədər maraqlı sima oldu. Prezidentlik illərində Trump administrasiyasının miqrasiya siyasəti ABŞ-da, həmçinin dünyada böyük bir polemika mövzusuna çevrildi.

“Sıfır-tolerantlıq” (zero-tolerance) siyasəti altında ABŞ-a Orta Amerika ölkələrindən illeqal olaraq daxil olmaq istəyən miqrantların uşaqları zorla valideynlərindən ayrılır və xüsusi dəmir torlarla əhatə olunmuş toplanma kamplarına yerləşdirilirdilər. Bu proses çərçivəsində hətta 1 yaşı yenicə tamam olmuş uşaqların da daxil olduğu iki minə yaxın belə fakt qeyd edilir. Bununla Trump “bizim ölkədən uzaq durun, əks halda uşaqlarınızı əlinizdən alacağıq” mesajını verirdi. 21-ci əsrdə dünyaya “insan hüquqları” dərsi verənlərdən belə şeylər görmək həqiqətən də qəribədir.

İndi bir də 7-ci əsr Ərəb yarımadasında öz davamçılarına hərb zamanı ələ keçirdikləri əsirlər haqqında “Ana ilə övladını ayıran birisini Allah Qiyamət günü sevdiklərindən ayırar” təhdidini verən bir lider düşünün. Öz uşaqlarına belə rəhm etmədən diri-diri basdıracaq qədər qəlbi sərtləşmiş insanlara o dövrdə heyvan qədər dəyəri olmayan hərbi əsirlər haqqında belə əmr verməyin mənası nədir?

İstənilən tarixçidən soruşun: o dövrdə nə Ərəbistanda, nə də dünyanın başqa bir yerində belə bir əmr tərəfdar sayını artırmaz əksinə, azaldardı. O zaman cavab nədir? Cavabı tarixçi oriyentalist Montgomery Watt`ın məşhur sözü ilə ifadə edək: “Muhəmmədi yalançı hesab etmək problem həll etməkdən daha çox yeni problemlər ortaya çıxarır”1

Dipnotlar

  1. Watt, W. M. (1953) Muhammad at Mecca. Oxford: Oxford University Press, səh. 52.