Theodore Kaczynski 1942-ci ildə doğulub. Harvard və Michigan universitetlərində təhsil görmüş bir riyaziyyat dahisi idi. O, 1978 və 1995-ci illər arasında, yəni iyirmi ilə yaxın bir müddətdə amerika cəmiyyətini terror qorxusu içində saxlamış və ”Unabomber” adı ilə tanınmış terrorist idi. Ted Kaczynski öz zamanında texnikanın inkişafının nəticələrinin bəşəriyyət üçün fəlakət olduğunu düşündüyü üçün bu addımları atırdı. Ona görə insanlar hər dəfə yeni bir texnologiya ixtira etdikcə onun quluna çevrilirlər, ondan asılı vəziyyətə gəlirlər və insanlar özləri robotlaşırlar.
Misal üçün heç bir maşın yoldan keçməsə də hamı qırmızı işıqda dayanır. Çünki texnika bizə dayanmağı əmr etdiyi üçün dayanırıq. Mobil telefon zəng etdikdə bir çox halda stresli şəkildə telefona tərəf qaçırıq, ümumiyyətlə üzərində telefon olmadan bir yerə çıxdıqda rahatsızlıq hiss edirsən, artıq telefonsuz həyatın çətin olduğu bir vəziyyətə gəlmişik.
“Forenzik linqvistika”
Ted Kaczynski bu fikirlərini 1995-ci ildə göndərdiyi bir manifestdə yazmışdı. Mən sizə bunları nə üçün danışıram? Burada sizə çatdırmaq istədiyim hissə Kaczynski’nin tapılması və həbs edilməsi hekayəsidir. Federal Büro 17 il ərzində bu adamı tapa bilmirdi, tapmaq bir kənara qalsın onun kimliyi haqqında doğru-düzgün məlumata sahib deyildi. Ted Kaczynski öz manifestinin çap edilməsini tələb etdikdə Ədliyyə Nazirliyi buna icazə verir. Çünki Kaczynski çap edildiyi təqdirdə bir daha terrorist əməliyyatları həyata keçirməyəcəyini vəd edirdi. Lakin bu manifesti çap etməkdə daha bir məqsəd də var idi və bu, Federal Büroda çalışan agent James Fitzgerald’ın ideyası idi. Onun təklifi bu idi ki, manifest çap edildikdə onu mütləq oxuyacaqlar və ehtimal var ki, kimlərsə onu yazı tərzindən, istifadə etdiyi üslubdan tanıyacaq.
“Cinayətkarın profili”
Bu ideya ümumiyyətlə federal büro üçün yeni olmasa da agent Fitzgerald’ın sahəsi yeni idi və Federal Büro buna şübhə ilə yanaşırdı. Agent Fitzgerald “profiler” idi, yəni əldə olan dəlillərə əsasən cinayətkarın profilini qurmaq üzrə mütəxəssis idi. Agent Fitzgerald Ted Kaczynski’nin manifestini dəfələrlə oxumuşdu, onun yazı tərzini, üslubunu, işlətdiyi idiosinkratik simvolları çox gözəl bilirdi. Həqiqətən də gözləndiyi kimi Tedin öz ailəsi manifesti oxuduqda onun yazmağından şübhələnirlər və Tedin bəzi məktublarını Federol Büroya göndərirlər.
Agent Fitzgerald o məktubları incələdikdən sonra, onları bir-bir oxuduqdan sonra terroristin Ted Kaczynski olmağından əmin olur. Məhz bu məktublar əsasında hakimdən həbs orderi ala bilirlər, bu məktubları analiz etməyin nəticəsində onun meşədəki daxmasına basqın edib oradakı dəlilləri toplaya bilirlər. İndi düşünün ki, “forenzik linqvistika” adını verdikləri bu araşdırma metoduna əsasən cinayətkarı tutmaq mümkün oldu.
Lakin necə?
Lakin necə? Hansısa yazıya, sözlərin quruluşuna, istifadə olunan idiosinkratik simvollara görəmi?! Deməli Federal Büroda çalışan ən güclü mütəxəssislər öz sağlam düşüncələrini, öz zəkalarını istifadə edərək belə nəticəyə gəliblər ki, həmin manifesti yalnız Ted Kaczynski yaza bilərdi, çünki məktublarında istifadə etdiyi bəzi ifadələr, söz birləşmələrə ona xas idi. Bax burada məktublar ilə manifestin dili arasındakı oxşarlıqları sadəcə təsadüfə bağlamadılar. Onlar sağlam düşüncələrinə əsasən bu oxşarlıqların təsadüf olması ehtimalının çox-çox cüzi olduğunu dərk edirdilər, cinayətkarın məhz o olmasından əmin idilər.
