“Onlardan mirvari və mərcan çıxır…”

Ateistlər Qurana tənə etmək üçün Qurandakı bəzi ayələrə toxunurlar. Həmin ayələrin reallıqla uyğun gəlmədiyini iddia edirlər. Misal üçün ər-Rahmən surəsində (19-22) deyilir:

O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır.”

Fatir surəsində isə (12) buyurur:

“İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız.”

Əsrlər boyunca İslama tənə edən xristianlar, orientalistlər və ya ateistlər bu ayələri göstərərək deyərdilər ki, bu xətadır. Çünki mirvari yalnız suyu duzlu olan dənizlərdən çıxarılır. Müsəlman alimlər də bu etirazlara əsrlər boyunca müxtəlif cavablar verirdilər. Bu cavablardan biri də bu olub ki, mirvarilərin dəniz sularından çıxarılması heç də şirin sularda onların olmamasına anlamına gəlməz. Həqiqətən də müasir zamanımızda təbiət üzərində aparılmış dərin araşdırmalar bu iddiaların hamısını çürütdü.

Birinci

İlk öncə mirvarilər haqqında söz açaq. Mirvarilər əsasən dənizdən çıxarılır. Lakin mirvarilər şirin sulardan da çıxır. Əslində bu, yeni bir kəşf deyildir. Lakin müasir zamanımızda bu məlumatlar daha geniş yayılıb. Əslində isə hələ Çində qədim zamanlardan çaylardan və bəzi göllərdən mirvarilər əldə edərdilər. Şirin su mirvari molyuskalarının növləri çoxdur, lakin ən məşhuru elm aləmində “Margaritifera margaritifera adlanır.

Bu gün dünyada satılan şirin su mirvarilərinin demək olar ki, hamısı insan əməyi ilə becərilən molyuskalardan əldə edilir. Ən çox istifadə olunan molyuska isə Hyriopsis schlegeli adlanır. Dünyada ən çox bu cür mirvari toplayıb satan ölkə Çindir. Üstəlik şirin su molyuskalarının dəniz molyuskalarından fərqi ondadır ki, şirin suda olanlar içində eyni zamanda ondan çox mirvari formalaşdıra bilir, dəniz molyuskaları isə çox zaman yalnız birini formalaşdırır, ona görə də şirin su mirvariləri daha ucuzdur.

İkinci

Mərcana gəldikdə isə buradakı yalnış anlayış daha çox tərcümədən ortaya çıxır. Çünki tərcümə etdikdə ərəbcə “mərcan” sözünü ingilislərin “coral” (koral) adlandırdıqları dəniz heyvanı olaraq tərcümə edirlər. Məlumdur ki, “coral” yalnız duzlu və isti sularda yaşaya bilir, ona görə də şübhəsiz ki, şirin sularda koral ola bilməz. Lakin ərəblərin dilindəki “mərcan” sözü sadəcə “koral” üçün işlədilmir. Mərcan sözü su altında yaşayan və daşlaşan, skeletləşən bitkilərin hamısına verilən addır. Ona görə də briozoylar” da ərəb dilində “mərcəniyyət” sinfinə daxildir. Çünki həm korallar, həm də briozoylar daşlaşaraq elə bir struktur əmələ gətirirlər ki, marinbioloqu olmayan kəslərin onları bir-birindən ayırd etməsi çətindir. Briozoylar isə həm dəniz sularında, həm də şirin sularda olur. Briozoylarların fossillərindən də dəyərli daş-qaş düzəldirlər.

Üçüncü

Ateistlər daha bir şübhə gətirirlər. Onlar deyirlər ki, “şirin sulu dəniz” necə ola bilər? Ərəb dilində ayədə keçən “bəhr” sözü bizim dilimizə “dəniz” olaraq tərcümə olunur. Bəli, azərbaycan dilində bu, qəribə səslənə bilər, çünki şirin sulu olana biz göl və ya çay deyirik, eləcə də ingilislər şirin sulu olanlara “lake” və ya “river” deyirlər. Lakin ərəb dilində gölə də “bəhr” demək qəribə deyildir. Bu gün belə göllərə “buheyr” deyilir, yəni hərfi mənada “kiçik dəniz” deyilir.
Üstəlik ərəb dilində “təğlib” üslubu vardır. Yəni iki eyni cinsdən olan şeyi yalnız birinin adı ilə cür formasında çağırmaq olar. Misal üçün ərəblər “qaməran” dedikdə hərfi mənada “iki ay” başa düşülür. Lakin məlumdur ki, ay birdir, iki dənə ay yoxdur. Lakin ərəblərin qəsdi ay və günəşdir. Ərəblərdə bu cür dil üslubu qədimdən bəri bilinən bir şey olub.

Sonluq:

İstənilən halda bu ayələrdə reallığa və elmi həqiqətlərə zidd heç bir şey yoxdur. Əksinə düşünən beyin özü-özünə sual verməlidir ki, yeddinci əsrdə səhranın ortasındakı şəhərdə doğulmuş və orada böyümüş ərəb necə bildi ki, mirvarilər yalnız dənizlərdə deyil, həm də şirin sularda olur?