Bu yerdə riyaziyyat üzrə Phd sahibi olan digər bir alimi xatırladım, lakin o terrorist deyildir, fəlsəfi müzakirələrdə tez-tez adı hallanan ingilis professor John Lennox’dur. John Lennox çıxışlarının birində Oxford’un nəzdindəki Green Templeton College’ində təşkil edilən nahar ziyafətlərinin birində yaşadığı bir dialoqu xatırlayır. Bu ziyafətlərdə kimlərin harada oturacağı qabaqcadan təşkilatçılar tərəfindən müəyyən edilir. John Lennox bu münasibətlərdən birində bio-kimyəçi bir alimin yanında oturmalı olur. Professor Lennox masa yoldaşına riyaziyyat üzrə professor olduğunu, eyni zamanda fəlsəfi suallarla məşğul olduğunu söylədikdə bio-kimyəçi özünü ateist, reduksionist olaraq təqdim edir.
Professor Lennox üç növ reduksionizm tanıdığını deyir və ondan hansına aid olduğunu soruşur. Bu sualına cavab verə bilmədikdə professor Lennox onun “metodoloji reduksionist” olduğunu təxmin edir, çünki metodoloji reduksionistlər böyük problemləri ələ almaq üçün onları kiçik problemlərə bölürlər, sonra o kiçik problemləri həll etmək yolu ilə böyük problemi həll edirlər. Söhbət bir qədər davam etdikdən sonra Professor Lennox əlavə edir ki, o, “ontoloji reduksionistdir”, çünki ontoloji reduksionistlər inanırlar ki, hər bir şeyi fizika və kimyə ilə izah edilə bilər. Bio-kimyə professoru öz yanaşmasının həqiqətən də elə olduğunu təsdiq edir.
Semiotiklər
Professor Lennox bundan sonra ona elə masa başında eksperiment aparmağı təklif edir. Bundan sonra masanın üzərindəki menyunu götürür və deyir: “Bax sən reduksionistsən. Bax gör burda nə yazılıb. “A”, “O”, bunlar işarələrdir, lakin semiotiklərdir, yunanca “semio”, yəni işarə sözündəndir. Deməli bunlar özlərində məna daşıyan işarələrdir. Çox gözəl, o zaman bu semiotikləri mənə mürəkkəb və kağızın fizikası, kimyası ilə izah elə!” Professor Lennox ondan bu işarələrdəki mənaları fizika və kimya ilə izah etməsini ondan tələb edirdi. Bu sualın qarşılığında sükunət çökür. Bundan sonra dünyanın ən aparıcı bio-kimyaçılarından olan həmin alim etiraf edərək deyir: “John, mən qırx il laboratoriyama bunu edilə biləcəyinə inanaraq getmişəm. Amma bu, edilə bilməz.” İçində informasiya daşıyan işarələri sadəcə onların fiziki, kimyəvi tərkib hissələri ilə izah etmək mümkün deyildir, bunun izahında mütləq zəkanı içəri almaq lazımdır.
İnsan genomunun daşıdığı informasiya
Lakin burada düşünmək lazımdır. Sadəcə bir-neçə işarə olsa da onları xalis fiziki, kimyəvi şərtlərdə izah etmək mümkün deyildir, mütləq zəkanı, intellekti səbəb olaraq gətirməliyik. Amma biz dörd hərflik kimyəvi əlifba ilə, doğru sıralama ilə düzülmüş 3 milyard hərfi özündə daşıyan insan genomuna baxırıq. İnsan genomunun özündə daşıdığı informasiya sadəcə uzununa deyil, eləcə də şaxələnmə baxımından da özündə informasiya daşıyır. Bütün bu kompleksliyə baxmayaraq onun haradan əmələ gəldiyini soruşduqda aldığımız cavab bu olur ki, “təsadüf” və “zərurət” nəticəsində ortaya çıxıb.
“Təsadüf” və “zərurət”? Fizika qanunlarda təsadüf? Biz bunu heç kağız üzərində tapdığımız bir neçə işarə üçün demirik!! Axı fərq nədir ki? Hər iki halda da məna və informasiya daşıyan işarələrdən söz gedir. Məhz bu insan genomundakı kompleks informasiya sistemində ortaya çıxmış həqiqətlər nəticəsində iyirminci əsrin ən böyük ateist filosoflarından biri Antony Flew ateistik fikirlərindən dönür və sonunda hər şeyin bir ilahi varlıq tərəfindən yaradıldığını qəbul etməli olur. Çünki Antony Flew artıq inkar edə bilmirdi ki, bu dərəcə kompleks şəkildə məna, informasiya daşıyan işarələr sadəcə təsadüfün və zərurətin nəticəsi olsun.
Ateist düşüncəsi
Əgər diqqətlə düşünsək görəcəyik ki, normal həyatımızda, cəmiyyəti çalışdıran və ayaqda tutan bütün institutlarda, təhsil ocaqlarında, akademik dairələrdə ateist düşüncəsi tamamilə rədd olunur. Ateist düşüncəsi dedikdə burada “ateizmin” özünü qəsd etmirəm. Lakin dəlilləri rədd etmək tərzini qəsd edirəm. Bu gün cinayət işləri aparıldıqda ölünün üzərində tapılmış mərmiyə əsasən onun hansı silahdan çıxdığını dəqiqliklə deyə bilirlər. Ballistik test nəticəsində mərminin üzərində qalmış cızıqları və izlərə əsasən onun hansı silahdan atəş edildiyini bilmək mümkündür. Məhz bu düşüncə əsasında məhkəmədə cinayətkara qarşı dəlil olaraq gətirilir. Cinayətkarı müdafiə edən vəkil əgər çıxıb bunun sadəcə təsadüf olduğunu iddia edərsə heç kimi bunu əlbəttə ki, qəbul etməyəcək, ümumiyyətlə bu iddianı edən vəkil belə yoxdur.
Sadəcə bir inanc
Bu yerdə ateistik düşüncə tərzi tamamilə tərk edilib. Eyni şəkildə barmaq izlərində də bütün kriminal ekspertiza qəbul edir ki, dünyada heç bir insanın digər insanın barmaq izi ilə identik deyildir. Bu fakt deyildir, sadəcə bir inancdır. Ancaq bu inancın haradan doğduğu üzərində düşünün! Axı heç bir qurum dünyadakı tarixən mövcud olmuş milyardlarla insanın və bu gün mövcudiyyətini davam etdirən 8 milyarda yaxın insanın hamısının barmaq izlərini araşdırıb bu nəticəyə gəlməyib. Sadəcə olaraq statistik olaraq indiyə qədər eyni barmaq izlərinə sahib olan iki insan görülməyib, məhz bu statistik hesablamaya əsasən, ehtimal nəzəriyyəsinə əsasən biz qəbul edirik ki, iki insanın barmaq izləri bir ola bilməz.
Bu, əlbəttə ki, bir inancdır. Bu gün heç bir vəkil çıxıb ittiham edilən şəxsin barmaq izlərinin cinayətkarın barmaq izləri ilə eyni olması faktını sadəcə təsadüfə bağlaya bilmir. Bu yerdə artıq ateistik düşüncə tərk olunur.
Sağlam düşüncə
Biz universitetdə oxuduğumuzda tələbələrdən biri plagiat ilə məşğul olduğu üçün bir illik təhsilini itirmişdi. Çünki yazdığı kurs işindəki bir abzas daha öncə yazılmış bir kurs işindəki ilə eyni idi. Bunun təsadüf olduğunu ağıllarına belə gətirmədilər, bunu plagiat olaraq dəyərləndirdilər və tələbəni buna görə cəzalandırdılar. Çünki bunların hamısı sağlam düşüncədir və biz bu sağlam düşüncə əsasında həyatımızı yaşayırıq, sağlam düşüncəyə əsasən kimlərisə ölümə məhkum edirik, yaxud da ömürlük dəmir qəfəsliklər arasına atırıq. Amma nədənsə ateistlər həyatın ən böyük fəlsəfi suallarına gəldikdə bu sağlam düşüncəni tamamilə tərk edirlər, hər bir şeyi izah etmək üçün absurd izahlar gətirirlər.
Əgər bir gün səmadan Yer üzünə kosmik bir gəmini xatırladan obyekt daxil olarsa və Yerdə bir yerlərə çarpılarsa, araşdırma nəticəsində bunun metaldan ibarət bir gəmi olduğu, “Aİ” (süni zəka)-ya tabe olan idarə sisteminə, yon “propulsion” mühərriklərinə sahib olduğu ortaya çıxarsa hamı qəbul edəcək ki, bu, hansısa digər planetlərdən birində yaşayan zəkalı varlıqlara aiddir. Bir kimsə çıxıb desə ki, bu, sadəcə olaraq milyonlarla il ərzində kosmik fəzada meteoritlərlə toqquşmaq, fərqli planetlərin təsiri nəticəsində tədricən təkamül etmiş bir obyektdir, heç kim bunu qəbul etməyəcək, hamı ona güləcək, hətta nə qədər böyük akademik olsa belə onun bu təklifini istehza ilə rədd edəcəklər. Yaxşı, o zaman özümüzə gəldikdə necə olur ki, ateistlər bu absurd fikri irəli sürə bilirlər?!
Ona görə insanlar hər dəfə yeni bir texnologiya ixtira etdikcə onun quluna çevrilirlər, ondan asılı vəziyyətə gəlirlər və insanlar özləri robotlaşırlar.
Misal üçün heç bir maşın yoldan keçməsə də hamı qırmızı işıqda dayanır. Çünki texnika bizə dayanmağı əmr etdiyi üçün dayanırıq. Mobil telefon zəng etdikdə bir çox halda stresli şəkildə telefona tərəf qaçırıq, ümumiyyətlə üzərində telefon olmadan bir yerə çıxdıqda rahatsızlıq hiss edirsən, artıq telefonsuz həyatın çətin olduğu bir vəziyyətə gəlmişik.
===
robotlaşmaq demək nə qədər düzgün? Kimsə robotlaşır, amma əgər mən qırmızı işıqda dayanıramsa və ya stresli telefona qaçıramsa, bu o demək deyil ki, mən robotam.